08 Avqust 2021 01:31
1518
İQTİSADİYYAT
A- A+

Azərbaycanın iqtisadi islahatları beynəlxalq səviyyədə təqdir olunur

 

Ölkəmiz “İqtisadi Azadlıq İndeksi”nə görə Avropanın bir çox ölkələrindən daha yaxşı mövqeyə malikdir

 

Azərbaycanda aparılan səmərəli iqtisadi islahatlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Dünyanın ən böyük beyin mərkəzlərindən biri olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycanın 6 pillə irəliləyərək 172 ölkə arasında 38-ci yerdə qərarlaşması ölkəmizdə iqtisadi islahatların düzgün yönümdə aparıldığını bir daha təsdiqləyir.

Davamlı aparılan iqtisadi islahatların nəticəsidir ki, ölkəmizə investisiya qoyuluşlarının həcmi getdikcə artır. Koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada olduğu kimi, Azərbaycanda da investisiya qoyuluşlarının həcminin azaldığı 2020-ci il istisna edilməklə (2020-ci ildə dünyada birbaşa xarici investisiyaların həcmi 42 faiz azalıb), ötən müddətdə daim yüksəlib.

Elə pandemiyadan əvvəlki 2019-cu ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşlarının həcmi 4,9 faiz artıb.

Sözsüz ki, investisiya qoyuluşlarının həcminin artması ölkədə iqtisadi azadlığın olmasını şərtləndirən mühitin yaradılmasının, bunun formalaşması üçün təşviqedici tədbirlərin həyata keçirilməsinin, zəruri hüquqi, iqtisadi və təşkilati bazasının və onun mexanizminin işlək olmasının və s. nəticəsidir.

Sadalanan amillərə görə Azərbaycan böyük həcmdə karbohidrogen ehtiyatlarına malik bir ölkə kimi yalnız neft sektoru deyil, qeyri-neft sektoru da xarici investisiyalar üçün cəlbedici olub. Azərbaycanda xarici investisiyaların qoyuluşuna iri dövlətləri təmsil edən şirkətlərin maraq göstərməsi ölkəmizdəki iqtsadi azadlıq mühitinin formal xarakter daşımadığını nümayiş etdirir. Statistik rəqəmlərdən də məlum olur ki, Azərbaycana investisiya qoyuluşunda ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya və digər iqtisadiyyatı güclü inkişaf etmiş dövlətlər maraqlıdırlar. Məsələn, bu ilin yanvar-iyun ayları üzrə açıqlanmış statistikaya görə, Azərbaycanda xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (21,1 faiz), İran (10,3 faiz), Rusiya (4,4 faiz), Böyük Britaniya (3,7 faiz), ABŞ (1,5 faiz) və Almaniya (1 faiz) kimi ölkələrin sahibkarları tərəfindən yaradılıb.

Əlverişli iqtisadi mühit Azərbaycan iqtisadiyyatının xarici təsirlərdən asılı olmadan getdikcə inkişaf etməsinə səbəb olmaqla yanaşı, onu dünyanın ən yüksək templə irəliləyən iqtisadiyyatlardan birinə çevirib. Bu gün ölkəmiz Cənubi Qafqazda ən güclü iqtisadiyyata malikdir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatında 60 faiz paya sahib olmaqla, bu sahədə liderdir. Ümumi daxili məhsulun 70 faizi həcmində strateji valyuta ehtiyatı formalaşdırmağa nail olan Azərbaycan bu göstəricisinə görə dünyada ilk 15 ölkə sırasında yer alıb. Bütün bunlar isə təbii ki, dayanmadan inkişaf edən Azərbaycanı xarici dövlətlər üçün invesitiya baxımından daha cəlbedici edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edir ki, Azərbaycan azadlıq indeksinə görə ən yaxşı mövqeyə malik 40 ölkədən biridir. “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycan praktik olaraq Avropanın bir çox ölkələrindən daha yaxşı mövqeyə malikdir. Onun sözlərinə görə, siyahıda ölkəmizdən 1 pillə öndə, yəni 37-ci yerdə Belçika, 1 pillə sonra isə İspaniya yer alır. Azərbaycan Polşa, Rumuniya, Sloveniya, Portuqaliya, Macarıstan, Slovakiya və digər Avropa ölkələrindən öndədir.

Deputat qeyd edir ki, indeks hazırlanan zaman 4 istiqamət üzrə qiymətləndirmələr aparılıb. Onlar “qanunun aliliyi”, “hökumətin ölçüsü”, “tənzimlənmənin səmərəliliyi” və “bazarın açıqlığı”dır. Azərbaycan həm “qanunun aliliyi”, həm də “hökumətin ölçüsü” kateqoriyasında olan 6 alt istiqamətin hər birində öz mövqeyini daha da yaxşılaşdırıb. Ölkəmizin “tənzimlənmənin səmərəliliyi”, “monetar azadlıq” üzrə mövqeyində artımlar var. Azərbaycanın bu qiymətləndirmədə ən yüksək balı “fiskal sağlamlığ”a görədir. Belə ki, Azərbaycan mümkün 100 baldan 99,4 bal toplaya bilib. “Vergi sistemi”nə görə də Azərbaycan 88,1 bal toplayıb. Eyni zamanda “humanitar azadlıq” üzrə 73,2 bal, “biznes azadlığı uğrunda” 80-dən yüksək bal toplayıb. “Əksər istiqamətlər üzrə Azərbaycan kifayət qədər yüksək bal toplayıb. Bu da praktik olaraq Azərbaycanın hesabatdakı mövqeyinə təsir göstərir. Hesabatda Azərbaycanın mövqeyinin yüksək olması ölkədə aparılan islahatlara beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır.  Bu hesabat dünyada qəbul edilən hesabatlardandır. Hesabatda müəyyən edilmiş “İqtisadi azadlıq indeks”i investorlar üçün vacibdir. Çünki burada həm vergi sistemi, həm fiskal, həm monetar, həm hüquq sistemi, investisiya və maliyyə üzrə qiymətləndirmələr var. Bu da investorların qərarlarına təsir göstərən faktorlardan biridir. Hesabat Azərbaycanda həyata keçirilən islahatların beynəlxalq təqdimatı baxımından vacib olmaqla yanaşı, Azərbaycana daha çox sərmayənin cəlb edilməsinə stimul yaradacaq” - deyə Vüqar Bayramov bildirir.

Azərbaycan iqtisadiyyatının sağlam təməllər üzərində inkişafı onun dayanıqlılığını təmin edir, makroiqtisadi sabitliyini qoruyur, iqtisadiyyatın investisiyalar hesabına daha da şaxələnməsinə imkan yaradır. Beləliklə, ölkəmiz beynəlxalq arenada formalaşmış etibarlı iqtisadi tərəfdaş mövqeyini daha da möhkəmləndirir. Siyasi sabitliyin, təhlükəsizliyin təmin edilməsi isə ölkəmizə əlavə üstünlük verərək onun iqtisadi arenadakı nüfuzunu daha da gücləndirir. Aparılan islahatların davamlı xarakter daşıdığı nəzərə alınarsa, əminiklə demək olar ki, Azərbaycanın “İqtisadi Azadlıq İndeksi” hesabatındakı irəliləyişi bundan sonra da davam edəcək və 137  ölkəni qabaqlayan ölkəmiz özündən əvvəlki 37 pilləni də bir-bir adlayaraq daha da ön sıralara çıxacaq.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video