30 Iyul 2020 19:33
1121
Elm və texnika
A- A+

Azərbaycan-Türkiyə: əbədi birlik və qardaşlığın təntənəsi


Son vaxtlar Azərbaycanda baş vermiş siyasi-hərbi hadisələr ölkəmizə beynəlxalq birliyin, dünya dövlətlərinin geniş miqyasda dəstəyinin ifadə olunması, dövlətlərarası münasibətlərin bir daha aydınlaşdırılması baxımından da əhəmiyyətlidir. Dünya ictimaiyyətinin özünün ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Respublikasının ədalətli mövqeyini müdafiə etməsi artıq "yazıq erməni” mifinin dağılması, dövlətlərin və xalqların əsl obyektiv reallıqların nədən ibarət olduğu haqqında gerçək məlumatlara malik olması ilə nəticələnib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin "Azərbaycan-Türkiyə: əbədi birlik və qardaşlığın təntənəsi” başlıqlı məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, Azərbaycanın hərb tarixinə "Tovuz - iyul hadisələri” kimi daxil olan hərbi-siyasi olaylarda Türkiyə Cümhuriyyətinin birmənalı şəkildə bütün imkanları ilə Azərbaycanın yanında olmasını açıq şəkildə bəyan etməsi, sözün əsl mənasında, qardaş ölkə missiyasının əyani təcəssümüdür. Səksən milyondan artıq əhalisi ilə Türkiyə Cümhuriyyətini ləyaqətlə təmsil edən güclü bir dövlətin Prezidenti Rəcəb Tayyib Ərdoğanın son vaxtlarda bir neçə dəfə müxtəlif tədbirlərdəki çıxışlarında Türkiyə tərəfindən istənilən məqamda Azərbaycana hər cür dəstək veriləcəyini bildirməsi qardaş ölkənin, qəhrəman türk əsgərinin ölkəmizə və xalqımıza münasibətinin əməli ifadəsidir. Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışlarında səsləndirilmiş "bütün imkanlarımızla”, "Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək”, "qardaşlarımızı heç vaxt tək qoymarıq” kimi dərin mənaya malik olan və həm də konkret mövqe nümayiş etdirən fikirlər qardaş ölkədə müstəqil dövlətimizə, dövlət rəhbərimizə, xalqımıza bəslənilən münasibətin hansı miqyasda və mahiyyətdə olduğunu təsəvvür etməyə imkan yaradır. Bu qəti və aydın mövqe müstəqil Azərbaycan dövlətinə birmənalı dəstək, bədnam Ermənistana kəsərli cavab, dünya birliyi qarşısında isə açıq mövqe ifadə edən ciddi mesajdır.

Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdirilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq nümayiş etdirmələrinin əməli göstəriciləri, mühüm nəticələridir. Prezident İlham Əliyev də ən müxtəlif beynəlxalq tədbirlərdə həmişə birmənalı şəkildə Türkiyə Cümhuriyyətinin qarşıya çıxan problemlərinin həllində qardaş ölkəyə birmənalı şəkildə dəstək verməyin əsl örnəyini nümayiş etdirib. İlham Əliyev - Rəcəb Tayib Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarımızın bir-birlərinə "qardaşım” deyərək müraciət etmələri bizim xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, bu gün dünyada Azərbaycan və Türkiyə dövlətləri kimi əsl qardaş ölkələr göstərmək mümkün deyildir. Çoxəsrlik böyük tarixi ənənələrə, dərin köklərə malik olan Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının İlham Əliyev - Rəcəb Tayyib Ərdoğan mərhələsi xalqlarımızın və ölkələrimizin şanlı birlik salnaməsinə pozulmaz yeni və parlaq səhifələr əlavə edir. Azərbaycan-Türkiyə həmrəyliyi və əməkdaşlığı qardaş ölkələrarası münasibətlərin bütün sahələr üzrə inkişaf etdirilib daha da möhkəmləndirilməsinə uğurla xidmət etdiyi kimi, beynəlxalq aləmdə də sülh və əmin-amanlığın, təhlükəsizliyin, əməkdaşlığın tənzimlənməsində, regionda meydana çıxan problemlərin həllində böyük əhəmiyyətə malikdir. Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi dünyada sülhün, təhlükəsizliyin, inkişafın və əməkdaşlığın eyni gövdəyə-kökə malik sarsılmaz qoşa qanadlarıdır.

Bu günlərdə əvvəlcədən razılaşdırılmış dövlətlərarası tədbirlər planına əsasən Azərbaycan ərazilərində Türkiyə Cümhuriyyətinin ordu birləşmələri ilə birlikdə hərbi təlimlərin keçirilməsi bütün məqamlardakı möhkəm və sarsılmaz birliyimizin növbəti təntənəsidir. Azərbaycanın və Türkiyənin liderlərinin rəhbərliyi ilə iki il əvvəl qardaş ölkələrin yenilməz ordularının iştirakı ilə Bakı şəhərində keçirilmiş möhtəşəm hərbi parad "iki dövlət - bir ordu” modelinin əməli nümunəsi olmuşdu. İndi Azərbaycanın müxtəlif yerlərində - Bakı şəhərində, Naxçıvan Muxtar Respublikasında, Gəncədə, Kürdəmir və Yevlax şəhərlərində keçirilən birgə hərbi təlimlər ordu birləşmələrimizin möhtəşəm paradının regionlarda nümayiş etdirilən uğurlu davamıdır. Türkiyə Cümhuriyyəti ordu birləşmələrinin Sədərək-Dilucu Ümid Körpüsündən keçərək Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ərazisinə daxil olması və Azərbaycan Əlahiddə Ordusu ilə birlikdə hərbi təlimlərə başlaması hərbi qüvvələrimizin istənilən məqamda ən qısa vaxtda birlik nümayiş etdirmək imkanlarına malik olmalarının əyani nümayişidir. Bu, həm də 13 oktyabr 1921-ci ildə Azərbaycanın Türkiyə Cümhuriyyəti ilə birlikdə imzaladığı tarixi Qars müqaviləsinin müddəalarının davamlı olaraq həyata keçiriləcəyini göstərən əhəmiyyətli addımdır. Bununla Türkiyə Cümhuriyyəti beynəlxalq statusa malik olan Qars müqaviləsinin şərtlərinə uyğun olaraq hər hansı üçüncü bir müdaxilə olacağı təqdirdə dərhal Naxçıvan üzərində qarantorluq missiyasını yerinə yetirməyə daim hazır olduğunu bir daha nümayiş etdirir.

Azərbaycan-Türkiyə sərhədində qardaş ölkələrin əsgərlərinin bayraq dəyişdirilməsi aksiyasını həyata keçirmələri dərin mənaya malik olub, qəhrəman ordularımızın müqəddəs dövlət rəmzlərimizin keşiyində də eyni amal, eyni məsuliyyət və şərəflə dayanmaq andlarının əməli ifadəsi deməkdir.

Dövlət rəmzlərinin keşiyində birlikdə dayanmaq, hər iki dövlətin bayraqlarını qardaş dövlətlərin və xalqların varlığının rəmzi kimi bir yerdə qorumaq ulu öndər Heydər Əliyevin vaxtilə bəyan etdiyi və artıq atalar sözünə çevrilmiş "bir millət, iki dövlət” devizinin bütün dövrlər üçün möhkəm həyati gücə və mühüm siyasi əhəmiyyətə malik olduğunu isbat edir. Bu, o deməkdir ki, Azərbaycan əsgəri üçün Türkiyə dövlət bayrağı, Türkiyə əsgəri üçün isə Azərbaycanın dövlət bayrağı eyni dərəcədə müqəddəs və toxunulmazdır. Bayraqlarımızın birlikdə qorunması dövlətlərimizin sarsılmaz ittifaqının, ordularımızın möhkəm birliyinin, xalqlarımızın əbədi qardaşlığının əməli təntənəsidir. Bu möhtəşəm birliyi qoruyub saxlamaq, atacağımız hər addımla daha da möhkəmləndirmək, əbədiyyətə qədər yaşadaraq nəsillərdən-nəsillərə qədər davam etdirmək müqəddəs borcumuzdur.

Azərbaycan-Türkiyə prezidentlərinin qardaşlıq münasibətləri və qarşılıqlı etimadı dünyada, regionda və ölkələrimizdə sülhün, təhlükəsizliyin inkişafın və həmrəyliyin qarantıdır.

Türkiyə–Azərbaycan bayraqlarının və ordularımızın birliyi müstəqil dövlətlərimizin qardaşlıq və həmrəyliyinin əbədiyyət rəmzidir.

Azərbaycan–Türkiyə birlik və həmrəyliyi dostlarımız üçün qürur mənbəyi, düşmənlərimizə göz dağıdır.

Birlik, qardaşlıq və həmrəylik Azərbaycanın və Türkiyənin tarixi taleyi, bu günün reallığı və böyük gələcəyin dəyişməz düsturudur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video