01 Iyun 2019 01:24
1550
İDMAN
A- A+

Azərbaycanın zəfəri, cığalın uğursuzluğu


UEFA Avroliqasının finalına evsahibliyi edən Bakı hər cür təqdirə layiqdir


UEFA Avropa Liqasının final matçını yüksək səviyyədə təşkil edən Bakı ev sahibi kimi növbəti dəfə bacarığını təsdiqlədi. İngiltərənin "Arsenal” və "Çelsi” klublarının paytaxtımıza gələn azarkeşləri sürətlə inkişaf edən şəhərlə tanış oldu, futbol kimi gözəl oyundan zövq aldı, vətənə xoş təəssüratla qayıtdılar. Bakının qonaqları heç bir problemlə üzləşmədi, mehriban, qonaqpərvər xalqla qarşılaşdılar.

UEFA-nın rəhbərliyi, qitənin idman ictimaiyyəti Avroliqanın final görüşünün azərbaycanlı təşkilatçılarını alqışladı, belə bir mühüm matçın tələb olunan səviyyədə hazırlanıb keçirilməsindən məmnunluq ifadə etdi. Bakıda xüsusilə hüquq mühafizə orqanlarının səmərəli fəaliyyəti diqqəti daha çox cəlb etdi: görülmüş təhlükəsizlik tədbirləri hər hansı arzuolunmaz hadisəni istisna etdi. Halbuki gələnlər adi azarkeşlər yox, davakarlığı ilə dünyada ad çıxarmış ingilis fanatları idilər. Yerli əhali ilə qonaq azarkeşlər arasında qarşılıqlı münasibətlər ən yüksək səviyyədə idi.

Bütün bunlar tamamilə təbiidir. Çünki azarkeş futbola baxmağa gəlir, dəstəklədiyi komandanın yanında olur, onun qalib gəlməsi üçün əlindən gələni edir, arzusu çin olanda sevinir, dəstəklədiyi klub matçdan məğlub ayrılanda məyus olur. Futbolçunun özü də oyun oynamaq üçün gəlir, qarşıya qoyduğu məqsədə nail olmaq üçün bütün qabiliyyətini nümayiş etdirməyə çalışır.

Bununla belə, Avroliqanın final görüşündən əvvəl və sonra baş vermiş bəzi hadisələrdən ibrət götürüb nəticə çıxarmağa dəyər. Hadisələr göstərdi ki, futbol adı ilə Azərbaycana gələn məsul şəxslərin, eləcə də final görüşünə Bakı Olimpiya Stadionunda yox, televiziya ekranı qarşısında tamaşa etməyi üstün tutanların bir hissəsi səmimiyyətdən tamamilə uzaq imiş.

UEFA turnirlərinin - Çempionlar Liqasının və Avroliqanın final matçları hər il Avropanın müxtəlif ölkələrində keçirilir.

İndiyədək hələ heç kim final ərəfəsində matçın ev sahibinin kimliyinə etiraz etməmişdi. Lakin bu dəfə Bakıya münasibət fərqli oldu. Hərçənd ümid etmək olardı ki, istər futbolçular, istərsə də azarkeşlər bir çox dünya və qitə əhəmiyyətli idman tədbirlərini, xüsusilə ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirmiş Azərbaycan paytaxtına səfəri səbirsizliklə gözləyəcək, möhtəşəm futbol matçının şahidi olacaqlar. Amma necə deyərlər, sən saydığını say, gör "Arsenal”ın başbilənləri nə sayır.

Avroliqanın Bakı finalı "Arsenal” üçün taleyüklü əhəmiyyət daşıyırdı. "Çelsi”dən fərqli olaraq, "topçular” milli çempionatın başa çatmış 2018/2019-cu illər mövsümündə ilk dörd yerdən birini tuta bilmədiklərinə görə UEFA Çempionlar Liqasından kənarda qalmış, nəticədə on milyonlarla avrodan məhrum olmuşdular. Amma onların Çempionlar Liqasının qrup mərhələsinə qatılmaq üçün hələ bir fürsəti qalmışdı: "Çelsi”yə qalib gəlib Avroliqanın kubokunu qazanmaq və bununla çoxgəlirli turnirə vəsiqə əldə etmək!

Gözləmək olardı ki, "Arsenal”ın rəhbərliyi bütün səylərini Avroliqanın Bakı finalına yönəldəcək, futbolçuların motivasiyasını yüksəltmək üçün var qüvvəsi ilə çalışacaq. Təəssüf ki, "topçular” başqa yol seçdilər. "Arsenal” həlledici matç barədə düşünmək əvəzinə azarkeşlərin Bakıya gəlişinin çətinliyindən söz açmağa başladı. "Arsenal”ın rəhbərliyi iddia edirdi ki, azarkeşlərdən nəqliyyat problemləri ilə əlaqədar çoxlu şikayət daxil olub və klubun rəhbərliyi onların qayğılarını bölüşür. Klubun başbilənləri final görüşlərinin keçirildiyi yerlərin seçilməsi meyarlarını öyrənmək istəyirdilər. "Topçular”ın başbilənləri UEFA-dan tələb edirdilər ki, gələcəkdə final yerlərinin müəyyən edilməsində azarkeşlərin tələbləri nəzərə alınsın.

"Arsenal” kimi köklü klubun belə bir hərəkəti cığallıqdan başqa bir şey kimi dəyərləndirilə bilməz. Azarkeşlər UEFA-ya qarşı tələb irəli sürə bilməzlər: onlar yalnız final matçını harada olursa-olsun yerindəcə izləyə, ya da televizorun qabağına keçə bilərlər. Final yarışlarını seçmək üçün meyarları bilməmək "Asenal” rəhbərliyinin şəxsi problemidir - sözügedən meyarlar UEFA-nın müvafiq sənədlərində əksini tapmışdır. Ona görə də UEFA-nın prezidenti Aleksander Çeferin bu cür sərsəm iddiaları anlaya bilməyib, neyləsin? Avropa futbol təşkilatının başçısı Bakını "Arsenal”ın rəhbərləri kimi düşünənlərdən fərqli gördü: onun dediyi kimi, Azərbaycan paytaxtında final görüşünü keçirmək üçün hər şey ideal şəkildə hazırlanmışdı!

Yəqin ki, "Arsenal”ın rəhbərliyi uydurduğu problemlərin əsassız olduğunu anladığından başqa bir qarayaxma kampaniyası həyata keçirmək istəmişdi: guya klubun futbolçusu Henrix Mxitaryan təhlükəsizlik ucbatından Bakıya gələ bilmir. Hərçənd Azərbaycan tərəfi erməni əsilli futbolçunun təhlükəsizliyinə təkrar-təkrar zəmanət vermişdi. Həm də, görəsən, Mxitaryan nə matahdır ki, ona xüsusi diqqət yetirilirdi? İngiltərə Premyer-Liqasının 2018/2019-cu illər mövsümünün nəticələri sübut edir ki, hücuma yönəlik erməni yarımmüdafiəçisi klubun nəinki ölkə çempionu olması, turnir cədvəlində heç olmasa dördüncü yeri tutması naminə heç nə etməmişdir. Mxitaryan 38 matçın 25-də meydana çıxıb cəmi 6 qol vurmuşdur. O, digər futbolçularla birlikdə tənəzzül dövrü keçirən "Arsenal”ın top-klub statusunu itirməsinə nəzərəçarpan "töhfə” vermişdir.

Beləcə üç ildir Çempionlar Liqasına həsrət qalmış "Arsenal”ın Avroliqaya qatılmaqdan başqa çarəsi qalmır. Qoy UEFA-nın əhəmiyyətcə ikinci turnirində oynasın, həm də uğursuzluğunu cəfəng iddialarla ört-basdır etməsin, hər hansı hoqqabazlıqdan kənarda qalsın, özünü yalnız futbola kökləsin. Bəlkə onda "topçular”ın "mərmi”si hədəfi vurar.

İndi "Arsenal”ın həm azarkeşləri, həm də Bakıya "ağır səyahət”dən şikayətlənən azarkeşləri susurlar. Bakıda Avroliqanın finalında darmadağın olub ağır yara almış klubun əməlli-başlı "müalicə”yə ehtiyacı var. Öz işləridir, özləri bilərlər.

"Arsenal”ın Bakı "sərgüzəşt”i başqa klublar üçün dərs olmalıdır. Futbol siyasət deyil, idmandır. İdmanı siyasətə qatanları yaxşı heç nə gözləmir. Onlar qazanmır, yalnız itirirlər.

Bakıda yel qayadan heç nə apara bilmədi. Paytaxtımız möhtəşəm matçdan ev sahibi kimi zəfərlə çıxdı, cığal isə məğlub olub qovrula-qovrula qaldı.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video