06:58 16 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Basılmaz vətənin bu il çörəyi də bol olacaq

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:52 18.04.2021

 

Planetimizdə əhalinin sayının sürətlə artması ərzaqla təminat sahəsində getdikcə daha çox çətinliklər yaradır. Elə indinin özündə dünyada kənd təsərrüfatı məhsullarına olan tələb təklifi üstələyir. Bu səbəbdən son illər ərzaq məhsullarının qiymətləri sürətlə artmağa başlayıb. Belə tendensiya demək olar ki, bütün ərzaq növlərində az və ya çox  dərəcədə müşahidə edilir.

Ümumdünya Ərzaq Təşkilatının (FAO) son məlumatına görə, ən çox qiymət artımı taxıl və taxıl məhsullarında müşahidə olunur. Bu üzdən  bir çox  ölkələr taxılın ixracını məhdudlaşdırır. Bunun bir səbəbi daxili bazarı hər ehtimaldan sığortalamaqdırsa, digəri dünya bazarında onun qiymətinin daha da yüksəlməsini gözləməklə əlavə qazanc əldə etməkdir.

Azərbaycanda da  buğda ən çox istifadə olunan  məhsuldur. Odur ki, dövlət taxıl məhsullarının qiymətinin artmasının qarşısını almaq üçün iki mühüm amildən istifadə edir. Birincisi, taxıl istehsalını artırmaqla idxaldan asılılığın aradan qaldırılmasıdır. İkincisi isə, idxal olunan buğdanın əlavə dəyər vergisindən azad edilməsidir. Təbii ki, ikinci faktor yardımçı xarakter daşıyır və bu səbəbdən başlıca məqsəd ölkədə taxıl istehsalını artırmaqdır. Başqa sözlə,  aqrar sektorda aparılan siyasətdə taxılçılığın inkişafı ön plandadır. İlk dəfə subsidiyanın taxılçılıqla məşğul olan fermerlərə  verilməsi, yanacaq və gübrələrin onlara pulsuz çatdırılması, yaxud güzəştli şərtlərlə satılması bununla bağlıdır. Güzəştli kreditlərin verilməsi isə bu sahədə çalışan fermerlərə böyük imkanlar yaradır. 

Son dövrlər ölkəmizdə iri taxılçılıq təsərrüfatlarının və aqroparkların sayı xeyli artmışdır. Müasir texnika və texnologiyalardan geniş istifadə edən bu təsərrüfatlarda məhsuldarlıq daha yüksəkdir. Belə ki, ölkə üzrə taxılçılıqda məhsuldarlıq 30 sentner olduğu halda, iri fermer təsərrüfatlarında və aqroparklarda bu rəqəm 55-60 sentner civarındadır.

Məhsuldarlıqdan söz düşmüşkən. Taxılçılığın inkişafında yüksək keyfiyyətli toxumlardan istifadə mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda yeni növ toxum sortlarının yaradılması üçün külli miqdarda vəsait ayrılır. Bununla yanaşı, toxumçuluq sahəsində ixtisaslaşan fermer təsərrüfatlarına əlavə güzəştlər də edilir.

Torpaqlarımızın düşmən işğalından azad edilməsi taxılçılığın inkişafında yeni bir dönəm yaratmışdır. Belə ki, min hektarlarla yeni əkin sahələri dövriyyəyə cəlb edilir. Artıq ötən ilin payızında işğaldan azad olunan sahələrin bir hissəsində taxıl əkilib. Bu il isə əkin sahələri daha geniş olacaq. Çünki hazırda  torpaqların minalardan təmizlənməsi istiqamətində ciddi işlər görülür. Beləliklə, cari ilin payızında  min hektarlarla əlavə sahədə taxıl əkininin aparılması   idxaldan  asılılığı minimuma endirəcək və ya tamamilə aradan qaldıracaq.

Ağcabədi ölkəmizdə iri taxılçılıq rayonu kimi tanınır. Burada  29 min 935,3 hektarda payızlıq taxıl əkilib. Səpinin 22 min 224,1 hektarı buğda, 7 min 711,2 hektarı arpadır. Keçən il taxıl zəmilərindən bol məhsul götürən Ağcabədi fermerləri cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün səylə çalışırlar. Hazırda fermerlər sahələrə aqrotexniki qulluq göstərir, gübrə verirlər. Qeyd edək ki, yemləmə gübrələrinin verilməsi payızlıq taxılın məhsuldarlığını artırmaqla bərabər, onun keyfiyyət göstəricilərinin yaxşılaşmasına da müsbət təsir göstərir.

Subsidiyaların ödənilməsi qaydalarının asanlaşdırılması Ağcabədi fermerlərinin də ürəyincədir. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”ndakı yeniliklərə əsasən, fermerlər aldıqları biohumusun və gübrənin tam dəyərini “Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə bilirlər. Yeni qaydaların tətbiqi göstərir ki, bu sahədə dövlətin dəstəyi daha da artıb. Yəni əvvəllər qiyməti 26 manat 67 qəpik olan ammonium gübrənin 8 manatı fermer tərəfindən, 18 manat 67 qəpiyi isə dövlət büdcəsi hesabına ödənilirdi. İndi isə onun tam dəyəri dövlət büdcəsi hesabına “Fermer kartı” vasitəsilə ödənilir. Bununla yanaşı, “Aqroservis” ASC-nin əməkdaşları kənd və qəsəbələrə gedərək fermerlərin tələbatına uyğun gübrələrin satışını həyata keçirirlər.

Ölkəmizin ən iri taxılçılıq rayonlarından biri də Şəkidir. Ötən ilin payızında rayonda 66 min 390 hektar sahədə taxıl əkilib. Bunun 36 min 180,3 hektarını buğda, 29 min 923,7 hektarını arpa, 286 hektarını isə xəsillik arpa sahələri təşkil edir. Hazırda Şəki Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən taxıl sahələrində fitosanitar yoxlamalar aparılır, alaq otlarının növ tərkibi, sahənin taxıl böcəyi sürfələri ilə sirayətlənmə dərəcəsi müəyyən edilir. Həmçinin mərkəzin mütəxəssisləri tərəfindən fermerlərə pestisidlərlə işləyərkən təhlükəsizlik qaydalarına əməl edilməsi və s. sahələr üzrə təlimat keçirilir və metodik tövsiyələr verilir.

Qarşıdan taxıl biçini mövsümü gəlir. Onun vaxtında və itkisiz həyata keçirilməsi üçün indidən zəruri tədbirlər görülür. Yeni növ taxılyığan kombaynlardan istifadə edilməsi üçün mexanizatorlara təlimlər keçirilir. “New Holland TC 4.90” markalı taxılyığan kombaynları idarə etmək üçün keçirilən tədbirlərə 90 mexanizator cəlb olunub. Təlimlər istehsalçı zavoddan dəvət edilən yüksək ixtisaslı mütəxəssislər və “Aqroservis” ASC-nin nümayəndə heyəti tərəfindən birgə videogörüntü və əyani vasitələrdən istifadə edilməklə keçirilir. Ölkə üzrə keçirilən belə təlimlər taxılın vaxtında və itkisiz biçilməsində əhəmiyyətli rol oynayacaq.

 

Rüstəm KAMAL,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM