04 Iyun 2019 01:40
2471
Mədəniyyət
A- A+

Birlik və həmrəylik bayramı


Bu gün mübarək orucluq ayı başa çatır. Sabah müsəlmanlar Ramazan bayramını qeyd edəcəklər. Hicri-qəməri təqvimlə şəvval ayının 1-də başlayan və adətən iki gün davam edən bayram ramazan ayının qurtarması ilə əlamətdardır. Bu bayram Allah-təalanın mömin bəndələrinə bir ay boyunca tutduqları oruc müqabilində mükafatıdır.

Ramazan bayramında oruc tutmaq haramdır. Müsəlmanlar bayram günü çimib təmizlənir, təzə və ya təmiz paltar geyirlər. Hamı bir-birini bayram münasibətilə təbrik edir, bir-biri üçün Tanrıya dua edir.

Hər bir müsəlman üçün bir ay oruc tutmaq fərz olduğu kimi, Ramazan bayramında fitrə zəkatı vermək də vacibdir. Hədisi-şərifdə deyilir ki, Allah bəndəsindən tələb olunan fitrə verilməyənədək Ramazan ayında tutulmuş oruc Yerlə göy arasında asılı qalır.

Müsəlman fitrə-zəkatını bəxş etdiyi nemətlərə görə uca Yaradana şükür etmək, bayram günü kasıbları sevindirmək, oruc vaxtı buraxdığı səhvlərdən təmizlənmək üçün verir. Fitrəni yalnız imkanlı şəxslər çıxarmalıdırlar. Ailə sahibi ailənin hər bir üzvünün adından fitrə verməlidir.

Vaxtilə fitrə buğda, arpa, xurma, düyü, kişmiş və s. ərzaq məhsullarından adambaşına təxminən 3 kiloqram həcmində ödənilirdi. Zaman keçdikcə kasıblara və ehtiyacı olanlara münasibətdə göstərilən bu xeyirxahlıq başqa formalar da almışdır. İndi fitrəni pul şəklində də verirlər. Əslində, bu, daha münasibdir. Belə ki, fitrəni pul kimi qəbul edən şəxs onu öz ehtiyaclarına uyğun şəkildə xərcləmək imkanı əldə edir. Özü də fitrə yalnız halal maldan verilməlidir.

Fitrə bayram namazı başlayanadək çıxarılmalıdır. Əks təqdirdə, bu, fitrə hesab olunmur, adi sədəqə sayılır. Fitrəni bayramdan bir-iki gün əvvəl də çıxarmaq olar.

Çıxarılan fitrə ilk növbədə ehtiyacı olan qohumlara, qonşulara, tanışlara, eləcə də digər insanlara verilir. Fitrə bir kasıbın azı bir günlük qida ehtiyacını ödəməlidir. İmkanlı müsəlmanlar daha çox fitrə çıxarıb savab qazanırlar. Özü də bir şəxsin fitrəsi bir kasıba da verilə, bir neçə kasıb arasında da bölünə bilər.

Ramazan bayramının fəzilətləri təkcə fitrə çıxarmaqla məhdudlaşmır. Bayram günlərində müsəlman ailələrində şənlik əhvali-ruhiyyəsi hökm sürür. Uşaqlara hədiyyə verilir, qonşular, dostlar bir-birinə qonaq gedir, bayram sovqatı aparırlar. Qohum-əqrəba bir yerə toplaşır, bayramı birlikdə qeyd edir. İncikliklər aradan qalxır, küsülülər barışırlar.

Ramazan bayramı həm də müsəlmanların həmrəyliyini, birliyini, onların arasında qarşılıqlı anlaşmanı möhkəmlədən mühüm hadisədir. Bayramın davam etdiyi günlərdə insanlar bir-birinə qəlbən daha yaxın olur, bayram sevincini bölüşürlər.

Bütün müsəlman dünyasında olduğu kimi, ölkəmizdə də Ramazan bayramı yüksək səviyyədə qeyd edilir. İnsanları şənlik, fərəh duyğuları bürüyür. Bayram münasibətilə iki gün qeyri-iş günü elan edilir. Halbuki sovet dövründə xalqımız belə bir imkandan məhrum idi. Milli müstəqilliyin bərpasından sonra ölkəmizdə dövlət-din münasibətləri nizama salınmış, etiqad azadlığı təmin edilmişdir. Ateist sovet rejiminin möminlərə dözümsüz münasibətini, cəmiyyətə aşıladığı mənəviyyatsızlığı müasir tələblərə cavab verən dövlət siyasəti əvəz etmişdir. Bu siyasətin əsas istiqamətlərindən biri də yeni məscidlərin inşası, mövcud məscidlərin təmir və bərpa olunub möminlərin ixtiyarına verilməsidir. Sovet dövründə ölkədə cəmi 17 məscid fəaliyyət göstərirdi. Milli müstəqilliyin bərpasından bəri isə 2 mindən çox məscid tikilmişdir. Vaxtilə bolşeviklərin dağıtdığı Bibiheybət məscidi yenidən inşa olunmuş və paytaxtın memarlıq inciləri arasında layiqli yerini almışdır. Ölkənin ən qədim məscidi - 734-cü ildə tikilmiş Şamaxı Cümə məscidi tamamilə yenidən qurulmuşdur. Eyni zamanda, Bakıda Cənubi Qafqazın ən möhtəşəm məscidi - Heydər məscidi inşa edilmişdir. Bu istiqamətdə tədbirlər davam edir.

Digər tərəfdən, islam dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi dövlət siyasətinin üstün istiqamətlərindəndir. Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü olaraq müsəlman aləmi ilə qarşılıqlı faydalı əlaqələr yaratmış, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı olmuşdur. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfə vermişdir. Dövlətimizin müsəlman dünyasında qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. İki il əvvəl möhtəşəm idman tədbirinin - IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi isə ölkəmizin islam həmrəyliyinin möhkəmləndirilməsi naminə növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

Prezident İlham Əliyev hər il orucluq ayında Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi iftar mərasiminə qatılır. Həmçinin dövlət başçısı mübarək ayda müsəlman ölkələrinin Bakıdakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edir.

Ramazan bayramı qeyd olunarkən şəriət qaydaları hər bir müsəlman xalqının milli adət-ənənələri ilə çulğalaşır. Bu, ölkəmizdə də belədir. Bayram ərəfəsində müsəlman vətəndaşlarımız qəbiristanlıqları ziyarət edib dünyadan köçmüş əzizlərini anır, torpaqlarımızın müdafiəsinə qalxıb şəhid olmuş vətən övladlarını yad edir, onların ruhuna Quran ayələri oxutdururlar.

Bayramınız mübarək olsun! Allah çıxardığınız fitrənin əvəzini versin!

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video