08 Mart 2021 14:42
614
SİYASƏT
A- A+

BMT-nin mötəbər Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edildi

 

Cari il martın 7-dən 12-dək Yaponiyanın Kioto şəhərində BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 14-cü Konqresi keçirilir.

AZƏRTAC xəbər verir ki, beş ildən bir keçirilən bu mötəbər forumun işinə BMT-nin üzvü olan ölkələrdən dövlət və hökumət başçıları, ədliyyə və daxili işlər nazirləri, baş prokurorlar, digər hökumət üzvləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri bilavasitə və ya onlayn qatılıblar.

Tədbirdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadə, Ədliyyə, Xarici və Daxili İşlər nazirliklərinin, Baş Prokurorluğun məsul şəxsləri daxildirlər.

Qlobal səviyyədə cinayətkarlığa qarşı mübarizə siyasətini müəyyən edən və əsas təşkilatçısı Yaponiyanın Ədliyyə Nazirliyi olan bu tədbirin təntənəli açılış mərasimində Yaponiya şahzadəsi Hisako Takamodo və Baş nazir Yoşihide Suqa, BMT-nin baş katibi Antonio Quterreş, Baş Assambleyanın və İqtisadi və Sosial Şuranın sədrləri, habelə ev sahibliyi edən ölkənin ədliyyə naziri və baş prokuroru çıxış ediblər.

Açılış mərasimindən sonra yüksək səviyyəli plenar sessiyanın iclasları başlayıb. İlk iclasda birinci bilavasitə çıxış edən respublikamızın ədliyyə naziri Azərbaycan və həmçinin, ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv olan 120 dövlət adından nitqlər söyləyib.

BMT-nin saytında canlı yayımlanmış çıxışda ədliyyə naziri ölkəmizdə dövlətimizin başçısının rəhbərliyi ilə cinayətkarlığın qarşısının alınması məqsədilə həyata keçirilən qəti tədbirləri, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə xaricdə təqdir olunan genişmiqyaslı islahatları, o cümlədən elektron məhkəmənin tətbiqini, qeyd edilən sahələrdə Azərbaycanın yüksək beynəlxalq reytinqə malik olmasını, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar atılan mühüm addımları, korrupsiya ilə mübarizə üzrə ciddi işləri vurğulayıb, o cümlədən xaricdə Azərbaycan brendi kimi böyük maraqla qarşılanan “ASAN xidmət”in səmərəli fəaliyyətindən danışıb.

Çıxışda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın 30 illik erməni işğalından azad olunduğu, təcavüzkar düşmənin törətdiyi müharibə cinayətləri, xüsusilə Ermənistan tərəfindən beynəlxalq normalara zidd olaraq xarici ölkələrdən olan terrorçu muzdluların cəlb edilməsi, erməni diasporu tərəfindən aldatma və digər qanunsuz yollarla silah və sursatların alınması və humanitar yardım adı ilə münaqişə zonasına mülki aviaşirkətlər vasitəsilə qanunsuz göndərilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

İşğal dövründə torpaqlarımızın yerlə-yeksan edildiyi, bütün infrastrukturun büsbütün viran olunduğu, o cümlədən tarixi, mədəni və dini abidələrin məhv edilməsi, talanması faktları vurğulanıb, həmin ərazilərin qeyri-qanuni iqtisadi fəaliyyət, narkotrafik və digər cinayət əməlləri üçün istifadə olunması qeyd edilib.

Konqres iştirakçılarının və bütün dünya hüquq ictimaiyyətinin diqqəti Ermənistanın bu cinayət əməllərinə cəlb olunub, sülh üçün təhlükə olan bu əməlləri törədənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı bütün dövlətlərə çağırış edilib.

Çıxışın ingilis və rus dillərində olan mətnləri həmçinin tədbir iştirakçıları arasında paylanıb.

Qoşulmama Hərəkatı adından tədbirdə çıxış edilərək Kioto Konqresinin gündəliyindən irəli gələn məsələlərlə bağlı Hərəkatın mövqeyini əks etdirən bəyanat barədə məlumat verilib. Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinin razılığı ilə qəbul edilərək yayımlanmış bəyanatda Azərbaycan tərəfinin təkliflərinə uyğun olaraq xeyriyyə təşkilatlarından terrorçuluğun maliyyələşdirilməsi məqsədilə istifadə edilməsinin qarşısının alınması, münaqişə dövründə vandalizm aktları, mədəni irsin dağıdılması və ya talanması ilə bağlı böyük narahatlıq ifadə olunaraq bu halların aradan qaldırılmasına, qanunsuz çıxarılmış mədəni mülkiyyətin qanuni sahibinə geri qaytarılması ilə bağlı çağırışlar təsbit olunub.

Konqres iştirakçılarının diqqətini cəlb edən bu əsaslı ittihamlardan yayınmaq istəyən Ermənistan tərəfi ölkəmiz və Türkiyə ilə bağlı uydurma fikirlər söyləyib, lakin Azərbaycan nümayəndə heyətinin tutarlı dəlilləri ilə onların yalanları tam ifşa olunub.

İclasda qlobal cinayətkarlıqla mübarizə üzrə səylərin gücləndirilməsinə yönəlmiş Kioto Bəyannaməsi qəbul olunub. Bu 5 illik proqram xarakterli mühüm sənəddə Azərbaycanın təkliflərinə əsasən milli maraqlarımıza cavab verən müddəalar tam əksini tapıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video