09:50 19 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan qlobal böhranla mübarizədə öz gücünə arxalanır
ANA SƏHİFƏ / SİYASƏT
02:58 19.07.2020


Prezident İlham Əliyev həm pandemiya ilə mübarizə, həm də qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı ciddi tapşırıqlar verdi


Qlobal böhran dünyanı yeni çağırışlarla üz-üzə qoyub. Pandemiya getdikcə dünya iqtisadiyyatına ciddi mənfi təsirlərini göstərməkdədir. Beynəlxalq iqtisadi təşkilatların proqnozlarına görə, bu il dünya iqtisadiyyatı 4 faiz azalacaq. Yəni 2020-ci il dünya iqtisadiyyatında tənəzzül dövrü kimi yadda qalacaq.

Əlbəttə ki, bu xoşagəlməz vəziyyət Azərbaycan iqtisadiyyatında da özünü büruzə verməkdədir. İlin əvvəlindən başlayan qlobal böhrandan az itkilərlə çıxmaq, makroiqtisadi sabitliyi qoruyub saxlamaq üçün hökumət bütün mümkün vasitələrdən istifadə etməkdədir. Son 2 ayda ölkə iqtisadiyyatında fəallığın azalması müşahidə olunmaqdadır. Lakin buna baxmayaraq, pandemiya dövründə bəzi sahələrdə uğurlu nəticələr də əldə olunub. Məsələn, kənd təsərrüfatında 2,2 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 11 faizdən çox artıb.

İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da ölkənin sosial-iqtisadi durumu geniş şəkildə müzakirə edildi və Prezident İlham Əliyev qarşıda duran vəzifələrlə bağlı ciddi tapşırıqlarını verdi.


Pandemiya ilə mübaizə tədbirləri, 6 ayda 2,7 faiz azalan ÜDM


Hazırda dünya dövlətləri kimi, Azərbaycan da qlobal pandemiya ilə mübarizə şəraitindədir. Ancaq buna baxmayaraq, ilin 4 ayında ölkə iqtisadiyyatında artım müşahidə olunurdu. May-iyun aylarında isə qlobal böhranın mənfi təsirləri özünü göstərməyə başladı.

Cənab İlham Əliyev diqqətə çatdırdı ki, ümumi daxili məhsul bu ilin 6 ayında 2,7 faiz azalıb. Turizm sektoru 48 faiz, tikinti sektoru isə 14,5 faiz tənəzzülə uğrayıb. Dövlət başçısı vurğuladı ki, neftin qiymətinin aşağı düşməsi və "OPEC+” çərçivəsində əlavə öhdəliyin ölkəmizin üzərinə düşməsi və hasilatın azaldılması nəticəsində ümumi daxili məhsul da azalmalı idi.

Təbii ki, bunun səbəbləri bəllidir. Qlobal pandemiya ilə mübarizə üçün dövlət tərəfindən makroiqtisadi sabitliyin qorunması, koronavirusun yayılma sürətinin nəzarətdə saxlanılması, iş yerlərinin ləğv olunmaması, pandemiyanın sosial təsirlərinin azaldılması, sahibkarlığın dəstəklənməsi sahələrində sistemli işlər aparılıb.

Dövlət başçısının sərəncamı ilə pandemiyadan əziyyət çəkən işsiz adamlara, aztəminatlı təbəqələrə, fəaliyyəti məhdudlaşdırılmış sahibkarlıq subyektlərinə kömək, ictimai iş yerlərinin yaradılması, özünüməşğulluq proqramının genişləndirilməsi, səhiyyə sisteminin gücləndirilməsi məqsədilə 1,5 milyard manatlıq tədbirlər planı hazırlanıb. Ümumiyyətlə, bütün mənbələr hesabına iqtisadiyyata bu dövr ərzində, bütövlükdə, 3,5 milyard manat həcmində sosial-iqtisadi yardım paketi müəyyən edilib.

Pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün Prezidentin müvafiq sərəncamları ilə dövlət büdcəsindən ayrılmış 1 milyard 409 milyon manat vəsaitdən 6 ay ərzində 752 milyon manat vəsaitin maliyyələşdirilməsi təmin olunub.

Bundan başqa, sahibkarların dövlət zəmanətli krediti asan əldə etməsi üçün Elektron Kredit Platforması yaradılıb. Belə ki, biznes krediti almaq istəyən sahibkar onlayn rejimdə bu platforma üzərindən müraciət edəcək. Müvəkkil kredit təşkilatlarının iştirakı ilə elektron platforma üzərindən dövlət dəstəyinin həyata keçirilməsi mexanizmi MDB-də ilk dəfə Azərbaycanda tətbiq olunur. Elektron Kredit Platforması sahibkara şəffaf, çevik, məmur müdaxiləsindən kənar, sağlam rəqabət mühitində kredit almaq imkanı yaradır. Eyni zamanda kredit üçün müraciət sistemi sahibkar tərəfindən izlənə bilən rəqəmsal həllə söykənir.


Qlobal böhrana baxmayaraq, bəzi sahələrdə artım var


Lakin cənab İlham Əliyev bütün bunları böyük faciə hesab etmir və qeyd edir ki, müvəqqəti olan bir məsələ dünya iqtisadiyyatı pandemiyadan çıxmağa başlayan kimi öz həllini tapacaq: "Hesab edirəm ki, digər ölkələrlə müqayisədə bizdə vəziyyət məqbul sayıla bilər. Quraqlığa baxmayaraq, kənd təsərrüfatımız 2,2 faiz artıb. İlin sonuna qədər baxacağıq ki, indi artım nə qədər olacaq. Qeyri-neft sektorunda sənaye istehsalı 11 faizdən çox artıb. Bu da sevindirici haldır və onu göstərir ki, sənayeləşmə siyasətimiz öz bəhrəsini verməkdədir”.

Həmçinin qeyri-neft və qaz sənayesi 11,2 faiz, bitkiçilik 1,1 faiz, heyvandarlıq 3,2 faiz, informasiya və rabitə xidmətləri isə 4,4 faiz artıb. Emal sənayesi və elektrik enerjisi sənayesində artım var.

Bundan başqa, ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli addımlar atılır və bu məsələ ilə bağlı göstəriş verilib. Həmçinin ölkənin nəqliyyat təhlükəsizliyi təmin edilib. Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərin birinə çevrilən Azərbaycanın fəal iştirakı ilə "Şərq-Qərb”, "Şimal-Cənub” nəqliyyat dəhlizləri fəaliyyətdədir.

Bu məsələyə də münasibət bildirən Prezident bildirdi ki, "Şərq-Qərb” nəqliyyat dəhlizi üzərində artıq iki qol mövcuddur. Biri Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa, digəri isə Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa. Hər ikisi Azərbaycan üzərindən keçir və təbii ki, ölkəmizin imkanları daha da genişlənir: "Əgər biz "Şimal-Cənub” nəqliyyat dəhlizini nəzərə alsaq, bu da Şimali Avropa-Rusiya-Azərbaycan-İran-Hindistan ölkələrini əhatə edir. Deməli, təsəvvür etmək çətin deyil ki, bu sahədə də nəqliyyat təhlükəsizliyimizi təmin etmişik”.

Göründüyü kimi, Azərbaycanın liderlik etdiyi regional layihələr hətta pandemiya şəraitində belə töhfələr verir. "Şərq-Qərb” nəqliyyat dəhlizi ilə bu ilin ilk dörd ayı ərzində 3 milyon ton, "Şimal-Cənub” nəqliyyat dəhlizi ilə isə 800 min ton yük daşınıb. Bakı-Tbilisi-Qars dəmir yolu ilə bu ilin ilk yarısında daşınmış yüklərin həcmi 3,7 dəfə artıb.


Sosial layihələrin icrası bundan sonra da davam etdiriləcək


Pandemiya şəraitində dövlət büdcəsi hesabına sosial layihələr daha da genişləndirilib və ilk 6 ayda sosial xərclər 5 milyard manata yaxınlaşmaqla, ilk dəfə büdcənin 42,5 faizini təşkil edib.

Bu ilin ilk yarısında bütün sosial ödənişlər vaxtında, hətta pandemiya dövründə vaxtından əvvəl həyata keçirilib. İlin əvvəlində qəbul edilən qərara uyğun olaraq, 1,2 milyon pensiyaçının pensiyaları 16,6 faiz artırılıb. Bunun nəticəsində də orta pensiyamız ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq 297 manata, yəni faktiki olaraq 300 manata yaxınlaşıb. Eyni zamanda pandemiya dövründə 750 min şəxsə müavinət və təqaüdlər yenə də vaxtından əvvəl ödənilib.

Hazırda 84 min ailənin 350 min üzvünə ünvanlı sosial yardım ödənişləri həyata keçirilir. Pandemiya dövründə artım 14 min ailənin 58 min üzvünü əhatə edib.

Hazırda Azərbaycan minimum pensiyanın məbləğinə görə alıcılıq qabiliyyəti üzrə MDB-də birinci yeri, orta pensiyanın alıcılıq qabiliyyəti üzrə isə ikinci yeri tutur.

Bu, bir həqiqətdir ki, dövlət qlobal böhrana baxmayaraq, heç bir sosial layihəni təxirə salmayıb və bu gün də həmin layihələr uğurla icra olunmaqdadır.

Cənab İlham Əliyev də vurğuladı ki, sosial layihələrin icrası bundan sonra da davam etdiriləcək: "Bizim siyasətimizin əsas məsələsi elə budur. Pandemiya dövrü bir daha göstərdi ki, biz bu çətin dövrdə də bu siyasətdən kənara çıxmırıq və gəlirlərimizin azalmasına baxmayaraq, bütün sosial layihələr artıqlaması ilə icra ediləcək və bütünlükdə deyə bilərəm ki, bu il bu baxımdan rekord göstəricidir”.

İclasda həmçinin bu il icra olunacaq layihələr barədə məlumat verən Prezident bildirdi ki, şəhid ailələri üçün bu il rekord sayda - 1500 evin verilməsi nəzərdə tutulur. Əgər proseslər bu fonda davam edərsə, maksimum üç il ərzində bu gün növbədə duran evsiz şəhid ailələri mənzillərlə təmin ediləcək. Karantin dövrü başa çatdıqdan sonra daha 300 ailə mənzillə təmin olunacaq.


Prioritet məsələlər, qarşıya qoyulan məqsəd


Bu ilin qalan müddəti ərzində görülməli olan işlər, reallaşacaq layihələrlə bağlı ciddi tapşırıqlarını verən dövlət başçısı vurğuladı ki, əsas məsələ büdcənin formalaşdırılmasıdır. Ona görə də, ilk növbədə, neftin qiyməti düzgün müəyyən edilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, əsas sosial məsələlərdən başqa digər strateji infrastruktur layihələrinin icrası da təmin edilsin. Bunların sırasında su təchizatı ön plandadır. Həmçinin ərzaq təhlükəsizliyi məsələləri daim diqqət mərkəzində olmalıdır. Eyni zamanda ölkənin ixrac imkanları da genişləndirilməlidir. Bundan başqa, kənd təsərrüfatının intensiv yollarla inkişafı prioritet məsələ olmalıdır. Dövlət gəlirləri sahəsində tam şəffaflıq təmin edilməlidir və sahibkarlar üçün elə bir şərait yaradılmalıdır ki, onlar artıq ağ iqtisadiyyata tam keçid edə bilsinlər.

Bu yaxınlarda BMT-nin "Dayanıqlı inkişaf indeksi” ilə bağlı yeni hesabatını da dəyərləndirən dövlət başçısı dedi ki, sənəddə Azərbaycan keçən ilə nisbətən irəliləyərək 54-cü yerdə qərarlaşıb. Bu göstəriciyə görə Azərbaycan regionda liderdir. Bu, əlbəttə ki, çox gözəl göstəricidir.

Bütövlükdə, ilin altı ayını müsbət qiymətləndirən cənab İlham Əliyev aidiyyəti qurumlara tapşırdı ki, ilin sonuna qədər qarşıda duran bütün vəzifələr icra edilməlidir: "Hesab edirəm ki, investisiya proqramı tam icra ediləcəkdir. Məndə olan məlumata görə, altı ayda investisiya proqramı 40 faiz səviyyəsində icra edilib. Bunun əsas səbəbi odur ki, bu sahədə də şəffaflıq təmin edilir, satınalmalarla bağlı islahatlar aparılır, tender prosedurları gözlənilir. Buna mən göstəriş vermişəm. Amma eyni zamanda hamımız yaxşı başa düşürük ki, investisiya proqramı həm ölkə üçün lazımi infrastrukturun yaradılmasına xidmət göstərir, həm də məşğulluq üçün də önəmli amildir. Ona görə çalışın, investisiya proqramı ilin sonunadək tam icra edilsin. Verilən bütün tapşırıqlar yerinə yetirilməlidir. Əminəm ki, ilin sonuna qədər biz öz məqsədimizə çatıb bu ili də uğurla başa vuracağıq”.

Prezident həmçinin hərbi xərclərə yenidən baxılmasının vacibliyini bildirərək dedi ki, xüsusilə gələn ilin büdcəsində orduya nəzərdə tutulan xərclər ordumuzun təminatını tam görməlidir. Yəni Azərbaycan Ordusunun inkişafı üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq.

Göründüyü kimi, Prezident İlham Əliyev pandemiya dövründə makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın yüksəlişi naminə bütün imkanlardan istifadə edir. İlk növbədə, xalqın sağlamlığını diqqətdə saxlayan dövlət başçısının həyata keçirdiyi mütərəqqi islahatlar Azərbaycanın böhrandan az itkilərlə çıxmasına real zəmin yaradır.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM