06 Mart 2021 02:51
1143
CƏMİYYƏT
A- A+

Bir gecədə yeddi üzvünü itirmiş ailənin müsibəti

 

Respublikamızın əksər bölgələrinə səpələnmiş xocalılılardan bir zamanlar cənnət-məkan sayılan, sonralar qaçqın-köçkün sığınacağına çevrilən Hacıkənd qəsəbəsinə  pənah gətirənlər də az olmamışdı.

Əsasən də kəndlərdən olan xocalılılar 29 ildir ki, orada yurd həsrətli, torpaq itkisinin ağrı-acısını yaşayan digər qarabağlı, göyçəli, laçınlı, kəlbəcərlilərlə qaynayıb-qarışmışdı. Sən demə, dərd, ağrı insanları bir-birinə daha da yaxınlaşdırırmış.

Hacıkənd qəsəbəsində məskunlaşmış məcburi köçkünlər üçün Gəncənin yaxınlığında, Hacıməlik kəndi yaxınlığında 600 ailəlik təzə bir qəsəbə də salınmışdı. Artıq beş-altı ildir ki, “hacıkəndlilər” burada özləri üçün yeni şərait qurmuşdular. Lakin hər bir laçınlı, kəlbəcərli, xocalılının istəyi doğma yurduna qayıtmaq idi. Şükürlər olsun ki, onlar bu günü də gördülər. Ötən il 44 günlük Vətən müharibəsi bütünlüklə məcburi köçkünlərin doğma yerlərə qayıtmalarına imkan yaradır.

“Xocalı rayonunun Kosalar kəndində dünyaya göz açıb, ömrünün xeyli illərini orada yaşamış, Qələbə gününü səbirsizliklə gözləmiş, yurdunun müdafiəsində düşmənlə üz-üzə dayanmış el ağsaqqallarından biri də vaxtilə kənd sovetliyinin mühasibi işləmiş Kamran Məmmədov idi. Bu gün aramızda olmasa da, onun dilindən eşitdiyimiz son xatirələrində erməni vandallarının barbarlığını təsdiqləyən xeyli faktlar var”.

Bu fikirləri söyləyən Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədov atasının söylədikərini sanki əzbərləyib şagird kimi. Deyir ki, atam son nəfəsinədək Qarabağ intizarı ilə yaşadı. Qələbəmizə inanırdı. Heç vaxt ruhdan düşmədi. Çünki bilirdi ki, ermənilərin niyyətləri həmişə “çanağı öz başlarında çatdadıb”.

 

25 nəfər repressiya qurbanı

 

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin o müdhiş gecə son kəlmələrini eşidən və harayı heç yana yetməyən müdrik el ağsaqqalı Qarabağın bir parçası olan Xocalının sanki canlı ensiklopediyasıdır. Kamran Məmmədov Kosaların tarixini, erməni vandalizminin Xocalıda törətdiyi müsibətləri öz dəstxəti ilə qələmə alıb: “Kosalar 700 illik tarixə malik qədim türk kəndidir. O, ilk sakinlərindən birinin - Hacı Avazın adını (ona kosa Avaz da deyirmişlər) daşıyır. Kosaların adlı-sanlı kişiləri bolşevizmə və erməni daşnaklarının çirkin niyyətlərinə qarşı olublar. İgidliklərindən nağıl-dastanlar danışılan Qaçaq Mahmudun, Kosalar, Ballıca, Xan bağı, Xanəzək və digər kəndlərdə böyük mülkləri olmuş Məhəmməd ağanın doğulduğu kənd kimi tanınıb. Ötən əsrin otuzuncu illərinin repressiyası bu kənddən də yan keçməyib. 25 nəfər repressiyanın qurbanı olub - güllələnlərdən savayı neçələri də Sibirə ömürlük sürgün ediliblər. 1941-1945-ci illər müharibəsi də bu kəndin oğullarını əlindən alıb. Müharibəyə aparılmış 122 nəfərdən 71-i cəbhədən qayıtmayıb. Qayıdanlar isə şikəst, əlil və yaralılar olub”.

Kosalar Dağlıq Qarabağın azərbaycanlılar yaşayan ən sonuncu işğal edilən yaşayış məntəqəsi olub. Kəndin 18 nəfər şəhidi olduğunu yazır el ağsaqqalı: “...Xocalının yer üzündən silinməsindən sonra o ərazilərdə azərbaycanlıların yaşadığı kənd-kəsək hər saat atəş altında idi. Ona görə də kəndlərdə özünümüdafiə dəstələri yaratmışdıq. Özüm də silah götürmüşdüm. Postları yiyəsiz qoya bilməzdik. Kosalar camaatı Şuşanın işğalından bir gün sonra, yəni 9 may 1992-ci ildə kəndi məcburi şəkildə tərk etməli oldu. Şuşa artıq erməni qoşunlarının əlində idi.

Kosaların tarixi, o müdhiş illərdə və son günlərində yaşayıb, düşmənlə necə döyüşdüklərindən az yazılmayıb. Əlbəttə, erməni quldurlarına qarşı mətinliklə, qəhrəmanlıqla döyüşüb şəhid olandan sonra “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adına layiq görülən Tabil Qasım oğlu Həsənovun, Natiq Elyas oğlu Əhmədovun, Möhsün Şahin oğlu Məmmədovun, eləcə də “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən Xəzani Kərəm oğlu Əsgərovun, ümumiyyətlə, torpaq, yurd, Vətən uğrunda canlarından keçən şəhidlərimizin şərəfli ömür yollarının örnəyə çevrilməsi üçün bu insanlar haqqında yazılmalıdır. Bu, həm də bizim müsibətlərimizin qanlı salnaməsidir. Kəndimizin beş oğlu (Sərvər Məmmədov, Mahir Abdullayev, Eldar Rüstəmov, Rasim Ağayev və Ramiz Həsənov) isə şəhid olduqdan sonra “İgidliyə görə” medalı ilə təltif ediliblər.

Doğma Kosalarına dönə bilməyən, məzarı qəriblikdə qazılan Kamran kişinin xatirələrində nələr yoxdur, ilahi?! Bəzən “duman-çən”də azıb, fikri dolaşsa da, yaddaşında qalanlar elə bir kitablıq xatirələrdir. Xocalının mühasirə illərindən Kosalar kənd məktəbində qərargah yaradılıb. Şəhər odlara qalanan gecə o da qərargahda olub. Hava telefonunda Qarabağın igid, cəsur oğlu, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin səsini eşidirmiş: “Haray çəkirdi, Xocalıya kömək istəyirdi. Gecə saat 12-ni keçmişdi. O, Xocalının od tutub yandığını bildirir, hücumun qarşısını kəsmək və ləngitmək üçün Həsənabad və Xankəndinin hədəfə alınmasını istəyirdi. Canhəsən postunda bir top, bir “Qrad” qurğusu var idi. O gecə Əlif Hacıyevin hava telefonu ilə “sizdən də bizə kömək olmadı...”  harayı Ağsu aşırımındakı milis postunda da eşidildi. Qəhrəman, igid komandirin sonuncu kəlmələri də Xocalıya kömək göstərilməməsini təsdiqləyirdi. Xocalı təklənmiş, yerdən-göydən əli üzülmüş xocalılılar kimi, o gecə sonuncu harayını eşitdirdi Əlif Hacıyev... Amma bu səs də təəssüf ki, susduruldu...”

 

Azğın düşmənin qəzəbi və əzabı

 

Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid Rzayevlə söhbətləşdik. O, faciədə, az qala, kökü kəsiləcək ailələrdən birinin sığındığı ünvanı göstərdi. Doqquz nəfərlik ailədən o gecə “salamat” çıxan Xalidə və qardaşı Rauf Qəmbərovlar olublar. Xalidə Qəmbərova ilə Xocalının tarixini özündə əks etdirən Yaloba kənd tarix-diyarşünaslıq muzeyində görüşdük. Dərd insanı tez dilləndirər, amma bir nəslin yadigarı olan Xalidə Qəmbərova sanki susmağı ilə anlatmağa çalışdı gördüyünü, yaşadığını, çəkdiyi müsibətləri. Bir ayın gəlini olan Xalidə xanım-xatınlıq günlərini əlindən alan o müdhiş gecədən salamat çıxmasına nəinki sevinir, əksinə, yurdu dağılan, ocağı sönən xocalılılardan danışmağın əzabını yaşayır. Bəzi məqamları xatırladan Yaloba kənd tarix-diyarşünaslıq muzeyinin direktoru Tofiq Məmmədov deyir ki, yeddi nəfərini bir gecədə itirmiş ailənin başçısı Qəmbərov Qarsalan Gəray oğludur. 1941-ci ildə Xocalının Kosalar kəndində anadan olmuşdu. Onun necə vətənpərvər olmasını yalnız Xocalı sakinləri deyil, Xankəndidə erməni yaraqlıları da yaxşı bilirdi: “Məktəbyaşlı nəvələri ilə birlikdə qətlə yetirilən Qəmbərova Validə Boran qızı onun ömür-gün yoldaşı idi. 50 yaşında erməni gülləsinə tuş gəldi. Qəmbərov Nadir Qarsalan oğlu 1972-ci ildə Xankəndidə doğulmuşdu. Oradakı N.Gəncəvi adına orta məktəbin IX sinifində oxuyanda, yəni 1988-ci ildə Xankəndidə ermənilərin “Miatsum!” deyib qışqıraraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə nümayişlər zamanı dəfələrlə daşnakların hücumuna məruz qalmışdı. Həmin ilin sentyabrında - azərbaycanlıların Xankəndidə vəziyyətlərinin ağırlaşdığı günlərdə onların da ailəsi Xocalıya pənah gətirmişdi. Ona görə də düşmənə nifrəti gündən-günə artmışdı. Nadirin böyük qardaşı Səfər də 1963-cü ildə Xankəndidə anadan olmuşdu. Taleyinə Xocalının 25 fevral 1992-ci il müsibəti yazılanlardan oldu. O gecə Səfər, həyat yoldaşı və iki balası (1983-cü il təvəllüdlü Esmira və 7 yaşlı Emin) ilə erməni vandalizminin qurbanına çevrildilər”.

