16 Iyul 2014 01:07
495
Oxucu məktubları
A- A+

Biz musiqi dinləmək istəyirik, özü də keyfiyyətli milli musiqimizi...

 

Zənnimcə, FM radioları daha çox nəqliyyat vasitələrində - şəxsi minik avtomobillərində dinlənilir. Xüsusilə də sübh tezdən insanlar müxtəlif məqsədlərlə evdən çıxıb mənzil başına çatanadək radioya qulaq asmağa meyilli olurlar. Ən pik dövr də səhər saat 08-09 radələrinə təsadüf edir. Mən də bu intervalda şəxsi avtomobilimdə bir neçə nəfərlə birlikdə işə yollanarkən yerli FM radiostansiyaları vasitəsilə musiqi dinləməyə cəhd göstərirəm. Təəssüf ki, heç də həmişə bu istəyimə çata bilmirəm. Çox vaxt  bir kanaldan digərinə keçib bütün stansiyaları "gəzsəm" də, musiqi "tutmaq" cəhdlərim boşa çıxır - efirdə bir və ya bir neçə aparıcının əsasən mənasız, əhəmiyyətsiz mövzularda söhbətlərinə, şit zarafatlaşmalarına, hətta dinləyiciləri ələ salacaq qədər "cəsarətli" atmacalarına  qulaq asmaq məcburiyyətində qalıram. Sərnişinlərim də həmçinin. Elə məqamlar olur ki, çoxsaylı radiostansiyaların heç birində o anda musiqi səslənmir - elə hey hamı danışır. Çarə qalır radionu qapayıb başqa vasitələrlə musiqi dinləməyə. Əlacsızlıqdan belə də edirəm.

Amma könül istərdi ki, radio verilişlərini tərtibləyən, proqramları hazırlayan şəxslər pik vaxtlarda, ələlxüsus da səhər-səhər insanlara xoş əhval-ruhiyyə aşılayacaq, işə, yaradıcılığa, nəcibliyə, xeyirxahlığa  kökləyəcək keyfiyyətli musiqi çələngi təqdim etsinlər. Onu da söyləməliyəm ki, səhər efirində musiqi qıtlığı bir kənara, ümumiyyətlə, gün ərzində Azərbaycan musiqisinə - xalq mahnılarına, bəstəkar əsərlərinə, bir sözlə, doğma nəğmələrimizə, ifaya da həsrət qalırıq. Nədənsə milli musiqimizə radio efirlərində yetərincə yer verilmir.

Bu mənim subyektiv fikrimdir, amma inanmıram ki, səhər evdən çıxıb işə tələsən insanlar yol boyu zövqlü musiqi dinləmək əvəzinə, söz ehtiyatının qıtlığından kəkələyən, dünyagörüşləri, intellektual səviyyələri məhdud bəzi radio aparıcılarını özlərinə həmsöhbət bilsinlər,  anlamsız və toplum üçün faydasız mövzularda onlarla tərəf müqabilliyinə üstünlük versinlər. Arada da musiqi avazı ilə "söhbət" edən istedadsız, amma hikkələri göydəki ulduzlardan da böyük  cırtdan "ulduzcuq"ların bəsit ifalarından  zövq alsınlar...

Zatən, hər kəs bir müddət sonra, getdiyi ünvana yetişdiyi andan müxtəlif mövzulu danışıqların, söhbətlərin, informasiya mübadiləsinin aktiv iştirakçısı olacaq. Belə olan təqdirdə, söylədiyim kimi, insanlar günə evdən çıxan kimi kənar söhbətlərlə "yüklənmədən", əksinə, xoş ovqat yaradacaq musiqi sədaları altında başlamaq, görəcəkləri işlər ətrafında düşünmək, planlaşdırma aparmaq istəyərlər. Keyfiyyətli musiqi tıxac, hərəkət sıxlığı və ya hər hansı səbəbdən yaranmış sürücü stressini, gərginliyini də minimuma endirir...

Xahiş edirəm, yerli FM radiostansiyalarının rəhbərləri günün efir verilişlərinin formatlarını müəyyənləşdirib proqramlarını tərtib edərkən dinləyicilərin istək və zövqlərini də nəzərə alsınlar - bizi daha çox musiqi, özü də milli musiqimizlə sevindirməyə çalışsınlar.

 

Yaşar İBRAHİMOV,

Bakı şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video