09:42 19 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanda uğurlu sosial siyasət yürüdülür
ANA SƏHİFƏ / SİYASƏT
00:34 16.08.2020


İlham ƏLİYEV: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”


Dünyanın hər yerində ciddi fəsadlara yol açan koronavirus infeksiyası tək insanların sağlamlığı üçün təhlükə yaratmadı. İndiyə kimi bütün planeti əhatə etməklə 20 milyona yaxın insanın yoluxmasına, 700 mindən artıq insanın ölümünə səbəb olan xəstəlik həm də hər yerdə iqtisadiyyata zərbə vurub, sosial rifahın aşağı düşməsinə səbəb olub.


5 milyona yaxın vətəndaşı əhatə edən sosial dəstək tədbirləri


Virus Azərbaycandan da yan ötmədi. Lakin xəstəliyin ilk qeydə alındığı fevral ayının sonunda həyata keçirilən qabaqlayıcı tədbirlər sonrakı dövrdə mümkün ciddi təhlükələrin qarşısını aldı. Xüsusən həmin vaxt Avropa ölkələrində yaşanan faciələr Azərbaycanda baş vermədi. Həmin vaxt ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər beynəlxalq səviyyədə də təqdir edildi, Azərbaycan bütün dünyaya nümunə olaraq göstərildi.

Təbii ki, pandemiya səbəbindən Azərbaycanda da iqtisadi fəallıq əvvəlki aylara nisbətən azaldı ki, bunun da sosial sferaya təsiri qaçılmaz idi. Bu reallığı ilk gündən düzgün dəyərləndirən Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri əhalinin sosial rifahının qorunması idi. Təsadüfi deyil ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapdı. Aprelin 17-də isə Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə bu məqsədlər üçün 600 milyon manat vəsait ayrıldı. Ötən dövrdə sosial məsələlərlə bağlı görülən tədbirlərə nəzər salaq:

- Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqları ödənildi;

- Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verildi və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb;

- 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edildi;

- Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz şəxsi əhatə edən aylıq 190 manat birdəfəlik ödəmə proqramı icra edildi;

- Məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırıldı, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub;

- Özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailədə (50 min ailə üzvü) kiçik təsərrüfatların qurulması işləri aparılır;

- 85 min ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur;

- 100 minədək aztəminatlı ailə (400 min ailə üzvü) ərzaq yardımı ilə təmin edildi;

- 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi ilə əhatə olunması işləri aparılır.

Ümumilikdə, Tədbirlər Planı üzrə ayrılan vəsait təqribən 3,5 milyard manatdır. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir. Onu da qeyd edək ki, sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayonda işsiz vətəndaşlara avqust ayında da 190 manat müavinət ödəniləcək. Avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə Prezident İlham Əliyev bununla bağlı göstəriş verdi. "Bu, bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar reallıqdır və bu reallığı biz özümüz yaradırıq, heç kimdən yardım almadan, maliyyə dəstəyi almaq üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən. Baxmayaraq ki, bu gün dünya ölkələrinin mütləq əksəriyyəti maliyyə yardımı üçün müraciət edib. Biz öz gücümüzə arxalanırıq. Biz bu imkanları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə etmişik” - deyə Prezident İlham Əliyev müşavirədə qeyd etdi.


Heç bir proqram dayandırılmır


Sosial məsələlərin respublikamızda dövlət siyasətinin prioritetlərindən biri olması təcrübədə özünü göstərən reallıqdır. Əgər respublikamızın sosial inkişaf dinamikasına nəzər salsaq, davamlı şəkildə cəmiyyətin bütün üzvlərinin rifahının yüksəldilməsi yönündə mühüm qərarların qəbul olunduğunu, əsaslı tədbirlərin həyata keçirildiyini görərik.

Xüsusilə qeyd edilməlidir ki, ardıcıl şəkildə pensiyaların və əməkhaqlarının artırılması, o cümlədən aztəminatlı ailələrin sosial müdafiəsinə ayrıca diqqət yetirilməsi respublikada reallaşdırılan sosial siyasət kursunun mühüm tərəfini təşkil edir. Bütün bunların nəticəsi olaraq yoxsulluq səviyyəsi dəfələrlə azalıb, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm nəticələr əldə olunub.

Azərbaycan reallığında başqa bir həqiqət ondan ibarətdir ki, iqtisadiyyatda baş verən çətinliklərə rəğmən, ölkədə bir dənə də olsun sosial proqram dayandırılmadı. Buna misal olaraq Prezident İlham Əliyevin diqqəti, qayğısı nəticəsində ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını, onların mənzillə və fərdi evlərlə təminatı proqramının ildən-ilə genişlənməsini göstərmək olar. Son olaraq iyulun 21-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasiminin keçirilməsi bunu təsdiq edir.

Xatırladaq ki, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev, 2019-cu ildə isə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Pandemiya dövrü olmasına baxmayaraq, bütün sosial proqramlar kimi bu proqram da genişləndirilir. Belə ki, dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulur ki, onlardan da artıq 554-ü verilib. Ümumilikdə isə, indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.

Respublikamızın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər geniş vüsət alır. Belə ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verilib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə, indiyədək müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili ilə təminatı həyata keçirilib.

Onu da qeyd edək ki, bu ilin əvvəlindən pensiyaların indeksasiyası ilə bağlı dövlət başçısının qəbul etdiyi qərara uyğun olaraq 1,2 milyon pensiyaçının pensiyaları 16,6 faiz artırılıb. Ümumilikdə isə, bu ilin ötən dövründə orta pensiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq 300 manata yaxınlaşıb. Hazırda Azərbaycan minimum pensiyanın məbləğinə görə alıcılıq qabiliyyəti üzrə MDB-də birinci yeri, orta pensiyanın alıcılıq qabiliyyəti üzrə isə ikinci yeri tutur.

Azərbayanda sosial siyasət kompleks xarakter daşımaqla vətəndaşların rifahına xidmət edən hər bir sahəni tam əhatə edir. Ən mühümü isə odur ki, bu siyasətin davamlılığı ekstremal şəraitlərdə belə uğurla təmin edilir. Pandemiya dövründə görülən işlər bunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM