13 Oktyabr 2011 07:10
422
SİYASƏT
A- A+

Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldən şərəfli missiya

 

Ömrünü təmənnasız olaraq ölkəsinin rifah və inkişafına həsr edən, bundan hədsiz qürur duyduğunu hər zaman iftixarla dilə gətirən ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının qəlbində və tarixində xatirəsini əbədi yaşadan ümdə səbəblərdən biri yüksək humanizmə söykənən nəcib əməlləri olmuşdur. Fəaliyyətində ədalət, xeyirxahlıq, milli-mənəvi dəyərlərə sadiqlik əsas yer tutan Heydər Əliyev təkcə xalqı qarşısında yerinə yetirdiyi xilaskarlıq missiyasına görə yox, həm də öz mərhəməti, diqqəti, insanpərvərliyi, müdrikliyi, qətiyyəti və əzmkarlığı ilə yaddaşlarda daim yaşayacaq.

Ulu öndərin nəcib əməllərinin davam etdirilməsində, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanmasında, milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənclərin formalaşdırılmasında bu gün unudulmaz böyük rəhbərin  adını daşıyan,  amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən Heydər Əliyev Fondu müstəsna rol oynayır.

Fondun fəaliyyət dairəsi təkcə Azərbaycan sərhədləri ilə məhdudlaşmır, kifayət qədər geniş bir coğrafiyanı əhatə edir. Bu mənada təsadüfi deyil ki, ölkəmizlə bağlı reallıqların dünya ictimaiyyətinə çatdırılmasında, respublikamızın   beynəlxalq aləmdə daha geniş spektrdən tanınmasında, qədim və zəngin mədəniyyətə, söz, muğam sənətinə malik xalqımızın milli dəyərlərinin qorunmasında və təbliğində Heydər Əliyev Fondu tarixi əhəmiyyətə malik missiya yerinə yetirməkdədir. Bu gün modern inkişaf yolunda möhtəşəm nailiyyətlərə imza atmaqla uğurla irəliləyən Azərbaycanın qazandığı müvəffəqiyyətlərin tanınması və təşviqində, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsində, sivilizasiyalararası dialoqun genişləndirilməsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin bütün dünyada dəstəklənməsi istiqamətində bu nüfuzlu təşkilatın misilsiz xidmətləri danılmaz həqiqətdir. Hazırda fond bir sıra dövlətlərdə nümayəndəliklər yaradır, eləcə də həmin ölkələrdə fəaliyyət göstərən analoji qurumlarla əməkdaşlıq əlaqələrini davamlı şəkildə genişləndirir. Təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də Heydər Əliyev Fondu öz xeyirxahlıq missiyasını uğurla yerinə yetirərək mərhəmət və şəfqət ünvanına çevrilməkdədir. Ümumiyyətlə, fəaliyyəti dövründə qurumun həyata keçirdiyi proqram və layihələr, təşkil etdiyi konfranslar, görüşlər, nəşr etdirdiyi kitablar, beynəlxalq aləmdə qazandığı nüfuz çox böyük müsbət nəticələrdən xəbər verir. Bütün bunlar ölkəmizlə yanaşı, dünyada Heydər Əliyev Fonduna, onun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin rəğbət və dəstək qazandırmışdır.

Çoxşaxəli fəaliyyətində mərhəmət və  humanizm kimi ümumbəşəri prinsiplərə sadiq qalan Mehriban xanım Əliyevanın şəxsiyyətində nəciblik, qayğıkeşlik, insanpərvərlik kimi yüksək mənəvi keyfiyyətlər öz təcəssümünü hər zaman real əməllərdə qabarıq şəkildə büruzə verir. Heydər Əliyev Fondunun prezidentinin milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliği, elmin, təhsilin səviyyəsinin yüksəldilməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki-mənəvi sağlamlığının təmini yönümündə gördüyü işlər bunun ən bariz sübutudur. Nəcib missiyalar daşıyıcısı olan fondun, onun prezidentinin qarşıya qoyduğu məqsədlər kifayət qədər genişdir və ictimai həyatın demək olar ki, bütün sahələrini  əhatə edir. Artıq dövrünün görkəmli ictimai xadimlərindən biri olan  Mehriban xanım Əliyeva beynəlxalq görüş və tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil edir, ölkə reallıqlarını ən yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırır, xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları, qaçqın və məcburi köçkünlərin haqq səsini hər fürsətdə beynəlxalq aləmə eşitdirir.

Mənsub olduğu xalqın sonsuz məhəbbətini və etimadını qazanan Mehriban xanım Əliyevanın zəngin mənəvi və intellektual potensiala söykənən  mükəmməl fəaliyyətinin nəticəsi ona gətirib çıxarmışdır ki, Heydər Əliyev Fondunun gördüyü işlərin sorağı indi dünyanın müxtəlif ölkələrindən, nüfuzlu beynəlxalq qurumların tribunalarından gəlir. Fondun bilavasitə təşəbbüskarı və  icraçısı olduğu layihələr məhz Mehriban xanımın yüksək təşkilatçılığı sayəsində peşəkarlıqla həyata keçirilir, möhtəşəm nəticələrin əldə olunmasına gətirib çıxarır. Bu layihələr mahiyyətcə yeni üslub, etalon xarakteri daşıyır və əksər hallarda beynəlxalq səviyyədə tətbiqini tapır.

Dövlət müstəqilliyinin 20 illiyinin təntənəli şəkildə qeyd olunmasından və bu müddət ərzində Azərbaycanın müəllifi olduğu uğurlardan dünya ictimaiyyətinin daha geniş şəkildə məlumatlandırılmasında yenə  Heydər Əliyev Fondu misilsiz xidmətlər göstərir. Bu məqsədlə cari ilin əvvəllərindən etibarən dünyanın müxtəlif dövlətlərində, o cümlədən Qərb ölkələrində fond tərəfindən tədbir və mərasimlər keçirilir. Həmin mərasimlərdə Mehriban xanım Əliyeva şəxsən iştirak edir, Azərbaycanın tarixi, müasir tərəqqi yolu, qazandığı nailiyyətlər barədə geniş məlumatlar verir və hər zaman ölkəmizin ərazi bütövlüyünün zor gücünə pozulması faktını yüksək tribunadan beynəlxalq ictimaiyyətin nəzərinə çatdırır. Bu il fevralın 17-də Parisdə Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə və "Azərbaycan" kitabının təqdimatına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı Mehriban xanım Əliyeva ölkənin gələcəyə istiqamətlənən bir dövlət olduğunu bildirməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq qeyd etmişdir: "Biz əminik ki, gün gələcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, hər bir məcburi köçkün, hər bir qaçqın öz doğma torpağına qayıdacaqdır. Bizim hər bir nailiyyətimizin arxasında Azərbaycan vətəndaşının zəkası, biliyi, bacarığı, istedadı və əməyi durur. Azərbaycan gələcəyə istiqamətlənən dövlətdir. Biz böyük yolun əvvəlindəyik. Müstəqil və dünyəvi dövlət olaraq, tariximizə və köklərimizə sadiq olaraq, mədəniyyətimizi və ənənələrimizi qoruyaraq biz ümumdünya dəyərlərinə, azadlıq, demokratiya, aşkarlıq, dünya birliyinə inteqrasiya yolunu seçmişik".

Mayın 17-də isə Moskvada Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunan "Azərbaycan gecəsi" adlı təntənəli mərasim keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü, ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan və Dövlət Kreml Sarayında keçirilən mərasimdə Azərbaycanın birinci xanımı iştirak etmişdir. Sentyabrın 29-da Berlində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş növbəti təntənəli mərasimdə Mehriban xanım Əliyeva müstəqillik illərində ölkəmizin azadlıq, demokratiya və aşkarlıq ünvanı sayılan Avratlantik məkana inteqrasiya  məqsədilə gördüyü işlər haqqında geniş məlumat vermiş, xalqımızın daim tarixini, mədəniyyətini, dilini qoruyub saxlayaraq milli mənliyini itirmədiyini diqqətə çatdırmışdır.

Bu tədbirlər vasitəsilə daha geniş ictimaiyyət Heydər Əliyev Fondunun təkcə Azərbaycanın incəsənət və mədəniyyətinin deyil, həmçinin bütün Avropa mədəniyyətinin inkişafına da öz töhfəsini verdiyini öyrənir, qurumun fəaliyyətini təqdir edir. Elə Avropanın özündə Heydər Əliyev Fondu tərəfindən Parisdə kilsələr bərpa olunmuş, Berlinin rəmzi olan qəsrin yenidən qurulmasına 50 min avro ayrılmışdır. Heydər Əliyev Fondunun xətti ilə Parisdə Versal Sarayının parkında abidələr bərpa edilir, Strasburqda Müqəddəs Məryəm kafedral kilsəsinin yenidən qurulmasına yardım göstərilir, Pakistanda zəlzələdən zərər çəkən qızlar məktəbi yenidən inşa edilir, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqları müasirləşdirilir, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verilir, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarca qlobal və mükəmməl layihəyə imza atılır.

Azərbaycan mədəniyyətinin təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın mənəvi inciləri bir-birinin ardınca dünya qeyri-maddi mədəni irs siyahısına salınır. Eyni zamanda, ölkəmiz beynəlxalq miqyasda daha böyük mədəni uğurlara imza atır. Elə cari ilin  may ayında Almaniyada keçirilən Azərbaycanın gənc ifaçılarının musiqi yarışmasındakı parlaq qələbə əldə etməsində fondun fəal dəstəyi, təşkilatçılıq səyləri mühüm rol oynamışdır. Təmsilçilərimizin Düsseldorfdakı uğurundan danışarkən Azərbaycan dövlətinin gənclər siyasətini, mədəniyyətin inkişafına diqqət və qayğısını xüsusi vurğulamaq lazımdır. Ölkə əhalisinin böyük bir hissəsini təşkil edən gənc nəslin fiziki və mənəvi baxımdan sağlam böyüməsi, yüksək təhsil alması, xalqımızın milli-mənəvi dəyərləri ilə yanaşı, ümumbəşəri dəyərlərə də yiyələnməsi, bir sözlə, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşması üçün dövlət səviyyəsində görülən ardıcıl tədbirlər bütün sahələrdə müsbət nəticələr verir. Bu illər ərzində Heydər Əliyev Fondu istedadların aşkar edilməsi və onların yaradıcı potensialının inkişafında gərgin işin bayraqdarı olmuşdur.

Xatırlatmaq yerinə düşərdi ki, Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan  "Eurovision" mahnı müsabiqəsinin qaydalarına əsasən, qalib ölkə növbəti ildə yarışmanı keçirmək hüququnu qazanır. Prezident İlham Əliyevin mayın 19-da imzaladığı sərəncama əsasən, gələn il "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılmışdır. Həmin sərəncamla Təşkilat Komitəsinin sədri "Eurovision"da iştirakımızın təşəbbüskarı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva təyin edilmişdir. Komitə "Eurovision-2012" mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planının hazırlanıb icra olunmasında artıq əməli fəaliyyətə başlamışdır.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə, habelə mədəniyyət, təhsil, səhiyyə, idman sahələrində son dərəcə gərəkli layihələrin həyata keçirilməsinə yönəlmişdir. Mehriban xanımın əzmkarlığı, təşəbbüskarlığı, həyata keçirilən proqram və layihələrə, ümumən Heydər Əliyev Fondunun işinə yaradıcı münasibəti ulu öndərin adını daşıyan bu təşkilatın  fəaliyyətində kifayət qədər geniş spektri əhatə etməsini şərtləndirən ən mühüm amillərdən biridir. Bu gün qurumun fəaliyyəti bir çox insanların ümid yerinə çevrilib və həyata keçirdiyi dəyərli layihələr, nəcib və xeyirxah təşəbbüslər təkcə respublikada deyil, beynəlxalq miqyasda da Azərbaycanın birinci xanımının dərin inam və etimad qazanması, nəcib missiyalar daşıyıcısı və zəngin mədəniyyətimizin dünyada ən fəal təbliğatçılarından olaraq tanınması ilə nəticələnmişdir. Bu mənada tamamilə təbiidir ki, Mehriban xanım Əliyeva 2004-cü ilin sentyabrında YUNESKO-nun "Xoşməramlı səfiri" seçilmişdir. Həmçinin sivilizasiyalararası dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 4-də İSESKO-nun "Xoşməramlı səfiri" adına layiq görülmüşdür. Genişmiqyaslı nəcib əməllərinə görə Azərbaycanın birinci xanımı müxtəlif  beynəlxalq mükafatlara, fəxri adlara, təltiflərə layiq görülmüşdür.  2004-cü il dekabrın 28-də birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilmiş, bir il sonra Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən "İlin qadını" adına layiq görülmüşdür. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni ilə təltif olunmuşdur. Heydər Əliyev Fondunun prezidenti Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən ölkəmizin təhsil sisteminin inkişafındakı xidmətlərinə, milli-mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə "2005-ci ilin adamı" elan olunmuşdur. Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Azərbaycanın birinci xanımı ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə, bu beynəlxalq təşkilatın mükafatına layiq görülmüşdür. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə o,  2007-ci ilin mayında "Qızıl ürək" beynəlxalq mükafatı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə ölkənin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatına layiq görülmüşdür. 2009-cu il sentyabrın 14-də Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, 2010-cu il fevralın 15-də Mehriban xanım Əliyeva Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin sərəncamı ilə "Şərəf Legionunun Zabiti" dövlət ordeni ilə təltif edilmişdir. Xatırladaq ki, cari il oktyabrın 7-də Fransa Prezidenti Nikola Sarkozinin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bu dövlət ordeninin təqdim olunması mərasimi keçirilmişdir. Həmçinin 2010-cu il iyulun 30-da Mehriban xanım Əliyevaya YUNESKO-nun "Qızıl Motsart" medalı təqdim edilmiş, həmin ilin dekabrında türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə TÜRKSAV-ın "Türk dünyasına xidmət" mükafatına, 2011-ci il iyunun 24-də Krans Montana Forumunun qızıl medalına layiq görülmüşdür. Bütün bunlar Mehriban xanım Əliyevanın çoxmissiyalı fəaliyyətinin dünya miqyasında təqdir olunduğunu və diqqətlə izləndiyini aydın göstərir. Eyni zamanda, Azərbaycanın birinci xanımının təltif olunduğu mükafat və medallar ölkəmizə verilən yüksək qiymətin göstəricisidir.

Mehriban xanım Əliyeva Vətəninə və millətinin imicinə beynəlxalq səviyyədə ölçüyəgəlməz dividendlər gətirir, əsl vətəndaşlıq nümunəsi formalaşdırır. Heydər Əliyev Fondunun  rəhbəri öz səmərəli fəaliyyəti ilə mötəbər beynəlxalq təşkilatların imkanlarından maksimum yararlanmaq, həmçinin Prezident İlham Əliyevin siyasətinə müvafiq ölkəmizin beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinə nail olmaq nümunəsi də nümayiş etdirir.

Heydər Əliyev Fondunun Bakıda təşkil etdiyi beynəlxalq tədbirlərin əhəmiyyəti də bu baxımdan xüsusi vurğulanmalıdır. Son illər YUNESKO, İSESKO, YUNİSEF və digər beynəlxalq qurumlarla birgə keçirilən tədbirlər Azərbaycanın qlobal sferada sülh, tərəqqi və iqtisadi əməkdaşlıq mərkəzi kimi tanındığını, nüfuzunun yüksəldiyini göstərir. Həmin tədbirlərdə dini-etnik ayrı-seçkiliyin, gender bərabərsizliyinin, savadsızlığın aradan qaldırılması məsələləri, habelə səhiyyə, elm, təhsil, mədəniyyət sahəsində qlobal problemlər ətraflı müzakirə olunur.  Əksər hallarda Heydər Əliyev Fondunun layihələri qlobal xarakteri və keyfiyyətinə görə hətta beynəlxalq layihələri üstələyir. BMT, İslam Əməkdaşlığı Təşkilatı, YUNESKO, İSESKO və onlarca mötəbər qurumun yüksək vəzifəli şəxsləri Heydər Əliyev Fondunun layihələrinin əhəmiyyətliliyindən təsirləndikdlərini açıq etiraf edirlər.

Mehriban xanım Əliyevanın YUNESKO-nun "Xoşməramlı səfiri" seçilməsi ilə Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsindəki fəaliyyəti bir qədər də genişlənmişdir. "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və bəstəkarların yubileylərinin keçirilməsi, YUNESKO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsi bu fəaliyyətin mühüm nəticələri kimi diqqəti çəkir. Fondun prezidentinin şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli sərvəti sayılan muğam YUNESKO-nun vasitəsilə bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilmişdir.

Mehriban xanım Əliyevanın YUNESKO xətti ilə keçirilən tədbirlərdə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində xalqımıza məxsus tarixi, mədəni və dini abidələrin dağıdılması faktları bütün çıxışlarında əsas yer tutur. O, təkcə çıxışlarında deyil, rəhbərlik etdiyi təşkilatların fəaliyyətində də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görür. Bir çox dillərdə Azərbaycan həqiqətləri adlı kitablar nəşr olunmuşdur ki, bunlarda da Qarabağın tarixi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Xocalıda törətdikləri soyqırımı, erməni terror təşkilatlarının dinc azərbaycanlılara, türk insanına qarşı törətdiyi vəhşiliklər barədə geniş məlumatlar öz əksini tapır.

Qeyd edilən vəzifələrin yerinə yetirilməsində özünəməxsus fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, sözün əsl mənasında, Azərbaycanla Şimal qonşumuz arasında həm də nəcib diplomatik missiya yerinə yetirməkdədir. 2007-ci ilin mayında Rusiyada açılan Heydər Əliyev Fondunun nümayəndəliyinin başlıca vəzifələrindən biri də ölkələrimiz arasında mədəni və sosial-humanitar körpülər yaratmaqdır. Fondun proqramlarının irəliləyişini təmin edən əsas mexanizm vətəndaş diplomatiyasıdır. Rusiyada bu diplomatiyanın siması və bilavasitə icraçısı Leyla Əliyevadır. Məhz Leyla Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində böyük işlər görmüşdür. Bu gün də Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun genişləndirilməsi yönümündə atılan addımlar, Rusiyanın mədəni ictimaiyyəti ilə müxtəlif səviyyəli görüşlər keçirilməsi, Azərbaycanın zəngin mədəniyyətinin qonşu ölkədə təbliği siyasəti uğurla davam etdirilir.

Faktdır ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti bəşəriyyətin xilasına yönələn milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Bu kontekstdə fondun genişmiqyaslı xeyirxahlıq missiyası həyata keçirməsi tamamilə təbii xarakter daşıyır və bu zaman cəmiyyətin ən həssas təbəqələri xüsusi diqqət mərkəzində yer alır. Heydər Əliyev Fondu cəmiyyətin ən həssas təbəqəsindən hesab olunan  qaçqın və məcburi köçkün, aztəminatlı ailələr, uşaq və internat evlərinin sakinləri ilə sıx təmasdadır.

Fəaliyyətində təhsil sferası xüsusi yer alan fond fəaliyyətə başladığı müddətdən bu günə kimi "Yeniləşən Azərbaycana yeni məktəb" və digər proqramlar çərçivəsində 300-dən çox məktəb və uşaq bağçasının  tikilib istifadəyə verilməsində,  yaxud təmir edilməsində, yenidən qurulmasında əsas təşəbbüskar olmuşdur. Fond səhiyyə sahəsində də böyük layihələr həyata keçirmişdir. Onların içərisində "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələri xüsusi vurğulanmalıdır.

Fond səhiyyə müəssisələrinin yenidən qurulmasına, fiziki cəhətdən qüsurlu uşaqlar üçün reabilitasiya mərkəzlərinin inşa edilməsinə və müasir avadanlıqla təchiz olunmasına xüsusi önəm verir. Mötəbər qurum dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq edir. Heydər Əliyev Fondu BMT-nin İnkişaf Proqramı ilə birgə "Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi"nə dair layihə həyata keçirmişdir.

Azərbaycanın birinci xanımı üzərinə götürdüyü xoşməramlı missiya ilə həm də insan hüquqlarının qorunmasına, vətəndaş cəmiyyəti ideyalarının  möhkəmlənməsinə, habelə cəza siyasətinin humanistləşdirilməsi prosesinə öz töhfələrini verir. Cəmiyyətdə insanpərvərlik və humanizm ideyalarının möhkəmlənməsinə çalışan Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müxtəlif vaxtlarda irəli sürülmüş və geniş ictimai dəstək almış amnistiya aktları isə böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb edir.

Bütün bunlar ulu öndərin adını daşıyan fondun Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkədə və dünyada mühüm nəcib missiyalar yerinə yetirdiyini, eyni zamanda, Azərbaycanın bəşəri miqyasda tanınmasına, ölkəmiz haqqında obyektiv ictimai rəyin formalaşmasına kifayət qədər böyük töhfələr verdiyini aydın göstərir.

 

Kamran ASLANOV,

respublikanın baş stomatoloqu, tibb üzrə fəlsəfə doktoru, əməkdar həkim

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video