05 Dekabr 2013 01:12
495
PARLAMENT
A- A+

Azərbaycan-Tailand əlaqələri genişlənir

 

Dekabrın 4-də Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov Tailand Krallığı Parlamentinin Tailand-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Azərbaycan-Tailand dövlətlərarası və parlamentlərarası əlaqələrin dinamikası müzakirə olunub.

V.Ələsgərov qeyd edib ki, Azərbaycan-Tailand əlaqələri hələ 1992-ci ildə qurulub: "Artıq siyasi, iqtisadi, mədəni və ticarət sahələri üzrə çox yüksək əlaqələrimiz formalaşıb. İqtisadi əməkdaşlıq olmayan yerdə digər əlaqələrin inkişafından danışmağa dəyməz. Ona görə də hesab edirəm ki, həm hökumət, həm parlament, həm də qeyri-hökumət təşkilatları ölkələrarası iqtisadi əməkdaşlığın daim yüksək səviyyədə olmasına çalışmalıdırlar. Azərbaycan ərazisinə və əhalisinin sayına görə böyük ölkə olmasa da, iqtisadiyyatının inkişafına görə dünya ölkələri arasında ön sıralardadır. Son 10 ildə dünyada sürətlə inkişaf edən 5 ölkə varsa, biri Azərbaycandır. Ölkəmiz artıq öz neftini, qazını sərbəst şəkildə dünya bazarına çıxara bilir".

Tailandla ticarət əlaqələrindən danışan V.Ələsgərov bildirib ki, 2011-ci ildə Azərbaycanın Tailandla 470 milyon dollar ticarət dövriyyəsi olub. Lakin bu göstərici 2012-ci ildə xeyli artaraq 1.5 milyard dollara yaxınlaşıb. Sədr müavininin sözlərinə görə, ölkələrarası məsafənin uzaq olmasına baxmayaraq, Azərbaycanla ticarət dövriyyəsinin artımına görə Tailand ilk yerlərdə qərarlaşır.

Azərbaycanın dəmir yolu, informasiya-kommunikasiya texnologiyaları və turizm sahələrində əldə etdiyi nailiyyətlərdən də söz açan V.Ələsgərov bütün sahələrdə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə olacağına əminliyini bildirib. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini də qonaqların diqqətinə çatdırıb. Vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən bir milyondan artıq qaçqın, məcburi köçkünün olması və bu problemin hələ də nizamlanması iqtisadi inkişafa mane olan amillərdəndir. Bununla belə, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

Tailand-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Virun Pünsən də Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. O, ölkəmizə səfərində Azərbaycanın sürətlə inkişaf etdiyinin şahidi olduğunu bildirib. Qeyd edib ki, Tailand Azərbaycan neft və qazının əhəmiyyətli istehlakçılarındandır: "Tailand neft və qaz kimi təbii sərvətlərə malik olmasa da, ərzaq və kənd təsərrüfatı məhsulları ilə zəngindir. Dərman preparatları sahəsində də birgə əməkdaşlığı təklif edirik. Ümid var ki, ikitərəfli əlaqələrimiz bundan sonra daha da inkişaf edəcək".

V.Pünsən əlavə edib ki, ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir.

Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video