09 Sentyabr 2021 14:13
782
SİYASƏT
A- A+

Bakıda Beynəlxalq TURAZ Akademiyası Konqresi keçirilir YENİLƏNİB  

“Zorakılıq və media” mövzusuna həsr olunmuş konqresdə iştirak etmək üçün qardaş Türkiyədən 100 nəfərlik heyət Azərbaycan paytaxtına gəlib

 

Bakıda Türkiyə Radio və Televiziya Üst Qurumu (RTÜK), TURAZ Elmi Birliyi, İnönü Universiteti və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə məişət zorakılığı, qadınlara və uşaqlara qarşı zorakılıq və istismar məsələlərinin müzakirə edildiyi “Zorakılıq və media” mövzusunda Beynəlxalq TURAZ Akademiyası Konqresi işə başlayıb.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsi anılıb və hər iki ölkənin dövlət himnləri səsləndirilib.

AZƏRTAC xəbər verir ki, konqresin açılış mərasimində çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli COVID-19 pandemiyası səbəbindən bütün dünyada bir çox tədbirlərin təxirə salındığını və ya formatının dəyişdirildiyini vurğulayaraq deyib: “Beynəlxalq TURAZ Akademiyası Konqresinin ötən ilin sentyabrında Bakıda keçirilməsi qərara alınsa da, bu tədbir COVID-19 pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salındı. Nəhayət ki, konqres baş tutdu və onun yüksək səviyyədə keçiriləcəyinə əminəm. Beynəlxalq TURAZ Akademiyası Konqresi hibrid formatda, yəni həm oflayn, həm də onlayn formatda təşkil olunub. Tədbirdə iştirak etmək üçün qardaş Türkiyədən 100 nəfərlik heyət Bakıya gəlib. Əlavə olaraq, Türkiyə və digər xarici ölkələrdən yüzlərlə iştirakçı da internet üzərindən tədbirə qatılıb”.

G.Gəraybəyli qeyd edib ki, Azərbaycan və Türkiyə səhiyyə qurumları arasında uzun illərə söykənən möhkəm əməkdaşlıq münasibətləri mövcuddur. “44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin təcrübəli həkimləri daim yanımızda oldu, bizimlə birlikdə qazilərimizin sağlamlıqlarına qovuşması üçün əllərindən gələni əsirgəmədilər. Biz bunu çox yüksək qiymətləndiririk və heç vaxt unutmayacağıq. Böyük Qələbəni birlikdə qazandıq”, - deyə rektor vurğulayıb.

Azərbaycan Tibb Universitetinin Türkiyə ali təhsil ocaqları ilə geniş əlaqələrindən də söhbət açan professor indiyədək 30-a yaxın universitetlə əməkdaşlıq protokollarının imzalandığını diqqətə çatdırıb: “Həmin protokollar çərçivəsində tələbələrimiz mütəmadi olaraq Türkiyədə qısa və uzunmüddətli praktika keçirlər. O cümlədən diplomların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır. Azərbaycan Tibb Universiteti hər zaman Türkiyədən olan tələbələrin çoxluğu ilə fərqlənib. Hazırda ATU-da baza ali təhsil və rezidentura səviyyəsində 800 nəfər Türkiyə vətəndaşı təhsil alır. Əminəm ki, ölkələrimiz arasındakı münasibətlər, o cümlədən tibb sahəsindəki əməkdaşlıq əlaqələri getdikcə daha da möhkəmlənəcək”.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev konqresin açılış mərasimindəki çıxışında Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində münasibətlər qurulduğunu və hələ müstəqilliyin ilk illərində imzalanan protokollar nəticəsində yüzlərlə azərbaycanlı xəstənin Türkiyədə müalicə olunduğunu, yüzlərlə azərbaycanlı həkimin qardaş ölkədə təhsil aldığını, bilik və bacarıqlarını artırdığını bildirib. Nazir müavini qeyd edib ki, həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi dövründə Türkiyə Cümhuriyyətinin öz dəstəyini əsirgəməyib. Azərbaycana ilk COVID-19 testləri də Türkiyədən gətirilib.

“Birinci Qarabağ müharibəsində minlərlə azərbaycanlı itkin düşüb. Onların bəzilərinin qalıqları tapılıb və türkiyəli mütəxəssislərlə birlikdə cəsədlərin şəxsiyyəti müəyyən ediləcək”, - deyə E.Ağayev məlumat verib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxışında kütləvi informasiya vasitələrinin cəmiyyətdə demokratik mühitin, aşkarlığın, sərbəst və fərqli düşüncənin etibarlı tribunası kimi özünü təsdiqlədiyini qeyd edərək deyib: “Media cəmiyyətin aynası, obyektiv ictimai rəy vasitəsi rolunu getdikcə gücləndirir. Artıq cəmiyyətdə baş verən proseslərdən xəbər tutmaq vətəndaşların ilkin ehtiyaclarından birinə çevrilib. İctimai mühitə təsir göstərən, insanlar üçün maraqlı və əhəmiyyətli olan bütün hadisələr, faktlar barədə hər bir fərdin informasiya almaq hüququ var. Bu hüquq vətəndaşların fikir azadlığı ilə sıx bağlıdır. Bu missiyanın həyata keçirilməsində media nümayəndələrinin, o cümlədən insan hüquqları mövzusunda məqalələr yazan, araşdırmalar aparan jurnalistlərin iştirakı böyük əhəmiyyət kəsb edir”.

Ombudsman vurğulayıb ki, kütləvi informasiya vasitələrində şiddəti təsvir və əks etdirən materiallar yayımlanarkən xüsusi həssaslıq nümayiş etdirilməlidir. Belə ki, bəzi hallarda zorakılıq halları barədə məlumatların mediada yayımlanması onun istəmədən təşviq edilməsi ilə nəticələnir. KİV və sosial mediada müasir dövrdə geniş yayılmış bu cür hallar xüsusilə uşaqların psixoloji travma alması ilə nəticələnə bilər. Bununla yanaşı, ümumən cinayət hadisələri ilə bağlı, eləcə də məişət zorakılığı, qadın və uşaqlara qarşı şiddətin qurbanları ilə bağlı məlumatlar verilərkən həmin şəxslərin sonrakı mərhələdə də müdafiəsi məqsədilə onların şəxsi toxunulmazlıq, şərəf və ləyaqətin müdafiəsi hüquqları mütləq nəzərə alınmalıdır.

Səbinə Əliyeva, həmçinin Ombudsman Aparatı tərəfindən jurnalistlərin peşə hazırlığının yüksəldilməsinə dəstək vermək və onların hüquqi biliklərini artırmaq, maarifləndirmə işini genişləndirmək, KİV nümayəndələri ilə əməkdaşlığı daha da möhkəmləndirmək məqsədilə keçirilən müxtəlif tədbirlərdən danışıb.

Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağçı ölkələrimiz arasındakı münasibətlərdən və iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin əlaqələrin hər sahədə daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətindən bəhs edərək deyib: “Türkiyə ilə Azərbaycan arasında siyasi əlaqələr yüksək səviyyədədir. İki ölkə arasında humanitar əlaqələrin ən yüksək səviyyəyə çatdırılması lazımdır. Son dörd ayda təxminən 20 Türkiyə universitetinin nümayəndələri əməkdaşlığı genişləndirmək üçün Azərbaycana gəlib. Mədəni diplomatiyanı, parlament və humanitar sahələrdə əlaqələri daha da inkişaf etdirmək üçün daha çox səy göstərməliyik”.

Səfir konqresin mövzusuna diqqət çəkərək vətəndaş cəmiyyətlərində yaşanan zorakılıq hallarından təəssüfləndiyini və hər cür şiddətə qarşı olduğunu söyləyib.

Tədbirdə çıxış edən Türkiyə Radio və Televiziya Üst Qurumunun sədri Ebubekr Şahin uşaq və gənclərin mənəvi və fiziki inkişafına mənfi təsir edə biləcək yayım məzmunlarının RTÜK-ün qırmızı xətlərindən biri olduğunu vurğulayıb: “Medianın cəmiyyətə ciddi təsiri var. Şiddət mövzusuna ictimai həssaslıqla yanaşmaq və yayımlar zamanı şiddətin necə təqdim olunmasına maksimum diqqət yetirmək lazımdır. RTÜK olaraq televiziya kanallarında proqramlar yayımlandıqdan sonra müvafiq qanunun müddəalarına uyğunluq baxımından yoxlayır, lazım gəldikdə xəbərdarlıq, inzibati cərimələr, proqramın dayandırılması, yayımın müvəqqəti dayandırılması və yayım lisenziyalarının ləğvi kimi sanksiyalar tətbiq edirik. Nəzarət tədbirləri çərçivəsində zorakılığa həvəsləndirən, gender bərabərliyinə zidd olan və qadınlara qarşı şiddəti təşviq edən, cinayəti tərifləyən, uşaqlara, zəiflərə və əlillərə istismara yönələn, irq, rəng, dil, din və cinsiyyətə görə ayrı-seçkilik edərək fərdləri təhqir edən yayınlara görə, ümumilikdə 1849 sanksiya tətbiq olunub.

Ebubekr Şahin qeyd edib ki, şiddət mövzusu təkcə kütləvi informasiya vasitələrinə, televiziyalara aid deyil. Bu mövzu cəmiyyətin bütün təbəqələrini maraqlandırır. Dövlət idarələri, elm adamları və vətəndaş cəmiyyətləri zorakılıq fenomeninə qarşı mübarizə aparmalı və onu sosial problem olaraq ortadan qaldırmaq üçün birlikdə çalışmalıdır. “Unutmayaq ki, bu məsələdə ailənin üzərinə önəmli vəzifə və məsuliyyət düşür. Çünki cəmiyyətin təməli ailədir. Buna görə də ailə məsələlərinə üstünlük verən yayımları təşviq edən və dəstəkləyən siyasət həyata keçiririk”, - deyə RTÜK sədri əlavə edib.

Türkiyə Respublikası Mətbuat Reklam Agentliyinin (BİK) rəhbəri Rıdvan Duran rəqəmsallaşma və internet dövrünün bir tərəfdən üstünlük yaratdığının, digər tərəfdən isə təhlükə doğurduğunu qeyd edərək deyib: “Hazırda saxta xəbərlərin əsl xəbərin önünə keçdiyi bir dövrdəyik. Təəssüf ki, xəbərin məzmunu əhəmiyyət daşımır, ancaq baxış sayı vacib sayılır. Reklamların payı baxış sayı ilə bərabər artdığı üçün əfsuslar olsun ki, xəbər oxuyarkən əxlaq normalarınıza zidd olan, şiddəti təşviq edən reklamlarla qarşı-qarşıya qala bilərsiniz. Bu, sizin istəyiniz və tələbiniz xaricində gerçəkləşir. Burada RTÜK və BİK-in nəzarət rolu dəstəkləyici rolu qədər vacibdir. Heç vaxt sanksiya tətbiq edən bir qurum olmaq istəməzdik. Ancaq müxtəlif yollarla uşaqlarımıza və ailələrimiz üçün əlçatan olan bəzi yanlış yayımları sanksiyalarla xəbərdar etmək məcburiyyətindəyik”.

İnternet resurslarında zorakılığa yönələn və əxlaq normalarına zidd olan xeyli sayda məzmunlar ola biləcəyini diqqətə çatdıran R.Duran deyib ki, bu zaman dövlət idarəçilərinin üzərinə böyük bir məsuliyyət düşür. Eyni zamanda, vətəndaş cəmiyyəti təşkilatlarının belə mövzuları gündəmə gətirməsi çox vacibdir.

Amasya Universitetinin rektoru Süleyman Elmacı, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, TURAZ Elmi Birliyinin İdarə Heyətinin sədri Osman Celbiş, Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, Tibb Universitetinin patoloji anatomiya kafedrasının müdiri Ədalət Həsənov mediada yayılan xoşagəlməz və zorakılığa meyilli xəbərlərin cəmiyyətə mənfi təsirindən danışıb, konqresin panel sessiyalarının belə halların qarşısının alınması üçün həll yollarının araşdırılması, müzakirəsi istiqamətində əhəmiyyətli rol oynayacağını bildiriblər. Qeyd edilib ki, konqresdə məhkəmə təbabəti və patoloji anatomiyaya dair elmi-tədqiqat işlərinin nəticələri ilə yanaşı, mütəxəssis mübadiləsi məsələləri də müzakirə olunacaq.

“Zorakılıq və media” mövzusunda Beynəlxalq TURAZ Akademiyası Konqresi işini panel sessiyalarla davam etdirir. Sessiyalarda türkiyəli və yerli mütəxəssislərin məhkəmə tibbi ekspertiza və patoloji anatomiyaya dair ən aktual problemlər və bu sahədə tətbiq edilən son metodlarla bağlı məruzələri dinləniləcək, fikir mübadiləsi aparılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video