29 Mart 2019 18:20
2792
Birinci vitse-prezident
A- A+

Birinci vitse-prezident Mehriban Əliyeva diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 29-da Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə akkreditə olunan diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşməkdən şad olduğunu bildirən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ƏLİYEVA dedi:
-Hörmətli xanımlar.
Əziz dostlar.
Əziz xanım səfirlər.
Mən sizi görməyimə çox şadam və hər birinizi səmimi qəlbdən salamlayıram. Bir az gec də olsa, sizinlə birlikdə Novruz bayramını qeyd etmək mənim üçün çox xoşdur.
Novruz Azərbaycanın ən sevimli, ruzili və nurlu bayramıdır. Novruz baharın, dirçəlişin simvoludur. Adətən Azərbaycanda Novruz bayramı ailə üzvləri ilə, dostlarla birlikdə bayram süfrəsi arxasında qeyd olunur. Bizim bugünkü görüşümüz də məhz dostluğun, qarşılıqlı hörmətin təzahürüdür.

Əziz qonaqlar, mən sizi bayram münasibətilə ürəkdən təbrik edirəm, sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik, təmsil etdiyiniz ölkələrə sülh və əmin-amanlıq arzulayıram.

Siz xeyli vaxtdır ki, Bakıda yaşayırsınız. Ümidvaram ki, Azərbaycanda olduğunuz müddətdə ölkəmizi tanımaq və sevmək imkanınız olub. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biri kimi tanınır. Paytaxtımızın simasında Qərb və Şərq, qədimlik və müasirlik vəhdət təşkil edir. Azərbaycan qədim tarixə, mədəniyyətə, ənənələrə malik olan ölkədir. Eyni zamanda, biz müasir, dünyaya açıq, sülhsevər, daim əməkdaşlıq və inkişaf naminə çıxış edən ölkəyik. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Əsrlərboyu Azərbaycan torpağında müxtəlif dinlərin və millətlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu tolerantlıq və multikulturalizm ənənələri bu gün də Azərbaycan dövlətinin siyasətində öz əksini tapır və hər bir azərbaycanlının qəlbində yaşayır. Mən əminəm ki, siz Azərbaycanın ən böyük sərvəti olan insanlarımızın qonaqpərvərliyini, istiqanlılığını, səmimiliyini, insansevərliyini hiss etmisiniz. Ümidvaram ki, siz ölkəmizi tərk etdikdən sonra da Azərbaycan sizin qəlbinizdə xoş anlarla, sevinc dolu xatirələrlə yaşayacaq və yenidən ölkəmizə səfər etməyi unutmayacaqsınız.

Hörmətli xanımlar, 2019-cu il Azərbaycan üçün uğurla başlayıb. Bildiyiniz kimi, ölkəmizdə çox vacib islahatlara start verilib, həm iqtisadi sahədə, həm sosial sahədə. Bu gün atılan bütün addımlar Azərbaycanın gələcək uğurlu inkişafını təmin edəcək.

Çox xoş haldır ki, ölkəmizdə xarici səfirliklərin sayı artmaqdadır. Bu gün Azərbaycanda 65 diplomatik nümayəndəlik, 13 beynəlxalq təşkilat və 4 baş konsulluq fəaliyyət göstərir. Təmsil etdiyiniz ölkələrlə Azərbaycan qarşılıqlı maraq və hörmət əsasında əməkdaşlıq qurub və bu əlaqələr inkişaf etdirilir. Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır.

Hörmətli xanımlar, fürsətdən istifadə edərək mən sizin fəaliyyətinizi xüsusi vurğulamaq istərdim. Ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, Azərbaycanda humanitar, sosial sahələrdə icra olunan layihələrə dəstək verdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Ölkələr və xalqlar arasında səmimi münasibətlərin formalaşmasında humanizm, xeyirxahlıq, insanlıq diplomatiyasını heç bir şey əvəz edə bilməz və mən buna görə sizə bir daha öz dərin minnətdarlığımı bildirirəm.

Hörmətli xanımlar, qoy bu bahar sizin üçün nurlu olsun, sizə xoşbəxtlik gətirsin. Mən sizə hədsiz xoşbəxtlik, cansağlığı, təmsil etdiyiniz ölkələrə və xalqlara əmin-amanlıq, sülh arzulayıram.

Çox sağ olun və bir daha xoş gəlmisiniz.

X X X

Görüşdə Moldovanın Azərbaycandakı səfirinin xanımı Alla Leuka "HOMS Qrupu” kimi tanınan diplomatik missiya rəhbərlərinin həyat yoldaşları adından çıxış etməyin onun üçün şərəf olduğunu deyərək Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşə, "HOMS”un fəaliyyətinə verdiyi dəyərə və Novruz bayramı münasibətilə təbriklərinə görə təşəkkürünü bildirdi. Azərbaycanda çox sayda Novruz tədbirlərində iştirak etdiklərini, Novruzun sərhədləri aşaraq insanları birləşdirdiyini, bizə oxşar cəhətlərimizi və müxtəlifliyimizin zənginliyini xatırladığını, hörmət, sülh və mehriban qonşuluğa əsaslanaraq xalqlar arasında əlaqələri gücləndirdiyini vurğuladı. Qeyd etdi ki, o, Novruz ruhunu Azərbaycanda bütün ilboyu hiss edir.

"Beynəlxalq ictimaiyyətin üzvləri olaraq biz ev sahibi olan ölkənin cəmiyyətinin açıqlığı, dostluğu, qonaqpərvərliyini hər zaman hiss edirik. Azərbaycan xalqı istiqanlı və səxavətlidir. Biz zəngin tarixə və mədəniyyətə, güclü harmoniya, birgəyaşayış və tolerantlıq ruhuna malik olan, dinamik inkişaf edən və gələcəyə inamla baxan bu gözəl ölkədə olmaqdan xoşbəxtik”, - deyən Alla Leuka təmsil etdikləri "HOMS” təşkilatının gördüyü işlərdən danışdı, humanitar sahədə fəaliyyətlərini davam etdirəcəklərini vurğuladı. Bildirdi ki, bu cür görüşlər beynəlxalq ictimaiyyətlə ev sahibi olan ölkənin rəhbərliyi və xalqı arasında əlaqələri gücləndirməyin daha bir yoludur. Alla Leuka Novruz bayramı münasibətilə bir daha təbriklərini çatdırdı, bütün insanlara dostluq və firavan həyat arzuladı.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Qeyd edək ki, bu gün ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Azərbaycan xarici siyasətdə dostluq və qarşılıqlı etimad prinsiplərinə söykənir. Buna görə də ölkəmiz beynəlxalq miqyasda ikitərəfli və çoxtərəfli münasibətlər kontekstində etibarlı strateji tərəfdaşlardan birinə çevrilib. Bunun nəticəsidir ki, Azərbaycanla daha çox ölkə əməkdaşlıq etmək arzusundadır. Həmin faktı Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik missiyalarının sayı bir daha təsdiq edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video