07 Sentyabr 2014 01:09
530
Oxucu məktubları
A- A+

Bir məktəblinin xərcləri

 

Yeni dərs ilinin başlanmasına az qalır. Ona görə də məktəb bazarında bir canlanma yaranıb, alış-verişə gələnlərin sayı artıb. Hər bir valideyn çalışır ki, məktəbə yola saldığı övladının bütün ehtiyaclarını, tələblərini ödəsin. Bəs, bunun üçün ailə büdcəsi ehtiyaclara cavab verirmi? Elə redaksiyamıza daxil olan oxucu məktublarında da belə problemlərə toxunulur, valideynlər müxtəlif təkliflər verirlər.

Bakıdan Yazgül ƏLİYEVA yazır: "Bu il məktəb bazarı daha zəngindir. Axtardığımız hər bir məktəb ləvazimatını asanlıqla tapa bilirik. Amma qiymətlər bəzən adamı çaşdırır. Rəngli qələmlərin qiyməti keçən illə müqayisədə bahalaşıb. Hətta ayrı-ayrı məktəb bazarlarında bu qiymət fərqləri daha çox nəzərə çarpır. Baş çəkdiyimiz məktəb bazarlarında bəzən bu qiymət 3 manatdan 6 manata qədər dəyişir. Adicə su qabı da fərqli qiymətlərlə satılır - keyfiyyətindən  asılı olaraq 2 manatdan 10 manata qədər qiymət fərqi var. Üst-üstə hesablayanda dərslikdən və məktəb geyimindən əlavə xərclər 50-60 manatı ötür. Əgər bir ailədən 2-3 uşaq məktəbə gedirsə, onda bu xərclər xeyli yüksək olur. Daha doğrusu, nə qədər cəhd ediriksə, ailə büdcəmizi tənzimləyə bilmirik. Əlbəttə, belə olanda valideynlər məktəb yaşlı uşaqların sorğuları qarşısında aciz qalır. Bir valideyn kimi belə hallarla barışmasam da, tez-tez rastlaşıram.

Daha bir oxucumuz Ziyarət NOVRUZOVA ciddi problemə toxunur. Yazır ki, ailə büdcəsi zəif olan valideynlərin sosial güzəştlərə böyük ehtiyacı var. Biz ən çətin məqamlarda yenə dövlət yardımından faydalanır, ona arxalanırıq. Bir vaxtlar geniş təqdir olunan ənənə yayılmışdı. Qaçqın və köçkün ailələrinə, o cümlədən digər sosial müdafiəyə ehtiyacı olanlara yarı qiymətə məktəbli geyimləri satılardı. Bəzən Bakı Tikiş Evi öz məhsullarından hədiyyələr verirdi. Nədənsə son illər belə xeyriyyə ənənələri unudulub. Biz istəmirik ki, hər şey dəyərindən ucuz satışın. Sadəcə olaraq ailələrin sosial vəziyyəti, zəruri ehtiyacları nəzərə alınsın. Onda valideynlər gərəksiz problemlərlə üzləşməz, güzəştlərdən gen-bol faydalanarlar.

Oxucu təklifləri bir-birindən fərqlənsə də, mahiyyətcə eyni məqsədə xidmət edir: hər kəs övladını səliqə-sahmanlı geyindirmək, heç olmasa onların minimum ehtiyaclarını ödəmək istəyir. Açığını deyək ki, ailə büdcəsi buna imkan verməyəndə valideyn daha çox sıxıntı keçirir. Övladının arzu və istəklərini yerinə yetirmək üçün yollar arayır. Mütəxəssislər deyirlər ki, bu gün belə mülahizələr ciddi müzakirə mövzusuna çevrilir, ailə daxilində problemlər yaradır. Bütün bunların həlli üçün cəmiyyət münasib yollar axtarır, sınanmış praktikadan istifadəyə meyil edir.

Sumqayıtdan daimi oxucumuz Mahir MUSTAFAYEV yazır: "Bu gün məktəb bazarları digər ticarət mərkəzlərindən o qədər də fərqlənmir. Eyni qiymət çaşqınlığı bu bazarda da hiss olunur. Hətta bəzən qiymətlər fantastik həddə çatır. Sahibkar məktəb bazarında da alverçi psixologiyasını axıra qədər qoruyur, güzəştlərə meyil etmir. Adicə bir misal deyim: bir məktəbli çantasının qiyməti 15-20 manata, bəzən daha yüksək qiymətə təklif olunur. Digər dərs ləvazimatlarını da nəzərə alsaq, bir məktəblinin xərcləri üst-üstə 150 manatı ötür. Belə olanda qiymətlər ailə büdcəsi ilə uzlaşmır, tənasüb pozulur. Elə gileylər də belə başlayır. Ona görə də qiymətlərin  tənzimlənməsində hər şey nəzərə alınmalıdır".

Əslində məktəb bazarı digər ticarət mərkəzlərindən tamamilə fərqlənməlidir. Burada psixoloji, mənəvi dəyərlər də nəzərə alınmalıdır. Axı məktəbyaşlı uşaqlar daha həssas olur, onlar yaxşını pisdən tez ayırırlar. Bu yaşda aldadıldıqlarını hiss edəndə digər vərdişlərə də meyil edirlər. Ona görə də məktəb bazarının elə məktəbə uyğun öz qanunları olmalıdır. Qiymətlər də ölçülü-biçili, hər şeyin aşağı və yuxarı həddi açıq-aydın bilinməlidir. Bilinməlidir ki, bu bazarda heç kəsi qəsdən aldatmağa maraq yoxdur. Axı, məktəbyaşlı uşaqlar daha tələbkar olur. Bu yaşda onların cibinə girmək övladlarımızın əxlaqını zədələmək deməkdir. Belə hallarla mübarizə tək-tək adamların yox, cəmiyyətin işi və vəzifəsi olmalıdır. Bunun üçün hər il konkret təkliflər verilir, uğurlu nəticələrə nail olmaq üçün addımlar atılır. Amma hələ də cəmiyyəti belə mənəvi zədələrdən, ağrılardan, bəlalardan qoruya bilmirik. Gərək məktəbyaşlı övladlarımızın əxlaqı ilə alver etməyək. Bunun bəlaları sağalmaz vərdişlərə imkan və şərait yaradır. Ona görə də məktəb bazarına üz tutanda diqqətli və tələbkar olun, hamılıqla haqqınızı qoruyun!

 

Bəşir ŞƏRİFLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video