30 Oktyabr 2019 00:56
1548
SİYASƏT
A- A+

Azərbaycan Qoşulmama Hərəkatının işinə töhfə verəcək


İlham Əliyev beynəlxalq hüququn təməl prinsiplərini təşviq etmək əzmindədir


Azərbaycan Respublikası 28 il əvvəl müstəqilliyini bərpa edəndən bəri bir sıra nüfuzlu beynəlxalq və regional təşkilatlarda üzv kimi fəal iştirak edərək həm milli maraqlarını irəli aparır, həm də bu platformalar çərçivəsində ayrı-ayrı ölkələrlə sıx əməkdaşlıq etməklə yeni-yeni dostlar qazanır.

Böyük tarixlə müqayisədə qısa zaman kəsiyində gənc dövlətimiz beynəlxalq aləmdə etibarlı tərəfdaş imicinin sahibi olmuş və nəticə etibarilə dünya adlı ailədə nüfuzlu üzv kimi layiqli yer tutmuşdur. Azərbaycanın heç kimdən asılı olmayan müstəqil xarici siyasət yeritməsinin, ədalətə və beynəlxalq hüquqa əsaslanmasının nəticəsidir ki, dövlətimiz 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Təhlükəsizlik Şurasına üzvlük müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə layiqli töhfə vermiş və beynəlxalq siyasi həyatın fəal iştirakçısı kimi prinsipial mövqe nümayiş etdirmişdir.

Cari ayın 25-26-sı ölkəmizin tarixində daha bir mühüm hadisə ilə yadda qaldı: Qoşulmama Hərəkatının XVIII Sammiti Bakıda keçirildi və Azərbaycan Respublikası beynəlxalq təşkilatın sədri səlahiyyətlərini qəbul etdi. Məlum olduğu kimi, bu təşkilat BMT-dən sonra ikinci böyük siyasi platformadır. 120 üzv-dövləti öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının fəaliyyətində 17 dövlət və 10 beynəlxalq təşkilat da müşahidəçi kimi iştirak edir. Yer kürəsi əhalisinin 51 faizi Qoşulmama Hərəkatının üzvü olan ölkələrdə yaşayır. Planetdə əkin sahələrinin 46 faizi, neft ehtiyatlarının 86 faizi üzv-ölkələrin payına düşür. Başqa sözlə, Qoşulmama Hərəkatı özünü dünyada yetərli siyasi çəkiyə malik olan qurum kimi göstərir.

Cəmi səkkiz il əvvəl Qoşulmama Hərəkatına qoşulmuş Azərbaycan indi üç il ona rəhbərlik etmək səlahiyyətlərini icra edəcək. Özü də ölkəmizin daxil olduğu Avropa qrupu 1992-ci ildən bəri ilk dəfə məhz Azərbaycanın timsalında bu beynəlxalq platformanın sədri olur. Bu da təsadüfi deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi dünya birliyinin ölkəmizə göstərdiyi hörmət, inam və etimadın növbəti təzahürüdür.

Qarşıdakı üç il ərzində Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi həm səlahiyyətlərini icra edəcək, həm də beynəlxalq siyasi platformadan faydalanaraq dünya birliyinin üzləşdiyi problemlərin həlli naminə səylərini əsirgəməyəcək, bu istiqamətdə yeni-yeni təşəbbüslər irəli sürəcək.

Yeri gəlmişkən, Bakı sədrliyə başlayar-başlamaz ilk təşəbbüsünə imza atmışdır. Məlum olduğu kimi, gənclər siyasəti dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir. Azərbaycanda böyüməkdə olan nəslin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verilir. Ona görə də Azərbaycan rəhbərliyi Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq Gənclər Sammiti keçirmək təşəbbüsü ilə çıxış etmişdir.

Hərəkatın XVIII sammiti ərəfəsində təşkil olunmuş Gənclər Sammitində 40 ölkədən Bakıya gəlmiş gənclər iştirak etmişlər.

Qoşulmama Hərəkatı fəaliyyətində Bandunq prinsiplərini rəhbər tutur. Bu prinsiplər hələ 1955-ci ildə, Hərəkat yaranmamışdan əvvəl İndoneziyanın Bandunq şəhərində keçirilmiş beynəlxalq konfransda elan edilmişdir. Beynəlxalq hüququn sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair əsas prinsiplərinə uyğun olan Bandunq prinsipləri dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi, eləcə də ədalət və beynəlxalq öhdəliklərə hörmət kimi prinsipləri ehtiva edir. Hərəkatın üzvü olan hər bir dövlət məhz bu prinsiplərə sadiq qalacağını bəyan etməlidir. Bandunq prinsipləri Azərbaycanın yeritdiyi xarici siyasətin təməl prinsipləri ilə üst-üstə düşür.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün əlindən gələni edəcək. Bakı daim vurğulayacaq ki, dövlətlərin sərhədlərini güc yolu ilə dəyişdirmək cəhdləri, güc tətbiq etməklə ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə hər hansı müdaxilə yolverilməzdir.

Məlum olduğu kimi, Qoşulmama Hərəkatı üzvlərinin mütləq əksəriyyəti inkişaf etməkdə olan ölkələrdir. Müasir dünyanın üzləşdiyi problemləri əsasən bu ölkələr yaşayır. Silahlı münaqişələr, yoxsulluq, beynəlxalq münasibətlərdə ədalətsizlik, qeyri-bərabərlik, zorakılıq baş alıb gedir. Bu məsələlərin tənzimlənməsi naminə Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər beynəlxalq təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə çalışacaq. Bu mənada keçən ay Azərbaycanın

"77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq səyləri artırmağa imkan verəcək. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması da xüsusi əhəmiyyət kəsb edəcək.

Eyni zamanda Azərbaycan ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada-ölkələrin üzləşdiyi təhdidlərə xüsusən diqqət yetirəcək. Dövlət başçısı nəzərə çatdırmışdır ki, Azərbaycan 2005-ci ildən etibarən 90-dan çox ölkəyə humanitar və texniki yardım göstərmişdir. Azərbaycan müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir. Bu istiqamətdə iş gələcəkdə də davam edəcək.

Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatı beynəlxalq hüququn təməl prinsiplərini kobudcasına pozan dövlətlərin əməllərini ifşa etmək, onları qınaq obyektinə çevirmək üçün mühüm beynəlxalq müstəvidir. Bu baxımdan üzv dövlətlərin təcavüzkar Ermənistana münasibəti təqdirəlayiqdir. Azərbaycan Qoşulmama Hərəkatına qoşulandan sonra qurumun üzvləri Dağlıq Qarabağ münaqişəsi barədə daha müfəssəl məlumat əldə etmişlər. 2012-ci ildən bəri Hərəkatın nazirlər səviyyəsində görüşləri və sammitləri zamanı qəbul edilmiş bütün yekun sənədlərinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bənd daxil edilmişdir. Həmin sənədlərdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dəstək ifadə olunmuşdur. Başqa sözlə, Qoşulmama Hərəkatının məsələyə münasibətdə mövqeyi birmənalıdır və Ermənistan bundan sonra da üzv dövlətlərin qınağı ilə üzləşəcək.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video