13 May 2017 11:05
844
Tədbirlər
A- A+

“Bakı-2017”nin cüdo yarışlarının ilk günündə atletlərimiz Azərbaycanın aktivinə 6 qızıl və 7 gümüş medal yazdırıblar Prezident İlham Əliyev qalib idmançılara medalları təqdim edib

 

Mayın 13-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışları başlayıb. Azərbaycan idmançıları yarışlarda 6 qızıl və 7 gümüş medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmalarına baxıblar.

Cüdo yarışlarının ilk günündə fərdi mübarizədə kişilər arasında 60, 66, 73 kiloqram, qadınların yarışında isə 48, 52, 57, 63 kiloqram, eləcə də paracüdoçu qadınlar arasında 57, 70 kiloqram çəki dərəcələrində idmançılar tatami üzərinə çıxıblar.

Əvvəlcə 48 kiloqram çəki dərəcəsində qadınların yarışında mübarizə aparan Erdenebat Bazarraqça ölkəmizə ilk qızıl medalı qazandırıb. Onun finaldakı rəqibi digər təmsilçimiz Aişə Qurbanlı olub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə E.Bazarraqça 1:0 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu adına layiq görülüb. Bu çəkidə üçüncü pilləni Mərakeş idmançısı Vəfa İdrissi Şorfi tutub.

Yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən paracüdoçumuz Afaq Sultanova Azərbaycanın digər təmsilçisi Sevda Vəliyevanı ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Altmış kiloqram çəki dərəcəsində kişilərin yarışında Azərbaycanı təmsil edən Orxan Səfərov da ümidləri doğruldub. Finalda türkiyəli Bəkir Özlünü 2:1 hesabı ilə məğlub edən cüdoçumuz qızıl medal qazanıb.

Kişi idmançıların mübarizəsində 66 kiloqram çəki dərəcəsində Nicat Şıxəlizadə finalda Əlcəzair təmsilçisi Houd Zourdani ilə görüşdə rəqibinə ipponla qalib gəlib və IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Cüdo yarışlarında ölkəmizə daha bir qızıl medalı qadın paracüdoçumuz Ramilə Kaştayeva (70 kq) qazandırıb. O, finalda digər idmançımız Turanə Ağayevaya ipponla qalib gələrək qızıl medala sahib olub.

Kişilər arasında 73 kiloqram çəki dərəcəsində yarışın finalında Azərbaycanın iki cüdoçusu üz-üzə gəlib. Rüstəm Orucova qalib gələn Hidayət Heydərov IV İslam Həmrəyliyi Oyunlarında fəxri kürsünün birinci pilləsinə qalxıb.

Qalib idmançıların mükafatlandırılması mərasimlərində medalları atletlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer təqdim ediblər.

Çempion idmançılarımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağımız qaldırılıb.

Cüdo yarışlarının birinci günündə Azərbaycanın yeddi idmançısı gümüş medalla kifayətlənməli olub.

Qadınların mübarizəsində Nəzakət Əzizova (52 kq) finaladək inamla irəliləsə də, həlledici qarşılaşmada Türkiyə təmsilçisi İrem Korkmaza məğlub olaraq İslamiadanı ikinci pillədə başa vurub.

Kifayət Qasımova (57 kq) isə final görüşündə Əlcəzair idmançısı Ratiba Tariketə uduzaraq gümüş medalla kifayətlənməli olub.

Qadınların yarışında 63 kiloqram çəki dərəcəsində çıxış edən Xanım Hüseynova həlledici qarşılaşmada Türkiyə idmançısı Busra Katıpoqluya məğlub olaraq yarışı ikinci pillədə tamamlayıb.

Digər gümüş medalçılarımız isə finalda azərbaycanlı rəqiblərinə məğlub olaraq ikinci yeri tutublar. Onlar Aişə Qurbanlı (48 kq), Sevda Vəliyeva (57 kq), Turanə Ağayeva (70 kq) və Orxan Səfərovdur (73).

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video