14:13 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Böyük Zəfər Ermənistana tarixi şans verib

ANA SƏHİFƏ / SİYASƏT
00:34 26.09.2021

 

Qonşu ölkə ya bu şansdan istifadə edib ayağa qalxmalı, ya da inadkarlıq göstərib belibükülü qalmalıdır

 

Sentyabrın 27-si Ermənistanın 44 günlük Qarabağ savaşında faciəvi məğlubiyyətinin başlanğıcının birinci ildönümünüdür, baxmayaraq ki, erməni xalqı Qafqazda kök salmış erməni faşizminin məhvini öz qələbəsi kimi də qeyd edə bilərdi. Lakin erməni siyasi elitası faşist ideologiyasından imtina etmək iqtidarında olmadığından qatı millətçiliyin zülmət çökən dalanlarında çapalamaqda davam edir.

Erməni politoloqları dünyanın “əzabkeş” xalqı üçün yeni ssenarilər yazır, millətə  qıdıq verib yıxılmış faşizmi diasporun dəstəyi ilə  ayağa qaldırmağa, dirildib  müharibələri körükləməyə çalışırlar. Bu o qədər də təəccüblü deyil, çünki faşizm mərəzinin başlıca əlaməti əbədi düşməni “kəşf” edib onunla sonadək vuruşmaq, əgər kənarda bu düşmən tapılmırsa, onu daxildə yaradıb boğuşmaqdır. Bu baxımdan erməni faşistlərinin hər iki cəhətdən “bəxt”i gətirib.  

Müasir Ermənistan yarandığı gündən bütün qonşularına ərazi iddialarından əl çəkmir. Çünki münaqişələrə rəvac vermək, müharibələrlə yaşamaq faşist rejiminin “yaşam”  tərzidir. “Yeni siyasi doktrina”da dediyimiz kimi, köhnə minvalla erməni millətçilərinin köhnə təbliğat təknəsində mayasız yoğrulub kündələnərək tirajlanır. Bu ssenari erməni faşizminin qədim və çürük ideologiyasından bəhrələnir.

Sadə erməni xalqı böyük güclərin əlində Qafqazda münaqişələri alovlandıran alət olduğunu bizdən yaxşı anlayır. Son 30 ildə bu ölkədə əhalinin sayının 2 dəfədən çox azalması, 44 günlük müharibədə minlərlə fərarinin olması  onu təsdiq edir ki, xalq müharibə istəmir. Lakin erməni millətçiləri iqtidarlı-müxalifətli kənar dəstəkdən yararlanaraq özlərini daha baha satmaq, Qafqazda regional güclərin üz-üzə gəlməsini təmin etmək üçün nəyə desən getməyə hazırdırlar. Amalları yüz il əvvəlki kimi köhnədir - Qafqazı qan çanağına çevirməklə yeni ərazilərə sahib çıxmaq. Əgər Birinci Dünya müharibəsində erməni millətçiləri yalnız Türkiyəyə qarşı vuruşmuşdularsa, bu gün bütün türkdilli dövlətlərə qarşı səlib yürüşü elan edirlər, Rusiyanı ən güclü tərəfdaş kimi bu çirkin işə qoşmağa çalışırlar. Hətta şimal qonşumuzun sərhədləri xaricində və daxilində yaşayan bütün türkdilli xalqları Rusiyanın suverenliyinə təhdid  kimi qələmə verirlər.

Bu  “aravurma siyasəti”ndə ermənilərin başlıca arqumentləri bilirsinizmi nədir? “Rusiya öz ərazilərində yaşayan türkdilli xalqların sayına görə düyada birincidir və onların əksəriyyəti Rusiyada milli-inzibati ərazi vahidlərinə malikdirlər”. Ermənilər bu siyahıya Rusiyada yaşayan qazaxlar, özbəklər, türkmənlər, qırğızlar və azərbaycanlıları da əlavə edirlər və sonra da belə qənaətə gəlirlər ki, Ankara həmin türkdilli xalqlara öz ideyalarını reallaşdıran alət kimi baxır. Bu da hələ hamısı deyil. Erməni politoloqları ərinmədən bütün dünya üzrə türklərin sayını hesablayaraq bəyan edirlər ki, 300 milyon türk yumruq kimi birləşməkdədir. Və nəhayət, bütün bunlardan sonra erməni millətçiləri gizlin niyyətlərini bəyan edirlər: Yer kürəsində ən azından 15 dövlət türk birliyinə qarışı birləşməli və birgə mübarizə aparmalıdır. Gəlin onların bu təlaşlarının səbəbini araşdırmaq üçün türkdilli dövlətlərin və xalqların qarşılıqlı iqtisadi əlaqələrini bir neçə istiqamətdə qısa olsa da, nəzərdən keçirək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin apardığı araşdırmalardan aydın olur ki, Azərbaycanın ən geniş iqtisadi əlaqələri Türkiyə ilə qurulmuşdur: “Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ikinci ölkədir və qarşılıqlı  investisiya həcmi hər il artır. 2020-ci ildə Azərbaycan iqtisadiyyatına yatırılan xarici vəsaitin 12,8 faizi  qardaş Türkiyənin payına düşüb ki, bu da 2019-cu illə müqayisədə 7 milyon dollarlıq artım deməkdir”. Məsələ burasındadır ki, Azərbaycanın həm də Rusiya ilə güclü iqtisadi əlaqələri var. Erməni təbliğat maşını isə bu faktın üstündən susqunluqla keçir.

Başqa fakt: 2020-ci ildə Azərbaycanın xarici ölkələrin iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyalarda  türkdilli ölkələrin payı 27,1 faiz olmuşdur. Bu, özlüyündə çox maraqlı rəqəmdir. Belə çıxır ki, ötən il Azərbaycanın xarici ölkələrin iqtisadiyyatına yönəltdiyi vəsaitin yalnız üçdəbiri türkdilli dövlətlərin payına düşmüşdür. Qalanı digər dövlətlərin iqtisadiyyatına yatırılmışdır. Bu ilin birinci rübündə isə Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyon, Özbəkistan iqtisadiyyatına 0,7 milyon, Qazaxıstan iqtisadiyyatına 0,35 milyon, Qırğızıstan iqtisadiyyatına 0,2 milyon ABŞ dolları investisiya yatırmışlar. Bu rəqəmlər mahiyyət etibarilə o qədər də yüksək deyil. Əgər belədirsə, onda ermənilər niyə adi iqtisadi əməkdaşlığı hamıya təhdid kimi sırımağa çalışır, həm də bu vəsaitlər hərbi zavodların tikilməsinə, silahların istehsalına qoyulmursa. Yeri gəlmişkən qeyd edək ki, Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkədir. Azərbaycan şirkətləri isə Türkiyədə əsasən energetika və kimya sahələrinə kapital yatırırlar. Bunun nəyi 15-dən yuxarı dövlət üçün təhlükəlidir?

Yaxud götürək Azərbaycan-Qazaxıstan əlaqələrini. Azərbaycan Qazaxıstan iqtisadiyyatının daha çox nəqliyyat-logistika və sənaye sahələrinə sərmayə qoyur. Azərbaycan şirkətləri dost ölkədə həmçinin avtomobil yollarının və yaşayış binalarının inşası, suvarma sistemlərinin qurulması, su ehtiyat anbarlarının tikintisində iştirak edir. Və ya Azərbaycan-Özbəkistan münasibətlərinə nəzər salaq. Hələ 2018-ci ildə Özbəkistanda 71 birgə müəssisə, 84 Azərbaycan şirkəti fəaliyyət göstərirdi. Özbəkistandakı investisiyalarımızın əsas sahələri ticarət, metal emalı, maliyyə və sığorta, daşınmaz əmlak əməliyyatları, enerji, zərgərlik məmulatları, qida və yüngül sənayedir. Özbəkistan isə Azərbaycanda nəqliyyat vasitələri sahəsinə investisiya qoyur. Görəsən, belə əməkdaşlığın nəyi erməniləri vahiməyə salır?

Azərbaycan Türkmənistanla da  energetika, innovasiya və yüksək texnologiyalar sahələrində əməkdaşlıq edir. Enerjidən səmərəli istifadəyə və enerjiyə qənaət etməyə imkan verən texnologiyaların tətbiqi, alternativ enerji biotexnologiyalarının inkişafı sahələrində isə qarşılıqlı əlaqələri davam etdirmək niyyətindədir.

Bəkə bizim rəqəmsal iqtisadiyyat sahəsində dost ölkələrlə əməkdaşlığımız da  Ermənistan, Rusiya və ermənilərin bəyan etdikləri digər 15 dövlət üçün təhlikə törədir?! Təbii ki, belə deyil. Çünki ölkəmiz Avropa və Asiya arasında informasiya mübadiləsinə görə körpü rolunu oynayır. Azərbaycan Qazaxıstan və Türkmənistandan Trans-xəzər fiber optik kabellərin çəkilişi ilə rəqəmsal telekommunikasiya dəhlizi missiyasını öz üzərinə götürmüşdür.  Uzunluğu 400 km olacaq Trans-Xəzər fiberoptik magistralın çəkilişi gələn il başa çatdıqdan sonra magistral internet və kontentin Avropa qitəsindən Azərbaycan vasitəsilə Qazaxıstana, daha sonra isə Çinə daşınması mümkün olacaq. İkinci fiberoptik kabellərin çəkilişi ilə Türkmənistan, Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistanın data trafikinə olan ehtiyacı təmin ediləcək. Budurmu türkdilli xaqlarınn iqtisadi əməkdaşlığından yaranan təhlükə?

Bəlkə erməni politoloqları bizim türkdilli ölkələrlə nəqliyyat kommunikasiyalarının inkişafı sahəsində əməkdaşlığımızda da şübhəli məqamlar “kəşf” ediblər?! Elədirsə, bunu da nəzərdən keçirək. Öncə onu qeyd edək ki, Azərbaycanın türkdilli ölkələr üçün strateji əhəmiyyətli logistik mərkəzə çevrilməsinin səbəbi əlverişli coğrafi mövqeyimizdir. Burada zəruri nəqliyyat infrastrukturlarının mövcud olması, o cümlədən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı mühüm rol oynayır. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan ilə Türkiyəni, daha geniş miqyasda isə Avropa və Asiyanı birləşdirir.  Ölkəmiz türkdilli ölkələr üçün təkcə Şərq-Qərb üzrə deyil, həm də “Şimal-Cənub nəqliyyat dəhlizi” üzrə də alternativ tranzit imkanı yaradır. “Şimal-Cənub nəqliyyat dəhlizi” Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrinin birləşdirilməsini nəzərdə tutan layihədir. Belə ki, Mərkəzi Asiyanın türkdilli ölkələri, habelə Türkiyə Azərbaycan ərazisindən istifadə etməklə Şimal-Cənub dəhlizi ilə xüsusən Rusiya və İrana öz məhsullarını sürətli və səmərəli daşıya bilirlər. Budurmu təhlükəli məqam? Mövcud imkanlardan Ermənistan faydalanmırsa, günah kimdədir, yaxud erməni millətçilərinin nümayiş etdirdikləri mənasız iddiaların kökündə nə dayanır? Sözsüz ki, erməni faşist ideoloqlarının özlərinin dərk etdikləri həyat fəlsəfəsi və iqtisadi maraqları. Artıq iki əsrə yaxındır ki, onlar köçdükləri bütün dövlətlərin ərazilərində türk dünyasını təhlükə kimi görür və təqdim edirlər. Bununla onlar yaşadıqları ölkələrdə  ermənilərdən əzabkeş xalq obrazı yaradaraq daha çox diqqət cəlb edə və bizneslərini genişləndirmək üçün güclü iqtisadi mövqelərə sahib ola bilirlər. Qısaca desək, çörəklərini ağlamaqdan çıxarırlar.

Biz türkdilli dövlətərin iqitasadi əlqələrini qısa da, olsa bir neçə istiqamətdə nəzərdən keçirdik və erməni təbliğat maşınının uydurduğunun əksinə olaraq bu birliyin yalnız sülhə və tərəqqiyə kökləndiyini gördük. Dağlıq Qarabağ işğaldan azad edildikdən sonra isə demək olar hər gün erməni vəhşiliklərini ifşa edən faktlar üzə çıxır. Özünü “müdrik və qədim xalq” kimi təqdim edən ermənilərin necə qəddar və amansız olduqları dünyanı heyrətə gətirir. Bu baxımdan bizim Dağlıq Qarbağdakı qələbəmiz həm də müasir erməni faşizmini növbəti dəfə hər cür ifşa etmişdir. Türkdilli dövlətlərin iqtisadı və mədəni əlaqələri isə erməni faşist ideologiyasının mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoymuşdur.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM