19:03 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan qazı xaricdəki istehlakçılarına  vaxtında çatdırılır

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:32 07.08.2021

 

Bakı yaxınlığındakı Səngəçal terminalından şaxələnən ixrac marşrutları Xəzərin Azərbaycan sektorundan çıxarılan  mavi  yanacağın   dünya bazarlarına nəqlini  ahəngdarlıqla davam  etdirir. Cari ilin birinci yarısında ölkəmizdən  xaricə təbii qaz satışı təxminən 9,1 milyard kubmetr təşkil edib. Bu, ötən ilin eyni  dövründə  olduğundan təqribən 36 faiz çoxdur.

Yanvar-iyun aylarında ixrac edilən Azərbaycan qazının təxminən 4,7 milyard kubmetri  Türkiyənin payına düşür. Bu barədə Energetika Nazirliyi  məlumat verib.

Türkiyə Azərbaycan təbii qazını Bakı-Tbilisi-Ərzurum  (BTƏ) kəməri  və TANAP-la (Trans-Anadolu Qaz Boru  Kəməri)  idxal edir. Qazı Azərbaycandan və Gürcüstandan keçməklə Türkiyə sərhədinədək CQBK - Cənubi Qafqaz Boru Kəməri çatdırır. Burada CQBK-ya qoşulan əlavə  280  kilometrlik  borular Ərzurumadək uzanır, odur ki, həmin xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır.  Bakı-Tbilisi-Ərzurum  kəməri 2007-ci il iyulun 3-də istifadəyə verilib.

2018-ci il  mayın 29-da “Cənub qaz dəhlizi”nin açılış mərasimində Prezident İlham Əliyev demişdir: “2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdır... Doğrudan da, bunlar tarixi nailiyyətlərdir. “Şahdəniz” yatağının gələcəkdə işlənilməsi ilə bağlı addımlar atılmağa başlanıldı.

Əlbəttə, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, “Cənub qaz dəhlizi”nin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı”.

Azərbaycan qazının xeyli hissəsini Türkiyəyə “Cənub qaz dəhlizi”nin   “onurğa sütunu” adlandırılan   1850 kilometrlik TANAP daşıyır. Məsələn, bu ilin birinci yarısında TANAP  qardaş ölkəyə 2,7 milyard kubmetrdən çox  mavi yanacaq çatdırıb. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən bu kəmərlə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin ayın 30-da başlanıb. Nəqlə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili keçən il iyunun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 milyard kubmetrə çatıb. Cari ildə kəmər Türkiyəyə 6 milyard kubmetr Azərbaycan təbii qazı ixrac edəcək. Sonrakı dövrdə bu boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql olunacaq. Qeyd edək ki, fəaliyyətə başladığı vaxtdan indiyədək TANAP 10 milyard kubmetrdən çox qaz daşıyıb.

Gürcüstana isə bu ilin  ilk 6 ayında ölkəmizdən ümumilikdə 1,2 milyard kubmetr qaz ixrac olunub. Gürcüstana  Azərbaycan qazının müəyyən hissəsini  CQBK  nəql edir. Ümumi uzunluğu 691 kilometr olan bu kəmərin Azərbaycan hissəsi 443, Gürcüstan hissəsi isə 248 kilometrdir.

CQBK 2006-cı ilin sonlarında istismara verilib, o vaxtdan da “Şahdəniz” təbii qazını Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırır. Genişləndirilmiş CQBK isə üç ildir  kommersiya qaz həcmlərini    TANAP-a ötürür.

Xatırladaq ki, 2020-ci ildə Gürcüstana CQBK xətti ilə 0,9 milyard kubmetri “Şahdəniz”dən, qalanı SOCAR-dan olmaqla, ümumilikdə 1,1 milyard kubmetr, Qazıməmməd-Qazax kəməri ilə isə əsasən SOCAR-dan olmaqla, 1,2 milyard kubmetr qaz göndərilib.

Bu ilin  birinci yarısında Avropaya  ixrac edilən  qazın həcmi  təqribən 3,2 milyard kubmetrdir. Qazı Avropadakı istehlakçılara Trans-Adriatik Qaz Boru Kəməri (TAP) nəql edir. Belə ki,  TAP “Şahdəniz” qazını Yunanıstanın və Albaniyanın ərazisindən, Adriatik dənizinin altından keçirərək İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır.

TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir və sonuncu, bir neçə kilometrlik  hissəsi İtaliya torpağında quru sahəyə çıxır. Burada kəmər “Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə birləşir.

Cari ilin birinci yarısında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan  əsas ixrac neft kəmərinin fəaliyyəti üçün də mavi yanacaq verilib ki, bu da 50,5 milyon kubmetr təşkil edib.

Energetika Nazirliyinin qaz hasilatına dair  göstərdiyi  rəqəmlər də maraq doğurur. Belə ki, istismara veriləndən cari il iyulun 1-dək “Azəri-Çıraq-Günəşli” yataqlarından  183 milyard kubmetr, “Şahdəniz”dən isə 145 milyard kubmetr qaz hasil olunub. “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 98 milyard kubmetri ixraca göndərilib.

 

Flora SADIQLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM