15 Iyun 2021 21:52
856
İQTİSADİYYAT
A- A+

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında yeni mərhələ başlayır

 

Bildiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb. Səfər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində ikitərəfli görüşlərin keçiriləcəyi gözlənilir. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlıq potensialının yüksəldilməsi üçün müzakirələr aparılacaq. Müzakirələrin nəticəsi olaraq, Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşməsi istiqamətində hərtərəfli müqavilənin imzalanması gözlənilir. Yeni əməkdaşlıq tədbirləri Azərbaycan-Türkiyə münasibətlərinin hərtərəfli inkişafını təmin etməklə, ilk növbədə, ölkələr arasında ticarəti stimullaşdıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqlamasında bildirilir.

Məlumatda qeyd edilib ki, Türkiyə Azərbaycanın əhəmiyyətli ticarət tərəfdaşı olmaqla, ölkəmizin xarici ticarət dövriyyəsində və ixracında 2015-ci ildən, idxal əməliyyatlarında isə 2013-cü ildən etibarən 2-ci yerdədir. 2019-cu ildə Türkiyə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 4,5 milyard dollar olmaqla 14 faiz paya malik olub. Yüksələn trayektoriya üzrə inkişaf edən qarşılıqlı idxal-ixrac əməliyyatlarının həcminə pandemiyanın yaratdığı gərginliklər ciddi təsir göstərməyib. Belə ki, 2020-ci ildə iki ölkə arasında ticarət həcmi 4,16 milyard dollar təşkil edib.

Bununla yanaşı, Azərbaycan və Türkiyənin iqtisadiyyatları arasındakı potensialın tam olaraq dəyərləndirilməsi və 2023-cü il üçün 15 milyard dollar olaraq hədəflənən ticarət həcminə nail olmaq üçün davamlı kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri kimi 2021-ci il martın 1-dən qüvvəyə minən Preferensial Ticarət Sazişi qeyd edilə bilər. Bu saziş 15 mal qrupu üzrə tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılması ilə iki ölkə arasındakı idxal-ixrac əməliyyatlarını artıraraq ölkələrin qoyduqları ticarət dövriyyəsi hədəfinə çatmasını sürətləndirəcək.

Bundan başqa, iqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq. Hazırda Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital axını yaradır. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir. Hazırda Türkiyədə 2000-ə yaxın Azərbaycan, ölkəmizdə isə 4100-dən artıq Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyədəki həm şirkət sayı, həm də investisiya həcminə görə Azərbaycan Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir.

Həmçinin açıqlamada bildirilib ki, iki ölkə arasında birgə investisiya fondunun təsis edilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilə bilən birgə texnologiyanın transferini və istehsalın lokalizasiyasını nəzərdə tutan iri müəssisə və layihələrin reallaşması investisiya hədəflərinə çatılmasını və imkanların maksimal dəyərləndirilməsi istiqamətində qarşıda duran vəzifələrin icrasını sürətləndirəcək. Bütün bu istiqamətlərlə yanaşı, dövlət mülkiyyətinin özəlləşdirilməsində türk şirkətlərinin fəal iştirakı investisiya əlaqələrinin güclənməsinə öz töhfəsini verir ki, buna misal olaraq “Azərlotereya” ASC göstərilə bilər. Yaradılan yeni əməkdaşlıq platforması Azərbaycanda oyun sənayesinin inkişafına, yeni investisiyanın cəlb edilməsinə və büdcə gəlirlərinin artmasına əlavə imkan yaradacaq.

İqtisadi əlaqələrin digər önəmli sahəsi kimi nəqliyyat-logistika qovşaqlarının şaxələnməsi ölkəmiz və qardaş respublikanın iqtisadi inkişafı ilə yanaşı, regionda sülhün və rifahın bərqərar olmasını təmin edir. 2020-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu üzərində daşınan yüklərin həcminin iki dəfədən çox artması nəqliyyat-kommunikasiya istiqamətində keçirilən birgə layihələrin səmərəliliyinin bariz nümunəsidir. Zəngəzur dəhlizinin açılması və Naxçıvana dəmir yolunun çəkilməsi nəticəsində, Azərbaycan və Türkiyə arasında idxal-ixrac, habelə tranzit əməliyyatları zamanı nəqliyyat və daşınma xərcləri və müddəti azalacaq, eləcə də iqtisadi ticarət əlaqələrinin miqyası artacaq, habelə xarici ticarət dövriyyəsi hədəfinə nail olunmasını sürətləndirəcək. Həmçinin Azərbaycanın bölgədə təklif etdiyi yeni “3+3” formatlı işbirliyi platforması da ölkələr arasında ikitərəfli ticarət əlaqələrinin, habelə Naxçıvanın strateji önəminin artmasına təkan verəcək.

“İşğaldan azad edilmiş torpaqlarımızın reinteqrasiyası və reabilitasiyası prosesinə türk iş adamlarının cəlbi Türkiyə ilə iqtisadi əlaqələrimizin yeni sahəsini formalaşdırır. Belə ki, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında infrastruktur layihələrinin, yolların, habelə Füzuli hava limanının tikintisində türk şirkətləri fəal iştirak edir. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə turizm, kənd təsərrüfatı, dağ-mədən və hasilat sənayesi, tikinti materialları istehsalı, alternativ enerji kimi potensial sektorların yenidən canlandırılması və ölkə iqtisadiyyatına inteqrasiyası, habelə bölgədə yeni nəqliyyat-logistika dəhlizlərinin formalaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər Türkiyə ilə əlaqələrimizin genişləndirilməsində yeni perspektivlər vəd edir. Həmçinin bu ilin fevral ayında iqtisadi əlaqələrin inkişafı məqsədilə Azərbaycan və Türkiyə arasında dağ-mədən, tekstil, nəqliyyat logistika, kiçik və orta sahibkarlıq və investisiyaların təşviqi, memarlıq-layihələndirmə kimi sahələrdə ümumilikdə 11 protokol imzalanıb. Bütün bu imkanlar fonunda iki ölkənin əməkdaşlığının genişləndirilməsi, birgə istehsal müəssisələrinin təşkili, nəqliyyat-logistika, həmçinin əlverişli coğrafi mövqe üstünlüklərindən istifadə ölkələrimizin qarşılıqlı ticarəti, investisiya qoyuluşlarını artıracaq, bölgədə nəqliyyat-kommunikasiya əlaqələrini gücləndirəcək, işğaldan azad edilmiş torpaqlarımızın bərpasında və inkişafında səmərəliliyi artıracaq ”, - deyə İİTKM açıqlamasında bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video