26 Fevral 2021 00:38
686
SİYASƏT
A- A+

Beynəlxalq konfransda Xocalı soyqırımı yad edilib

 

Fevralın 24-də Ukraynada onlayn formatda təşkil olunmuş “Hərbi cinayətlər və yerli ölçüdə soyqırımı cinayətləri” mövzusunda beynəlxalq elmi-praktik konfransa Azərbaycan təmsilçiləri də qatılıblar. Tədbirə Ukraynanın “Putivl” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Sergey Tupik moderatorluq edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, konfransda çıxış edən Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, professor Rüfət Quliyev məruzəsində 29-cu ildönümü tamam olan Xocalı soyqırımını indiyədək tanıyan ölkələr və ABŞ ştatları barədə məlumat verib. Hər bir xalqın öz tarixindəki soyqırımları yadda saxlamalı və bu cinayəti törədənləri dünyaya tanıtmalı olduğunu vurğulayıb. Deputat ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən danışaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini və ərazi bütövlüyümüzün bərpa olunduğunu bildirib.  Dostluq qrupunun rəhbəri konfransın iştirakçılarına və təşkilatçılarına müraciət edərə, Ukrayna Ali Radasının Xocalı soyqırımını tanıması üçün bizi dəstəkləmələrini istəyib. Dost Ukrayna xalqının Azərbaycanın haqq işini müdafiə edəcəyinə ümidvar olduğunu bildirib.

Elmi-praktik konfransda “Novaya Slobodanın faciəsi”, “Əsrlər boyu Baturin soyqırımı”,  “Koryukovka faciəsi...”, “Holokost haqqında Koryukov yaddaşı”, “Novaya Sloboda: qoryunların yaşadığı kənd”, “XX əsrdə qoryun mədəni irsinin qorunması problemi” və digər mövzularda Ukrayna ziyalılarının, tanınmış alimlərin, din xadimlərinin məruzələri dinlənilib. 1941-1945-ci illərdə alman faşistlərinin Ukraynada, Belarusda, Çexiyada, Fransada və digər ölkələrdə törətdikləri hərbi cinayətlərdən, soyqırımlardan bəhs olunub. Mövzuya dair foto və videomateriallar nümayiş etdirilib. Konfransda Bakı Slavyan Universitetinin dosenti Yaşar Alxasov “Xocalı: mədəni irsin qorunması...” mövzusunda məruzə ilə çıxış edib. Sonra VI və VII çağırış Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun katibi Oleq Medunitsanın “Millətlərarası düşmənçilik zəminində soyqırımı” mövzusunda məruzəsi dinlənilib. 

Beynəlxalq konfransda çıxış edən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Hazırda bir sıra dünya ölkələrinin separatizmdən əziyyət çəkdiyini qeyd edən diplomat deyib ki, belə faciələrin bir daha baş verməməsi üçün  dünya xalqları birləşərək separatizmə və təcavüzkar millətçiliyə qarşı birgə mübarizə aparmalıdırlar. Səfir bildirib ki, İkinci Qarabağ müharibəsində də erməni faşizmi öz simasını göstərdi. Onlar 30 il əvvəl olduğu kimi, yenə də dinc əhaliyə qarşı qətliam həyata keçirdilər, qadağan olunmuş silahlarla Qarabağdan çox uzaqda yerləşən Azərbaycan şəhərlərini bombaladılar. O, cinayətkarların gec-tez cəzalarını alacağına inamını ifadə edib.

Sonra elmi-praktik konfransın iştirakçıları konsul Əfqan Salmanovun təqdim etdiyi “XOCALI: 1992-ci ilin qanlı fevralında soyqırımı aktı” sənədli filminə baxıblar.

Filmin nümayişindən sonra elm xadimləri və siyasi xadimlər, Sum vilayəti administrasiyasının nümayəndələri, Novaya Sloboda və Koryukovka sakinləri, Putivl, Baturin və Çerniqov şəhərlərindəki dövlət qoruqları və tarix muzeylərinin əməkdaşları, Ukrayna Milli Yaddaş İnstitutunun nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Beynəlxalq elmi-praktik konfransın yekununda qətnamə qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video