14 Iyul 2013 02:07
490
Təhsil
A- A+

Azərbaycan Texniki Universitetinin tədris imkanları genişlənir

 

Ölkəmizdə həyata keçirilən təhsil siyasətinin, bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi olaraq, Azərbaycan Texniki Universitetinin (AzTU) tədris imkanları ildən-ilə genişlənir. Belə ki, yeni dərs ilində  universitetdə daha iki tədris korpusu istifadəyə veriləcəkdir.

AzTU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu  korpuslardan biri xüsusi texnika və texnologiya fakültəsinin  tələbələri üçün nəzərdə tutulmuşdur. Həmin fakültə bir il əvvəl Nazirlər Kabinetinin qərarı ilə respublikamızın müdafiə kompleksi  üçün yüksəkixtisaslı kadrlar hazırlanması məqsədi ilə yaradılmışdır. Fakültədə müasir hərb elminin aparıcı ixtisasları üzrə mühəndis  kadrları  hazırlanır. Bu fakültəni bitirən gənclər silah və silah  sistemlərinin istehsalı texnologiyası  mühəndisliyi,  optotexnika  mühəndisliyi, pirotexniki vasitələrin texnologiyası mühəndisliyi, çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri texnologiyası mühəndisliyi,  kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı texnologiyası  mühəndisliyi  ixtisaslarına yiyələnəcəklər.

Respublikamızın tarixində ilk  dəfə olaraq silah istehsalı üzrə  mühəndislərin hazırlanmasına başlanmışdır. Bu qərar universitetin  rəhbərliyi və müəllimləri tərəfindən müqəddəs vəzifə kimi qəbul  olunmuşdur. İlk tədris ilində bu fakültəyə qəbul imtahanlarından    yüksək bal toplamış 74  gənc daxil  olmuşdur.  

Universitetin rəhbərliyi  fakültəyə təcrübəli, yüksək  elmi  potensiala malik müəllimləri cəlb etmişdir. Yeni ixtisaslara qəbul  olunmuş tələbələrin təhsilinin stimullaşdırılması, onlarda mühəndis  peşəsinə həvəsin aşılanması, kamil mühəndis olmaq üçün bilik və  bacarıqlarının səfərbər edilməsi diqqət mərkəzində saxlanılır.

AzTU  tədris  müddətində Müdafiə Sənayesi Nazirliyinin  köməyi ilə tələbələrin müvafiq zavodlara ekskursiyasını təşkil edir.  Gələcək  mühəndislər qruplar üzrə müasir istehsalat texnologiyalarına malik  Sumqayıt  Texnoparkı ilə tanış olurlar.  Fakültənin dekanlığı internet vasitəsilə əldə olunmuş, müasir  silahlardan bəhs edən sənədli filmləri tələbələr qarşısında nümayiş  etdirir. Universitetin rəhbərliyi müəllim və tələbələrlə görüşdə  fakültə qarşısında duran vəzifələri, silah istehsalı üzrə  mütəxəssislərin, gələcək konstruktorların hazırlanmasının  ölkəmizin müdafiə sənayesi üçün əhəmiyyətini dəfələrlə  vurğulamışdır. Fakültədə təhsil  alan gənclərin valideynləri ilə  görüş  keçirilmiş, yüksəkixtisaslı kadr hazırlanmasında valideynlərlə  dekanlığın, habelə professor-müəllim heyətinin əməkdaşlığının  zəruriliyi qeyd olunmuşdur.  

Müdafiə Sənayesi Nazirliyi hər ixtisas üzrə əlaçı təqaüdü təsis  etmişdir. Bu qurumun və onun tabeliyində olan istehsalat müəssisələri nümayəndələrinin iştirakı ilə universitetdə keçirilən  yığıncaqda həmin təqaüd 10  tələbəyə təqdim olunmuşdur. 

Hazırda fakültənin tələbələri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində, yəni gələcək iş yerlərində biraylıq təcrübə keçirlər.  Şübhəsiz ki, bu təcrübə əldə olunmuş nəzəri biliklərin  möhkəmlənməsinə töhfəsini verəcəkdir.

Azərbaycan  Texniki  Universitetinin kollektivi gənclərin silah  növlərinin istehsalı üzrə bacarıqlı kadr kimi yetişməsi ilə yanaşı, onların həm də yüksək mənəviyyata malik vətəndaşlar kimi  formalaşmasına səy göstərir. Belə ki, M.Kalaşnikov adına  İjevsk  Dövlət  Texniki  Universitetinin müəllimləri  AzTU-da  ixtisas fənləri üzrə seminarlar təşkil edəcək, fakültəyə tədris-metodiki vasitələrlə  kömək  göstərəcəklər. Bundan əlavə, ixtisas fənləri üzrə  laboratoriyaların təşkili üçün zəruri avadanlıq sifariş olunmuşdur.

Söz yox ki, yeni fakültədə hazırlanan yüksəkixtisaslı  mühəndislər gələcəkdə Azərbaycanın müdafiə qüdrətinin  yüksəldilməsinə böyük töhfələr verəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video