21:34 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib
ANA SƏHİFƏ / TƏDBIRLƏR
11:11 21.11.2014

 

Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb. 

İki gün davam edəcək tədbirin rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası qarşıdakı dövrdə həllini gözləyən bir çox məsələlərin müzakirə olunması və həyata keçirilməsi baxımından mühüm tədbirdir. Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin, beynəlxalq idman qurumlarının rəhbərlərinin iştirak etdikləri Assambleyada “Olimpiya Oyunları”, “Marketinq və rabitə”, “İdman hamı üçün”, “Olimpiya mədəniyyəti və irsi”, “Tibb və antidopinq”, “İdmanda gender bərabərliyi” və digər mövzularda hesabat məruzələri, o cümlədən ilk Avropa Oyunları barədə məlumat və “Bakı-2015” Əməliyyat Komitəsinin hesabatı da dinləniləcək. 2016-cı il Yay Olimpiya, XXIII Qış Olimpiya oyunlarına və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar.
Dövlət başçısı və xanımı Avropa Olimpiya Komitəsinin rəhbər heyəti ilə görüşdülər.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında çıxış etdi.

 

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Tomas Bax!
Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti cənab Jak Roqq!
Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikki!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Əvvəlcə Sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının toplantısını Bakıda qəbul etməkdən böyük şərəf hissi duyuruq.
Azərbaycan qədim tarixi, adət-ənənələri və mədəniyyəti ilə seçilən ölkədir. Əminəm ki, qonaqlarımız, - bilirəm, onların əksəriyyəti ölkəmizə ilk dəfədir səfər edir, - həmçinin Azərbaycanı daha yaxşı tanımaq, tarixi yerlərimizi ziyarət etmək imkanını əldə edəcəklər. Yeri gəlmişkən, onlardan bəziləri UNESCO tərəfindən qorunur və dünya mədəni irsinin bir hissəsidir.
Bununla belə, Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi və müstəqilliyimizi möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi.
Avropa Olimpiya Komitəsinə üzv olmaq qərarı bu Komitə tərəfindən çox müsbət qarşılandı və prioritetlərimizi nümayiş etdirdi. Avropa Olimpiya ailəsinə üzv olduqdan sonra Azərbaycan Avropa təsisatlarına daha sürətlə inteqrasiya etməyə başladı. Siyasi sistemimiz Avropanın siyasi sisteminin modelidir. Çünki bildiyiniz kimi, müstəqilliyimizi bərpa etdiyimiz vaxt siyasi sistem, ümumiyyətlə, mövcud deyildi. Biz uğurları qazanmaq, müstəqillik fürsətini qaçırmamaq üçün müstəqil dövlət qurmalı, siyasi təsisatları yaratmalı, o cümlədən güclü iqtisadiyyatı formalaşdırmalı idik.
Bu baxımdan Avropa Olimpiya ailəsinin hissəsi olmaq, həmçinin bizə Avropa təsisatlarına fəal şəkildə inteqrasiya imkanını yaratdı. Yeri gəlmişkən, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsindəki sədrliyi bir həftə öncə başa çatıb. Sədrliyimiz çox uğurla keçdi. Əlbəttə ki, 2001-ci ildə reallaşmış Avropa Şurasına üzvlük bizə islahatları davam etdirmək və Avropa dəyərlərini ölkəmizdə təşviq etmək imkanını yaratdı. Siyasi islahatlar Azərbaycan üçün əsas prioritetlərdən biridir. Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyyatımız var. Lakin möhkəm siyasi sistem olmadan inkişafımız görmək istədiyimiz qədər sürətli ola bilməzdi.
Bir sözlə, demokratiyanın və əsas azadlıqların təşviqi bizim üçün prioritetdir. Azərbaycanda bütün əsas azadlıqlar təmin edilib. Mətbuat azadlığı, azad internet var. Vətəndaşlarımızın 70 faizdən çoxu fəal internet istifadəçisidir. Toplaşmaq, təşkilatlanmaq azadlığı tam təmin edilib. Azərbaycanda 500-dən çox mətbu orqan fəaliyyət göstərir. Dini azadlıq tam təmin edilib. Ölkəmiz hazırda dünyada multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur. Bir çox beynəlxalq tədbirlərin keçirilməsi və həmin mühüm məsələnin müzakirəsi ümumi əməkdaşlıq amalına və dinlərarası dialoqa verilən töhfədir.
Eyni zamanda, biz müasir, özünü təmin edən iqtisadiyyatın qurulması üçün ürəkdən çalışırıq. Bu səbəbdən iqtisadi islahatlar gündəliyimizdə olan məsələdir. Son on il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub. Ümumi daxili məhsulumuz üç dəfədən çox artıb. Büdcə xərclərimiz iyirmi dəfədən çox artıb. Biz yoxsulluğun səviyyəsini 49 faizdən 5 faizə qədər azalda bildik. İşsizlik isə 5 faizdən aşağıdır. Maliyyə vəziyyətimiz çox sabitdir.
Xarici borc ümumi daxili məhsulun yalnız 8 faizini təşkil edir. İqtisadi islahatlarımız, həmçinin beynəlxalq maliyyə təsisatları tərəfindən xüsusi olaraq qeyd edilir. Yeri gəlmişkən, Davos Dünya İqtisadi Forumu qlobal rəqabətədavamlılıq baxımından ölkəmizi 38-ci yerdə qərarlaşdırıb. Bu səbəbdən, iqtisadi inkişafımızın aparıcı qüvvəsi, əlbəttə ki, islahatlar oldu.
Eyni zamanda, Azərbaycan zəngin təbii ehtiyatlara malik olan ölkədir. Təbii ehtiyatlardan səmərəli istifadə, milli ehtiyatların insan kapitalına çevrilməsi, həmçinin bizim üçün prioritet oldu. Gələcəyə sərmayə, təhsil, sosial problemlərin həlli və infrastrukturun yaradılması bizə iqtisadiyyatımızı şaxələndirməyə imkan verdi.
Beləliklə, enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, Azərbaycan bu gün Avropanın çox mühüm tərəfdaşıdır. Avropa İttifaqı ilə imzaladığımız sənədlər aydın göstərir ki, Azərbaycan “Cənub” qaz dəhlizini təşviq və təchiz edən, eləcə də inşasını başlatdıran tərəfdir. Əslində, biz “Cənub” qaz dəhlizinin çəkilməsini başlatdıran ölkə olduq. Təməlqoyma mərasimi avropalı həmkarlarımın geniş iştirakı ilə Bakıda iki ay öncə, sentyabrın 20-də təşkil edilmişdir.
Bir sözlə, enerji təhlükəsizliyi və şaxələndirilməsi, əlbəttə ki, Avropa təsisatları ilə gələcək münasibətlərimizdə əsas rol oynayacaq. Avropa İttifaqı ilə əlaqələrimizi ortaq dəyərlərə, qarşılıqlı hörmətə və marağa əsaslanan, proqnozlaşdırılan, çox güclü əlaqələr hesab edirik. Buna görə, fikrimizcə, bu münasibətlər sivilizasiyaların dialoqunda mühüm rol oynaya bilər. Çünki bu, coğrafi mövqeyimiz, tariximiz və irsimizdən gəlir. Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiya arasında yerləşir. Mədəniyyət, çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyət baxımından Azərbaycan sivilizasiyalar dialoqunda mühüm rol oynayır.
Biz Avropa təsisatlarının üzvüyük. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da üzvüyük. Əslində, dünyada nadir ölkələrdən biriyik ki, iki yüzdən artıq ölkəni əhatə edən hər iki təşkilatın üzvüyük. Avropa ilə münasibətlərimiz sırf enerji təhlükəsizliyi ilə bağlı deyil. Əməkdaşlığımızın daha geniş əhatə dairəsi var. Hesab edirəm ki, bu əlaqələr, artıq qeyd etdiyim kimi, regionumuzda, Avropa və Asiyada sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın gücləndirilməsində çox mühüm rol oynaya bilər. Bizim buna ehtiyacımız var. Bizə potensial riskləri azaltmaq üçün əməkdaşlıq lazımdır. Əfsuslar olsun, risklər hələ ki, burada mövcuddur, qapının kandarındadır.
Azərbaycan, həmçinin beynəlxalq ictimaiyyətin fəal üzvüdür. Cəmi 23 ildir ki, müstəqil ölkə və BMT-nin üzvü olmağımıza baxmayaraq, ölkəmiz açıq, mehriban, etibarlı tərəfdaş olduğunu nümayiş etdirə bildi. Bu səbəbdən Azərbaycan 155 ölkənin dəstəyi və səsi ilə BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçildi. İki il ərzində biz dünyanın bir nömrəli beynəlxalq qurumunun üzvü olduq. Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Bu, beynəlxalq ictimaiyyətin əksər hissəsinin bizə, siyasətimizə verdiyi hərtərəfli dəstəyin göstəricisidir. Siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır, əməkdaşlığın genişləndirilməsini və potensial risklərin azaldılmasını nəzərdə tutur. BMT-nin Təhlükəsizlik Şurasının üzvü olmaq Azərbaycanın beynəlxalq səhnədə ən böyük diplomatik və siyasi qələbəsi idi. Əslində, bu, göstərir ki, ölkə daxilində atdığımız addımlar, qonşularımıza və tərəfdaşlarımıza aid siyasətimiz dünyada yüksək qiymətləndirilir. Bu gün dünya daha çox əməkdaşlıq və anlaşmaya, eləcə də mövcud və potensial təhlükələrin azaldılmasına ehtiyac duyur.
Əlbəttə, Azərbaycan haqqında çox söz söyləyə bilərəm. Lakin bilirəm ki, vaxt məhduddur və daha çox idman və Olimpiya hərəkatının inkişafı sahəsindəki siyasətimiz haqqında danışmaq istərdim. Bu, Azərbaycan üçün prioritetlərdən biridir. Biz Olimpiya dəyərlərinin təşviqi üçün çox işlər görürük. Bunlar dostluq, sülh və əməkdaşlıq dəyərləridir. Eyni zamanda, biz praktiki olaraq, müasir idman infrastrukturunun yaradılmasına böyük sərmayələr qoyuruq. Son 10-15 il ərzində Azərbaycanda 50-dən artıq müasir Olimpiya Mərkəzi tikilib. Yeri gəlmişkən, ilk Olimpiya-İdman Mərkəzi Azərbaycanda 2000-ci ildə tikilmişdir və Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti, o vaxt Avropa Olimpiya Komitəsinin prezidenti cənab Jak Roqq həmin ilk idman mərkəzinin açılış mərasimində iştirak etmişdir.
Həmin vaxtdan etibarən bu ənənə davam edir. Avropa Olimpiya Komitəsinin indiki prezidenti, əziz dostumuz cənab Patrik Hikki isə 2006-cı ildə ölkəmizin cənub bölgəsində yerləşən şəhərlərimizdən birində Olimpiya İdman Mərkəzinin açılışında iştirak etmişdir. İdman infrastrukturuna qoyulan sərmayələr atletlərimizin nəticələrində əks olunub. Fərəhlənirik ki, Azərbaycan idmançıları ölkəmizi beynəlxalq səhnədə layiqincə təmsil edirlər. Londonda keçirilmiş son Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanıb. Onlardan ikisi qızıldır. Ölkəmiz bütün iştirakçılar sırasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci oldu.
Bu il Nankində Yeniyetmələrin Olimpiya Oyunlarında gənc idmançılarımız təxminən 200 ölkə sırasında 10-cu yeri tutmuşlar. Bu, müstəqilliyini yalnız 23 il öncə qazanan, əhalisi o qədər də çox olmayan ölkə üçün tarixi nailiyyətdir. Onuncu yer o deməkdir ki, biz dünyanın aparıcı idman ölkələri sırasındayıq. Bu, Azərbaycanda idmanın təşviqi, lazımi infrastrukturun qurulmasının bariz nümunəsidir. London və Nankində medal qazanmış bütün atletlər müstəqillik illərində formalaşmış idmançılardır. Müstəqillik bizim üçün ən böyük dəyərdir. Bu gün Azərbaycan xalqı nəinki müstəqil olmaqdan, BMT-də bayrağını qaldırmaqdan fərəhlənir. O, həmçinin fərəhlənir ki, bu müstəqillik ölkəyə uğurlar, sosial rifah və xalqımıza çiçəklənmə gətirdi.
Bizim Avropa və dünya çempionatlarının keçirilməsində təcrübəmiz var. Bu tədbirlər Azərbaycanda dəfələrlə keçirilib. Lakin əlbəttə ki, gələn il keçiriləcək Avropa Oyunları bizim üçün ən yüksək səviyyəli idman hadisəsinə çevriləcək. Fərəhlənirik ki, ilk Avropa Oyunları məhz Azərbaycanda keçiriləcək. Fürsətdən istifadə edərək, Avropa Olimpiya Komitəsinin Baş Assambleyasına qəbul etdiyi bu qərara görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Deyə bilərəm ki, biz sizi sevindirəcəyik və bu Oyunların ən yüksək səviyyədə hazırlanması və keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Baxmayaraq ki, vaxtımız azdır. Hazırlıqlar üçün cəmi iki il yarım vaxt ayrılmışdır. Lakin xoşbəxtlikdən əvvəlki illərdə idman infrastrukturuna qoyulmuş sərmayələr bir neçə ay ərzində hazır olmaq imkanı yaratdı. Əlbəttə ki, bu, Avropada və bütün dünyada nadir hadisə olacaq.
Hesab edirəm ki, biz bu Oyunların keçirilməsində standartları müəyyən edəcəyik. Yəqin artıq bilirsiniz ki, Oyunlarda 20 idman növü üzrə 6 mindən çox idmançı iştirak edəcək. 2016-cı ildə biz Dünya Şahmat Olimpiadasını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu da çox rəmzidir. Eyni ölkədə, eyni şəhərdə iki ildə siz Avropa Oyunlarını, sonra isə İslam Həmrəyliyi Oyunlarını seyr edəcəksiniz. Bu, Azərbaycanın bugünkü reallığını əks etdirir. Ölkəmiz müasir və dinamikdir, əməkdaşlığa açıqdır, sivilizasiyaların və qitələrin kəsişməsində yerləşir, yaxşı potensiala, güclü dəstəyə və gələcək üçün aydın planlara malikdir.
Əminəm ki, qonaqlarımızın Azərbaycanı daha yaxşı tanımaq imkanı olacaq. Mən Sizə uğurlar arzulayıram və bu gün bizimlə olduğunuza görə minnətdaram.
Sağ olun.
* * *
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas BAX çıxış edərək dedi:
- Cənab Prezident!
Hörmətli birinci xanım Mehriban Əliyeva!
Avropa Olimpiya Komitəsinin prezidenti!
Milli Olimpiya komitələrinin prezidentləri!
Hörmətli həmkarlar!
Həqiqətən də yenidən burada olmaqdan, bu Assambleyanın işində iştirak etməkdən çox məmnunam. Azərbaycan artıq mənim üçün doğma bir məkana çevrilib.
Uzun illərdir ki, sizinlə bir arada olmaqdan, Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının iclaslarında iştirak etməkdən məmnun olduğumu bir daha dilə gətirmək istəyirəm. Bir neçə həftə bundan əvvəl biz Banqkokda Milli Olimpiya komitələrinin iştirakı ilə Baş Assambleyanın illik toplantısını keçirdik. İndi isə Azərbaycanda görüşürük. Mən Azərbaycan Respublikasının Prezidentini və birinci xanımını bir daha salamlamaqdan məmnunam.
Cənab Prezident, mən səmimi qəlbdən təbriklərimi Sizə çatdırmaq istəyirəm. Mən bu təbriklərlə Sizin ölkənizdə idmanın, təhsilin, təbii ki, Azərbaycan cəmiyyətinin inkişafına göstərdiyiniz diqqət və qayğını, verdiyiniz töhfələri təqdir edirəm. Zənnimcə, burada bütün tərəflər uğur qazanır. İdmana yatırılan sərmayə, sadəcə, infrastrukturun yaradılması ilə kifayətlənmir. Bu sərmayə, təbii ki, təhsilin də inkişafında mühüm rol oynayır. Sizin gördüyünüz işlər, töhfələriniz bütünlüklə cəmiyyətin inkişafına, təhsil sisteminin daha da təkmilləşməsinə, daha səmərəli olmasına müsbət təsir göstərməklə yanaşı, idmançıların beynəlxalq yarışlarda uğur qazanmalarına və dünya səviyyəsində Azərbaycanın imicinin möhkəmlənməsinə səbəb olur. Bütün bunların nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda çoxlu sayda medallar qazanırlar.
Gələn il Azərbaycanda ilk Avropa Oyunları keçiriləcək. Burada gördüklərimizdən hamımız yekdilliklə belə bir qənaətə gələ bilərik ki, bu Oyunlar müvəffəqiyyətlə keçiriləcək. İlk Avropa Oyunları gələcək yarışlar üçün böyük bir uğur hekayəsi olacaq. Biz idmançıların, atletlərin Avropa Oyunlarında çox möhtəşəm nəticələr göstərəcəklərinə əminik.
Həmçinin biz Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. Dünən biz öyrəndik ki, Avropa Oyunları ilə əlaqədar kifayət qədər zəngin mədəni tədbirlər proqramı da hazırlanıb və həyata keçiriləcək. Obrazlı şəkildə desək, bu da bizim hamımıza çox qeyri-adi, nadir bir zövq verəcək. Mən inanıram ki, idmanla mədəniyyət tədbirlərinin vəhdəti çox maraqlı olacaq. Bu maraqlı təşəbbüslərə və göstərdiyi səylərə görə xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk.
Təbii ki, biz Baş Assambleyada bu yaxınlarda BMT tərəfindən qəbul olunmuş davamlı inkişaf məqsədlərinə dair qətnaməni də ətraflı müzakirə edəcəyik. Əlbəttə, Azərbaycanın, Azərbaycan hökumətinin idmanın yüksəlişinə dəstəyinin BMT-nin inkişaf məqsədlərinə daxil edilməsi ilə bağlı məsələlər də müzakirə olunacaq.
Cənab Prezident İlham Əliyev, göstərdiyiniz qətiyyətə, yüksək iradəyə və dünənki görüşümüzə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.
Avropa idmanına gəldikdə isə, biz artıq uğurlu bir ilin sonuna çatmışıq. Bildiyiniz kimi, ilin əvvəlində Soçidə çox mükəmməl Qış Olimpiya Oyunları keçirildi. Qeyd etməliyəm ki, Soçi Olimpiadası keyfiyyət baxımından əvvəlki Qış Olimpiya Oyunlarını üstələdi. Bundan sonra Braziliyada futbol üzrə Dünya çempionatı keçirildi. Amerika qitəsində keçirilən bu çempionatda Dünya Kubokunu, səhv etmirəmsə, Avropa komandası qazandı. Bayaqkı təbriklərinizə görə minnətdarlığımızı bildiririk.
İdman aləmində uğurlarla zəngin olan daha bir ilimiz başa çatmaq üzrədir. Biz qarşıdan gələn ildə keçiriləcək Avropa Oyunlarından da qələbələr gözləyirik.
Siz doğru qeyd etdiniz, gələn ilin birinci yarısında Avstriyada və Lixtenşteyndə Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı, ilk Avropa Oyunları isə məhz burada, Bakıda keçiriləcəkdir. Ondan sonra növbəti gənclər festivalı Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq. Gələn il də, sözün əsl mənasında, gərgin qrafiki ilə seçiləcək bir idman ili olacaq. Ümidvaram ki, bu idman yarışları uğurla keçiriləcəkdir. İnanıram ki, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına idmançıları yüksək səviyyədə hazırlaşdıra biləcəksiniz. Çünki kifayət qədər vaxtınız var. Ümid edirəm ki, həmçinin “Olimpiya-2020”-nin proqramını da ərsəyə gətirə biləcəksiniz. Biz buna inanırıq. İki həftədən sonra Beynəlxalq Olimpiya Komitəsinin Monte-Karloda keçiriləcək fövqəladə iclasında “Olimpiya-2020”-nin proqramının təsdiq olunması gözlənilir. Beləliklə, bizim 43-cü Baş Assambleyada çox məhsuldar və çox maraqlı keçəcək müzakirələrdə sizin hamınıza uğurlar diləyirəm.
Ümid edirəm ki, bu il olduğu kimi, gələn il də idman yarışlarından kifayət qədər zövq alacaqsınız. Qarşıdan gələn 2015-ci ilin Avropa üçün çox uğurlu bir idman ili olacağına inanır və sizin hamınıza uğurlar diləyirəm.
Ölkənizdə idmanla, gənclərlə bağlı görəcəyiniz bütün işlərdə, irəli sürəcəyiniz təşəbbüslərdə sizin hamınıza bəri başdan uğurlar arzu edirəm. Sağ olun.
* * *
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik HİKKİ çıxış edərək dedi:
- Zati-aliləri, cənab Prezident İlham Əliyev!
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva!
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax!
Əziz dostlar!
Böyük iftixar hissi ilə bir daha Bakıya gəlməkdən məmnunluğumu ifadə edirəm. Cənab Prezident İlham Əliyev, Mehriban xanım Əliyeva, məni və həmkarlarımı belə səmimiyyətlə qarşıladığınıza görə minnətdarlığımı bildirirəm. Mən dəfələrlə Bakıda olmuşam və hər dəfə buraya gələndə sanki öz doğma evimə gəldiyimi hiss edirəm. “Eurovision” hamımızı ruhlandırıb.
Cənab Prezident Əliyev, Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri kimi Sizə minnətdarlığımı bildirirəm. Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının gözəl, füsunkar Bakı şəhərində mükəmməl səviyyədə təşkil etdiyinizə görə minnətdaram. Bu, təbii ki, ən yüksək standartlara cavab verir. Mən bunu gələn il “Bakı-2015” ilk Avropa Oyunlarında da görəcəyimizə inanıram.
Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva, bu gün bu tədbirdə iştirakınıza görə Sizə öz minnətdarlığımızı bildiririk.
Hörmətli əziz dostlar, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın burada olması məni xüsusilə məmnun edir. Biz çox şadıq ki, siz çox gərgin iş qrafikinizdən vaxt tapıb Avropa Olimpiya Komitəsinin Baş Assambleyasına təşrif buyurmusunuz. Sizin hamınızdan cənab Tomas Baxı Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasına gəldiyinə görə sürəkli alqışlamağı xahiş edirəm.
Ümid edirəm, hamınız Bakıda olacağınız müddətdən zövq alacaqsınız. Bakı çox füsunkar və ecazkar bir şəhərdir. Burada əvvəl olmayanlar da əminəm, bu səfərdən sonra yekdilliklə söyləyəcəklər ki, Bakı, həqiqətən də, gələn il ilk Avropa Oyunlarını çox mükəmməl səviyyədə, layiqincə keçirəcək. Azərbaycanın ev sahibliyi əminəm ki, burada qalacağınız günlərdə ürəyinizcə olacaq. Amma çox da arxayın olmamalıyıq, çünki görəcəyimiz işlər də var.
Baş Assambleyanın toplantısı Olimpiya hərəkatında çox mühüm bir məqama təsadüf edir. Məhz 14 aydır ki, Tomas Bax Beynəlxalq Olimpiya Komitəsinin prezidenti seçilib və indi biz artıq onun rəhbərliyi ilə çox mühüm tarixi bir məqama çatırıq - 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarının proqramı tezliklə müəyyənləşdiriləcək. Cənab prezident Bax, biz Avropa Olimpiya Komitəsinin rəhbərləri sizi dəstəkləyirik. Gəlin, öz işimizə başlayaq və 43-cü Baş Assambleyada atacağımız mühüm addımlarla Avropa Olimpiya Komitəsinin zəngin tarixinə öz töhfəmizi verək. Təşəkkür edirəm.
* * *
Sonra Patrik Hikki Avropa Olimpiya Komitəsinin xatirə hədiyyələrini Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim etdi.
* * *
Daha sonra Patrik Hikki idman karyerası ərzində bir çox uğurlara nail olan, dünyada idmanın inkişafında mühüm xidmətlər göstərən, Olimpiya ideallarına sadiqliyi ilə seçilən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa Avropa Olimpiya Komitəsinin “Şöhrət” medalını təqdim etdi.
Bununla da Baş Assambleyanın rəsmi hissəsi başa çatdı.

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM