07 May 2021 00:44
1632
CƏMİYYƏT
A- A+

Bizə qələbə sevinci yaşadan şəhid və qazilərə Naftalanda xüsusi diqqət göstərilir

 

44 günlük Vətən müharibəsində qazandığımız qələbə xalqımızın 30 illik yurd həsrətinə son qoydu. Bu tarixi qələbə isə şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına əldə edildi. Buna görə indi hər bir Azərbaycan vətəndaşı bizə qələbə sevinci yaşadan şəhidlərimizə və qazilərimizə borcludur.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, eləcə də Vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən davamlı olaraq xüsusi diqqət və qayğıkeşlik göstərilir. Onların mövcud problemlərinin həll edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranların sosial ehtiyacları dövlət tərəfindən qarşılanır, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlər, bu yolda sağlamlığını itirmiş qazilər mənzil və avtomobillərlə təmin edilirlər.

Dövlətin bu sahədə həyata keçirdiyi sosial siyasət Naftalanda da icra ounur. Şəhər icra hakimiyyəti tarixi qələbənin qazanılmasında əməyi olan hər kəsi diqqət mərkəzində saxlayaraq onlara xüsusi qayğıkeşlik göstərir. ŞİH-in başçısı Vüqar Novruzov deyir ki, həmin dövrdə icra hakimiyyətinin binası hərbi qərargahı xatırladırdı: “Kollektiv 24 saat iş başında idi. Bütün kabinetlərdə yatacaqlar qoyulmuşdu. Heç kim evə getmək istəmirdi. Cəbhəyə getmək üçün yazılan könüllülərin də sayı-hesabı yox idi. Bütün bunların bir səbəbi də Naftalanın döyüş bölgəsinə yaxın ərazidə yerləşməsi idi. Biz inanırdıq ki, qalib gələcəyik. Belə də oldu. Müzəffər Ordumuz Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı yağı düşməndən azad etdi. İndi xalqımız azad nəfəs alır. Ölkə başçısının işğaldan azad olunmuş bölgələrə tez-tez səfər etməsi və bu ərazilərdə həyata keçiriləcək yenidənqurma işlərinə start verilməsi hər bir naftalanlıda da ruh yüksəkliyi yaradıb”.

Qeyd edək ki, 44 günlük müharibə dövründə Naftalan 3 hərbi, 5 nəfər mülki şəhid verdi. Şəhərdə şəhid ailələrinin, eləcə də qazilərimizin sosial problemlərinin həll edilməsi, həmçinin şəhid adlarının əbədiləşdirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. İlk növbədə bu kateqoriyadan olan insanların məşğulluğunun təmin edilməsi diqqət mərkəzindədir. Məsələn, şəhid Fərid Adıgözəlovun atası İlqar Adıgözəlov və anası Rahilə Adıgözəlova “DOST” mərkəzində işlə təmin edilmişlər. Şəhidin həyat yoldaşı Fidan Adıgözəlova isə ixtisasına uyğun körpələr evi-uşaq bağçasında tərbiyəçi işləyir. Bundan başqa, qazi Qiyas Tağıyevin həyat yoldaşı Lalə Tağıyeva da korpələr evi-uşaq bağçasında işə düzəldilmişdir.

Məlum olduğu kimi, Vətən müharibəsi dövründə ermənilər Azərbaycanın müxtəlif ərazilərində mülki əhalini də mərmi atəşinə tutmuşdu. Atılan həmin mərmilərdən biri Naftalanda Qurbanovlar ailəsinin yaşadığı evə düşərək onu tamamilə dağıtmışdır. Ailənin 5 üzvü isə həlak olmuşdur. İndi həmin evin yerləşdiyi küçə Qurbanovlar adlanır. Söz düşmüşkən, şəhidlər Bəhruz Quliyevin, Fərid Adıgözəlovun və Elyəddin Cəfərovun adlarının da əbədiləşdirilməsi üçün şəhərin 3 küçəsinə onların adları verilmişdir. Hazırda şəhid Bəhruz Quliyevin adına bulaq kompleksi inşa olunur və kompleks yaxın günlərdə istifadəyə veriləcək. Bundan başqa, şəhidin ailəsinin mənzilə olan ehtiyacı nəzərə alınaraq növbəyə götürülmüdür.

Ümumiyyətlə, Naftalanda şəhid ailələrinin və qazilərin müraciətlərinə həssaslıqla yanaşılır. İndiyədək bu kateqoriyadan olan insanlarla 15-dən artıq görüş keçirilmişdir. Həmin görüşlərdə qaldırılan məsələlərin hamısı həll olunmuşdur. O cümlədən şəhid Bəhruz Quliyevin ata evinin yerləşdiyi küçə və şəhid Bəxtiyar Aslanovun anasının yaşadığı ev təmir edilmişdir.

Şəhid Fərid Adıgözəlovun atası İlqar kişi və anası Rahilə xanım deyirlər ki, oğlanları 28 yaşında idi. Bir qız övladı təzəcə olmuşdu. Adını Gülsurə qoymuşdu. Övladını çox sevirdi. Ancaq ondan doymadı. Valideynlər oğlanlarının Vətən uğrunda şəhid olmasından qürur duyduqlarını söylədilər: “Var olsun dövlətimizi, bizi həmişə diqqətdə saxlayır. Fəridin həyat yoldaşı Fidanı isə işlə təmin ediblər”.

Öyrəndik ki, Fərid Adıgözəlov Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölkə başçısının sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunması uğrunda” medalları ilə təltif edilib.

Vətən müharibəsi qazisi İlkin Tağıyevin döyüşlərdə aldığı güllə yarası hələ tam sağalmayıb. O, 2011-ci ildə orta məktəbi bitirəndən bir il sonra həqiqi hərbi xidmətə gedib. Xidməti başa vurduqdan sonra hərbdə qalmaq arzusu ilə rabitəçi ixtisasına yiyələnib. Aprel döyüşlərində də iştirak edən İlkin “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülüb. Vətən müharibəsi başlayan gündən cəbhədə olan qazimiz Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 5-də Suqovuşanda yaralanıb. Ağır yaralandığı üçün bir neçə dəfə əməliyyat olunub. İndi özünü yaxşı hiss edir. Deyir, sağ olsun şəhər rəhbərliyini. Həm müalicəmdə, həm də dərmanların alınmasında problemi olmayıb. Ümumiyyətlə, Naftalanda yaralı qazilərin sağlamlığının bərpa edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Hazırda şəhərdə fəaliyyət göstərən bəzi sağlamlıq mərkəzləri şəhid ailələrinin və qazilərin ixtiyarına verilib.

Onlardan biri də “Möcüzəli Naftalan”sağlamlıq və istirahət mərkəzidir. Mərkəzin direktoru Qoca Əmiraslanovdan aldığımız məlumata görə, hazırda burada müalicə olunanların hamısı şəhid ailələri və qazilərdir. Onlar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin göndərişi ilə gəliblər. Mərkəzdə onlar müxtəlif tibbi xidmətlə yanaşı, naftalan vannaları qəbul edir, fizioterapiya müalicələri alırlar.

Əslən Xankəndidən olan ikinci qrup əlil olan hərbçi İlham Hətəmov mərkəzin işindən razıdır. Şəhid Binnət Həsənovun həyat yoldaşı Kubra Həsənova isə 4 ildir ki, burada müalicə olunur. İndi özünü çox yaxşı hiss edir.

Belə tibb müəssisələrindən biri də Naftalan Reabilitasiya Mərkəzidir. 25 çarpayılıq mərkəzdə 80-dən çox müharibə iştirakçısına yardım götərilib.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video