18 Yanvar 2021 17:32
613
SİYASƏT
A- A+

Azərbaycan Prezidenti: Bu gün mənim fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur

 

Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı fikirlərim var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək. O bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin - şəhərsalma, dövlət orqanlarının funksiyaları.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sumqayıtda Azərbaycan Televiziyasına müsahibəsində danışıb.

Prezident qeyd edib ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir: “Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür. O cümlədən su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin”.

Dövlətimizin başçısı deyib: “Azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin. Mənim, əlbəttə ki, əsas işim Qarabağ məsələsinin həlli və sentyabr ayından başlayaraq gedən müharibəyə Ali Baş Komandan kimi rəhbərlik etməyim idi. Bu gün də mənim fəaliyyətimdə o bölgələrin - Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur. Bu, təsadüfi deyil, bu, təbiidir. Ancaq, eyni zamanda, mən ənənəvi iş fəaliyyətimə də həmişə diqqət yetirmişəm. Sumqayıta gəlməyim onu bir daha göstərir.

Müharibə başa çatdı, müzəffər Ordumuz müharibədə qələbə çaldı, düşməni məğlub etdi. Azad olunmuş torpaqların bərpası üçün əlimizdən gələni edəcəyik. Hər gün mənim işimin əsas hissəsi buna həsr olunur. Ancaq digər ərazilərin inkişafı da heç vaxt yaddan çıxmayacaq, Azərbaycan xalqı əmin ola bilər. Əminəm ki, biz bu ili də uğurla başa vuracağıq, daha güclü Azərbaycan quracağıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video