26 Sentyabr 2014 11:09
876
Turizm
A- A+

Azərbaycanda Dünya Turizm Günü qeyd edilir

Hər il sentyabrın 27-də planetimizin hər yerində Dünya Turizm Günü qeyd edilir.
AzərTAc xəbər verir ki, bu münasibətlə sentyabrın 26-da “Hilton Baku” mehmanxanasında dövlət və hökumət rəsmilərinin, turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin, həmçinin ölkəmizdə akkreditə olunmuş diplomatların iştirakı ilə konfrans keçirildi.
Konfrans öz işinə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin turizm sektorunun nümayəndələrinə videomüraciəti ilə başladı.
Məlumat verildi ki, 1979-cu ildə BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən 27 sentyabr - Dünya Turizm Günü kimi təsis olunub. Bayramın məqsədi turizmin təbliği, onun dünya iqtisadiyyatının inkişafına təsiri barədə maarifləndirmə, müxtəlif ölkələr arasında əlaqələrin inkişaf etdirilməsidir. 1980-ci ildən başlayaraq bu bayram Dünya Turizm Təşkilatına üzv ölkələr tərəfindən mütəmadi qeyd olunur. Bu il Dünya Turizm Günü “Turizm və yerli icmaların inkişafı” devizi ilə Meksikanın Qvadalaxara şəhərində qeyd olunacaqdır.
Azərbaycanda da hər il olduğu kimi, Dünya Turizm Günü münasibətilə paytaxt Bakıda və bölgələrdə müxtəlif tədbirlər keçirilir.
Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sahəsində görülmüş işlərdən, əldə olunmuş uğurlardan söz açdı. Bildirdi ki, son vaxtlar turizm dünyada iqtisadiyyatın gəlir gətirən sahələrindən birinə çevrilib. Turizm sahəsinin ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası uğurla davam etdirilməkdədir.
Diqqətə çatdırıldı ki, bu il aprel ayının 3-4-də Bakıda Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci iclası və “Səmərəli turizm klasterlərinin inkişafı” üzrə seminarı keçirilib. Dünya Turizm Təşkilatı ilə sıx əməkdaşlığın nəticəsi olaraq, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri il ərzində bu təşkilatın müxtəlif tədbirlərində iştirak ediblər. Ölkəmizin turizm potensialının dünyada təşviqi məqsədilə 2014-cü ilin 9 ayı ərzində yerli turizm şirkətləri və mehmanxanalar 10 beynəlxalq turizm sərgisində iştirak ediblər.
Qeyd olundu ki, Azərbaycanda ən mükəmməl layihələrdən biri olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin reallaşdırılması respublikamızda dağ-xizək idmanının inkişafı üçün hərtərəfli imkanlar açıb. Bu ilin yanvar-mart ayları ərzində 60 mindən çox yerli və xarici turist kompleksi ziyarət edib.
Bildirildi ki, ötən il martın 15-dən ölkəmizdə elektron viza sisteminin tətbiqinə başlanılıb. Artıq sistemə qoşulmuş 45 aparıcı turizm şirkəti tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 11 min 933 nəfər üçün elektron viza rəsmiləşdirilib.
Ə.Qarayev dedi ki, əvvəlcədən görülən tədbirlər nəticəsində bu il yay mövsümündə heç bir müəssisədə hər hansı fövqəladə və ya narahatlıq törədən hadisə baş vermədi. Bu il qiymətlərin artımı da qeydə alınmadı, hətta bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində artıq iki və üçulduzlu otellərin fəaliyyətinə uyğun olaraq qiymət və xidmət tarazlığı müşahidə olundu. Әminik ki, bu proses davam edəcək. Biz işimizi bununla məhdudlaşmaq istəmirik. Oktyabrın 1-də Dünya Turizm Təşkilatı İcraiyyə Komitəsinin Səmərqənddə keçiriləcək iclasında Azərbaycanın mövqeyinin gücləndirilməsi məqsədilə müvafiq qərarların qəbul edilməsi üçün işlər aparılır. Azərbaycanın daha geniş şəkildə bu layihələrdə iştirakını təmin etməliyik.
Ə.Qarayev bildirdi ki, Azərbaycanda turizm şirkətlərinin və otellərin sayı artmaqdadır. Artıq 35 min yataq yeri olan potensialımız mövcuddur. Son illərdə dövlətimizin başçısının tapşırığına əsasən, Azərbaycanda bütün lisenziyalaşdırma prosesi internet vasitəsilə həyata keçirilir. Bu da turizm sənayesinin inkişafına və sərbəst fəaliyyətinə imkan verir.
“Dünya turizm bazarında Azərbaycan öz yerini tutmaqdadır. Prezident İlham Əliyevin turizmə göstərdiyi gündəlik qayğı nəticəsində indi Azərbaycanda klasterlərin formalaşdırılması bizim üçün artıq olduqca vacibdir. Klasterlər artıq Qəbələdə, Şahdağda, Qubada var. Biz indi Şəmkir-Göygöl bölgələrində də klasterin formalaşdırılmasına böyük maraq göstəririk. Düşünürəm ki, ondan sonra cənub bölgəsində də klaster formalaşdırılacaq. Bu, düzgün istiqamətdir.
Cari ilin mühüm bir hadisəsi həm də ondan ibarətdir ki, bu yay mövsümündə müstəqillik dövründə ilk dəfə ölkə rəhbərinin şəxsi təşəbbüsü nəticəsində Azərbaycanda “Ölkəmizi tanıyaq” adlı layihə gerçəkləşdi. Bu layihə çərçivəsində 3000-ə yaxın yuxarı sinif şagirdi müxtəlif rayonları gəzərək maraqlı yerləri ziyarət edib. Şübhəsiz, bu aksiya gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında böyük rol oynayacaq”, - deyə nazir bildirdi.
Sonra Azərbaycanda turizmin inkişafından bəhs edən videoçarx nümayiş olundu.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilmiş “Ölkəmizi tanıyaq”, “Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi” layihələri, ölkəmizdə yeni yaradılmış “City Sightseeing Baku” şirkəti tərəfindən yerli və xarici qonaqlara göstərilən xidmət, Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti, birinci Avropa Oyunlarının Azərbaycanda reallaşdırılması barədə təqdimatlar oldu. Həmçinin “Baku Guide” bələdçi kataloqunun təqdimatı keçirildi.
Tədbirdə bu sahədə fərqlənənlərə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri turizm işçisi” döş nişanı, həmçinin Bakı Turizm İnformasiya Mərkəzinin fəxri diplomları təqdim edildi.
Konfrans çərçivəsində Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) ilə “Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu, eləcə də “Citu Sightseeing Baku” şirkəti ilə Azərbaycan Xalça Muzeyi arasında əməkdaşlıq haqqında müqavilə imzalandı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video