29 Sentyabr 2021 01:17
3463
SİYASƏT
A- A+

Böyük siyasətin möhtəşəm zəfəri

 

Azərbaycan xalqına şanlı Zəfər bəxş etmiş İkinci Qarabağ müharibəsinin başlanmasının birinci ildönümü tamam olur. Bu möhtəşəm qələbə dövlət müstəqilliyimizin bərpası və müstəqil Azərbaycan dövlətinin qurulması ilə birlikdə son 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Vətən müharibəsi və onun cahanşümul nəticəsi dövlətimizin qüdrətinin, xalqımızın mətanətinin, ordumuzun və əsgərimizin şücaətinin, Prezidentimizin uzaqgörənliyinin nümayişi olaraq tarixə yazıldı.

Qarabağın azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası olmaqla yanaşı, tarixi ədalətin təntənəsi, xeyirin şər üzərində qələbəsi qədər ümumbəşəri məna və əhəmiyyət kəsb edir. Haqsızlıqdan, xəyanətdən, təcavüzdən əzab çəkən xalqlar Vətən müharibəsinin timsalında haqqın qələbəsinin şahidi oldular. Azərbaycan təcavüz qurbanlarının gözündə haqsızlığa qarşı mübarizənin simvoluna çevrildi.

 

Qələbəyə aparan yol

 

Azərbaycanı möhtəşəm tarixi qələbəyə aparan yolun əsası əslində 1993-cü ilin iyun ayında, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qoyulmuşdur. Əvvəlki hakimiyyətlərdən miras qalmış xaos və anarxiyanın aradan qaldırılması, müstəqil dövlətin qurulması, hərtərəfli iqtisadi və siyasi islahatların həyata keçirilməsi, nizami ordu quruculuğu, dövlətin iqtisadi qüdrətinin artırılması məqsədi güdən əsrin neft müqaviləsinin imzalanması mahiyyət etibarilə ölkəmizin erməni təcavüzü nəticəsində pozulmuş ərazi bütövlüyünün təmin edilməsi üçün imkanların yaradılması istiqamətində atılan addımlar idi.

Etiraf edilməlidir ki, Azərbaycan xalqını tariximizin şanlı səhifələrini təşkil edən qələbələrə aparan yolun digər əzəmətli mərhələsi 2003-cü ildən başlayır. Ölkəmizin vətəndaşları növbəti prezident seçkilərində İlham Əliyevə səs verməklə dövlətimizin taleyi ilə yanaşı, Qarabağın azadlığı uğrunda mübarizənin gələcəyini də ona etibar etmiş oldular. Bu seçimin doğruluğu çox qısa vaxtda təsdiqini tapdı. Şübhə yoxdur ki, xalqın seçiminə Ümummilli Lider Heydər Əliyevin siyasi varisi haqqında söylədiyi fikirlərin xüsusi təsiri olmuşdu. İnsanlarımız onun “Mən İlham Əliyevə özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” sözlərində Qarabağın azad edilməsi vəsiyyətinin ifadə edildiyini duymaya bilməzdi. Ona görə də düşünürəm ki,  2003-cü ilin seçkilərinin uğurla başa çatması ilə həm də bizi çoxdan gözlədiyimiz zəfərə doğru aparan yolun yeni mərhələsinin əsası qoyulmuş oldu.

İlham Əliyevin elə ilk addımları    o zaman üçün kifayət qədər cəsarətli görünən 600 min yeni iş yerinin yaradılması, 1990-cı illərin acı hadisələrinin yadigarları olan bütün çadır şəhərciklərinin ləğv edilməsi kimi seçki proqramı ölkəyə böyük dəyişikliklər vəd edən yeni liderin gəlməsindən xəbər verirdi. Həyat göstərdi ki, verilən vədlər seçici rəğbətini qazanmaq naminə deyil, ölkənin həyatında sözün həqiqi mənasında yeni mərhələnin başlanması kimi möhtəşəm proqramı həyata keçirmək niyyətlərindən irəli gəlir. Cəmiyyət İlham Əliyevin simasında özünün  yeni liderini görür, ona böyük etimadla yanaşırdı. Digər tərəfdən, xalq onun nümunəsində Azərbaycanda Heydər Əliyevin vəsiyyətlərinin etibarlı təminatını tapdığını aydın şəkildə dərk edirdi.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti müşayiət edən diqqətəlayiq uğurların iki fundamental amilə əsaslandığı iddia edilə bilər. Bunun birincisi onun Heydər Əliyev ideyalarına sədaqəti, bu ideyaların həyata keçirilməsinin etibarlı təminatçısı olması ilə əlaqədardır. Heydər Əliyevin ideyalarına və həmin ideyalara əsaslanan siyasətə dərin inam həmişə ölkəmizdə qərarlaşmış ictimai məfkurənin ayrılmaz tərkib hissəsi sayılıb və bu baxımdan Azərbaycan cəmiyyətinə təqdim edilən yeni konsepsiyanın Ümummilli Liderin ideyalarına sədaqət ruhunda formalaşması sonuncunun uğur amillərindən biri kimi qəbul edilir. İlham Əliyevin Heydər Əliyev siyasətinə həm sadiq olacağını bəyan etməsi, həm də əməli surətdə bunu sübuta yetirməsi onun siyasi kursuna, şəxsiyyətinə hörmət və etimadın formalaşmasında vacib məqam olaraq qiymətləndirilməlidir.

İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlar qazanmasının digər fundamental əsasının onun yeni tipli, müasir təfəkkürlü siyasətçi olması ilə şərtləndiyi ayrıca qeyd edilməlidir. Ümummilli Liderin titanik səyləri nəticəsində qurulan müstəqil Azərbaycan dövlətinin 2000-ci illərin əvvəllərindən etibarən yeni iqtisadi, sosial, siyasi keyfiyyət halına keçməsi, başqa sözlə ifadə edilsə, yeni transformasiyası aktual problem kimi öz mövcudluğunu getdikcə daha qətiyyətlə ifadə edirdi. Azərbaycan XXI əsrin dövləti olmağa hazırlaşırdı və bu tarixi şansı dəyərləndirərək həyata keçirməli olan yeni lider artıq seçilmişdi. İlham Əliyev Heydər Əliyev ideyalarını yeni dövrün çağırışları və imkanlarına maksimum dərəcədə uyğunlaşdıraraq Ümummilli Liderin qurduğu müstəqil Azərbaycanı XXI əsrin ən uğurlu gənc dövlətlərindən birinə, bəlkə birincisinə çevirməyə müvəffəq oldu. Bu isə artıq xalqın daha ciddi qələbələrə hazır olması demək idi. XXI əsrin ən uğurlu dövlətlərindən birinə çevrilmiş  Azərbaycan, onun xalqı və gənc lideri məğlub dövlət statusu ilə heç bir halda razılaşa bilməzdi. Qarabağın azadlığına nail olmadan Azərbaycan bütün digər sahələrdə qazandığı möhtəşəm nailiyyətləri uğurlu siyasətin şəksiz təntənəsinə çevirə bilməzdi. Qarabağ azad edilməli idi ki, Ulu Öndərin vəsiyyətləri tam yerinə yetirilmiş olsun. Yeni lider və onun ölkəsi hədəflərini aydın müəyyən etmiş, şərəfli yolda növbəti əzəmətli və inamlı addımlarını atmağa başlamışdı.

 

Zəfərin iqtisadi əsasları

 

Prezident İlham Əliyevin Qarabağın azadlığına aparan yolda uğurlu addımları hər şeydən əvvəl dövlətin qüdrətinin artırılmasını, onun iqtisadiyyatının gücləndirilməsini nəzərdə tuturdu. Heydər Əliyevin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” şüarının ardıcıl surətdə reallığa çevrilməsi Ümummili Liderin vəsiyyətlərinin həyata keçirilməsi zərurətinin aktuallaşdırdığı çağırış idi. Ulu Öndərin uzaqgörənliyinin nəticəsi olan neft strategiyasının ilk bəhrələrini verməyə başlaması ölkənin həyatında möhtəşəm dəyişikliklərə start verilməsinə əlverişli imkanlar yaratmışdı. Məmnunluq hissi ilə qeyd edilə bilər ki, Prezident İlham Əliyev mövcud imkanları lazımınca dəyərləndirərək Azərbaycanın yeni güc potensialının yaradılması kimi tarixi missiyanı müvəffəqiyyətlə gerçəkləşdirməyə nail oldu. Ölkə hazırlaşdığı böyük sıçrayışı həyata keçirdi, iqtisadi inkişaf templərinə görə dünyada ilk pilləyə yüksəldi. Qısa bir vaxtda Azərbaycanın iqtisadi landşaftı ciddi şəkildə dəyişdi, bu isə öz növbəsində həm ölkə daxilində iqtisadi fəallığın artırılmasını şərtləndirdi, həm də güclü cazibədarlığı sayəsində milyardlarla xarici sərmayənin ölkə iqtisadiyyatına axmasını təmin etdi.

Neft strategiyasının sayəsində ölkəmizə daxil olan böyük maliyyə resurslarının məqsədəuyğun şəkildə idarə edilməsi və ölkə üçün ən faydalı şəkildə istifadəsi iqtisadi və maliyyə idarəetməsi sahəsində dünya miqyasında mühüm yeniliklərdən hesab oluna bilər. 2007-2008-ci illərin dünyanı bürüyən dərin maliyyə böhranının Azərbaycandan demək olar ki, yan ötməsini səsləndirən fikrin əyani təsdiqi hesab etmək olar. Beləliklə, gənc Azərbaycan dövləti dünyaya iqtisadi nəzəriyyə və praktikada böyük maraq yaradan yeni inkişaf modelini təqdim etdi. Sözügedən modelin ən uğurlu təqdimatını isə ölkənin sürətli və hərtərəfli inkişafının nümunəsində nəinki Azərbaycan vətəndaşları, habelə beynəlxalq ekspertlər və maliyyə sahəsində idarəetmə nəhəngləri müşahidə edə bilirdilər.

İqtisadi və maliyyə sahəsində uğurlu idarəetmə bütün digər sahələrin inkişafına və tamamilə yenidən qurulmasına stimul verdi və lazım olan imkanları təmin etdi. Cəmi bir neçə il lazım oldu ki, Azərbaycan beynəlxalq icma tərəfindən dünyanın ən uğurlu gənc dövləti, çiçəklənən ölkə adlandırılmağa layiq görülsün. Hər birimiz Vətənimizin beynəlxalq nüfuzunun, dövlətimizin siyasi hörmətinin və beynəlxalq iştirakçılığının sürətlə atrmasını böyük məmnunluqla  və qürur hissi ilə izləyirdik.

Qısa tarixi zaman kəsiyində Azərbaycanın simasının bütünlüklə dəyişməsi həyata keçirilən uğurlu iqtisadi siyasətin və maliyyə idarəetməsinin diqqəti çəkən nəticəsi kimi ayrıca qeyd edilməlidir. Azərbaycan təkcə iqtisadi imkanları ilə deyil, həm də yeni siması, müasirliyi, dünya şəhərsalma praktikasına töhfələri ilə cazibədar olmuşdu. Bu isə öz növbəsində ölkənin qarşısında yeni imkanlar açırdı. Təsadüfi deyildir ki, gənc Azərbaycan dövləti qlobal əhəmiyyət kəsb edən bir sıra təşəbbüs və layihələrin mərkəzinə çevrildi. Regionun iqtisadi landşaftını köklü surətdə yeniləşdirən neft-qaz ixrac layihələri, beynəlxalq kommunikasiya layihələri və s. ölkəmizin qlobal iqtisadi təşəbbüslərinin kiçik bir hissəsidir.

Beləliklə, SSRİ-nin süqutundan sonra müstəqiliyini bərpa edən, ötən əsrin 90-cı illərinin əvvəllərinin ağır hərbi məğlubiyyətini, iqtisadi və siyasi böhranlarını yaşamağa məhkum edilmiş Azərbaycan XXI əsrin ilk onilliklərində əvvəlki mirasından nəinki tamamilə xilas olmuş, habelə böyük iqtisadi qüdrətə malik ölkə kimi özünü dünyaya həm təqdim etməyə, həm də tanıtmağa nail ola bilmişdi. Heç şübhəsiz, bu böyük möcüzə idi. Dahi Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin təfəkkürünün, qətiyyətinin və uzaqgörənliyinin məhsulu olan möcüzə. Azərbaycanın 2020-ci ilin dünyaya təqdim etdiyi və çoxlarını mat qoyan möhtəşəm hərbi möcüzəsinin sirlərini axtarmağa çalışsaq, yuxarıda qeyd etdiyimiz iqtisadi möcüzənin üzərindən sükutla keçmək nə mümkün, nə də ədalətli olardı.

 

Zəfərin siyasi-diplomatik əsasları

 

30 il ərzində donub qalmış və etiraf edək ki, beynəlxalq güclərin inhisarına keçmiş Qarabağ probleminin həlli Azərbaycanin iqtisadi imkanlarından nə qədər asılı idisə, ölkənin siyasi manevrlərindən, diplomatik fəaliyyətindən, dünyanın siyasi nəbzini tuta bilmək qabiliyyətindən, siyasi dostlar və müttəfiqlər qazanmaq bacarığından, siyasi-diplomatik imkanları reallığa çevirmək ustalığından da o dərəcədə asılı idi. Üç onillik kifayət qədər böyük zamandır ki, Qarabağ probleminin düyünə düşməsinin səbəblərini, başlıca faktorların diplomatik ifadələrlə gizlətməyə çalışdığı reallıqları başa düşə biləsən. Deməli, ölkəni arzuladığı qələbəyə çatmaq üçün seçdiyi yolda ona elə mahir lider rəhbərlik etməlidir ki, lazım olanı etməyi, imkanı gerçəyə çevirməyi bacarsın. 30 ilin pas atmış münaqişəsinin cəmi 44 gün ərzində həll edilməsi, heyrətamiz qələbənin qazanılması elə tutarlı sübutdur ki,  Azərbaycana bu şərəfli tarixi missiyanın həyata keçirilməsi dövründə liderlik etmiş İlham Əliyevin yuxarıda sadalanan bütün keyfiyyət və bacarıqlara sahib olduğuna bir daha inanasan.

Siyasətçiyə xas olan ən əsas keyfiyyətlərdən biri xalqı öz ətrafında birləşdirərək onu bəyan edilmiş siyasi proqramın icrası naminə səfərbər etməkdən ibarətdir. Bu, eyni zamanda liderin legitimliyinin və ictimai dəstəyinin miqyasının göstəricisi olmaq baxımından xüsusi əhəmiyyətə malikdir. Etiraf etmək yerinə düşər ki, prezidentliyinin elə ilk günlərindən İlham Əliyev cəmiyyəti  öz ətrafında birləşdirərək elan etdiyi quruculuq və müasirləşmə proqramının icrası üçün səfərbər etməyə nail ola bildi.

İlham Əliyevin siyasətçi məharətinin mühüm göstəricilərindən biri onun uzaqgörənliyi, hədəflərin dəqiq müəyyənləşdirilməsi, uzunmüddətli dövrü əhatə edən planların işlənib hazırlanması istedadı sayıla bilər. Nümunə qismində aşağıdakıları sadalamaq mümkündür: Azərbaycanın qarşısında duran vəzifələrin həllini təmin etmək üçün dövlətin güc və qüdrətinin səbirlə və məqsədyönlü şəkildə artırılması strategiyası, ölkənin beynəlxalq imicinin yüksəldilməsi yolu ilə milli maraqlarımızın reallaşdırılmasında əhəmiyyətli beynəlxalq dəstəyin əldə edilməsi proqramı,  ordunun döyüş qabiliyyətinin ciddi şəkildə yüksəldilməsi vasitəsilə Qarabağın işğaldan azad edilməsi konsepsiyası və s. İlham Əliyevin yüksək liderlik məharəti eyni dərəcədə xarici siyasət sahəsində özünü büruzə verir. Onun xarici siyasət doktrinası beynəlxalq iştirakçılığın gücləndirilməsi, Azərbaycana yeni dostlar qazandırılması, diplomatiyada hücumçu taktikaya üstünlük verilməsi, beynəlxalq təşəbbüskarlığın artırılması və ölkənin imicinin yaxşılaşdırılması kimi bir-birini üzvi sürətdə tamamlayan 5 tərkib hissədən ibarət proqram kimi təqdim edilə bilər. Diplomatiya liderin siyasi məharətini aşkara çıxaran və ölkəyə böyük dividendlər gətirən ən incə fəaliyyət formasıdır. Qlobal meyillərin güclənməsi, ölkələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı əlaqələrinin genişlənməsi xarici siyasəti liderin özünüifadəsinin və siyasi uğurunun ən vacib amili dərəcəsinə yüksəltmişdir. Digər tərəfdən, müasir qloballaşma və informasiya texnologiyaları dövründə milli liderlər mütəmadi şəkildə beynəlxalq icmanın diqqət mərkəzində olur. Necə deyərlər, liderlər milli hüdudlardan çıxır, beynəlxalq birliyə daha intensiv şəkildə təqdim olunur və bu səbəbdən onun həm siyasi baxışları, həm davranışı daha geniş auditoriyanın müzakirə predmetinə çevrilir. Beləliklə, milli lider ölkənin beynəlxalq imicindən tutmuş onun dünya birliyində mövqeyinə qədər çeşidli parametrlərin formalaşmasında əhəmiyyətli, bəzən isə həlledici rol oynayır. Liderə təmsil etdiyi ölkəyə görə hörmət və ehtiram bəslənildiyi kimi, ölkəyə onu təmsil edən liderə görə qiymət verilməsi praktikasının geniş yayıldığı da sirr deyildir.

Sadalanan ümumi konseptual müddəalar Prezident İlham Əliyevin xarici siyasət sahəsində liderlik məharətini və onun əməli nəticələrini dəyərləndirmək baxımından mühüm açar rolunu oynayır. Əvvəla, İlham Əliyevin xarici siyasət doktrinasının yuxarıda sadalanan prinsiplərinin Azərbaycana müstəsna dividendlər gətirdiyi hər kəsə yaxşı məlumdur. Azərbaycanın 2012-ci ildə dünyanın ən mötəbər beynəlxalq təşkilatının - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2019-cu ildə isə ikinci ən çoxsaylı beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına rəhbərlik etməsi gənc dövlətin beynəlxalq iştirakçılıq sahəsində yüksək fəallığının təkzibedilməz sübutudur. Eləcə də ölkəmizə iqtisadi faydalar vəd edən karbohidrogen və kommunikasiya layihələrinin işlənməsi Azərbaycanın iqtisadi diplomatiyasının, möhtəşəm beynəlxalq forumların keçirilməsi humanitar diplomatiyasının, mədəniyyət sahəsində təşkil olunan tədbirlər mədəni diplomatiyasının, idman yarışları idman diplomatiyasının gözəl nümunələridir. Sadalananların hər biri ayrı-ayrı sahələrdə Azərbaycanın böyük uğurları olub, onun beynəlxalq nüfuz və hörmətinin artmasına birbaşa təsir etməklə ölkəmizin qlobal rolunun yüksəlməsinin əyani göstəriciləridir. Başqa sözlə ifadə etsək, yuxarıda qeyd olunanlar beynəlxalq həyatın ayrı-ayrı sahələrində ən mötəbər tədbirlər olmaqla əslində Azərbaycanın dünyaya yeni keyfiyyətdə təqdimatı nümunələri sayılmalıdır. Bu mənada beynəlxalq birlik İlham Əliyevi gənc, lakin kifayət qədər müasirləşmiş, beynəlxalq birliyin qabaqcıl dəyərlərini qəbul etmiş ölkənin lideri kimi tanımaq və qəbul etmək imkanı qazanmış oldu. İkincisi, İlham Əliyevin mütəmadi olaraq ən mötəbər beynəlxalq tədbirlərdə iştirakı, ən aktual diskussiyalara qoşulması, müasir təfəkkür və dəyərlərə sahib olması onun yeni tipli milli lider imicini formalaşdırmağa əsas yaratdı. Bu isə öz növbəsində Azərbaycan dövlətinin beynəlxalq imicinin yüksəlməsində ifadə olunur. Tam məsuliyyət hissi ilə qeyd edilə bilər və qeyd edilməlidir ki, İlham Əliyevin müasir tipli milli lider kimi prezidentliyi Azərbaycanın beynəlxalq aləmdə ən uğurlu təqdimatıdır.

Azərbaycan cəmiyyəti İlham Əliyevin liderliyini sabitliyin, təhlükəsizliyin, ictimai rifahın və dövlətin qüdrətinin ifadəsi və etibarlı təminatı hesab edir. Dövlət başçısı bu gün eyni zamanda milli birliyin və həmrəyliyin təcəssümü missiyasını yerinə yetirir. Bütövlükdə cəmiyyətimiz, ayrı-ayrılıqda isə hər bir vətəndaş həm ölkəmizin, həm də özünün gələcəyi ilə bağlı baxışları və ümidlərini Prezident İlham Əliyevdən, onun düşünülmüş siyasətindən ayrılıqda təsəvvür etmir.

 

Zəfərin möhtəşəm sərkərdə amili

 

Bütün dövrlərdə və bütün sahələrdə ictimai uğurun ən əsas şərti həmişə lider amili ilə əlaqədar olmuşdur. Tarixi təcrübənin dəfələrlə sübuta yetirdiyi həqiqət hərb sahəsində özünü daha aydın şəkildə büruzə verir. 44 günlük Vətən müharibəsi Azərbaycanın möhtəşəm zəfərində İlham Əliyevin şəxsində sərkərdə amilinin nə dərəcədə müstəsna rol oynadığının əyani təsdiqi hesab edilə bilər. Lakin İlham Əliyevin Qarabağın işğaldan azad edilməsində tarixi rolu yalnız 44 gün ərzində Ali Baş Komandan kimi misilsiz xidmətlər göstərməsi ilə bitmir. Müasir dövrün mahiyyətcə tam fərqli döyüşləri sayılan Vətən müharibəsində sərkərdə missiyasına başlamazdan əvvəl Prezident İlham Əliyevin ədalətin bərpası naminə böyük zəhmətlər hesabına başa gələn xüsusi hazırlıq işləri aparması heç zaman unudula bilməz və unudulmamalıdır. Şanlı qələbəni onlarsız təsəvvür etmək mümkün deyil.

2020-ci il noyabr ayının 10-dək müstəqil Azərbaycan dövlətinin qarşısında duran vəzifələr içərisində ən mühümləri erməni təcavüzü nəticəsində işğal edilmiş torpaqların azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası olmuşdur. Son 30 il ərzində dövlətin həyata keçirdiyi vəzifələr konkret şəraitə uyğun olaraq bu və ya digər dərəcədə dəyişikliklərə məruz qalsa da, ərazi bütövlüyünün bərpası həmişə aktuallığını qoruyub saxlamış, milli maraqların təminatının başlıca istiqaməti kimi çıxış etmişdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması zaman baxımından kifayət qədər çox vaxt apardığı kimi, həm də çoxşaxəli yanaşma, böyük səylər, gündəlik fəaliyyət tələb edirdi. Azərbaycan problemin həllinə nail olmaq üçün siyasi-diplomatik səylər göstərmək, beynəlxalq vasitəçilərin missiyasına hörmətlə yanaşmaqla bərabər, münaqişəsinin nizama salınması, ədalətin bərpa olunmasında hərbi-siyasi vasitələrdən istifadə olunması ehtimalını heç zaman nəzərdən qaçırmırdı. Beynəlxalq vasitəçilərin “Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur” tezisinə qarşı Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən “münaqişənin həllinin hərbi-siyasi yolu var” tezisini irəli sürməsi yuxarıda qeyd edilən fikrin ən bariz ifadəsi sayıla bilər. Uzun illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərinin öz missiyasına kifayət qədər məsuliyyətlə yanaşmaması və problemin həllinin diplomatik yolunu tapa bilməməsi hərbi-siyasi yolun qaçılmazlığına inamı artırırdı. Bununla əlaqədar olaraq Azərbaycanın Silahlı Qüvvələrinin gücləndirilməsi, ən müasir silahlarla təchiz edilməsi, əsgər və zabitlərin döyüş qabiliyyətinin və vətənpərvərlik ruhunun yüksəldilməsi aktuallığını nəinki saxlayır, həm də daha böyük məna kəsb edirdi. Azərbaycanın artmaqda olan iqtisadiyyatı ordu quruculuğunun qarşısında yeni imkanlar açırdı.  Bir neçə il ərzində Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsini üstələməsi hər şeydən əvvəl bu iki dövlətin imkan və resurslarının ciddi şəkildə fərqləndiyini göstərirdi. Lakin haqqında söhbət açdığımız mənzərəni yalnız imkanlar arasında fərqin nəticəsi kimi qiymətləndirmək düzgün olmazdı. Bu, daha çox seçilmiş yolun və strategiyanın məntiqi yekunu baxımından nəzərdən keçirilməlidir. Hələ prezidentliyinin ilk illərində İlham Əliyevin “Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən böyük olacaq” formasında tezisini səsləndirməsi yeni hərbi strategiyanın əsas səciyyəsini ifadə edirdi.

Əsrlər boyu öz ölkəsinin milli maraqlarını müdafiə etmək kimi məqsədi qarşısına qoyan sərkərdələrin atdığı ilk addım ordunu gücləndirməkdən ibarət olub. Bu xüsusda Prezident İlham Əliyevin ordu quruculuğuna həssas yanaşması tarixdən məlum olan nəhəng sərkərdələrə xas olan strateq düşüncəsinin yeni və uğurlu nümunəsi sayıla bilər və sayılmalıdır. Sərkərdənin gücü onun yenilməz ordusundadır. Ancaq dünya hərb tarixində elə bir hal olmamışdır ki, ordu sərkərdəsiz, onun strateq düşüncəsindən, müdrikliyindən və qətiyyətindən kənarda yaradılsın. Yenilməz ordu sərkərdə müdrikliyinin və qətiyyətinin ifadəsi olduğu qədər də onun nəticəsidir. 44 gün davam edən Vətən müharibəsində qazanılan möhtəşəm zəfər İlham Əliyevin rəhbərliyi altında dünyanın ən müasir və ən yüksək döyüş qabiliyyətinə malik Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi. Vətən müharibəsində əldə edilən tarixi zəfər müzəffər ordunun sərkərdəsi kimi Ali Baş Komandan İlham Əliyevin həm müdrikliyinin, həm qətiyyətinin birbaşa nəticəsi kimi yaddaşlara həkk olunub. Onun hərbi əməliyyatların planlaşdırılması və idarə edilməsindən tutmuş böyük sərkərdə qətiyyəti ilə döyüşçüləri, həm də nəinki döyüşçüləri, bütün xalqı qələbəyə səsləyən çağırışları müharibənin taleyini həll edən əsas amillərdəndir. İnanıram ki, İlham Əliyevin strateji düşüncəsi, sərkərdə müdrikliyi və qətiyyəti dünya hərb tarixinə yeni parlaq səhifə kimi daxil olmuşdur.

Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Ağdamdan xalqa müraciətində “Mən bu gün burada, Ağdamda dayanmışam. Öz ordumla, qalib kimi” sözləri müzəffər sərkərdənin qələbəsini təsdiq etməsinin tarixdən məlum olan klassik nümunəsi idi. Bəli, İlham Əliyev öz qüdrətli ordusunu yaratdı, qələbə çaldı və işğaldan azad edilmiş ərazilərimizə səfər edərək möhtəşəm zəfərini bütün dünyaya bəyan etdi. Bütün dahi sərkərdələr kimi. Zəfər çaldı və yeni tarixi yaratdı.

 

Zəfər və onun tariximizdə yeri

 

Artıq bir ilə yaxındır ki, yeni tarixi reallıqlar içərisində yaşayırıq. Dəyişən təkcə Azərbaycanın və xalqımızın taleyində baş verənlərlə bitmir. 30 illik münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın azad edilməsi daha geniş coğrafiyanın reallıqlarının dəyişməsi ilə müşahidə olunmuşdur və olunmaqdadır. Müzəffər Ordumuzun şanlı qələbəsi sayəsində Yer üzərində uzun sürən münaqişələrdən biri öz həllini tapdı. Yenə də bu qələbənin nəticəsi olaraq dünyada qaçqın və məcburi köçkünlərin sayı 1 milyon nəfər azaldı. Digər ölkələrdə təcavüzə, etnik təmizlənməyə məruz qalanların gözlərində ümid parıltısı görünməyə başladı. Azərbaycan haqqa, ədalətə çatmağın yolunu göstərdi. 

Müharibələr bəzi ölkələr üçün təcavüz məqsədi güdən təhlükəli seçim, digərlərinə görə isə dövlətin və xalqın milli maraqlarının qorunması naminə məcburi addımdır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş ərazilərinin azad edilməsi kimi zəruri və ədalətli məqsədə xidmət göstərmişdir.

Müharibə cəmiyyətin və dövlətin həyatında ən əhəmiyyətli hadisə olduğundan ölkənin bütün imkanları səfərbər edilir, xüsusi davranış normalarının seçilməsi qaçılmaz olur. Müharibənin uğurla başa çatmasını şərtləndirən əsas amillər dövlətin müharibəyə necə hazırlaşmasından, malik olduğu resurslardan, ordunun döyüş qabiliyyətindən və mənəvi ruhundan asılıdır. Lakin etiraf edilməlidir ki, istənilən hərbi fəaliyyətin başlıca uğuru hərbi strategiya anlayışı ilə əlaqədardır. Bu isə sərkərdə məharəti deməkdir. Bütün dövrlərdə hər bir müharibənin başlıca qəhrəmanı sərkərdələr olub. Ordumuzun sərkərdəsi, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 44 gün davam edən Vətən müharibəsinin əsas və həlledici qəhrəmanı olması təkcə Azərbaycan vətəndaşlarınının deyil, bütün beynəlxalq icmanın yekdil qənaətidir. Məhz onun düzgün strategiyasının sayəsində təxminən 30 il əvvəl Azərbaycanın ərazilərinin 20 faizini işğal etmiş Ermənistan ordusu darmadağın edildi, işğala son qoyuldu, tarixi qələbə əldə edildi. Birmənalı şəkildə qeyd olunmalıdır ki, Vətən müharibəsində əldə edilən hərbi uğur İlham Əliyevin qələbəsi, onun sərkərdə düşüncəsinin və strategiyasının təntənəsidir.

8 Noyabr - Zəfər Günü Azərbaycanın çoxyüzillik tarixinin şanlı səhifələrindən birini təşkil edir. Vətən müharibəsi və onun qələbə ilə başa çatması müasir Azərbaycan dövlətinin həyatının ən parlaq anları kimi, tariximizin bundan sonrakı dönəmlərində daim xüsusi qürur və iftixar hissi ilə xatırlanacaq. Çünki bu, millətin ümid, inam, qürur anları idi. Bu, ölkəmizin yeni tarixinin başlanğıcı, yeni inkişaf üfüqlərinin açılması məqamıdır.

Mən Vətən müharibəsini və Azərbaycanın şanlı zəfərini əslində xeyrin şər üzərində qələbəsi kimi qiymətləndirmək istərdim. Nəzərə alsaq ki, şər qüvvələri təkcə işğalçı Ermənistan deyil, həm də onun havadarları təmsil edirdilər, onda Azərbaycanın qələbəsinin tarixi əhəmiyyəti və mənası daha aydın təsəvvür edilə bilər. Prezident İlham Əliyevin xalqa müraciətlərində, ayrı-ayrı ölkələrin nüfuzlu media orqanlarına müsahibələrində xeyrin şərə qarşı mübarizəsi və onun qələbə ilə nəticələnməsi özünün geniş ifadəsini tapmışdır. Vətən müharibəsində şər üzərində qələbə Azərbaycan xalqının ədalətli mübarizəsinin beynəlxalq əhəmiyyətindən xəbər verir. Xeyirlə şərin mübarizəsi qədim əsatirlərin mövzusu olsa da, etiraf etmək lazım gəlir ki, şər qüvvələr müasir dünyada da mövcuddur və ona qarşı mübarizə qlobal həyatın aktual problemi olaraq qalmaqdadır. Azərbaycan regionumuza və dünyaya təhdid olan şər qüvvələri məğlub etməklə əslində dünya miqyasında sülhə və təhlükəsizliyə özünün əhəmiyyətli töhfəsini vermişdir.

Bir ölkənin Prezidenti, bir xalqın lideri olmaq böyük şərəfdir. Lakin xalqın qəhrəmanı olmaq, ona qalib xalq statusu qazandırmaq daha böyük şərəf, daha böyük bəxtəvərlikdir. İlham Əliyev özünün qeyd etdiyi kimi, xoşbəxt insandır. Xoşbəxtdir ki, həm Prezident, həm siyasi varis, həm də oğul kimi öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdi. Azərbaycanın yeni, şanlı tarixinin müəllifi, xalqımızın bitib tükənmək bilməyən sevinc, qürur və bəxtiyarlığının ilham mənbəyi oldu. Bu elə bir zirvədir ki, ondan yüksəyini təsəvvür etmək mümkün deyil.

Tarix həmişə dəyişir. Onun yeni-yeni səhifələri yazılır. Lakin tarixin parlaq səhifələri heç zaman unudulmur. Əslində tarix dediyimiz şey bəşəriyyətin, ayrı-ayrı xalqların həyatının ən möhtəşəm, ən yaddaqalan və ictimai inkişafın gedişinə dərindən təsir göstərən hadisələrinin xronikasıdır. Vətən müharibəsindəki zəfər də məhz belə hadisələrdəndir. İnanıram ki, Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə və onun müəllifi Prezident İlham Əliyevin adı xalqımızın  tarixinin ən şərəfli səhifəsinə əbədi həkk olunacaqdır.

 

Əli ƏHMƏDOV,

Yeni Azərbaycan Partiyasının sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video