08 Mart 2019 01:43
1415
SİYASƏT
A- A+

Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi layiqli və möhkəmdir


Bu gün 8 mart Beynəlxalq Qadınlar Günüdür. 162 il əvvəl, 1857-ci ilin 8 mart tarixində qadınlar ABŞ-da aşağı maaşa və ağır iş rejiminə etiraz olaraq tətil keçiriblər. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Azərbaycanda da Beynəlxalq Qadınlar Günü geniş qeyd olunur. Təsadüfi deyil ki, martın 8-i ölkədə qeyri-iş günüdür.

Azərbaycanda özünəməxsus milli dəyərlərdən, adət-ənənələrdən irəli gələrək tarix boyu qadına dərin hörmət və ehtiramla yanaşılmış, ana adı uca tutulmuşdur. "Kitabi-Dədə Qorqud” boylarının qadın surətləri bu gün də öz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir. Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material vermişdir. Dahi Nizami öz əsərlərində Məhinbanu və Nüşabə kimi qadın hökmdar, əfsanəvi Fitnə və yeddi gözəl obrazlarını yaratmışdır. Görkəmli memar Əcəmi Naxçıvani tərəfindən ucaldılmış Möminə xatun türbəsi əzəmətli memarlıq abidəsi olmaqla yanaşı, xalqımızın qadına göstərdiyi ehtiramın parlaq təcəssümüdür.

Məğrur hökmdar Tomris, Qızıl Arslanın xanımı Qətibə xanım, qadının azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, qoca Şərqin ilk diplomat qadını Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Şuşada ilk ədəbiyyat məclisi yaratmış Xurşudbanu Natəvan və fəaliyyətləri əfsanəyə çevrilərək təfəkkürümüzə hopan neçə-neçə Azərbaycan qadını xalqımızın zəngin mənəvi keçmişinin müəllifləridir. Nigar, Həcər kimi qadınlar həm də mərdlik, şücaət, qəhrəmanlıq mücəssəməsi kimi qəbul edilmiş, döyüş meydanlarında həyat yoldaşlarının silahdaşı, arxa-dayağı olmuşlar.

XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalmışdır. Azərbaycan qadını da istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində və müstəqillik bərpa edildikdən sonra yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə etmişdir. Azərbaycan XX əsrdə demokratik inkişaf tarixləri olan əksər dövlətlərdən əvvəl -1918-ci ildə qadınlara seçki hüququ verib.

Bu gün ölkədə həyata keçirilən siyasət dövlətimizin müstəqilliyini daha da möhkəmləndirir, beynəlxalq nüfuzunu yüksəldir, bütün sahələrdə dinamik inkişafını təmin edir. Fərəhli haldır ki, bu proseslərdə qadınlar da fəal iştirak edir, ölkəmizin uğurları naminə səylərini əsirgəmirlər. Ümumiyyətlə, Azərbaycanda qadın hərəkatı müstəqillik illərində daha da inkişaf etmişdir. Məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə ölkəyə rəhbərlik etməyə başlamasından sonra həyata keçirilən dövlət siyasəti qadınların cəmiyyətdəki fəallığını daha da artırdı. O cümlədən qadın hərəkatı dövlət tərəfindən təşviq edildi.

Bu siyasəti davam etdirən Prezident İlham Əliyev həmişə qadınların cəmiyyətdəki fəallığını, siyasi-ictimai proseslərdə iştirakını yüksək qiymətləndirir. Bunu Prezidentin hər il 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində qadınlara ünvanladığı təbrikdən də görmək mümkündür.

Dövlət başçısı Azərbaycan qadınlarına təbrikində onların bilik və bacarıqlarını dinamik inkişaf yolunda inamla irəliləyən respublikamızın iqtisadi, mədəni və elmi potensialının artırılmasına sərf etdiklərini bildirib: "Azərbaycan qadınları maarifpərvər sələflərinin davamçıları olaraq son yüz ildə ölkəmizin xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin yeni əsaslar üzərində qurulması işində əzmkarlıq göstərmiş və nailiyyətlərlə dolu parlaq bir yol keçmişlər. Onlar müstəqilliyin bərpasından sonra istiqlal ideallarına sədaqətlə milli dövlətçiliyin təməlinin möhkəmləndirilməsi və ölkəmizin hazırkı simasının müəyyənləşməsində mühüm rol oynamış, bu gün də bilik və bacarıqlarını dinamik inkişaf yolunda inamla irəliləyən respublikamızın iqtisadi, mədəni və elmi potensialının artırılmasına sərf edirlər. Yüksək ictimai mövqe və nüfuzları Azərbaycan qadınlarının hüquq və azadlıqlarının tam təmin edilməsinin nəticəsi olub, müasir həyatımızın ən əlamətdar hadisələrindəndir”.

Prezident əmin olduğunu bildirib ki, Azərbaycan xanımları ailə dəyərlərimizin bundan sonra da layiqincə yaşadılmasına çalışacaq, gənc nəslin vətənə, torpağa məhəbbət, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək, ölkəmizin davamlı yüksəlişi naminə töhfələrini əsirgəməyəcəklər.

Azərbaycan qadınlarını kişilərlə bərabər cəmiyyətin bütün sahələrində görmək olar. İstər dövlət idarəetməsində, istər seçkili orqanlarda, siyasi-ictimai və sosial-iqtisadi sferalarda qadınlar kişilərdən heç də az fəal deyillər. Hərbçi, polis, sahibkar, idmançı xanımların da sayı az deyil. Bu da ilk növbədə ölkədə həyata keçirilən uğurlu gender siyasətindən xəbər verir.

Azərbaycanda qadın hərəkatından və ümumilikdə qadınların cəmiyyət həyatındakı fəallığından söz açarkən yada düşən ilk nümunə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətidir. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Ölkəmizin birinci xanımının Heydər Əliyev Fonduna rəhbərliyi, Milli Məclisdə deputat kimi fəaliyyəti bütün yüksək məziyyətləri ilə yanaşı, həm də ölkədəki qadın hərəkatının inkişafına böyük töhfələr verib. Mehriban Əliyeva 2013-cü ildən Yeni Azərbaycan Partiyasının sədr müavini, 2017-ci ilin fevralından isə Azərbaycanın Birinci vitse-prezidentidir. Bu kimi ali postlara təyinat ilk növbədə Azərbaycan qadınına göstərilən yüksək siyasi etimadın göstəricisidir. Bütün bunlar Mehriban Əliyevanın yüksək siyasi potensiala malik olduğunu təsdiqləməklə yanaşı, həm də Azərbaycan qadınının müasir və modern obrazını nümayiş etdirir.

Qadının istər ailədə, istərsə də cəmiyyətdəki layiqli mövqeyi ilk növbədə xalqın yüksək mənəvi keyfiyyətinin, o cümlədən dövlətin inkişafının və xoşbəxt gələcəyinin göstəricisidir. Fərəhli haldır ki, bu deyilənləri Azərbaycan cəmiyyətində görmək mümkündür. Əminliklə deyə bilərik ki, ölkədə həyata keçirilən siyasət və xalqımızın yüksək mənəvi keyfiyyətləri qadınların cəmiyyətdəki layiqli mövqeyini daim qoruyub saxlayacaq.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video