17:59 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan regionun aparıcı siyasi və iqtisadi gücüdür
ANA SƏHİFƏ / SİYASƏT
00:31 06.04.2021

İlham Əliyevin yeni inkişaf strategiyası respublikamızın Cənubi Qafqazın lideri kimi mövqeyini daha da möhkəmləndirəcək

 

İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu bir qədər də möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, diktə edir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təkliflərini ortaya qoyur. Bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açan Prezident İlham Əliyev yeni reallıqların çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərdiyini bəyan edir.

 

Regionun gələcək inkişafını şərtləndirən layihələr sülhün təminatçısı olacaq

 

Bu fikirləri ilə İlham Əliyev qonşu ölkələrə regionun gələcək inkişafı üçün real imkanların mövcud olduğunu göstərərək qeyd edir ki, bütün bunlar, ilk növbədə, bölgədə uzunmüddətli sülhün təmin olunmasını şərtləndirir. Regionun inkişafı naminə icra ediləcək hər bir layihə özündən sonra digər layihənin gerçəkləşməsinə real zəmin yarada bilər.

Nikbinliyə səbəb olan amil odur ki, artıq qonşu dövlətlər də Azərbaycanla eyni mövqeni bölüşürlər. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı fikir ayrılığı yoxdur. Qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması imkanlardan faydalanmaq bütün tərəflərə, ilk növbədə, iqtisadi dividendlər vəd edir. Bu da birmənalı şəkildə onu deməyə əsas verir ki, bu gün artıq regionun gələcək inkişafı üçün nadir imkanlar yaranıb.

Hətta işğalçı Ermənistan da proseslərin tərkib hissəsi ola bilər, əgər üzərinə düşən öhdəlikləri, yəni 10 noyabr Bəyanatının şərtlərini tam olaraq icra edərsə... Yox, əgər bu baş verməsə, Ermənistan növbəti dəfə tarixi şansı itirəcək və reallaşacaq layihələr yenə də bu ölkədən yan keçəcək. İşğalçı ölkə istənilən layihədən mənfəət görməyəcək. Ermənistan üçün daha da böyük problemlər yaranacaq.

Onu da qeyd edək ki, ötən həftə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündəki çıxışında da Prezident İlham Əliyev Azərbaycanın Ermənistan üçün yarada biləcəyi növbəti imkanlardan söz açıb. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələrinin bütün türk dünyasını birləşdirəcəyini deyən Prezident vurğulayıb ki, bu, digər ölkələr, hətta, Ermənistan üçün də əlavə imkanlar yarada bilər. Çünki bu gün Ermənistanın nə Rusiya, nə də ki, İranla dəmir yolu əlaqəsi yoxdur. Azərbaycan hər iki dəmir yolu xəttinin yaradılmasını təmin edə bilər.

Ermənistan özünü heç olmasa, bundan sonra normal, sivil qonşu kimi apararsa, nəinki itirər, əksinə, qazana bilər. Artıq neçənci dəfədir ki, İlham Əliyev Ermənistana düşdüyü acınacaqlı durumdan, iqtisadi bataqlıqdan qurtuluş yollarını göstərir. Bu da bir daha onu deməyə əsas verir ki, İlham Əliyev nəinki Azərbaycanın, hətta qonşu və tərəfdaş ölkələrin də iqtisadiyyatının inkişafına kömək etmək üçün təşəbbüslər irəli sürür. Bu, ilk növbədə, Azərbaycan Prezidentinin humanizm prinsiplərinə hər zamankı kimi sadiqliyinin nümunəsidir.

 

Yeni strateji mərhələ, artan valyuta ehtiyatları

 

Bütün dövrlərdə tam müstəqil siyasət yürüdərək həyata keçirdiyi uğurlu diplomatiya ilə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyev bu gün postmüharibə dövrünün reallıqlarını müəyyənləşdirir.

Son 17 ildə milli maraqlara cavab verən siyasət həyata keçirməklə ölkəmizin beynəlxalq nüfuzunu gündən-günə yüksəldən İlham Əliyevin yeni inkişaf strategiyası Azərbaycana həm də mühüm tərəfdaşlar qazandırmaqdadır. Bu gün həmin tərəfdaşlar işğaldan azad edilmiş torpaqlarımızda reallaşacaq layihələrin iştirakçısı olmaqda  maraqlıdırlar.

Azərbaycan Prezidenti həmin tərəfdaşları həm İqtisadi Əməkdaşlıq Təşkilatının, həm də Türk Şurasının zirvə görüşlərində də Qarabağda reallaşacaq layihələrdə iştirak etməyə çağırmışdı.

Ancaq onu da xüsusi olaraq vurğulamalıyıq ki, Qarabağda reallaşacaq istənilən layihəni Azərbaycan öz gücünə gerçəkləşdirə bilər. Nəzərə alsaq ki, qlobal pandemiya ilə mübarizə tədbirləri bütün ölkələr kimi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib, buna baxmayaraq həyata keçiriləcək istənilən layihənin reallaşması üçün dövlətin iqtisadi qüdrəti yetərlidir. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı vəzifələrin icrası üçün 2021-ci ilin dövlət büdcəsində ilkin olaraq 2,2 mlrd. manat maliyyə təminatının ayrılması da bunu təsdiqləyən reallıqdır.

Digər bir müsbət amil isə ölkəmizin strateji valyuta ehtiyatlarının 51,2 milyard dolları ötməsidir. Bu ehtiyatlar xarici borc həcmini 5,8 dəfə üstələyir. Bu həm də o deməkdir ki, Azərbaycan dövləti istənilən vaxt bütün xarici borcu ödəyə bilər.

Bütün bunlar Davos İqtisadi Forumunun son hesabatında da əksini tapıb. Sənəddə qeyd edilir ki, Azərbaycan iqtisadi inkişaf və infrastruktur layihələrinin icrası baxımından inkişaf etmiş ölkələri qabaqlayıb. Özü də bütün bunlar dövlətin öz hesabına reallaşıb, yəni Azərbaycan kimdənsə kömək istəməyib, borc almayıb.

Azad edilmiş torpaqlarımızda reallaşacaq mühüm infrastrukturlar, qlobal layihələr isə onu deməyə əsas verir ki, artıq Azərbaycanın və regionun inkişafında yeni dövr, yeni era başlayır. Bu layihələrin gerçəkləşməsi isə regional inkişaf, əməkdaşlıq, bağlılıq üçün daha əlverişli imkanlar yaradacaq. Tezliklə xarici investorların da azad edilmiş torpaqlarımızda yeni layihələrə sərmayə yatırmaları, əlbəttə ki, iqtisadiyyatımızın daha da yüksəlişini təmin edəcək. Azərbaycan həm Qarabağın şöhrətini özünə qaytaracaq, həm də iqtisadi dividendlər qazanacaq. Bütün bunlar isə Azərbaycanın Cənubi Qafqaz regionunda ən sabit, ən qüdrətli və lider ölkə statusunun, mövqeyinin daha da möhkəmlənməsini şərtləndirəcək.

Sadalananlara əsasən deyə bilərik ki, 2021-ci ildən keyfiyyətcə yeni strateji mərhələyə daxil olan Azərbaycan İlham Əliyevin inkişaf strategiyası və dərin islahatları ilə siyasi və iqtisadi qüdrətini daha da yüksəldəcək.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM