15 Sentyabr 2021 16:24
649
SİYASƏT
A- A+

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair Anlaşma Memorandumu Milli Məclisin plenar iclasına tövsiyə olunub  

Sentyabrın 15-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2021-ci il payız sessiyasında ilk iclası keçirilib. Onlayn formatda keçirilən iclasda komitə sədri Səməd Seyidov gündəlikdəki məsələlərdən danışıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda əvvəlcə 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat təqdim edilib. Bildirilib ki, bu müddətdə komitənin 14 iclası keçirilib, 19 məsələ, o cümlədən bir sıra qanun layihələri, Azərbaycanla bəzi ölkələr arasında bağlanmış sazişlər, protokollar, müqavilələr müzakirə olunub, habelə dünyada və regionda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılıb. Komitənin tövsiyə etdiyi 12 məsələ Milli Məclisdə qəbul edilib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə komitə sədri və üzvləri bir sıra dövlətlərin, beynəlxalq təşkilatların nümayəndə heyətləri ilə görüşüblər. Qeyd edilib ki, ötən müddətdə komitədə Niderland Krallığı ilə ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb.

Məlumat verilib ki, ötən müddətdə komitə üzvləri, həmçinin kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə fəallıq göstərərək, beynəlxalq münasibətlərə dair öz fikirlərini bildiriblər, xüsusilə müharibədən sonrakı dövrdə Azərbaycanın haqlı mövqeyinin geniş ictimaiyyətə çatdırılmasında fəallıq nümayiş etdiriblər.

Qeyd edilib ki, 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitəyə ümumilikdə 4742 ərizə və şikayət daxil olub, 3127 müraciətlə bağlı müvafiq tədbirlər görülüb, aidiyyəti təşkilat və idarələrə məktublar göndərilib. Komitə üzvləri tərəfindən vətəndaşların onlayn və fərdi qaydada qəbulu keçirilib.

Sonra komitənin 2021-ci ilin payız sessiyası üçün iş planına baxılıb. Bildirilib ki, qarşıdakı dövrdə bir sıra qanun layihələrinin müzakirəsi, beynəlxalq və dövlətlərarası müqavilələrin təsdiqi, icrası və ləğv edilməsi qaydalarına aid sənədlərə rəy verilməsi, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi barədə təkliflərin irəli sürülməsi, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan təşkilatları və oradakı soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulub. Növbəti sessiyanın iş planına, eyni zamanda, işğaldan azad olunmuş torpaqlarımızda erməni hərbi təcavüzünün ağır nəticələrinin, habelə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin geniş ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirilməsi və digər məsələlər daxil olunub.

Sonra komitədə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub.

Komitə sədri bildirib ki, Azərbaycan ilə Türkiyə arasında ən yüksək səviyyədə sıx münasibətlər qurulub. Bu gün Azərbaycan və türk əsgərləri birgə təlimlər keçirlər və bu, orduların bir-birinə yaxınlaşması deməkdir. Qeyd edilib ki, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı regionda sülhün və təhlükəsizliyin qorunması üçün atılan mühüm addımdır.

Tədbirdə çıxış edən komitə üzvləri Sahib Alıyev, Elman Nəsirov, Nəsib Məhəməliyev, Sevil Mikayılova, Ramin Məmmədov, Ramil Həsən Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair Anlaşma Memorandumu barədə öz fikirlərini açıqlayıb, təlimlərin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər və belə sənədlərin qəbul edilməsi bu münasibətlərin dərinləşməsi baxımından çox önəmlidir.

Müzakirələrin sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Onlayn iclasda komitə sədrinin müavini Sevinc Fətəliyeva, deputatlardan Nigar Arpadarai, Kamran Bayramov, Cavanşir Feyziyev, Tural Gəncəliyev, Azər Kərimli, Asim Mollazadə, Rasim Musabəyov və Sabir Rüstəmxanlı iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video