06 Iyul 2018 09:07
2111
Birinci vitse-prezident
A- A+

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “SABAHın Məzunu 2018” mərasiminin iştirakçılarına müraciəti

 

 

Əziz SABAH qruplarının məzunları,

Sizi ali təhsilinizi başa vurmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu gün siz fərdi inkişafınızın əsas mərhələsi olan təhsili geridə qoyaraq həyatınızın daha da önəmli bir mərhələsi olan peşəkar inkişafa qədəm qoyursunuz. İndiyə qədər öyrəndiklərinizi artıq reallıqda tətbiq edərək onun bəhrəsini görəcəksiniz. SABAH qrupları ali təhsil müəssisələrində yeni və fərqli bir akademik mühit yaradaraq savadlı, bacarıqlı, ən əsası əmək bazarının tələblərinə cavab verən kadrlar yetişdirmişdir. Yaradılmış bu şəraitdən yararlanaraq məzun olmaq bir uğurdur və sizin peşəkar inkişafınızda müstəsna rol oynayacaqdır. Əminəm ki, sizin hər biriniz bu imkandan düzgün şəkildə istifadə edərək arzuladığınız peşəkar fəaliyyətlə məşğul olacaqsınız.

Əziz dostlar,

Əminliklə deyə bilərəm ki, təhsil strateji və prioritet sahə olmaqla dövlətimizin daim diqqət mərkəzindədir. Cənab Prezident İlham Əliyev tərəfindən 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən ölkəmizdə təhsil sahəsində bir sıra əsaslı islahatlar keçirilmiş və bu proses indi də davam edir. Bizim əsas hədəflərimizdən biri, universitetlərdə tədrisin keyfiyyətini artırmaq və qlobal əmək bazarının tələblərinə cavab verən məzunlar yetişdirməkdir. “Təhsil millətin gələcəyidir” - məhz bu fikri əsas tutaraq, ölkə rəhbərliyinin başçılığı ilə son illərdə təhsil sahəsində bir sıra yüksək göstəricilərə nail olmuşuq. Bu gün Azərbaycanda savadlılıq demək olar ki, 100 faiz təmin edilib. Belə bir mühit, ilk növbədə, sizə - gənclərə çoxsaylı imkanlar yaradır. Təbii ki, ölkəmiz son illər ərzində bütün sahələr üzrə inkişaf edir. Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə əlbəttə ki, gənclər bilikli olmalıdır. Bu fikir şübhəsiz, bizim gələcəyə baxışımızı və hədəflərimizi müəyyən edir.

Əziz gənclər,

Ölkəmizin təhsil sahəsində əldə etdiyi uğurlar heç də təsadüfi deyil. Dövlətçilik tariximizin ilk illərindən başlayaraq Azərbaycanda təhsilə xüsusi diqqət yetirilir. Əlamətdar tarixlərlə zəngin olan bu il biz, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edirik. Dövlətçiliyimizin qurulmasında, milli kimliyin və milli maraqların formalaşmasında əvəzsiz rolu olan Xalq Cümhuriyyəti bizim bu günədək fəxr etdiyimiz saysız uğurlara imza atmışdır. Düşünürəm ki, qısamüddətli dövrdə Xalq Cümhuriyyətinin ən böyük nailiyyətlərindən biri də məhz təhsil sahəsində olan yeniliklər idi. Azərbaycan dilində tədrisə başlanılması, ilk universitetin yaradılması və gənclərin xaricdə təhsilinə dəstək verilməsi kimi mühüm addımlar atılmışdır. Lakin, bundan sonra biz nailiyyətlərimizi qoruyub saxlamağa və daha da yüksək zirvələrə yüksəlməyə birlikdə çalışmalıyıq. Buna nail olmaq hər bir Azərbaycan vətəndaşı, xüsusilə də siz gənclərsiz mümkün deyil.

Əziz məzunlar!

Sizin bugünkü uğurunuzda müstəsna rol oynamış müəllimlərinizə, valideynlərinizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Onlar da bizimlə bərabər bu əlamətdar gündə qürur hissi keçirirlər. İnanıram ki, əldə etdiyiniz bilik və bacarıqlardan düzgün şəkildə istifadə edərək həm bir fərd olaraq şəxsi inkişafınıza, həm də bir vətəndaş olaraq doğma vətənimizin inkişafına öz töhfənizi verəcəksiniz. Hər birinizə gələcək həyatınızda cansağlığı, xoşbəxtlik, təhsilinizin növbəti pillələrində və işlərinizdə uğurlar arzu edirəm! Yolunuz açıq olsun!

 

Dərin hörmətlə,

Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Bakı şəhəri, 5 iyul 2018-ci il.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video