Ailənin daha bir şəhid üzvü - Qəmbərova Mətanət Hacı qızı isə Xocalıya Naxçıvandan gəlin köçmüşdü. Qarabağ adət-ənənəsi ilə toyları çalınanda ağlına da gətirməzdi ki, onun ailə-uşaqcanlı olduğundan, qohum-qonşularla tezliklə qaynayıb-qarışmasından, başına and içilməsindən daha çox müsibətindən, amansızcasına qətlə yetirilməsindən danışılacaq. İki balası və həyat yoldaşını qəfil itirəcəyinə inanmasa da, illər idi ki, xofda yaşayırdılar...

 

Bir ürəkdə yeddi yara...

 

“Xocalının səsi” qəzetinin mərhum redaktoru Qasım Qırxqızlının “Bir ürəkdə yeddi yara” adlı bir məqaləsi dərc edilib. Müsibətlər yaşamış həmin ailənin faciəsinə həsr edilən məqalədə deyilir: “...Xocalının başı üzərini qara bulud alanda Səfər qardaşı Raufla döyüşən batalyonun sıralarında idi. Ermənilərin Meşəlidən çıxarılmasında və digər əməliyyatlarda fədakarlıq göstərmişdi. Qaniçən daşnaklar Səfərin iki balasını və həyat yoldaşı Mətanəti ürəyindən vurmuşdular. Bir nəslin yeddi üzvü beləcə getdi...”

Qarsalan Qəmbərovun yeganə oğul yadigarı Rauf olub. O faciəli günləri Rauf da xatırlaya bilmir. Dəhşətli günlərdə itirdiyi əzizlərinin və doğmalarının müsibətlərini dilə gətirməyi bacarmasa da, deyir ki, bir gecənin içində hamımız pərən-pərən düşdük. Bilmirdik ki, kim harada qalıb. Anam və gəlinimiz ağır yaralı idi. Onlara heç cür kömək göstərə bilmədiyim məni hələ də yandırır.

Xocalının o gecə susdurulmuş haraylarının bu gün kifayət qədər eşidilməsi bir daha göstərir ki, dünya ictimaiyyəti belə haqsızlıqlarla barışa bilməzdi. Azərbaycanın regionda söz sahibinə çevrilməsi, Ermənistan-Azərbaycan münaqişəsinin sülh danışıqları, beynəlxalq norma və prinsiplər əsasında öz həllini tapması üçün göstərdiyi konstruktiv mövqenin bir sıra beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən dəstək alması, “Xocalıya ədalət!” kampaniyasının daha geniş arenada keçirilməsi Qarabağın aranlı-dağlı ellərinə də fəsillərin öz vaxtında gələcəyinə əminlik yaradırdı.

Nəhayət, bu da 44 günlük Vətən müharibəsinin xalqımıza, o cümlədən də xocalılılara gətirdiyi Qələbə sevincli günlər. Müzəffər Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər xocalılıların da yurd həsrətinə son qoydu. Qarşıda xocalılıları qayıdış, yeni həyat gözləyir. Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən doğma torpaqlara səfərləri və orada üçrəngli bayrağımızı qaldırması xocalılıların da geri dönüşünə yol açır. Bu yolun yolçuları daha qaçqın-köçkün deyillər. Onlar bu gün qalib olaraq doğma yerlərə qayıtmağa hazırlaşırlar.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video