21 Oktyabr 2021 02:04
1002
Sərəncamlar
A- A+

Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü insan hüquqlarının və çoxsaylı beynəlxalq hüquq normalarının pozulması, sosial-iqtisadi fəsadlar və mədəni irsə vurulan ziyanla yanaşı, misli görünməmiş ekoloji terror, təbii sərvətlərin genişmiqyaslı və uzunmüddətli talanı ilə nəticələnmişdir.

Ərazilərin 30 ilə yaxın işğal altında qaldığı müddət ərzində tarixi torpaqlarımızda təbiətə, bioloji müxtəlifliyə və su hövzələrinə qarşı ciddi ekoloji fəsadlar törədilmişdir. Azərbaycanın “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş nadir təbiət inciləri məhv edilmiş, flora və faunaya külli miqdarda ziyan vurulmuşdur. Ətraf mühitin fiziki və kimyəvi çirklənməyə məruz qalması bütövlükdə regionda ekoloji tarazlığın pozulmasına gətirib çıxarmışdır. 

İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də məhz həmin ərazilərdə təbii və keyfiyyətli ekosistemin, bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır. Bu ərazilərdə müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin fəaliyyətinin bərpa edilməsi bütövlükdə regionun “yaşıl zona”ya çevrilməsinə şərait yaradacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, işğaldan azad olunan ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində 107 hektar sahədə yerləşən Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun (bundan sonra  -  Qoruq) fəaliyyəti bərpa edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Qoruğun Əsasnaməsini  və sanitariya-mühafizə zonasını dörd ay müddətində müəyyənləşdirib təsdiq etsin;

2.2. Qoruğun mühafizəsi, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görsün;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

3.1. Qoruq ərazisində yerləşən təbiət obyektlərinin inventarlaşdırılmasını təmin etsin və işlər başa çatdıqdan sonra bu barədə məlumatları bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin;

3.2. xarici və yerli mütəxəssisləri cəlb etməklə Qoruq ərazisində ekoloji vəziyyətin qiymətləndirilməsini aparsın və işlər başa çatdıqdan sonra bir ay müddətində təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Aidiyyəti dövlət orqanları (qurumları) bu Sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görsünlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri,  20 oktyabr 2021-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video