27 Avqust 2011 07:08
431
MSK
A- A+

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 avqust 2011-ci il tarixli 03 və 08 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar N 7/18

 

109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Muradova Gülarə Hənəfi qızı və Ümid Partiyası Ali Məclisinin sədri Ağazadə Ənvər Sərdar oğlu 2011-ci il avqustun 23-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 109 saylı Balakən seçki dairəsinin ərazisində olan məntəqə seçki komissiyaları formalaşdırılarkən müvafiq dairə seçki komissiyası tərəfindən deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların təmsilçilik normalarının pozulduğunu bildirib, adıçəkilən dairə seçki komissiyasının ərizəçilərin maraqları ilə bağlı müvafiq qərarlarının qanunsuz olması səbəbindən ləğv olunmasını xahiş etmişlər.

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, eyni məzmunlu olduğundan bir icraatda birləşdirilmiş və müvafiq rəy verilərək Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Şikayətdə göstərilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi ilə müəyyən edilmişdir ki, adıçəkilən dairə seçki komissiyası həmin seçki dairəsinin ərazisində olan məntəqə seçki komissiyalarının tərkibini formalaşdırarkən Azərbaycan Respublikası Seçki Məcəlləsinin və Azərbaycan Respublikası  Mərkəzi Seçki Komissiyasının 9 avqust 2008-ci il tarixli 10/49-2 saylı qərarı ilə təsdiq edilmiş "Məntəqə  seçki komissiyalarının formalaşdırılması qaydaları haqqında Təlimat"ın tələblərinin tətbiqi zamanı düzgün nəticəyə gəlməmişdir.

Belə ki, Seçki Məcəlləsinin 24-cü, 30-cu və 36-cı maddələrinə görə, Mərkəzi Seçki Komissiyasi Milli Məclis, dairə seçki komissiyaları Mərkəzi Seçki Komissiyası, məntəqə seçki komissiyaları dairə seçki komissiyaları tərəfindən siyasi partiyaların və bitərəflərin Milli Məclisdə təmsilçilik nisbətinə uyğun yaradılır.

Seçki Məcəlləsinin 36.2-ci maddəsinə və yuxarıda adıçəkilən Təlimatın 1-ci, 2-ci və 3-cü bəndlərinə əsasən məntəqə seçki komissiyası 6 üzvdən ibarətdir.

Məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir.

Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri və onlarla birlikdə əvəzedici üzvləri müvafıq siyasi partiyaların yerli təşkilatları da partiya nizamnaməsinə uyğun olaraq müəyyən edə və siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiyanın üzvlərinə təqdim edə bilərlər. Siyasi partiyaların yerli təşkilatları qərar qəbul etdikdən sonra təsdiqlənmiş qərar, protokol və namizədlərin razılıq ərizələri müraciətlə birlikdə müvafiq dairə seçki komissiyasına göndərilir və müvafiq olaraq deputatları Milli Məclisdə çoxluq və azlıq təşkil edən dairə seçki komissiyasının üzvlərinə təqdim edilir.

Milli Məclisdə azlıq və çoxluq təşkil edən siyasi partiyaları, həmçinin heç bir siyasi partiyaya mənsub olmayan deputatları dairə seçki komissiyalarında təmsil edən komissiya üzvləri təqdim olunan sənədləri araşdırır, razılaşdıqları təqdirdə, onların namizədliyini dairə seçki komissiyasında irəli sürür və qərar qəbul olunması üçün dairə seçki komissiyasının iclasına çıxarırlar. Məsələnin dairə seçki komissiyasının iclasında müzakirə edilməsi əsasında komissiya bu barədə müvafiq qərar qəbul edir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, 109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyası tərəfindən məntəqə seçki komissiyalarının tərkibinin formalaşdırılması ilə əlaqədar qərar qəbul edilərkən seçki qanunvericiliyinin prosedur qaydalarının tətbiqi ilə bağlı yuxarıda göstərilən tələblərə tam əməl edilməmişdir.

Belə ki, 109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyası 17 avqust 2011-ci il tarixli 3/7 saylı qərarı ilə məntəqə seçki komissiyalarının tərkibinin formalaşdırılması ilə bağlı Milli Məclisdə azlıqda olan deputatları təmsil edən siyasi partiyalara düşən yerlərin sayını müəyyən etmişdir. Bununla da müvafiq dairə seçki komissiyası aşağı seçki komissiyalarının formalaşmasında iştirak edən siyasi partiyaların dairə seçki komissiyasındakı təmsilçilərinin səlahiyyətlərinə aid olan məsələni buna zərurət olmadığı halda, habelə dairə seçki komissiyasının gündəliyinin müəyyən olunmasına dair qanunvericiliyin tələblərini pozmaqla öz iclasında həll etmişdir. Məhz bu səbəbdən də dairə seçki komissiyasının 17 avqust 2011-ci il 3/7 saylı qərarı əsassız hesab edilərək ləğv edilməlidir.

Həmçinin müəyyən olunmuşdur ki, 109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasının 17 avqust 2011-ci il tarixli 3/7 saylı qərarından yaranan hüquqi nəticə məntəqə seçki komissiyalarındakı azlığı təmsil edən üzvlərin təsdiq edilməsi ilə bağlı müvafiq seçki komissiyasının 18 avqust 2011-ci il tarixli 4/9 saylı qərarının da əsassızlığına səbəb olmuşdur. Buna görə də dairə seçki komissiyasının 18 avqust 2011-ci il tarixli 4/9 saylı qərarı da həmin səbəbdən ləğv edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 36-cı, 112-ci, 112-1-ci maddələrinə, Azərbaycan Respublikası  Mərkəzi Seçki Komissiyasının 9 avqust 2008-ci il tarixli 10/49-2 saylı qərarı ilə təsdiq edilmiş "Məntəqə  seçki komissiyalarının formalaşdırılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci və 3-cü bəndlərinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   qərara  alır:

1. Vətəndaş Muradova Gülarə Hənəfi qızının və Ağazadə Ənvər Sərdar oğlunun məntəqə seçki komissiyalarının formalaşdırılması qaydalarının 109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyası tərəfindən pozulması ilə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 avqust 2011-ci il tarixli 03 və 08 saylı müraciətləri əsaslı hesab edilərək təmin edilsin və müvafiq dairə seçki komissiyasının 17 avqust 2011-ci il tarixli 3/7 saylı və 18 avqust 2011-ci il tarixli 4/9 saylı qərarları əsassız olduğundan ləğv  edilsin.

2. Həmin seçki dairəsinə aid olan seçki məntəqələrinin məntəqə seçki komissiyalarının tərkibinin qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə yenidən formalaşdırılması 109 saylı Balakən seçki dairəsinin dairə seçki komissiyasına həvalə  edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Müavin    Natiq Məmmədov

Katib       Arifə Muxtarova

 

Üzvlər

 

Şaitdin Əliyev

Fuad Cavadov

Validə Kazımova

Qabil Orucov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Bəxşeyiş Əsgərov

Etibar Quliyev

 

26.08.2011

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video