30 Sentyabr 2018 02:01
1354
SİYASƏT
A- A+

Böyük tərəqqi


Bakıda Azərbaycanla Rusiya arasında gələcək əməkdaşlıq üçün yeni prioritetlər müəyyənləşdirildi


* Son 3 ayda 4 görüş;
* Bütün sahələri əhatə edən 200-ə yaxın sənədin imzalanması;
* 50-yə yaxın biznes-forum və işgüzar toplantılar;
* 5 milyarddan çox qarşılıqlı investisiya;
* Bir ildə 3 milyarda yaxın ticarət dövriyyəsi;
* 760 birgə müəssisə;
* Ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə;
* 5 milyard dollarlıq hərbi təyinatlı məhsullar;
* 9 ay müddətində 700 min nəfərədək turist...

Bu sosial-iqtisadi göstəricilər Azərbaycan-Rusiya münasibətlərinin təkcə dost və qonşu ölkə kimi deyil, həm də strateji mahiyyət daşıdığını təsdiqləyən real faktlardır. Bununla yanaşı, Rusiya Prezidenti Vladimir Putinin son 5 il ərzində ölkəmizə 4-cü dəfə səfər etməsi, Prezident İlham Əliyevlə son 3 ayda 4, sentyabrda isə 2 dəfə görüşməsi bir daha təsdiq edir ki, prezidentlərin səmimi dostluğu və qarşılıqlı rəsmi, işgüzar səfərləri artıq iki ölkə arasındakı münasibətləri yeni inkişaf mərhələsinə yüksəldib.


Yeni inkişaf mərhələsinə yüksələn münasibətlər


Sentyabrın 27-də hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forum isə əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək bir konfrans kimi tarixə düşdü.
İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi təkbətək görüşdə söylədiyi kimi, siyasi, iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə, bir sözlə, bütün istiqamətlərdə mövcud olan böyük tərəqqi bir çox ölkələr üçün nümunədir.
Təbii ki, bu münasibətlərin təməlində tarixi, mədəni əlaqələr və xalqlar arasında mövcud olan bağlılıq, yaxınlıq durur. Bu gün isə yeni inkişaf mərhələsində olan sosial-iqtisadi, humanitar əlaqələr, regionlararası əməkdaşlıq onu deməyə əsas verir ki, iki ölkənin regionları arasında səmərəli əməkdaşlığın dərinləşdirilməsi üçün münbit sosial-iqtisadi imkanlar mövcuddur. Əminliklə söyləyə bilərik ki, yaxın gələcəkdə hər iki ölkə bu imkanlardan maksimum yararlanaraq münasibətlərin daha da genişlənməsinə, dərinləşməsinə nail olacaq.


Qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün əlverişli platforma mövcuddur


Azərbaycan-Rusiya Regionlararası Foruma gəlincə isə onu deyə bilərik ki, budəfəki toplantıda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, bank, qida, maşınqayırma, metallurgiya, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etdilər.
Əlbəttə ki, belə formatda keçirilən tədbirlər işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından əlverişli platformadır. Dövlət başçıları isə siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verirlər. Elə prezidentlərin, rəsmi nümayəndə heyətlərinin və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri də bunun əyani göstəricisidir. Sentyabrın 1-də İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində isə dövlət başçıları ticarət-iqtisadi əlaqələrin hazırkı vəziyyətini hərtərəfli təhlil edib, bu sahədə gələcək əməkdaşlıq üçün prioritetlər müəyyənləşdirilib, 6-sı biznes dairələri arasında olmaqla, ümumilikdə 17 sənəd imzalanıb.


Rusiyanın 78 subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır


İki dost ölkə arasındakı ticarət tərəfdaşlığı da göz önündədir. Ötən il də, bu il də əmtəə dövriyyəsi artıb. Rusiya Azərbaycan üçün idxal üzrə bir nömrəli tərəfdaşdır və bizim qeyri-neft sektorunun məhsullarının ixracı üzrə də bir nömrəli tərəfdaşdır.
2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,627 milyard dollar olub. Bu ilin birinci yarısında isə ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib. Hazırda Rusiyanın 78 subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır.
Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə Çərçivə sazişləri bağlayıb.
Bu rəqəmlər də bir daha təsdiq edir ki, Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlərindən biri də ticarət əməkdaşlığıdır və bu sahədə müsbət artım dinamikası var. Rusiya idxalda Azərbaycanın əsas tərəfdaşıdır, qeyri-neft məhsullarımızın ixracında isə ilk sıradadır. Ticarət əlaqələrinin genişləndirilməsi üçün kompleks tədbirlər həyata keçirilib. Məsələn, Rusiyada Azərbaycanın ticarət nümayəndəliyinin yaradılması, Həştərxanda Azərbaycan Biznes Mərkəzinin, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, qarşılıqlı ticarət missiyalarının həyata keçirilməsi belə tədbirlərdəndir. Hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq və Həştərxan şəhərlərində Azərbaycanın ticarət, şərab və çay evlərinin açılması istiqamətində tədbirlər görülür.


İnvestisiya qoyuluşu və reallaşan uğurlu layihələr


Qarşılıqlı investisiya qoyuluşu sahəsində də fəal əməkdaşlıq həyata keçirilir. Bunların sırasında "SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın "KamAZ” və "Ural” Zavodları ilə əməkdaşlığı, "Azərmaş” və "QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması, Azərbaycan şirkətlərinin Rusiyada həyata keçirdiyi layihələr, o cümlədən Yessentukidə "İstoçnik” sanatoriya-turizm mərkəzi, Krasnodarda meyvə-tərəvəz konservləri və çay istehsalı zavodu, Jeleznovodskda və Kislovodskda sanatoriya-mehmanxana kompleksinin tikintisi və digər layihələr qarşılıqlı investisiya qoyuluşu sahəsində uğurlu layihələrdəndir.
Bütün bunlar təsdiqləyir ki, Azərbaycan Rusiya ilə ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın davam etdirilməsində maraqlıdır və bu sahədə Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları əhəmiyyətli rol oynayır. Onu da vurğulayaq ki, Azərbaycan-Rusiya İşgüzar Şurasında kənd təsərrüfatı, sənaye, logistika, nəqliyyat, bank, neft-kimya sahələrində iri, eləcə də kiçik və orta biznes nümayəndələri təmsil olunurlar.


Xəzərin yeni konvensiyası iki ölkə üçün yaxşı imkanlar açıb


İki ölkə arasında həmçinin nəqliyyat sahəsində çox fəal əməkdaşlıq mövcuddur. Azərbaycan və Rusiyanın birgə reallaşdırdığı "Şimal-Cənub” layihəsi artıq öz nəticələrini verir.
İlham Əliyevin söylədiyi kimi, ötən illə müqayisədə bu il həmin dəhlizlə yükdaşımaların nəqli 100 dəfədən çox artıb. Lakin bu hələ başlanğıcdır. Hesab edilir ki, bu dəhliz Avrasiyanın ən mühüm nəqliyyat xətlərindən biri olacaq, bununla da iki ölkənin tranzit potensialı artacaq. Bu, Avropa və Asiya bazarlarını yaxınlaşdırmağa yönələn, İran, Azərbaycan və Rusiyadan keçən dəhlizdir. Bu, həqiqətən, irimiqyaslı böyük işdir. Təşəbbüs çərçivəsində iki ölkənin inşaatçıları Samur çayı üzərində sutkada 37 mindən çox maşın buraxmaq qabiliyyəti olan yeni körpü tikirlər.
Azərbaycanda Rusiyanın energetika korporasiyaları da uğurla işləyirlər. "Rosneft” şirkəti Azərbaycanın Dövlət Neft Şirkəti ilə birgə yaxın vaxtlarda "Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq.
Bundan başqa, Xəzər dənizinin statusu haqqında Konvensiya da qarşılıqlı faydalı kooperasiya üçün yeni imkanlar açıb. Sənədlərin imzalanması Xəzər regionunda əməkdaşlıq üçün iki ölkəyə yaxşı baza yaradıb. Rusiya və Azərbaycan şirkətləri Xəzər regionunda perspektivli layihələrin reallaşdırılması ilə fəal məşğul olacaqlar.


Humanitar əlaqələrin daha da inkişafı üçün real imkanlar var


Humanitar əlaqələrin inkişafına gəlincə isə deyə bilərik ki, hər iki dövlət bu sahə üzrə əlaqələri daha da dərinləşdirmək, genişləndirmək üçün ciddi səy göstərir. Gələn ay Bakıda Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında növbəti humanitar forum keçiriləcək. Bu beynəlxalq forum artıq humanitar xarakterli məsələlərin, mədəniyyətlərarası dialoqun, konfessiyalararası münasibətlərin müzakirəsi üçün mühüm qlobal meydana çevrilib.
Bundan başqa, Azərbaycanda tədrisin rus dilində aparıldığı 341 məktəb, Rusiyanın aparıcı ali təhsil ocaqları olan Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları fəaliyyət göstərir.
Dost ölkələr arasında turizm sahəsi daha çox inkişaf etməkdədir. Belə ki, son illərdə Azərbaycanı ziyarət edən turistlərin çoxu Rusiya vətəndaşlarıdır. Hələ başa çatmamış 9 ay ərzində 700 minədək rusiyalı Azərbaycana səfər edib.
Bir sözlə, iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq üçün imkanlar çox genişdir. Forumda da regional səviyyədə qarşılıqlı fəaliyyətin konkret istiqamətləri bir daha müəyyənləşdirildi.
İlham Əliyevin Vladimir Putinlə keçirdiyi təkbətək görüşdə dediyi kimi, hər iki ölkə gələcək illərdə əməkdaşlığı yalnız inkişaf etdirmək, biznes qurumları üçün daha yaxşı şərait yaratmaq və bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək yolu ilə gedəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video