09 Sentyabr 2011 06:09
521
İDMAN
A- A+

«Bakı» Avropa Klublar Assosiasiyasının xüsusi mükafatına layiq görüldü

 

Təmsilçimiz qitənin ən güclü komandalarını qabaqladı

 

Bugünkü dövrdə  futbol həqiqətən böyük təsir gücünə malik, kütləvi və sevilən idman növlərindən biridir. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da futbolun zəngin tarixi və ənənələri olmuşdur. XX əsrdə Azərbaycanda dünya səviyyəli futbolçular, məşqçilər və hakimlər yetişmişdir. Təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən Azərbaycan futbolu əvvəlki şöhrətini itirmiş, bu idman növünə maraq azalmağa başlamışdır.

Futbol klublarının bazalarının acınacaqlı vəziyyəti, respublika uşaq-yeniyetmə futbol məktəblərinin maddi-texniki bazalarının aşağı səviyyədə olması, ixtisaslı məşqçi və müəllimlərin çatışmazlığı ölkədə futbolun inkişafına və futbolçu hazırlanmasına mənfi təsir göstərirdi. Bütün bunlar isə futbolun inkişafı üçün təxirəsalınmaz tədbirlərin görülməsini, uşaq-yeniyetmə və gənclər arasında futbola marağın canlandırılmasını, futbol infrastrukturunun yenidən qurulmasını tələb edirdi. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2005-ci il tarixində imzaladığı "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" müasir Azərbaycan futbolunun inkişaf tarixində yeni mərhələnin əsasını qoydu. Proqram  ölkədə futbolun inkişafına və beynəlxalq yarışlarda uğurlar əldə etməyə xidmət edir.

Proqramın qəbulundan sonra ötən müddət ərzində ölkəmizdə bu sahənin inkişafı istiqamətində xeyli iş görülmüşdür. Artıq ölkə çempionatında mübarizə aparan klubların maddi-texniki bazaları yaxşılaşdırılmışdır. Komandaların tərkibində alt qrupların yaradılması və uşaq futboluna diqqətin  artırılması əsas  göstəricilərdən biridir.

Belə klublardan biri də "Bakı"dır. Komanda maddi-texniki bazanın yüksək səviyyədə qurulmasına görə ölkənin əksər komandalarını arxada qoymuşdur. Hafiz Məmmədov komandaya prezident təyin olunduqdan sonra ölkə başçısının imzaladığı dövlət proqramını rəhbər tutaraq ardıcıl islahatlar apardı. Klubun maddi-texniki bazası yaxşılaşdırıldı, komanda səviyyəli oyunçu və  məşqçilərlə gücləndirildi. Çıxışlarında ölkədə futbolun inkişafında uşaq futbol məktəbinin vacibliyini qeyd edən H.Məmmədov bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirdi. Bunun nəticəsi olaraq 2009-cu ildə "Bakı" Futbol Akademiyasının tikintisinə başlanıldı. Uşaqların futbol biliklərinə yiyələnmələri üçün bu möhtəşəm qurğu 18 ay ərzində tikilib istifadəyə verildi.

Təbii ki, "Bakı"da görülən bu işlər Avropa futbol təşkilatlarının da diqqətindən yayınmadı. Avropa Klublar Assosiasiyasının (ECA) nümayəndəsi bu ilin iyun ayının sonlarında paytaxtımızda olmuş, qısa müddət ərzində tikilib istifadəyə verilmiş və şəraitinə görə qitənin bəzi aparıcı klublarını geridə qoymuş akademiya barəsində müsbət fikirlər səsləndirmişdir. Bunun nəticəsi olaraq "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov Avropa Klublar Assosiasiyasının xüsusi mükafatına layiq görülmüşdür. Mükafatı "Bakı" klubunun Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev almışdır.

Məlumat üçün qeyd edək ki, Avropa Klublar Birliyi UEFA və FİFA tərəfindən rəsmən tanınan və ildən-ilə inkişaf edən dinamik bir qurumdur. Assosiasiyanın tərkibinə Avropanın aparıcı klubları daxildir. "Bakı" futbol klubu 2009-cu ildən etibarən ECA-nın həqiqi üzvü statusunu qazanıb. ECA bizim üçün Avropaya pəncərə, Azərbaycan həqiqətlərinin geniş auditoriyaya çatdırılması baxımından əvəzolunmaz bir tribunadır.

ECA-nın VII Assambleyası qitənin 140 aparıcı klubunun təmsilçilərinin iştirakı ilə keçirildi. Onların böyük əksəriyyəti klub prezidentləri ilə təmsil olunurdu. Bundan əlavə, Avropa Parlamentinin deputatları, FİFA və UEFA-nın yüksək vəzifəli məmurları da iştirakçılar arasında idilər.

Haqqında söhbət gedən toplantı Azərbaycan futbolu və "Bakı" futbol klubu üçün əlamətdar hadisə ilə tarixə düşdü. ECA hər il 4 nominasiya üzrə seçilən klubları fərqləndirir. Bu il də istisna olmadı. Avropanın ən güclü klubu "Barselona" (İspaniya), ən yüksək tərəqqiyə nail olan "Braqa" (Portuqaliya), sosial sahədə fəaliyyəti ilə diqqət çəkən "Seltik" (Şotlandiya) və ən müasir standartlara cavab verən yeni futbol akademiyasına qovuşan "Bakı" futbol klubu ali mükafata layiq görüldülər. Bu, indiyədək Azərbaycan klubuna təqdim olunan ən yüksək mükafatdır.

"Bakı" futbol klubunun mükafatçılar sırasında yer almasında həlledici rolu komandanın qısa müddət ərzində təlim-məşq bazası və futbol akademiyası inşa edib gənc və yeniyetmə futbolçuların ixtiyarına verməsi, görülən işlərin dünya səviyyəli yüksək standartlara cavab verməsi və gənc bir klubun futbolun gələcəyinə yönəlmiş məqsədli investisiyalar qoyması oynadı. ECA nümayəndələrinin "Bakı" futbol klubunun dəvəti ilə ölkəmizə səfər etməsi, onların Azərbaycan və "Bakı" futbol klubu haqqında topladığı məlumatlar real vəziyyətin qiymətləndirilməsində əvəzsiz xidmət göstərdi. Təkcə onu qeyd etmək kifayətdir ki, avqust ayının sonlarında İcraiyyə Komitəsində aparılan müzakirələr zamanı "Bakı" yekdil rəylə nominasiyanın qalibi seçildi. ECA və "Bavariya" (Almaniya) klubunun prezidenti Karl-Haynts Rummenigge, "Barselona" (İspaniya) klubunun prezidenti Sandro Rosell, "Milan" (İtaliya) klubunun vitse-prezidenti Umberto Qandini, "Real" Madrid (İspaniya) klubunun prezidenti Florentino Peres, "İnternasionale" (Braziliya) klubunun prezidenti Ernesto Paolillo, "Porto" (Portuqaliya) klubunun prezidenti Dioqo Brandao, "Mançester Yunayted" (İngiltərə) klubunun idarə heyətinin sədri Deyvid Gill kimi məşhur klub rəhbərləri "Bakı"nın namizədliyini dəstəkləyərək klubumuzun bu fəxri mükafata layiq görülməsini təmin ediblər. Bu mükafat, həmçinin klubun beynəlxalq imici və ictimai məsuliyyətini daha da artırmış olur, komandanın gələcək fəaliyyətinin aparıcı Avropa klubları səviyyəsində qurulmasını tələb edir.

İnanırıq ki, "Bakı"nın qazandığı bu uğur digər klublarımız üçün də böyük örnək olacaq.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video