29 Dekabr 2011 02:12
340
SİYASƏT
A- A+

Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə gerçəkləşdirilə bilməz

 

Müstəqil Azərbaycan ötən 8 ildə inanılmaz dərəcədə dəyişib, zamanı qabaqlayaraq onilliklərə bərabər yol qət edib. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini mətinliklə geridə qoyan respublikamız bütün sahələrdə sürətlə inkişaf edir, abadlaşır, müasirləşir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri Azərbaycan vətəndaşlarının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Azərbaycan təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də çox irəliyə gedib.

2008-ci il oktyabrın 24-də keçirilmiş andiçmə mərasimində "Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm"  - deyən dövlət başçısı İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiqdir. Azərbaycan Prezidentinin verdiyi bütün vədlər əməli fəaliyyətə, real siyasətə əsaslanmış, milli maraq və mənafeləri maksimum dərəcədə özündə ehtiva etmişdir.

Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi, Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Azərbaycan Prezidenti İlham Əliyev praqmatik, peşəkar siyasətçi olaraq əməli addımları ilə hər bir fərdin maraq və mənafelərinin qorunmasına dövlət təminatının olduğunu praktik surətdə təcəssüm etdirir. Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir. Neftlə, qazla zəngin bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla Avratlantik məkana inteqrasiya edir. Demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirir. Bərabərhüquqlu tərəfdaşlıq və tarazlı xarici siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına da qətiyyətlə yol vermir.

Bu gün Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə respublikadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya miqyaslı layihələr olmaqla, Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açır. Bu layihələr eyni zamanda respublikamızın müstəqilliyini daha da möhkəmləndirir, regionda müstəqil siyasət aparmasını təmin edir. Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi  vurğulanır. "Caspian" İnformasiya Mərkəzinin təşəbbüsü ilə Böyük Britaniyanın nüfuzlu "Populus Limited" şirkətinin bu ilin sentyabrın

10-dan 30-dək Azərbaycanda min respondent arasında keçirdiyi rəy sorğusunun nəticələri də bunu bir daha təsdiqləyir.

Respondentlərin 95 faizi Azərbaycan Prezidenti İlham Əliyevə etimad göstərdiklərini, 96 faizi isə onun siyasətini bəyəndiklərini vurğulamışlar. Qurumun rəhbəri qeyd etmişdir ki, indiyədək Qərb ölkələrində keçirilən rəy sorğularında dövlət başçısına bu dərəcədə etimad göstərilməsi faktı qeydə alınmamışdır. Mərkəzin rəhbəri G. Frost demişdir ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 79 faizi Azərbaycanda ümumi vəziyyəti təqdir edir, 70 faizi isə ölkə iqtisadiyyatının düzgün istiqamətdə irəlilədiyini düşünür. Bundan əlavə, respondentlərin 82 faizi son 10-15 il ərzində Azərbaycanın düynadakı nüfuzunun artdığını, 54 faizi isə ölkədə həyat səviyyəsinin yaxşılaşdığını vurğulamışlar. Respondentlərin böyük əksəriyyəti Azərbaycanda nəqliyyat infrastrukturunun, səhiyyənin, təhsilin və digər sahələrin inkişaf etdiyini bildirmişlər. Müstəqil şəkildə aparılmış sorğunun nəticələrinə əsasən, ümumilikdə respondentlər Azərbaycanın təhlükəsiz, sabit, uğurla inkişaf edən, güclü bir ölkə olduğu fikrindədirlər.  

Prezident İlham Əliyev ötən 8 illik fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmiş, onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir. Dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının ona sonsuz etimadının əsas səbəblərindən biri kimi çıxış edir.

 Bu günlərdə "Rossiya" Dövlət Telekanalında Prezident İlham Əliyevə həsr edilmiş "Hakimiyyət formulu" proqramı göstərilmişdir. Prezident İlham Əliyev telekanala müsahibəsində Azərbaycanın keçdiyi inkişaf yoluna bir daha nəzər salmış, bütün sahələrdə aparılan uğurlu islahatların davamlı olacağını bildirmişdir. Prezident İlham Əliyev ölkədə həyata keçirilən islahatların ardıcıl və sistemli xarakter daşıdığını bildirmişdir: "Mən Prezident vəzifəsinə başlayanda, hətta ondan əvvəl, seçkiqabağı dövrdə də bildirmişdim ki, əgər mənə etimad göstərilərsə, atamın siyasətini davam etdirəcəyəm. Atam Azərbaycanı xaotik hadisələr, hakimiyyətsizlik və faktiki olaraq parçalanma girdabından çıxarmışdır. Qəbul olunan mühüm qərarlara gəlincə, mən Azərbaycanın strateji inkişafına təsir göstərənləri qeyd etmək istərdim. Bu, ilk növbədə, ölkənin regional inkişaf proqramıdır. Bu, mənim ilk siyasi addımlarımdan, təşəbbüslərimdən biri idi. Çünki paytaxtla regionlar arasında fərqi azaltmaq və aradan qaldırmaq zərurətə çevrilmişdi".

