11:17 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın ilk satirik jurnalı - “Molla Nəsrəddin”

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:52 04.04.2021

 

1906-cı il fevralın 21-də Azərbaycan, rus və tatar qəzetləri Cəlil Məmmədquluzadənin və Ömər Faiq Nemanzadənin Tiflis qubernatoruna ərizə ilə müraciət edərək “Molla Nəsrəddin” adlı satirik-yumoristik jurnalın nəşrinə icazə istədikləri barədə oxucularına məlumat verdilər. Xəbərlər dərc edən mətbu orqanlar arasında “Həyat”, “İrşad”, “Tərcüman”, “Vozrojdeniye”, “Kaspi”, “Baku”, “Novoye obozreniye”, “Kavkazskoye utro”, “Na povorote” qəzetləri vardı.

Yeni jurnalın nəşrinə icazə verilməsi xəbərini “Novoye obozreniye” 1906-cı il fevralın

24-də, “Kavkazskoye utro” fevralın 26-da, “Kaspi” isə martın 1-də dərc etdi. Jurnalın fəaliyyətə başlaması üçün Tiflis qubernatoru dəftərxanası tərəfindən Cəlil Məmmədquluzadəyə şəhadətnamə martın 4-də verildi.

“Molla Nəsrəddin”in birinci sayı 1906-cı il 7 apreldə işıq üzü gördü. İstedadlı və peşəkar qələm əhlinin ərsəyə gətirdiyi yeni mətbu orqanın məramı, məqsədi də elə ilk qədəmindən bəlli oldu. Əvvəla, ad seçimi yaradıcı heyətin ideyasını ifadə edirdi. Oxucusunu güldürəcəyini adı ilə bəyan edən yeni mətbu orqan gülüş hədəflərini də oxucularına nişan verirdi. Jurnalın birinci sayının üz qabığında verilmiş karikaturada “Molla Nəsrəddin”in qayəsi əks olunmuşdu. Həmin karikaturada Molla Nəsrəddin kimisi dərin yuxuya dalmış, kimisi yenidən yatmağa hazırlaşan soydaşlarını göstərərək gülürdü. Milliyyətcə alman olan karikaturaçı-rəssam Oskar Şmerlinqin bu əsərinin ideya müəllifi hesab edilən Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”in kimlərə güləcəyini açıq-aydın bildirirdi: “Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub, o qədər “xa-xa!” edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib, “lənət şeytana!” dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz.

Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza”.

“Molla Nəsrəddin” jurnalının fəaliyyətə başladığı Tiflis şəhəri o zaman Rusiya imperiyasının Qafqazda mərkəzi hesab edilirdi. Mədəniyyətin, maarifin tərəqqisi ilə diqqəti çəkən bu şəhərdə Azərbaycan ziyalılarının bir çox tanınmış nümayəndəsi yaşayırdı. “Molla Nəsrəddin”in redaktoru Cəlil Məmmədquluzadə və təsisçisi Ömər Faiq Nemanzadə bu ziyalıların əksəriyyəti ilə tanış idi.

Jurnalın ilk sayı min tirajla nəşr olundu və Mirzə Cəlilin dediyi kimi, yarısı günortayadək Tiflis şəhərində satıldı. Və qısa müddətdə “Molla Nəsrəddin” şöhrətləndi. Xalqımızın milli oyanışında böyük əməyi olan, Azərbaycanın ilk satirik jurnalı “Molla Nəsrəddin” əsrin dörddə biri ərzində, müəyyən fasilələrlə nəşr olundu. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edildi. Ümumilikdə 748 sayı işıq üzü gördü. Bütün fəaliyyəti müddətində məşhur olmağı bacardı.

Şöhrət “Molla Nəsrəddin”ə yalnız dostlar deyil, həm də çoxlu düşmən qazandırdı. Çar məmurları, erməni danosçuları bu jurnalın fəaliyyətinə maneələr törətmək üçün müxtəlif vasitələrə əl atırdılar. Molla nəsrəddinçiləri ən çox təəssüfləndirən isə “Molla Nəsrəddin”ə qənim kəsilənlərin arasında halına yandıqları, dərdlərinə gülə-gülə ağladıqları, haqqını, hüququnu tələb etdikləri, tərəqqi edərək azad və xoşbəxt yaşamalarını istədikləri, bunun üçün hər cəfaya qatlaşdıqları soydaşları da var idi. Molla nəsrəddinçiləri ən çox kədədləndirən bu idi ki, onların savadsız olmalarına, inkişaf edən dünyanın işlərindən baş çıxarmalarına düşmənləri də səy göstərirdi, özləri də. Şair Mirzə Ələkbər Sabir “Güləyən” imzası ilə “Molla Nəsrəddin”ə yazdığı şeirdə bundan bəhs edirdi:

Fikr tədris edən əşxası kənar etməliyiz,

Hər nasıl olsa bu bidinləri zar etməliyiz,

Ölkədən bunları məcburi-fərar etməliyiz,

Tez zamanda vətəni, milləti xar etməliyiz;

Boyləcə naili-məqsudü məram olmalıyız!

Yaşamaq istər isək sırf əvam olmalıyız!

Jurnalın yaradıcı heyəti öz oxucularını, üz tutduqları auditoriyanı çox yaxşı tanıyır, kimlərə xitab etdiklərini bilirdilər. Odur ki, hələ ilk sayda Cəlil Məmmədquluzadə üzünü oxuculara tutaraq yazırdı: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: “Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”.

Sözünü səni dinləmək istəməyənlərə eşitdirmək üçün böyük zəhmətə, əzab-əziyyətlərə qatlaşmaq, çəfakeş olmaq, fədakarlıq göstərmək gərəkdi. Bu yol mətbuatımızın birincisi - “Əkinçi”dən başlamışdı. Və zaman dəyişsə də, vəziyyət dəyişməmişdi. Xalqın böyük hissəsi onun yolunda şam kimi yanan fədakarlarının səsini eşitmək istəmirdilər. Mirzə Cəlil isə təəssüf hisslərini belə qələmə alırdı: “Hərdən otururam və papağımı qoyub fıkirləşirəm, öz-özümə deyirəm: ay rəhmətliyin oğlu, axı, bu müsəlmanlardan nə istəyirsən? Sonra öz-özümə cavab verirəm ki, vallah, heç özüm də bilmirəm ki, nə istəyirəm. Lal ol, ay Molla! Nə səmər hasil olacaq bu sözlərdən? Kimdir sənə qulaq verən? Kimdir məcmuə və qəzet oxuyan? Qulaqlar kar, gözlər kor, zövqlər məhv... Kimdir etina edən sənin həcv və məsxərənə? Sən ha yaz, yaz, yaz, yaz...”

XX əsrin əvvəllərində Azərbaycan ziyalıları oxumağın əhəmiyyətini Mirzə Ələkbər Sabirin təbirincə desək,

Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

düşüncəsi ilə təhsilə düşmən kəsilərək oğlunu məktəbə göndərmək istəməyən ataya

Nə bilirdik nə zəhirmardı kitab?

Biz olan evdə haçan vardı kitab?

Büsbütün gül kimi insanlarıdıq,

Nə müəllim və nə dərs anlarıdıq;

deyən, öz hüquqsuzluğunu anlamayan, oxuyub savad almağın faydalarından xəbərsiz olan qadına başa salmalı, onu inandırmalı idilər. Və bu vəziyyət, problemlərini özü anlayıb həll etməyi düşünməyənlərin onları bu girdabdan xilas edənlərə də düşmən nəzərləri ilə baxmaları bütün sahələrdə mövcud idi. Bununla belə, Molla nəsrəddinçilər ruhdan düşmürdülər. Hər kəsin anlayacağı sadə, şirin ana dilində xalqa xalqın dərdlərini anladırdılar. “Molla Nəsrəddin”in “qəhrəmanları”nın bəziləri öz eyiblərini görməyərək gülüb keçir, bəziləri isə müəllifə düşmən kəsilirdi. Jurnal isə öz tövrünü dəyişmədən satirik əsərlərinin gülüş hədəfinə çevirdiyi müasirlərinə qurtuluş yolunu göstərirdi.

XX əsrin əvvəllərində Azərbaycanın, azərbaycanlıların ictimai-siyasi, iqtisadi, mədəni həyatında saysız-hesabsız problemlər mövcud idi. “Molla Nəsrəddin” xalqın inkişafına mane olan problemləri, nöqsanları tənqid edirdi. O zaman Azərbaycanda hökm sürən savadsızlıq, məktəblərin azlığı, olanların böyük əksəriyyətinin isə dövrün tələblərinə cavab verməməsi, sayca az oxumuşlarımızın bəzilərinin də doğma millətin dərdlərinə biganə yanaşmaları, qadınlarımızın hüquqsuzluğu, yoxsulluq, səfalət Molla nəsrəddinçiləri düşündürən ən ümdə məsələlərdən idi. “Molla Nəsrəddin”in yazarları xalqımızın mədəni geriliyinə, dini xurafata, mövhumata, cəhalətə, avamlığa, çarizmin mürtəce siyasətinə qarşı inadla mübarizə aparırdılar. Onlar yalnız əsir vətən, əsarətin məngənəsində çırpınan azərbaycanlıların dərdlərini anlatmaqla kifayətlənmirdilər, soydaşlarını tərəqqiyə səsləyirdilər.

 

Z.FƏRƏCOVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM