12 Avqust 2012 01:08
535
Oxucu məktubları
A- A+

Bənna heykəltəraş oldu

 

Rauf Bağırov 2002-ci ildə Bərdə şəhərindəki orta internat məktəbini bitirib. Sonradan heç bir peşə təhsili almasa da, bölgədə heykəltəraş kimi tanınıb. Şəhərin mərkəzində, başdan-başa yenidən qurulub gözəl görkəm alan Heydər Əliyev prospektində onun mərmərdən yonduğu qadın heykəli milli koloriti və məzmunu ilə sanki dil açıb danışır.

Rauf sevib-seçdiyi bu sənətə necə bağlanması barədə belə dedi:

- Uşaqlıqdan plastilinlə müxtəlif fiqurlar düzəltməyi sevərdim. İllər keçsə də, bu vərdişdən ayrıla bilmədim. Barmaqlarım həmişə taxtadan, daşdan nələrisə yaratmaq istəyirdi. Lakin orta məktəbi qurtarandan sonra işləməyə, çörək qazanmağa məcbur oldum.

Tanınan ustalarla birlikdə 10 ilə yaxın ev təmir etdi. İşi elə görməyə çalışırdı ki, ondan razı qalsınlar. Bəzən də məqamı düşəndə ev sahibini bir ideya, fərqli işlə sevindirirdi. Onlar da razı qalır, yaxşı da haqq verirdilər. O, ürəyindəki arzunu həyata keçirməyə, xəyallarında yaratdığı heykəli ucaltmağa əlverişli məqam gözləyirdi. Nəhayət, belə bir gün gəlib yetişdi. Bərdə şəhərinin yenidən qurulmasına təxminən bir il əvvəl start veriləndə vüsət alan abadlıq-quruculuq işlərinə qoşuldu. Ağlay daşından milli memarlıq üslubunda naxışlar yonur, binaların fasadını bəzəyirdi. Getdikcə daşa isnişir, alışırdı. Rayon icra hakimiyyətində şəhərin Heydər Əliyev prospektində qadın heykəli qoyulması barədə fikir səslənəndə Rauf söz verib bu işi öhdəsinə götürdü:

- Düşündüm ki, gözlədiyim məqam gəlib çatıb.  Daşkəsənin mərmər karxanasından gətirilmiş böyük bir daşı həvəslə, səbirlə yonub üç aya heykələ çevirdim. Onu nəzərdə tutulan yerə qoyanda tamaşasına çox adam yığışmışdı. Tanıdığım, tanımadığım insanlar məni təbəssümlə, səmimiyyətlə təbrik etdilər. Zəhmətimə verilən yüksək qiymət aylarla çəkdiyim əziyyəti bir anın içində unutdurdu.

Raufun ilk sənət əsəri Bərdənin müasir görkəminə vurulan çoxsaylı yeni naxışların mükəmməllərindən biridir. O, yenə iş başındadır. Doğma yurdun gözəlliyi üçün çalışır. Ürəyinin odu, əllərinin hərarətilə daşlara həyat verir. Gənc heykəltəraş hazırda bulaq kompleksləri üçün daş yonur. Deyir ki, şəhərin 15 yerində bulaq tikmək üçün sifariş alıb. Əllərilə daşlara sığal verib gözəllik yaradan gənc sənətkarın ürəyi arzularla doludur. Çox istəyir ki, yaradıcılıq emalatxanası olsun. Peşə təhsili almaq, peşəkar heykəltəraş yanında çalışıb öyrənmək niyyətindədir.

Sahilə MURADZADƏ,

Bərdə şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video