26 Aprel 2019 00:43
1981
ELANLAR
A- A+

Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu keçirilmişdir


Aprelin 23-də "Pullman Baku” hotelində Bakıda Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası keçirilmişdir.

"Qlobal Sağlamlıq hamı üçün” şüarı altında gerçəkləşdirilən tədbirdə QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, Azərbaycan turizm ictimaiyyətinin, aidiyyəti dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Qlobal Sağlamlıq Turizm Şurasının dönəm sədri Ruslan Quliyev çıxışında bildirib ki, QSTŞ 2013-cü ildə Monakoda keçirilən Beynəlxalq Tibbi Səyahət Konfransında Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə təsis edilib və indiyədək təşkilatın 4 zirvə toplantısı qismində sayılan forumu keçirilib. QSTŞ-nin 60-a yaxın üzvü sırasında ABŞ, AFR, Böyük Britaniya, Türkiyə, Polşa, Yunanıstan, Macarıstan, Bolqarıstan, RF, Ukrayna, Gürcüstan, Çin Xalq Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan, İordaniya Krallığı, Səudiyyə Ərəbistanı və başqa nüfuzlu ölkələr təmsil olunur.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası Qlobal Sağlamlıq Turizm Şurasında ölkəni ləyaqətlə təmsil edir və 2014-cü ildən etibarən bu təşkilatın İdarə Heyətinin üzvüdür. 2018-ci ilin aprelində QSTŞ-nin Türkiyədə keçirilən növbəti Zirvə Toplantısında AHTTSA-nın sədri Ruslan Quliyev bu beynəlxalq qurumun prezidenti seçilib və Azərbaycan Respublikası qeyd olunan mötəbər təşkilata rəhbərlik etmək hüququ ilə növbəti sahib ölkə qismində təsdiq edilib.

Ruslan Quliyev onu da qeyd edib ki, təşkilatın 5-ci Assambleyasında quruma yeni sədr seçilməli və forumun sonunda Bakı deklarasiyası qəbul edilməlidir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək qeyd etdi ki, hazırda Azərbaycanda dərin iqtisadi islahatlar aparılır və bu islahatların məqsədi vətəndaşlarımızın sosial rifahını yaxşılaşdırmaq, ölkəmizin iqtisadi qüdrətini yüksəltmək, neftdən asılılığı azaldaraq şaxələndirilmiş iqtisadiyyata sahib olmaq, qeyri-neft sektorunun əsas sahələrindən biri olan turizm sahəsində gəlirlərin artırılmasını təmin etməkdir: "Turizm sənayesinin inkişafı Azərbaycan üçün prioritet hesab olunan sektorlardan biridir. Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə vurğulanır ki, mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə ölkəni dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirməkdir”.

Konfederasiya prezidenti Azərbaycanda turizmin xüsusi istiqamətlərindən biri olan sağlamlıq və termal turizm sənayesinin son illərdə özunun inkişaf dövrünü yaşadığını da diqqətə çatdırıb və Qlobal Sağlamlıq Turizm Forumunun Bakıda keçirilməsinin də bunun sübutu olduğunu bildirib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədovun fikrincə, turizm sənayesinin davamlı inkişaf etdiyi bir dövrdə kifayət qədər çox sayda insanlar sağlamlıq məqsədilə səfərlər edirlər. Bu turist axınlarının cəlb edilməsi uğrunda region ölkələri arasında rəqabət mövcuddur. Bu mübarizə əsasən gəlir əldə etmək, məşğulluq yaratmaq və ölkəyə valyuta gətirmək kimi iqtisadi prioritetlərə söykənir. Azərbaycan bu sahədə mövcud potensialından səmərəli istifadə etməklə ölkəyə daha çox turist axınına nail ola bilər.

Azərbaycan Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov qeyd etdi ki, ölkəmizdə sağlamlıq turizminin çox qədim tarixi var, bu tarix və yaradılan mövcud infrastruktur imkan verir ki, bu sahədə çox böyük uğurlara imza ataq və dünyanın hər tərəfindən ölkəyə turist axınına nail olaq.

"Azərkurort” Səhmdar Cəmiyyətinin sədri Əbil Ağasıyevin, AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin sədri Əkbər Novruzovun çıxışları əsasən Azərbaycan sağlamlıq turizminin potensialından səmərəli istifadə məsələlərinə həsr olunmuşdu.

Tədbirdə həmçinin bildirilib ki, ölkəmizi bütün dünyada məşhurlaşdıran Naftalan neftindən 15 adda dərmanın hazırlanmasında istifadə olunur ki, bununla da 70 xəstəliyi müalicə etmək mümkündür. Ötən il Naftalana müalicə məqsədilə 62 ölkədən 35 min nəfər turist gəlib.

Qlobal Sağlamlıq Turizm Şurasının qurucusu və fəxri sədri Emin Çakmak bildirib ki, Azərbaycanın bir neçə sağlamlıq məkanlarında olub və hesab edir ki, ölkədə bu baxımdan unikal imkanlar mövcuddur: "Bu forumun Bakıda reallaşması Azərbaycanın bu sahədə daha da tanınmasına səbəb olacaq. Hazırda sosial media vasitəsilə dünyanın dörd bir yanından bizi izləyirlər. Eyni zamanda şuranın 58 üzv ölkəsinin əksəriyyətindən, o cümlədən Rusiyanın, Almaniyanın, Türkiyənin, Qazaxıstanın, Gürcüstanın və digər ölkələrin nümayəndələri burada təmsil olunur. Bundan gözəl təbliğat ola bilməz. Azərbaycan qlobal şəkildə sağlamlıq turizmi sənayesinə inteqrasiya olunur”.

Daha sonra Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və AMEA Neft-Kimya Prosesləri İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanmış və forumun yekunu olaraq Bakı deklarasiyası qəbul edilmişdir.

Günün sonunda səsvermə yolu ilə Qlobal Sağlamlıq Turizm Şurasına sədrlik Azərbaycandan Ukraynaya keçmişdir. Ukrayna Tibbi Turizm Assosiasiyasının prezidenti Violetta Yanışevskaya növbəti bir il ərzində QSTŞ-yə sədrlik edəcək.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video