07:18 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Böyük uğurlara yol açan müstəqil siyasət

ANA SƏHİFƏ / SİYASƏT
00:32 17.04.2021

 

İlham Əliyev Azərbaycanın milli maraq və mənafelərini layiqincə təmin edir

 

İkinci Qarabağ müharibəsində Ermənistanın sarsıdıcı məğlubiyyətə uğradılması Azərbaycanın qüdrətinin, Prezident İlham Əliyevin qətiyyətinin təntənəsi oldu. Bu Qələbə və torpaqlarımızın azad edilməsi bəlli həqiqətlərə yeni işıq saldı. İlk növbədə təsdiq olundu ki, müharibəyə qədər Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməyə qadir olması barədə deyilənlər əbəs deyilmiş.

 

Dünyada etiraf olunan reallıq

 

Azərbaycanın tarixi Zəfəri ilə başa çatan 44 günlük savaşın ortaya qoyduğu başqa bir reallıq isə respublikamızın yürütdüyü müstəqil siyasətin nümayişi oldu. Müstəqillik yalnız dövlət atributlarına malik olmaq və ya beynəlxalq təşkilatlara üzv qəbul edilmək deyil. Bu həm də dövlətin asılı olmaması, müstəqil siyasi və iqtisadi kursunun olması deməkdir. Müasir beynəlxalq münasibətlər sisteminin hazırkı mənzərəsi göstərir ki, heç də bütün dövlətlərin daxili və xarici siyasəti müstəqil deyil. Məsələn, Ermənistanın adı müstəqil olsa da, özü müstəqil deyil və bunu sübut etmək üçün ciddi araşdırmalara da ehtiyac yoxdur. Bu ölkənin iqtisadiyyatının xarici tərəfdaşlarının nəzarətində olması onu müstəqillikdən həmişəlik məhrum edib.

Xarici siyasətinə gəldikdə, Ermənistan son 30 ildə yalnız kənar siyasi mərkəzlərin diktəsini əsas götürüb. Bu ölkənin nəinki qlobal, hətta regional səviyyədə əlaqələri baxımından özünün müstəqil mövqeyi, sərbəst siyasi kursu yoxdur. Rəsmi Yerevanın xarici siyasi kursu xaricdən göndərilən təlimatlar əsasında formalaşır.

Ümumiyyətlə, tək Ermənistanın deyil, bir çox dövlətlərin nümunəsində bu cür misal çəkmək olar. Azərbaycana gəldikdə isə, tamamilə başqa mənzərənin şahidi oluruq və rəsmi Bakının bütün sahələrdə yürütdüyü siyasətin tam müstəqil olması, dövlətimizin və xalqımızın maraqlarını inamla təmin etməsi dünyada etiraf olunan reallıqdır.

 

Müstəqil iqtisadi siyasətin təcəssümü

 

Müstəqil siyasətin nəticəsidir ki, Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bu siyasət isə kompleks xarakter daşıyır və özündə vacib məsələləri ehtiva edir. Məsələn, bu Qələbə üçün Prezident İlham Əliyevin təmin etdiyi ən vacib vəzifələrdən biri Azərbaycanın müstəqil iqtisadi siyasət yürütməsi oldu. Heydər Əliyevin müəyyən etdiyi yeni neft strategiyasının uğurla reallaşması, Xəzərin karbohidrogen ehtiyatlarını ilk dəfə alternativ yolla dünya bazarlarına çıxaran neft-qaz kəmərlərinin inşası, o cümlədən “Cənub qaz dəhlizi”nin istifadəyə verilməsi, respublikamızın tranzit-logistika imkanlarının artırılması Azərbaycanın müstəqil iqtisadi siyasətinin təcəssümüdür.

Bu siyasətin nəticəsidir ki, Azərbaycanda ordu quruculuğunun ən müasir standartlara uyğun həyata keçirilməsi təmin olundu, ən son döyüş vasitələri qoşunların arsenalına daxil edildi. Aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında çıxış edən Prezident İlham Əliyev bununla bağlı deyib: “İqtisadi müstəqillik əsas məsələlərdən biri idi. Buna da nail olduq. Enerji müstəqilliyinə nail olduq. Tarixi layihələri həyata keçirdik. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Əgər o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı. Silahları bizə heç kim bağışlamayıb. Ermənistandan fərqli olaraq 5 milyard dolları heç kim hədiyyə eləməyib. Onların məhv edilmiş və qənimət götürülmüş silahlarının dəyəri 5 milyard dollardır. Biz pulla almışıq, iqtisadi müstəqillik olmasaydı, necə ala bilərdik? Müharibəni necə apara bilərdik? Torpaqlar erməninin tapdağı altında əbədi qala bilərdi. Ona görə iqtisadi müstəqillik əsas idi, bu sahədə də hazırlaşdıq”.

 

İlham ƏLİYEV: “Bizi heç kəs dayandıra bilməzdi”

 

Siyasi sferada müstəqillik Azərbaycanın beynəlxalq birlikdəki mövqelərini daha da möhkəmləndirib. Ermənistandan fərqli olaraq Azərbaycan dövlətinin beynəlxalq məsələlərdə özünün qətiyyətli mövqeyi və sözü var. Bakı ilə hansısa xarici mərkəzin diktə dilində danışması mümkün deyil. Elə yuxarıda qeyd olunan iqtisadi siyasətin göstəriciləri də, əslində, müstəqil siyasi kursun məntiqi nəticəsidir. Bu kursun nəticəsidir ki, Bakı beynəlxalq tədbirlərin mərkəzinə çevrilib, hətta Rusiya və NATO komandanlarının yüksəksəviyyəli görüşləri də bu şəhərdə keçirilir.

Siyasi müstəqilliyin ən böyük təcəssümü Vətən müharibəsində qazanılan Qələbə oldu. Buna qədər bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağ probleminin həlli üçün müharibə variantını istisna edirdilər ki, bu da Ermənistanın maraqlarına cavab verir, işğal siyasətinin davam etməsinə səbəb olurdu. Lakin özünün aydın yolu, müstəqil siyasəti olan Azərbaycanı torpaqlarının azad edilməsi üçün müharibədən çəkindirmək mümkün deyildi və Ermənistanın təxribatlarından sonra başlanan əks-hücum əməliyyatları bunu təsdiq etdi.

Müharibə günlərində Azərbaycana qarşı çox təzyiqlər oldu, erməni təəssübkeşləri ölkəmizi dayandırmaq üçün əllərindən gələni etdilər. Lakin Azərbaycanı saxlamaq mümkün deyildi. Aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Prezident İlham Əliyev bu barədə deyib: “Biz qəhrəmanlıq və cəsarət nümayiş etdirdik, axıra qədər getdik və bizi heç kəs dayandıra bilməzdi. Bilirsiniz ki, müxtəlif istiqamətlərdən bizi dayandırmaq üçün çoxlu cəhdlər oldu. Ancaq biz sona qədər getdik”.

Müstəqillik böyük nemət olduğu kimi, müstəqil siyasət də dövlətin başucalığıdır. Azərbaycanın uğurları, Vətən müharibəsindəki Qələbəsi bunun təsdiqidir. Bu Qələbə göstərdi ki, İlham Əliyev Azərbaycanın milli maraq və mənafelərini layiqincə və uğurla təmin edir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM