13 Yanvar 2021 19:21
689
SİYASƏT
A- A+

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in əsassız ittihamlarını rədd edib  

 

Ermənistan Xarici İşlər Nazirliyinin guya ki, 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız bəyanatı bu ölkənin hələ də uydurma propaqandadan əl çəkmədiyini, xalqlararası nifaq və düşmənçiliyi qızışdırmaq niyyətini göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in 2021-ci il 13 yanvar tarixli bəyanatı ilə bağlı şərhində yer alıb.

Şərhdə deyilir: “Ermənistan XİN-nə xatırladırıq ki, 1948-1953-cü illərdə Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilən 150 minədək azərbaycanlı Ermənistan SSR-nin 24 rayonu və İrəvan şəhərindən zorla Azərbaycana köçürüldü. Eləcə də Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki şovinist təfəkkürlü ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsi, yüz minlərlə azərbaycanlının növbəti dəfə zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda sovet hakimiyyətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Məhz ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətdi.

Lakin 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi və ölkəmiz dövlət müstəqilliyini bərpa etdi. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi bütün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır və dəstəklənir.

Ermənistan XİN-i bu kimi uydurma təbliğat xarakterli məlumatlar yaymaqla tarixən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini, 30 ilə yaxın müddət ərzində bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını gizlətmək məqsədini güdür.

Bölgədə bütün hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra sülh və təhlükəsizlik, tərəqqi şəraitində birgəyaşayış fikirlərinin təşviq olunması əvəzinə, rəsmi Yerevanın uydurma əsaslarla düşmənçilik propaqandasını davam etdirməsi təəssüf doğurur və bu ölkənin əsl niyyətini üzə çıxarır.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in əsassız ittihamlarını rədd edir və bu ölkəni 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlar ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq və beynəlxalq hüququn aliliyi prinsiplərindən çıxış edərək davranmağa çağırır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video