15:21 03 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Böyük tarixi zəfər milli qurtuluşun təntənəsidir

ANA SƏHİFƏ / SİYASƏT
01:11 15.06.2021

 

Ağdam regionun yeni iqtisadi, sənaye mərkəzinə və inkişaf, quruculuq məkanına çevriləcək

 

Ölkəmizin, xalqımızın taleyində elə böyük əhəmiyyət daşıyan günlər var ki, həmin tarixlərdə gələcək həyatı müəyyən edən mühüm başlanğıcların əsası qoyulub.

Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür. Bu gün bizim üçün, sadəcə, təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik gündür. Çünki Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından ayrı təsəvvür etmək mümkün deyil.

 

Müasir gəncliyin mənəvi inkişafının başlanğıc tarixi

 

Bəlkə də dahi liderin qayıdışı olmasaydı, bu gün tam fərqli bir Azərbaycanda yaşamağa məhkum idik.

Bəlkə də vassal, kənardan idarə edilən marionet ölkənın vətəndaşları kimi boyunduruq altında yaşayırdıq.

Bu gün biz gənclər Qurtuluşun övladlarıyıq. Qurtuluşdan sonrakı Azərbaycanda böyüyən gənc kimi deyə bilərəm ki, həqiqətən də xalqımız həmin dövrdə çox acınacaqlı günlər yaşayırdı. Bir tərəfdən erməni təcavüzü, məcburi köçkünlük həyatı, digər tərəfdən müxtəlif qoçu dəstələrinin özbaşınalığı, xalqın çörək üzünə həsrət qaldığı günlər acı bir xatirə kimi yaddaşlarımıza yazılıb. Belə bir durumda bütün ağırlığı çiyninə alan dahi şəxsiyyət Azərbaycanı uçurumdan qurtardı, qısa zamanda xalqı ağ günə çıxardı. Ölkədə sabitlik, əmin-amanlıq yarandı, Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu.

Qurtuluş Günü yalnız Azərbaycan vətəndaşlarının faciələrdən qurtulduğu gün deyil, bu, həm də müstəqilliyimizin, azadlıqlarımızın, mənəviyyatımızın, iqtisadiyyatımızın, mədəniyyətimizin qurtuluşudur. Məhz Qurtuluş Günündən sonra ölkəmizdə ilk dəfə demokratik təsisatlar yaradıldı, uğurlu islahatlar aparıldı.

Ulu Öndərin həyata keçirdiyi ən mühüm islahatlardan biri də dövlət gənclər siyasətinin bünövrəsinin qoyulması, formalaşdırılması, vətənpərvərlik və azərbaycançılıq ideologiyasının təbliği, bu sahədə strateji əhəmiyyətə malik proqramların reallaşdırılması oldu. Bu da təbiidir. Çünki gənclər xalqın ümidi, onun inkişafının və yüksəlişinin əsas meyarıdır. Milli Qurtuluş Günü biz gənclərin daha rahat, firavan həyat sürməsinə şərait yaratdı. Nəticədə milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılmasının, gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsinin əsası qoyuldu. Milli Qurtuluş Günü müasir gəncliyin mənəvi inkişafının başlanğıc tarixi oldu.

Ulu Öndər həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib.

Bir sözlə, Milli Qurtuluş Günü kimi tariximizə əbədi həkk olunmuş bu gün bizə azad, demokratik, güclü, həmçinin də dünya birliyinin tamhüquqlu üzvü olan dövlət bəxş etdi.

 

İlham Əliyev daha möhtəşəm Ağdam qurub düşmənə gözdağı edəcək

 

Bu gün hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, qurucusu və memarı Heydər Əliyev olan dövlətimizlə fəxr edir. Ona görə ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf konsepsiyasını, siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev ən yüksək səviyyədə reallaşdırmaqdadır.

Əgər Ulu Öndər Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardısa, cənab İlham Əliyev ölkəmizi Cənubi Qafqazın liderinə, dünyada söz sahibinə çevirdi.  

Ulu Öndər yüksəliş konsepsiyası hazırlayıb ölkəmizi yeni inkişaf mərhələsinə çıxardısa, layiqli davamçısı İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi. Ümummilli Lider bir güllə atmadan ölkəmizin cənubunda, şimalında baş qaldıran separatçı dəstələri zərərsizləşdirdisə, cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində bir güllə atmadan Ermənistanı doğma torpaqlarımız olan Ağdamı, Laçını, Kəlbəcəri təhvil verməyə məcbur etdi. Bu, cənab İlham Əliyevin siyasi diplomatiyasının, həm də sərkərdə qətiyyətinin təntənəsi idi.

Bu gün işğaldan azad edilmiş torpaqlarımızda böyük tikinti-quruculuq işləri başlayıb. Əzəli torpaqlarımızda müasir infrastrukturlar, avtomobil, dəmir yolları, hava limanları tikilir, “ağıllı kənd”, “ağıllı şəhər” layihələri icra edilir.  

Şanlı qələbədən sonra Prezident 2 dəfə Ağdama səfər etdi və işğaldan azad edilmiş ərazilərlə bağlı təsdiqlədiyi ilk Baş Plan isə Ağdam şəhəri ilə bağlı oldu. Mayın 28-də - Respublika Günündə Ağdamda tarixi hadisə baş verdi. 27 ildən sonra düşmən tapdağından qurtulmuş qədim Ağdam şəhərinin yerində yeni, möhtəşəm şəhərin təməlqoyma mərasimi keçirildi. Bu təməl daşı əslində Azərbaycan dövlətçilik tarixinin əbədi divarlarına qoyulan yeni bir qat, yeni bir mərhələnin başlanğıcı idi. Bərpa gününün təməlqoyma mərasiminin 28 May Respublika Günündə tarixi qələbəmizi müstəqil olmağımızla əlaqələndirdi.

27 illik həsrətdən sonra doğma Ağdamda Azərbaycanın Dövlət Bayrağı ucaldıldı, himni səsləndirildi. Cümə məscidində azan oxundu, namaz qılındı. Bu anları gözləri dolmadan, qəlbi fərəh hissi ilə dolub-daşmadan izləmək yəqin ki, mümkünsüz idi. Ancaq həm də Ağdamın görüntüləri hər birimizin qəlbini parça-parça etdi. Çünki vaxtilə on minlərlə insanın yaşadığı, qaynar həyatın olduğu, Qarabağın ən görkəmli məkanlarından biri olan, müharibənin ağrı-acısından qaçarkən bir çoxlarının ümid, pənah yerinə çevrilən Ağdamda indi salamat bir bina, bir tikili qalmayıb.

Amma Prezident bəyan etdi ki, bu xarabalığın üzərində daha möhtəşəm Ağdam qurulacaq və bu şəhər yenidən düşmənə gözdağı olacaq.

Bu mərasimdə Ağdam şəhəri üçün çox önəmli olan, 140 illik tarixə malik 1 saylı məktəbin, sənaye parkının, Bərdə-Ağdam avtomobil yolunun, geniş meşə sahəsinin təməli qoyuldu. İmarət kompleksinin bərpası ilə əlaqədar işlərə start verildi. Ağdamda İşğal və Zəfər muzeyinin konsepsiyası Prezidentə təqdim edildi.

Bütün bunlar təkcə ağdamlılara yox, dünya azərbaycanlılarına böyük qürur, fəxarət hissi yaşatdı. Mərasimdə cənab İlham Əliyev vurğuladı ki, Ağdam cənnətə çevriləcək və yaşamaq üçün əsl şəhər olacaq. Çünki Ağdamda start verilən layihələr şəhərin və bölgənin gələcək iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Şəhərdə inşa ediləcək müəssisələr onu deməyə əsas verir ki, Ağdam Azərbaycanın böyük sənaye, turizm şəhərlərindən biri olacaq. Respublikanın müxtəlif rayonlarında məcburi köçkün kimi müvəqqəti məskunlaşmış ağdamlılar yenidən oz doğma yurdlarına qayıdıb xoşbəxt, firavan həyat sürəcəklər.

Böyük fəxrlə bildirmək istəyirəm ki, Ağdam artıq “ruhlar şəhəri” deyil, onu bərpa etməyə, qurub-yaratmağa hazır insanların şəhəridir. Əminəm ki, çox da uzun olmayan bir müddətdən sonra Ağdam köhnə cah-cəlallı vaxtlarına qayıdacaq. Hətta əvvəlkindən də görkəmli, yaraşıqlı və əzəmətli olacaq.

 

Qüdrətli dövlət və gerçəkləşən müqəddəs vəsiyyət

 

Birmənalı şəkildə deyə bilərik ki, İkinci Qarabağ müharibəsindəki şanlı Qələbə və Azərbaycanı Heydər Əliyevin görmək istədiyi dövlətə çevirməsi ilə cənab İlham Əliyev müqəddəs ata vəsiyyətini yerinə yetirdiyini bir daha təsdiqlədi. Ümummilli Liderin xalqımızın səadəti üçün arzuladığı gün Prezident İlham Əliyevin müdrik düşüncəsi ilə reallaşmaqdadır.

Bugünkü Azərbaycan gəncliyi Vətən təəssübkeşliyini, xalqa sədaqət nümunəsini məhz cənab İlham Əliyevin həyat və fəaliyyətindən götürür. Çünki Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, Prezidentin apardığı gənclər siyasətinin mühüm  rolu var.

Müzəffər Ali Baş Komandanın “dəmir yumruq” əməliyyatı ilə 30 illik həsrətimizə son qoyub Qarabağı azad etməsindən sonra biz gənclərin də üzərinə böyük məsuliyyət düşür. Bu gün biz Qarabağın qədim və əzəli Azərbaycan torpaqları olduğunu təsdiqləyən tarixi faktları dərindən mənimsəməli, dünyaya olduğu kimi çatdırmalı və xain düşmənlə informasiya müharibəsində hər zaman üstün olmalıyıq. Necə ki, Prezidentimiz diplomatik məharəti ilə erməni uydurmalarını bütün beynəlxalq toplantılarda ifşa edir, Azərbaycan həqiqətlərini dünyaya çatdırır, biz gənclər də bu istiqaməti prioritet kimi müəyyənləşdirməliyik.

Azərbaycan gənclərinin mütləq əksəriyyəti birmənalı şəkildə bu yolun yolçusu olduğunu bəyan edir. Hər zaman cənab İlham Əliyevin yanında olan Azərbaycan gəncləri əmindirlər ki, müasir qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələri fəth edəcək.

 

Vasif HƏSƏNOV,

YAP Ağdam Rayon Təşkilatının Gənclər Birliyinin sədr müavini



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM