11 Yanvar 2012 12:01
331
CƏMİYYƏT
A- A+

Bizim bütün qələbələr ağıllı, düşünülmüş siyasətin nəticəsidir

 

Akademik Ramiz Mehdiyevin son müsahibə və çıxışları barədə publisistin düşüncələri

 

"Bakinski raboçi" qəzetinin 10 yanvar tarixli nömrəsində Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundovanın "Bizim bütün qələbələr ağıllı, düşünülmüş siyasətin nəticəsidir. Akademik Ramiz Mehdiyevin son müsahibə və çıxışları barədə publisistik düşüncələr" sərlövhəli məqaləsi dərc edilmişdir. AzərTAc həmin məqaləni təqdim edir.

Son onillikdə Azərbaycanın siyasi elitası üçün ideoloji strategiya və humanitar-ictimai oriyentirlər xeyli dərəcədə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin kitablarının, məqalə, çıxış və müsahibələrinin təsiri altında formalaşır.

Akademik R.Mehdiyev əsl nəzəriyyəçi alim və eyni zamanda, müstəqil respublikanın dövlət quruculuğu prosesində bilavasitə iştirak edən bir insan kimi zəmanəmizin çoxsaylı çağırış və tələblərinə çox həssas şəkildə münasibət bildirir, cəmiyyətin qarşısında duran əsas məqsəd və vəzifələri dürüst ifadə edir və ən vacibi, həmin məsələlərin həlli və çağırışların aradan qaldırılması yollarını göstərir. Bu baxımdan onun demokratiya və tranzitar cəmiyyətlər haqqında fundamental əsərlərini, humanitar və ictimai elmlər, elektron KİV-lər, televiziya sahəsində yığılıb qalmış problemlər və nöqsanlar haqqında məqalələrini, Azərbaycan milli ideyasının mahiyyəti və XXI yüzillikdə onun məzmununun dəyişməsi haqqında dərin analitik məqaləsini, bir sıra başqa əsərlərini xatırlamaq kifayətdir. Bu əsərlərdə ölkənin və bütün cəmiyyətin keçdiyi yol təhlil edilir - bizim hərəkət istiqamətimizin düzgün olub-olmaması, qloballaşma, vesternləşmə və başqa amillərin təsiri nəticəsində  sabitliyi pozan "çala-çuxurlara" düşməmək üçün məhz nəyi təshih etmək lazım olması göstərilir.

Hörmətli akademikin hər bir çıxışı təkcə elmi və ya politoloji dairələrdə deyil, həm də ictimaiyyət arasında geniş əks-səda doğurmuşdur və doğurmaqdadır. Onun əsərlərini öyrənirlər, onların barəsində diskussiyalar aparılır, "dəyirmi masa"lar keçirilir, onun söylədiyi ideyalar yaradıcı şəkildə inkişaf etdirilir və dərinləşdirilir.

Ramiz Mehdiyevin bir sıra əsərləri bu və ya digər humanitar-ictimai sahədə fəaliyyətin tənqidi baxımdan yenidən dərk edilməsi proseslərinə təkan vermiş, istər akademik institutlarda, istərsə də milli televiziya kanallarında müsbət dəyişikliklərə və yeniləşməyə şərait yaratmışdır.

Keçən ilin dekabr ayında Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin bir neçə kütləvi çıxışı mənim diqqətimi cəlb etdi. Bu çıxışlar arasında ilk növbədə, akademik R.Mehdiyevin "Bakinski raboçi" qəzetinə verdiyi "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur" sərlövhəli məxsusi müsahibəni qeyd etməliyəm.

Əlbəttə, həmişə olduğu kimi, bu müsahibə də sərlövhədə göstərilən mövzudan daha geniş əhatəlidir, çünki Ramiz Mehdiyev həmin müsahibədə Ermənistan-Azərbaycan münaqişəsi məsələlərinə, müasir dövrün aktual problemlərinə, ölkəmizin indiki liderinin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin inkişaf perspektivlərinə də toxunur.

Bu müsahibə daxili "istehlak"dan daha çox, xarici aləm üçün nəzərdə tutulduğuna görə, informasiya, tarixi xatırlatmalar, paralellər ilə zəngindir. Təsadüfi deyildir ki, postsovet məkanının ən iri informasiya agentlikləri bu müsahibəni öz saytlarında yerləşdirmişdir.