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bugünə qədər ölkəmizdə 950 mindən artıq iş yeri açılmışdır. Bununla bərabər, iş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayı artır, ixracdan asılılıq azalır. Ötən dövrün sosial-iqtisadi göstəriciləri Avratlantik məkana inteqrasiya kursunu əzmlə davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilərək Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan müstəqil respublikamızın sosial-iqtisadi sahədəki uğurlarının ardıcıl xarakter daşıdığını sübuta yetirir. Bütün bunlar həm də ölkə başçısının müəyyənləşdirdiyi iqtisadi prioritetlərin dayanıqlı əsaslara söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını təsdiq edir. Ölkə başçısı bildirmişdir: "Biz regionun bir hissəsiyik və əlbəttə ki, istər-istməz regionda baş verən proseslər bizə təsir edir. Amma Prezident kimi mənim vəzifəm region xarakterli hadisələrin Azərbaycana təsirini azaltmaq və əksinə, Azərbaycanın regional proseslərə təsir imkanlarını maksimum dərəcədə artırmaqdır. İqtisadiyyata gəlincə, Azərbaycanın iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 83 faizini təşkil edir. Gələcəkdə də bu rəqəm yalnız artacaqdır. Bu gün Azərbaycanın iştirakı olmadan heç bir layihə mümkün deyildir. Nə enerji, nə nəqliyyat, nə də xarici siyasət".

Xarici siyasətdə varisliyin qorunub saxlanılması hər bir dövlətin beynəlxalq miqyasda layiqli yerini tutması, maraq və mənafelərini təmin etməsi baxımından son dərəcə vacibdir. Ulu öndərin balanslı xarici siyasət kursunu inamla davam etdirən dövlət başçısı İlham Əliyev ötən illərdə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. "Azərbaycanın coğrafi mövqeyi özü onun xarici siyasətini müəyyən edir" - deyən dövlət başçısı respublikamızın necə həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinin fərqindədir və özünün xarici siyasət doktrinasında bölgənin özəlliklərini nəzərə alır.

Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi üzv seçilməsi də böyük diplomatik uğur sayıla bilər. BMT Nizamnaməsinin 23-cü maddəsinə əsasən, Təhlükəsizlik Şurası 5 daimi (Çin, Rusiya, ABŞ, Fransa və Böyük Britaniya), 10 qeyri-daimi üzvdən ibarətdir. Qeyri-daimi üzvlərin seçimində seçkiyə qoşulan ölkələrin beynəlxalq sülhün, təhlükəsizliyin qorunmasına, habelə BMT-nin digər məqsədlərinə nail olunmasına dəstəyi əsas götürülür. Eyni zamanda, dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu, sülhün və təhlükəsizliyin qorunmasına töhfələri həlledici amillər kimi nəzərə alınır. Şübhəsiz, BMT-dəki parlaq qələbəmiz son illərdə müstəqil respublikamızın beynəlxalq təşkilatlar daxilində əldə etdiyi ilk diplomatik nailiyyət deyildir. Cənab İlham Əliyevin xarici siyasətini "Ən yaxşı müdafiə hücumdur!" taktikası üzərində qurması nəticəsində Azərbaycan Avropa Şurası, ATƏT, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər mötəbər beynəlxalq təşkilatlarda da Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına və ifşasına nail olmuşdur. Dövlət başçısı müsahibəsində bu məsələlərə də toxunmuşdur: "Bu qələbə müstəqil Azərbaycanın bütün tarixi ərzində bəlkə də ən vacib, ən əhəmiyyətli və sanballı qələbədir. Bu qələbə bizim həm ölkə daxilində, həm də beynəlxalq aləmdə gördüyümüz bütün işləri əks etdirir. Müstəqilliyin 20 ili ərzində biz buna nail olmuşuq ki, 155 ölkə gərgin mübarizədə bizim namizədliyimizi dəstəkləyib. Əminəm ki, nüfuz, imic xarakterindən əlavə, bizim Təhlükəsizlik Şurasında üzvlüyümüzün praktiki səmərəsi olacaqdır. Özü də təkcə ölkəmizin maraqlarını təmin etmək üçün yox, o cümlədən bizim üçün ən mühüm və çətin məsələ olan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində maraqlarımızı təmin edəcəkdir. Biz bu mövzunu daim Təhlükəsizlik Şurasının diqqət mərkəzində saxlayacağıq. Lakin biz həm də sülhün, təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsi işinə töhfəmizi verməyə çalışacağıq".

 

Elnur HACIALIYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video