10 Avqust 2021 00:58
1535
İQTİSADİYYAT
A- A+

“Azəri-Çıraq-Günəşli” hələ uzun illər Azərbaycana gəlir gətirəcək

 

“Azəri-Çıraq-Günəşli”(AÇG)  yataqları 27 ildir etibarlı tərəfdaşlıq, ekoloji baxımdan zərərsiz əməliyyatlar sayəsində təhlükəsiz işlənir və 24 ilə yaxındır ahəngdar şəkildə neft-qaz verir.

Hazırda bu yataqlar blokundan hasil edilən karbohidrogenlər  platformalardan sualtı xətlərlə Səngəçal terminalına çatdırılır və  buradan ixrac marşrutları ilə  istehlakçılara yola salınır.

Prezident İlham Əliyev “Azəri-Çıraq-Günəşli”də hasilatın sabit saxlanılmasının vacib məsələ olduğunu qeyd edərək  dəfələrlə  vurğulamışdır ki,  bu yataqlar bizim əsas gəlir mənbəyimizdir və bunu hər kəs bilməlidir.

Budur, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF)  İctimaiyyətlə əlaqələr departamenti  AÇG neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində cari ilin yanvar-iyul aylarında əldə olunan gəlirlərin həcmini açıqlayıb. 7 ay ərzində bu gəlirlər 2 milyard 903,2 milyon ABŞ dolları təşkil edib. 2001-ci ildən bu il avqustun 1-dək isə AÇG üzrə əldə edilən ümumi gəlirlər 152 milyard 308 milyon dollar olub. Dövlət  Neft Fondunun 2020-ci ildə AÇG layihəsi üzrə gəliri 3 milyard 522,7 milyon dollar təşkil etmişdi.

Bu faktların özü də göstərir ki, AÇG  Azərbaycan iqtisadiyyatının dayaq sütunlarından biri olaraq qalır.

Hazırda yataqda 8 platforma fəaliyyət göstərir. Bunlardan 6-sı hasilat, 2-si isə emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat qurğusudur. AÇG layihəsinin operatoru olan bp şirkətinin məlumatına görə, ilin birinci yarısında bu yataqlar blokundan ümumilikdə təxminən 85 milyon barel, yəni 11 milyon ton neft hasil edilib. Gündə orta hesabla “Çıraq”dan  30 min, “Mərkəzi Azəri”dən  111 min, “Qərbi Azəri”dən 118 min, “Şərqi Azəri”dən 78 min, “Dərinsulu Günəşli”dən 88 min və “Qərbi Çıraq”dan 43 min  barel  neft alınıb. Beləliklə, AÇG-nin  gündəlik orta hasilatı 468 min barel  təşkil  edib.

“Azəri Mərkəzi Şərqi” AÇG-nin 9-cu platforması olacaq. Məlum olduğu kimi, 2017-ci ilin sentyabr ayında AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanmışdır. Saziş  2050-ci ilin əvvəlinədək davam edəcək. Bununla bağlı “Azəri Mərkəzi Şərqi”  layihəsi həyata keçirilir. Yeni platforma da  bu layihə  çərçivəsində tikilir.

Müqaviləyə  əsasən, “Azəri Mərkəzi Şərqi”  layihəsi  üzrə quruda və dənizdə  bir sıra  tikinti-quraşdırma  işləri həyata keçirilir. Koronavirus pandemiyasının yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, digər neft-qaz layihələrində olduğu kimi,  burada da  də işlər vəziyyətə uyğunlaşdırılmaqla fasiləsiz aparılır.

Adətən,  yeni platformalardan hasilatı qəbul etmək üçün Səngəçal terminalında müəyyən tikinti-quraşdırma işləri  görülür. Bu baxımdan   “Azəri Mərkəzi Şərqi” də istisna təşkil etmir. Belə ki, terminalda yerləşəcək yeni  nəzarət otağının layihələndirilməsi tamamlanıb və planlaşdırılmış modifikasiya işlərinə bu ilin dördüncü rübündə başlanacaq.

Ümumilikdə 2023-cü ildə “Azəri Mərkəzi Şərqi”dən ilk hasilatı əldə etmək  üçün həyata keçirilən mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun davam edir.

Qeyd edək ki, Azərbaycanın qaz potensialının da önəmli hissəsi AÇG yataqları hesabına formalaşır. Buradan çıxarılan  səmt qazının bir hissəsi layların təzyiqini saxlamaq üçün yenidən kollektora vurulur. Mavi yanacağın xeyli hissəsi isə Azərbaycanın daxili istifadəsi üçün Səngəçal terminalından SOCAR-a məxsus kəmərlə “Azəriqaz” şəbəkəsinə ötürülür.

AÇG  layihəsində  bp (30,37 faiz), SOCAR (25 faiz), MOL (9,57 faiz), İNPEKS (9,31 faiz), “Ekvinor” (7,27 faiz), “EksonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGC Videş Limited  (2,31 faiz) şirkətləri tərəfdaşlıq  edirlər. AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli”nin  tammiqyaslı işlənməsi müqaviləsi imzalanarkən tərəfdaşlar bu yataqların təxmini ehtiyatlarının 511 milyon ton olduğunu bildirmişdilər. İndi mütəxəssislər burada sərvətin daha çox - ən azı 1 milyard ton olduğu fikrini söyləyirlər. Deməli, AÇG hələ uzun illər neft və qaz verəcək, ölkəmizə yenə də rifah, xeyir-bərəkət gətirəcək.

 

Flora SADIQLI,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video