Ramiz Mehdiyev öz tədqiqatları üçün həmişə ən aktual, mübaliğəsiz deyə bilərəm ki, düşünən insanları narahat edən mövzular seçir: qloballaşma çağırışları, tarixi irs və müstəqillik fəlsəfəsi, dövlət və vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın inkişafının müasir mərhələsinin xüsusiyyətləri, modernləşmə və s. Dünya politologiya və ictimaiyyətşünaslığında sanballı söz sahibi olan müəllif bu dəfə Azərbaycan dövlətinin və millətinin mövcudluğunun mahiyyətini  təşkil edən bir mövzuya - Azərbaycan xalqının milli ideyası mövzusuna müraciət etmişdir. Akademik R.Mehdiyev bundan bir qədər əvvəl özünün "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" adlı konseptual məqaləsini oxucu auditoriyasına təqdim etməklə bu mövzuya müraciət etmişdir. Onun interpretasiyasında milli ideya və Azərbaycan millətinin taleyində bu ideyanın əksi bizim fəlsəfə və politologiya elmində bəlkə də ilk dəfə praktiki dövlət xadiminin şəxsi təcrübəsinin məhsulu olan inandırıcı faktlarla təsdiqlənən dolğun nəzəriyyə kimi təqdim edilmişdir. Bizim təhlil etdiyimiz müsahibədə bu mövzu çoxplanlı, çox rəngarəng auditoriya tərəfindən anlaşıla bilməsi üçün daha sadə və populyar şəkildə təqdim edilmişdir. Müəllif milli ideyanın hər bir dövrünün təşəkkül və təkamül yolları barədə söhbət açır, öz fəaliyyəti ilə milli mənlik şüurunun oyanmasına, nəticə etibarilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmış milli hərəkatın təşəkkülünə şərait yaratmış Azərbaycan ziyalılarının onlarca görkəmli nümayəndələrinin adlarını çəkir.

Müsahibə müəllifinin fikrincə, kommunist ideologiyasının şəriksiz hökm sürdüyü sovet dövründə milli ideyaya yer yox idi. Buna baxmayaraq, Heydər Əliyevin respublikaya bacarıqla rəhbərlik etməsi sayəsində Azərbaycan elitasının mənlik şüurunda "milli maraqlar" anlayışı dərindən kök saldı. Müəllifin bir fikri maraq doğurur ki, məhz "ittifaq dövləti çərçivəsində milli maraqların real siyasətdə ardıcıl gerçəkləşməsi keçən əsrin 80-ci illərinin sonunda ölkədə milli hərəkatın genişlənməsi üçün zəmin hazırlamış, 1991-ci ildə dövlət müstəqilliyinin qazanılması üçün baza yaratmışdır".

Müəllif ikinci müstəqil respublikanın ilk illərini (1991-1993) təhlil edərkən haqlı olaraq vurğulayır ki, həmin dövrdə milli ideyanın yeganə forması kimi "bazis türk komponenti" təklif edilmiş, bu isə cəmiyyəti parçalanmaya, millətçi və separatçı meyillərin güclənməsinə gətirib çıxarmışdır: "Respublikada yaşayan millətlərin heç də hamısı türk etnikliyinin daşıyıcıları deyildi və buna görə də identifikasiyanın belə formasının qəti seçimi cəmiyyətin bütövlüyünə mənfi təsir göstərirdi. Azərbaycanlıların etnik və dil identifikasiyası mövzusunda debatlarda türkçülüyə üstünlük verilməsi cəmiyyətin sabitliyini laxladır, onu etnik əlamət üzrə parçalanmaya sövq edirdi".

1993-cü ilin yayından etibarən milli ideyanın formalaşması tarixinin yeddinci dövrü başlanır. Bu dövr 2003-cü ildə həmin ideyanın təcəssümü ilə başa çatır. Heydər Əliyevin təsəvvüründə milli ideya Azərbaycanda yaşayan və onu özlərinin ümumi Vətəni hesab edən bütün etnik qrupların ideyası kimi çıxış etmişdir. Beləliklə, müəllif yazır ki, bu dövrdən etibarən milli identifikasiyanın yeni forması daha geniş və yenilənmiş formatda "azərbaycançılıq" ideologiyası ilə eyniləşdirilir.

Akademik R.Mehdiyevin bir fikri çox qiymətli və aktualdır: "Azərbaycan millətinin tərkibinə daxil olan bütün etnosların vahid, dolğun sosial-siyasi orqanizm kimi formalaşması təcrübəsinin öyrənilməsi bizim humanitar elmin qarşısında duran ən mühüm vəzifədir". Vaxtilə sovet alimləri, o cümlədən Azərbaycan alimləri yeni tarixi birlik - sovet adamı fenomeninin tədqiqinə xeyli vaxt sərf etmişlər. Sonradan məlum oldu ki, bu anlayış, kommunist ideologiyasındakı çox şeylər kimi, sxolastik və reallıqdan uzaq imiş. Bu gün keçmiş postulat və stereotiplərin əksəriyyətini yenidən dərk etmək vaxtı çatmışdır. Sevindirici haldır ki, bu prosesin önündə məhz tutduğu mövqeyə görə Azərbaycanın siyasi və intellektual elitasının düşüncə və baxışlarına ciddi təsir göstərə bilən yüksək ranqlı dövlət xadimi dayanır, beləliklə, ikinci müstəqil respublikanın prinsipcə yeni ideoloji məkanını formalaşdırır.

* * *

Akademik R.Mehdiyev məxsusi müsahibəsində azərbaycanlıların etnogenezi məsələsinə toxunaraq qeyd edir ki, Azərbaycan milləti Azərbaycan ərazisində yaşayan bütün etnosların tarixi yolunun vəhdətini əks etdirən qaynar qazan kimi formalaşmışdır. Müəllif qeyd edir ki, burada güclü türk təməli ilə yanaşı, İran, ərəb başlanğıcları, alban layı, digər qədim etnoslar mövcud olmuş, onlar hamısı əsrlər boyu təbii şəkildə vahid xalq kimi assimilyasiya olmuş, azərbaycanlıların milli identikliyinə xas cizgilər, komponentlər qazanmışlar.

Etnik müxtəlifliyin xalqın çox böyük sərvəti, müasir Azərbaycan vətəndaşlarının minilliklər boyu bu ərazidə məskunlaşmış bütün dövlətlərin və xalqların varisi olması barədə müəllifin fikirləri son dərəcə müsbət və konsolidəedici fikirlərdir.

Etnik müxtəliflik, multikulturalizm, etnik tolerantlıq və qarşılıqlı zənginləşmə fəlsəfəsi yaxın qonşularımız olan ermənilərin etnik-fəlsəfi baxışları ilə kəskin təzad təşkil edir. Məlum olduğu kimi, bu araşdırmaların təməl daşı erməni etnosunun mənşəyinin çox qədim olması, guya bu etnosun indiyə qədər öz saflığını qoruyub saxlaya bilməsi haqqında iddialardır. Yeri gəlmişkən, Ramiz Mehdiyevin müsahibəsinin xeyli hissəsi bu mövzuya həsr edilmişdir.

Müəllif ilk mənbələrə əsaslanmaqla inandırıcı faktlar gətirərək sübut edir ki, bu xalqın tarixində heç bir unikallıq yoxdur və ermənilərin etnogenezi ümumi qanunauyğunluqlara tabedir. Akademik R.Mehdiyev yazır: "O başqa məsələdir ki, uzun əsrlər boyu erməni-qriqorian kilsəsi tərəfindən ermənilərin tarixinə o qədər süni, uydurma, əfsanəvi, qondarma məqamlar gətirilib ki, hətta mütəxəssislər də nəyin həqiqət, nəyin yalan olmasını çox zaman dəqiq seçə bilmirlər".

Ramiz Mehdiyevin gələcək kitabı pisi yaxşıdan ayırmağa, məsələnin mahiyyətindən baş çıxarmağa kömək edəcəkdir. Bu kitabda ermənilərin etnogenezi məsələlərinə xüsusi yer ayrılacaqdır. Hiddətlənmiş opponentlərimizin necə şivən qaldıracaqlarını qabaqcadan hiss edirəm. Keçmiş səhra komandiri, hazırda isə Ermənistanın prezidenti olan Serj Sarkisyanın təhlükəli sayıqlamalarını ifşa edən Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" adlı məqaləsi Azərbaycan saytlarında yerləşdiriləndə internetdə necə hay-küy qaldırılması da yadımızdadır. Erməni silahlılarının keçmiş rəhbəri Gorusda erməni diasporunun jurnalistləri qarşısında çıxış edərkən tarix elmində "yeni kəşfləri" ilə dünya ictimaiyyətini çaşdırmış və ənənəvi erməni təbliğatı üslubunda bir sıra "sensasiyalı" bəyanatlar vermişdi. Ona görə də akademik Ramiz Mehdiyevin istehzalı publisistika ruhunda yazılmış bu məqaləsi lap yerinə düşmüş, ictimai müzakirələr, "dəyirmi masalar", mətbuatda rəylər silsiləsinə təkan vermiş, nəticədə həm respublikada, həm də onun hüdudlarından kənarda ictimaiyyətin diqqəti yenidən millətçi sosializm davamçılarının zərərli, iki xalqın daha da yadlaşmasına, onların arasında etimadsızlıq və nifrət uçurumunun dərinləşməsinə yönəlmiş ideologiyasına cəlb edilmişdir.

Əminəm ki, akademik R.Mehdiyevin yeni kitabı, etnik-dini ideologiyanın və monoetnikliyin - müəllifin haqlı olaraq qeyd etdiyi kimi, erməni xalqına onun sivil ictimaiyyət tərəfindən təcrid olunmasından  başqa heç nə gətirməyəcək ideologiyanın puç edilməsi yolunda daha bir sanballı arqument olacaqdır.

* * *

Müəllif XXI əsrdə milli ideyanın inkişafı transformasiyası perspektivləri barədə mülahizələrində bir-biri ilə sıx vəhdət təşkil edən milli ideya - cəmiyyətin demokratikləşməsi  - modernləşmə formulunu təklif edir. Prezident İlham Əliyev məhz bu siyasəti uğurla həyata keçirir. Onun nəzərində milli ideya həm siyasi məkanın demokratikləşməsini, fasiləsiz və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhun və bənzərsizliyin qorunub saxlanmasını özündə birləşdirir.

Məhz bu şübhəsiz və mübahisəsiz uğurlar Prezidentin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması haqqında" sərəncam imzalamaqla yeni bir ambisiyalı addım atmasına imkan vermişdir.

Bununla əlaqədar, dekabrın 29-da Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin sədrliyi ilə keçirilən "dəyirmi masa"da akademik Ramiz Mehdiyev geniş konseptual nitqlə çıxış etmiş, konsepsiyanın işlənib hazırlanmasının əsas istiqamətini şərh etmiş və tezislər şəklində göstərmişdir. Mənim fikrimcə, akademik R.Mehdiyevin konsepsiyanın hazırlanması zamanı qabaqcıl dünya təcrübəsini tədqiq etməyin, habelə dövlət və ictimai təşkilatlarla geniş müzakirələr keçirməyin zəruri olması barədə təklifi prinsipial əhəmiyyət kəsb edir. Prezident Administrasiyasının rəhbərinin fikrincə, bu konsepsiya qəbul ediləndən və əhalinin bütün təbəqələri tərəfindən dəstəklənəndən sonra zəmanəmizin ən yeni çağırışları qarşısında Azərbaycan cəmiyyətinin daha sıx birləşməsi üçün zəmin və təməl olmalıdır.

"Dəyirmi masa"dan bir neçə gün əvvəl, daha dəqiq desək, dekabrın 23-də akademik R.Mehdiyev "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevə həsr edilmiş kitabın təqdimatı mərasimində çıxış etmişdir. Onun bu çıxışı son 20 ildə, xüsusən İlham Əliyevin prezidentliyi dövründə respublikamızın keçdiyi yolun hərtərəfli nəzəri-praktiki təhlili kimi qiymətləndirilməlidir. Bu, özlüyündə parlaq bir nitqdir. Lakin bu çıxışın xüsusi dəyəri onda idi ki, onun müəllifi dövlət başçısının sanballı aksiya və təşəbbüslərinin təkcə şahidi deyil, çox cəhətdən onların bilavasitə icraçısı, onları həyata keçirən şəxs idi. Bu çıxış Azərbaycan xalqının gördüyü işlərin, qazandığı zəfərlərin mötəbər salnaməsinin yaradılmasına daha bir sanballı töhfə oldu. Ölkədə və dünyada baş verənlərin obyektiv tarixi mənzərəsinin dərk edilməsi son dərəcə vacibdir, çünki bu, dövlət quruculuğu kimi mürəkkəb prosesdə çox səhvlərdən yaxa qurtarmağa, eləcə də müstəqilliyimizin düşmənləri tərəfində qısqanclıq və paxıllıq nəticəsində uydurulan çoxsaylı mifləri təkzib etməyə imkan verir.

Buna görə də hesab edirəm ki, nəhəng dövlət xadimi, indiki siyasi-iqtisadi fəaliyyət xəttinin təşkilatçılarından və onu reallaşdıranların əsaslarından biri, görkəmli alim və ideoloq, akademik Ramiz Mehdiyevin əsərləri və tədqiqatları ictimai-humanitar profilli ali məktəblərdə və fakültələrdə tədris proqramının tərkib hissəsi, bizim gözəl vətənimizin bu günü və gələcəyi qayğısına qalan hər kəs üçün masaüstü kitab olmalıdır.

Şübhə etmirəm ki, müvafiq Komissiya lap tezliklə Azərbaycanın yaxın 10 il üçün inkişafının layiqli Konsepsiyasını işləyib hazırlayacaqdır. Çünki akademik R.Mehdiyevin səyləri və çalışmaları sayəsində həm Prezident Administrasiyasında, həm Milli Məclisdə, həm də akademik institutlarda intellektual baxımdan kifayət qədər güclü, ən cəsarətli və ən ambisiyalı, yeni təfəkkür və ölkənin inkişafının qabaqlayıcı modelinin yaradılması ilə əlaqədar məsələləri həll etməyə qabil olan "zəka elitası" yaranmışdır.

 

Elmira AXUNDOVA,

Milli Məclisin deputatı, yazıçı-publisist

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video