02 Iyul 2013 02:07
403
Təhsil
A- A+

Bakıda gənc fiziklərin beynəlxalq yay məktəbi açılmışdır

 

Avropa İttifaqının elm və texnologiyaların Avropa tədqiqat məkanında inkişafı və geniş tətbiqləri üzrə 7-ci Çərçivə Proqramı 2007-ci ildə fəaliyyətə başlamışdır. 53 milyard avroluq büdcəyə malik olan bu proqram Avropada həyata keçirilən ən böyük proqramlardan biridir. Proqramın əsas məqsədi, Avropa Komissiyası tərəfindən 2007-2013-cü illərdə mütəmadi elan edilən müxtəlif müsabiqə və tenderlər vasitəsilə Avropa İttifaqı və onunla sıx əməkdaşlıq edən digər dövlətlərin elmi tədqiqatlarla məşğul olan müxtəlif təşkilatlarının elmi layihələrinin maliyyələşdirilməsidir.

Azərbaycanın elmi tədqiqatlar sahəsində Avropa tədqiqat məkanı ilə əməkdaşlığını təşviq etməyi və gücləndirməyi qarşısına məqsəd qoyan PRIMA-ERA layihəsi də 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu, Fransanın Milli Elmi Tədqiqatlar Şurasının Bərpa Olunan Enerji Mənbələri üzrə Elmi-Tədqiqat İnstitutu və Türkiyə Elm və Texnoloji Tədqiqatlar Şurasının (TÜBİTAK) Mərmərə Elmi-Tədqiqat Mərkəzi tərəfindən konsorsium şəklində Avropa Komissiyasının elan etdiyi müsabiqəyə təqdim olunmuş və həmin müsabiqənin qalibi kimi 2013-cü ilin yanvarından fəaliyyətə başlamışdır.

Bu günədək həmin layihə çərçivəsində bir çox işlər görülmüş,   tədbirlər təşkil edilmişdir. Bu qəbildən Fizika İnstitutunda keçirilən "Açıq qapı" günlərini, müxtəlif məlumatlandırma seminarlarını, ən mötəbər beynəlxalq tədbirlərdə konsorsium tərəfindən alınan birgə elmi nəticələrin təqdimatını və s. göstərmək olar.

İyulun 1-dən 6-dək Bakıda keçiriləcək "ComMat-PV-13" beynəlxalq yay məktəbi də PRIMA-ERA layihəsi çərçivəsində təşkil edilən növbəti tədbirdir. Yay məktəbinin əsas məqsədi Azərbaycanın fotovoltaika sahəsində çalışan gənc mütəxəssislərinin region dövlətlərindən, eləcə də Avropadan və digər dövlətlərdən olan gənc alimlərlə birgə dünyanın aparıcı elmi-tədqiqat mərkəzlərini təmsil edən alimlərin mühazirələrini dinləmələrinə və  geniş müzakirələr aparmalarına şərait yaratmaqdır.

İyulun 1-də Bakıda beynəlxalq yay məktəbinin açılış mərasimi keçirilmişdir.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Fizika İnstitutunun direktoru, professor Nazim Məmmədov, Fransanın Milli Elmi Tədqiqatlar Şurasının Bərpa Olunan Enerji Mənbələri üzrə Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Jan-Fransua Guillemoles və Negar Naqavi, Almaniyanın Material və Enerji üzrə Berlin Helmholtz Mərkəzindən Syuzan Şorr, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev çıxış etmişlər.

EİF-dən AzərTAc-a bildirmişlər ki, beynəlxalq yay məktəbində Azərbaycan, Fransa, Niderland, İngiltərə, Almaniya və Gürcüstandan 10 professor-mühazirəçi, Azərbaycan ilə yanaşı, Türkiyə, İtaliya, Almaniya, Fransa, İngiltərə, Meksika, Gürcüstan, Rusiya və Özbəkistandan 43 gənc elmi tədqiqatçı dinləyici qismində iştirak edir.

Yay məktəbi ərzində gənclərin bərpa olunan enerji mənbələri üzrə əldə etdikləri ən son elmi nəticələrin poster şəklində təqdim edilməsi, posterlərin xüsusi komissiya tərəfindən qiymətləndirilməsi və ən yaxşı iki poster üçün xüsusi mükafatların müəyyənləşdirilməsi də nəzərdə tutulmuşdur.

Beynəlxalq yay məktəbində dinləniləcək mühazirələr fotovoltaika üzrə son illər əldə olunmuş ən mühüm nəticələri əhatə edir. Bunların sırasında İngiltərənin Oksford Universitetinin professoru Moris Riedenin polimer və üzvi materiallardan hazırlanmış Günəş elementlərinə, Fransanın CNRS-LPN İnstitutunun direktoru, professor Jan-Lyuk Pelouardın  nanostrukturlu Gunəş elementlərinə, Niderland Krallığının Qroningen Universitetinin professoru Kees Hummelenin infraqırmızı dalğa uzunluğunda yeni nəsil üzvi Günəş elementlərinə həsr olunmuş mühazirələri yer alacaqdır.  

Beynəlxalq yay məktəbinin direktorları, professor N.Məmmədov və Jan-Fransua Guillemolesdir.

Beynəlxalq yay məktəbinin keçirilməsinə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu elmi-təşkilati və maliyyə dəstəyi göstərir. Fond gənc alim və mütəxəssislərin elmi fəaliyyətini xüsusi qrant müsabiqələri yolu ilə dəstəkləməklə yanaşı, konfrans, seminar və məktəblərin təşkilində də iştirak edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video