23:12 20 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
17:04 20.04.2021 Məşhur A68 aysberqi əridi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

AZƏRBAYCAN PARLAMENTİ: TARİX VƏ MÜASİRLİK
ANA SƏHİFƏ / SİYASƏT
03:09 21.09.2018

Dövlət idarəçiliyi sistemində parlamentarizmin mövcudluğu demokratik quruluşun əsas əlamətlərindən biridir. Müasir dövrdə parlamentarizm dövlət hakimiyyətinin elə bir sistemidir ki, burada qanunvericilik və icra orqanlarının səlahiyyətləri arasında dəqiq hədd qoyulmuşdur.
Parlamentarizm ənənələrinin çoxəsrlik tarixi vardır. Dəqiq müəyyən edilmiş qanunvericilik səlahiyyətlərinə malik ilk dövlət idarəetmə orqanı qədim Yunanıstanda Xalq Məclisi, qədim Romada Senat olmuşdur. Orta əsrlər Avropasında ilk parlament 930-cu ildə İslandiyada toplanmışdır. Bu nümayəndəli orqan "Altinq” adlanırdı. Lakin müasir parlamentarizmin vətəni İngiltərə sayılır. 1215-ci ildə məhz İngiltərədə Böyük Azadlıq Xartiyası qəbul edilmiş, bu akta uyğun olaraq kralın hakimiyyəti xüsusi nümayəndəli orqan tərəfindən məhdudlaşdırılmışdır.
Mötəbər tarixi mənbələr sübut edir ki, qədim dövrdə və orta əsrlərdə mövcud olan Azərbaycan dövlətlərində də idarəçiliyə və ictimai həyata dair qərarlar kollegial səciyyə daşıyan məşvərət-məsləhət yolu ilə qəbul edilmişdir. Bu isə Azərbaycanda parlamentarizm rüşeymlərinin məhz qədim dövrlərdən bəri formalaşdığı barədə mülahizələrin əsassız olmadığını ortaya qoyur.
XX əsrin əvvəllərində Rusiyada ilk parlamentin formalaşmasına Azərbaycan xalqı da öz layiqli töhfəsini vermişdir. Bakı, Yelizavetpol (Gəncə) və İrəvan quberniyaları da daxil olmaqla, Azərbaycandan Rusiyanın I Dövlət Dumasına 6 nəfər deputat seçilmişdi. Əlimərdan bəy Topçubaşov, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov, İsmayılxan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev və Ataxan İrəvanski Dumanın işində fəal iştirak edirdilər. I Dumada Rusiyanın müxtəlif regionlarını təmsil edən 36 deputatdan ibarət müsəlman fraksiyası yaradılmışdı. Fraksiyanın ilk iclasında Əlimərdan bəy Topçubaşov onun rəhbəri seçilmişdi.
II Dövlət Dumasına da Azərbaycandan 6 nəfər deputat seçilmişdi: Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Məmmədağa Şahtaxtinski, Mustafa Mahmudov və Zeynal Zeynalov. Bu deputatların hamısı parlamentin müsəlman fraksiyasına daxil edilmiş, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov isə büronun üzvü olmuşdular. III və IV dövlət dumalarında da Azərbaycan təmsil olunmuşdu. Bütün bu faktlar Azərbaycan xalqının dünya parlamentarizm ənənələrinin təşəkkülünə və inkişafına verdiyi töhfənin bariz nümunəsidir.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın qədim və zəngin dövlətçilik tarixinin ən önəmli hadisələrindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamenti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə çox qısa müddət ərzində fəaliyyət göstərsə də, onun demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində həyata keçirdiyi tədbirlər xalqımızın dövlətçilik ənənələrinin inkişafında mühüm rol oynamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti məhrumiyyətlərlə dolu olan çox mürəkkəb tarixi şəraitdə meydana gəlmişdi. Birinci Dünya müharibəsi nəticəsində zəifləmiş çar Rusiyasını siyasi intriqalar, bir-birinin ardınca baş verən inqilablar didib-parçalayırdı. 1917-ci ilin fevral inqilabı monarxiya rejimini birdəfəlik devirdi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi.
Hakimiyyətə gələn bolşeviklərin müharibədən çıxdıqlarını elan etməsi bütün ölkədə olduğu kimi, Cənubi Qafqazda da ictimai-siyasi şəraiti dəyişdirdi.Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini - Zaqafqaziya parlamentini yaratdılar. Seymin müsəlman fraksiyası Azərbaycan əhalisini təmsil edən 44 deputatdan ibarət idi.
1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Zaqafqaziya Demokratik Federativ Respublikası yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Demokratik Federativ Respublikasının uzun müddət fəaliyyət göstərməsinə imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.
1918-ci il mayın 27-də müsəlman fraksiyasının, yəni, Zaqafqaziya müsəlman şurasının üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, başqa sözlə, Azərbaycan parlamenti elan etdi. Milli Şuranın rəyasət heyətinə Mehdi bəy Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Camo bəy Hacınski, Əkbər ağa Şeyxülislamov, Xosrov bəy Sultanov daxil oldular. Gizli səsvermə yolu ilə Məhəmmədəmin Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçildi.
1918-ci il mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Milli Şuranın tarixi iclasında "İstiqlal Bəyannaməsi” qəbul edildi. Xalqımızın milli mənlik şüurunda dərin iz salmış bu tarixi sənəddə deyilirdi:
"1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanıncayana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.”
Milli Şura təxirə salmadan Fətəli xan Xoyskinin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətini təşkil etdi. 1918-ci il noyabrın 19-da keçirilən iclasında Milli Şura qanun qəbul edərək 120 üzvdən ibarət Azərbaycan Parlamentini formalaşdırmağı qərara aldı. İclasda bildirilmişdi ki, Azərbaycanda müxtəlif millətlər məskunlaşdığı üçün onun qanunvericilik orqanında bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Bu məqsədlə Parlamentə müsəlmanlardan 80, ermənilərdən 21, ruslardan 10, alman və yəhudi millətlərinin isə hərəsindən 1 nümayəndə çağırılması nəzərdə tutulmuşdu. Parlamentin yaradılması ilə əlaqədar noyabrın 29-da Milli Şuranın "Bütün Azərbaycan əhalisinə!” adlı müraciətnaməsi dərc edildi. Müraciətnamədə deyilirdi: "...Şurai-Millinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurai-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəkilə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə, Şurai-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (Parlament) halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır.
...Bütün Azərbaycan vətəndaşları bilafərq millət və məzhəb, bir vətənin övladlarıdırlar. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və bərabərlikdə kəndi səadətlərini hazırlamaq üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər.”
1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin qız məktəbinin binasında yeni formalaşmış Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin iclası keçirildi.İclasda Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, Həsən bəy Ağayev onun birinci müavini, Mehdi bəy Hacınski isə baş katib seçildilər. O dövrdə Əlimərdan bəy Topçubaşov Azərbaycanda olmadığına görə, Parlamentin iclasına Həsən bəy Ağayev sədrlik edirdi. Azərbaycan hökuməti işə başlamış Parlament qarşısında istefa verdi. Yeni hökumətə rəhbərlik etmək və onun tərkibini müəyyənləşdirmək yenə də Fətəli xan Xoyskiyə tapşırıldı.
Qeyd edilməlidir ki, Parlamentin yaradılması haqqında qəbul edilmiş qanunda onun 120 nəfərdən ibarət olması nəzərdə tutulmuşdusa da, müxtəlif səbəblərdən Parlament heç vaxt bu tərkibdə fəaliyyət göstərməmişdi. 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyasını və qrupunu cəmi 96 deputat təmsil edirdi. Parlamentdəki siyasi partiyaların və qrupların qüvvələr nisbəti aşağıdakı kimi idi: "Müsavat” və bitərəflər fraksiyası - 38 nəfər, "İttihad” - 13 nəfər, "Əhrar” - 6 nəfər, "Sosialistlər” bloku - 13 nəfər, partiyasızlar - 4 nəfər, müstəqillər - 3 nəfər, "Rus-slavyan cəmiyyəti” fraksiyası - 5 nəfər, erməni fraksiyası - 5 nəfər, "Daşnaksütyun” fraksiyası - 6 nəfər, "Azlıqda qalan millətlər” fraksiyası - 4 nəfər.
Parlamentdə təmsil olunan partiya fraksiyaları və qrupları öz bəyanatlarında bildirirdilər ki, onların əsas məqsədləri ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, qonşu dövlətlərlə dostluq münasibətlərinin yaradılması və islahatların həyata keçirilməsidir. Təəssüf ki, Parlamentdə təmsil olunmuş bəzi partiyaların nümayəndələri özlərinin fəaliyyətində ölkənin mənafeyindən daha çox təmsil etdikləri siyasi qurumların mənafelərinə xidmət edirdilər.
Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi. Bunlar aşağıdakılar idi: maliyyə-büdcə, qanunvericilik təklifləri, mandat, hərbi, aqrar məsələlər, sorğular, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyalar, habelə Müəssislər Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya.
Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə - "Azərbaycan Parlamentinin təlimatı” əsasında idarə olunurdu. Həmin təlimata əsasən, ilk gündən Parlamentin iclasları məcburi surətdə yalnız Azərbaycan dilində aparılırdı. Ancaq başqa millətlərin nümayəndələri rus dilində danışa bilərdilər.
17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. Son iclas 1920-ci il aprelin 27-də olmuşdur. Yetərsay olmadığı üçün bu iclaslardan 15-i baş tutmamışdır.
Azərbaycan Parlamenti öz fəaliyyətini demokratik dövlətlərə xas prinsiplər əsasında qururdu. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.
Parlamentin qəbul etdiyi qanunvericilik aktları dövlət və cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edirdi. Dövlət quruculuğu ilə bağlı "Azərbaycan vətəndaşlığı haqqında”, "Milli Bankın yaradılması haqqında” və bir sıra başqa qanunlar qəbul olundu, habelə Azərbaycanın dövlət rəmzləri - respublikanın himni, bayrağı təsdiq edildi, dövlət gerbinin hazırlanması üçün müsabiqə elan olundu.
İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti Azərbaycan dilini dövlət dili elan etdi və bu barədə xüsusi qanun qəbul olundu. Dünyada birincilər sırasında və Şərq aləmində ilk dəfə olaraq qadınlara seçki hüququ verildi.
Azərbaycan Xalq Cümhuriyyətində hakimiyyət bölgüsü prinsipinə də riayət edilirdi. Parlament o dövrdə ölkə qarşısında duran əsas vəzifələrin həyata keçirilməsi və qanunvericilik bazasının yaradılması baxımından əhəmiyyətli işlər görür, gənc Azərbaycan dövlətinin dünya dövlətləri tərəfindən tanınması üçün var qüvvəsini sərf edirdi. Qonşu ölkələrlə iqtisadi, ticarət və digər əlaqələrin inkişaf etdirilməsinə də ciddi fikir verilirdi. Parlamentdə qəbul olunan qanun və qərarlar hökumətin fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayırdı.
O dövrün ictimai-siyasi vəziyyəti ordu quruculuğu məsələlərini ön plana çıxarmışdı. Məhz bu sahənin gücləndirilməsi ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması üçün müstəsna əhəmiyyət kəsb edirdi.
Parlament elm, təhsil, mədəniyyət sahələrinə də ciddi diqqət yetirirdi. Xalq maarifinin inkişafı, tədris və teatr müəssisələrinin milliləşdirilməsi, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması deputatların ciddi məşğul olduqları məsələlərdən idi. Parlamentin bu istiqamətdə qəbul etdiyi ən mühüm aktlardan biri də indiki Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında 1919-cu il 2 sentyabr tarixli qanun idi. Milli kadrların yetişdirilməsi məqsədi ilə Parlament xarici ölkələrin ali məktəblərində təhsil almaq üçün yüz nəfər azərbaycanlı gəncin dövlət hesabına xaricə göndərilməsi barədə qanun qəbul edərək xüsusi komissiya yaratmışdı. Tez bir zamanda istedadlı gənclər Fransa, İtaliya, İngiltərə və Türkiyə kimi ölkələrin ali məktəblərinə oxumağa göndərildilər.
Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük nailiyyətlərindən biri də Paris Sülh Konfransının iştirakçısı olan dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması idi. Bu məqsədlə 1918-ci il dekabrın 28-də Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Fransaya nümayəndə heyəti göndərildi. Nümayəndə heyətinin gərgin fəaliyyəti sayəsində 1920-ci il yanvarın 12-də Paris Sülh Konfransında iştirak edən əsas ölkələr Azərbaycanın müstəqilliyini tanıdılar. Həmin il aprelin 22-də Parlament İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklər açmaq haqqında qanun qəbul etdi.
Zaqafqaziyada yaranmış respublikalar arasında sərhəd məsələlərinin həlli də Parlamentin diqqət mərkəzində idi. Lakin ərazi və sərhəd məsələləri ilə əlaqədar Azərbaycanla Gürcüstan arasında aparılan danışıqlarda ümumi razılığa gəlmək mümkün olsa da, Ermənistanla heç cür razılığa gəlmək mümkün olmamışdı. 1920-ci il martın 20-də Azərbaycanla İran arasında dostluq, konsulluq əlaqələri və s. haqqında ikitərəfli müqavilələr imzalanmış və aprelin 15-də Parlament bunları təsdiq etmişdi.
Xalqımızın dövlətçilik şüurunun inkişafında misilsiz rol oynamış Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamenti sübut etdi ki, Azərbaycan xalqı demokratik prinsiplərə əsaslanan milli dövlətini qurmağa qadirdir.Sovet Rusiyasının hərbi müdaxiləsi və XI Qırmızı Ordu hissələrinin qanlı hərbi əməliyyatları nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, bu dövlət qurumu xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar totalitar və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
Xalq Cümhuriyyətinin süqutu o dövrdə mövcud olan obyektiv və subyektiv səbəblərlə bağlı idi. Rusiyada qurulmuş kommunist-bolşevik hakimiyyəti keçmiş imperiyanın bütün ərazisini ələ keçirməyə çalışırdı. Bolşeviklərin planlarında Azərbaycan xüsusi yer tuturdu. Təsadüfi deyil ki, Qızıl Ordu Cənubi Qafqaza yürüşünü Azərbaycandan - Bakıdan başlamışdı.
Sovet hakimiyyəti dövründə əsasən "Sovetlər qurultayı” və "Ali Sovet” adları ilə fəaliyyət göstərən qanunvericilik orqanı məhdud səlahiyyətlərə malik olmuşdur. Lakin belə bir şəraitdə də Azərbaycan xalqı parlamentarizm ənənələrini qoruyub saxlaya bilmişdir. Bununla əlaqədar, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamda deyilir: "Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi”.
Sovet İttifaqının tərkibində Azərbaycan müstəqil dövlət olmasa da, bu 71 illik dövr gələcək dövlət müstəqilliyi üçün əsasların formalaşması baxımından mühüm rol oynamışdır. Xüsusən, böyük siyasi və dövlət xadimi Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda heyrətamiz quruculuq və yaradıcılıq dövrü yaşanmışdır. Sovet İttifaqının ən geridə qalan respublikalarından biri kimi tanınan Azərbaycan Heydər Əliyevin hakimiyyətə gəlişi ilə həyatın bütün sahələrini bürüyən dərin tənəzzüldən xilas oldu, dirçəliş və inkişaf yoluna qədəm qoydu. Bu illər Azərbaycan tarixinə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil olaraq, xalqın milli mənlik şüurunun oyanışına güclü təkan verdi, tarixi ənənələrinin, dilinin qorunmasına şərait yaratdı.Bütün bunların nəticəsi idi ki, keçmiş SSRİ məkanında Azərbaycan İttifaq büdcəsindən heç bir dotasiya almadan yaşayan iki respublikadan biri idi. Bu isə Azərbaycanın siyasi müstəqilliyə aparan yolda ən mühüm və həlledici mərhələ olan iqtisadi müstəqilliyə tam nail olduğunu göstərirdi.
1991-ci ildə sovet imperiyasının dağılması nəticəsində Azərbaycan yenidən öz istiqlalına qovuşdu. Müstəqilliyin ilk illərində baş verən hadisələr 1918-1920-ci illərdə cərəyan edən hadisələrin təxminən eyni idi, erməni təcavüzü, xarici dövlətlərin Azərbaycana qarşı təxribatları oxşar xarakter daşıyırdı. Azərbaycan çox mürəkkəb problemlərlə qarşılaşaraq çıxılmaz vəziyyətə düşmüşdü.
Lakin bu dəfə xalqımızın xoşbəxtliyi onda oldu ki, dövlətçiliyinin müqəddəratının həll edildiyi 1993-cü ilin iyun günlərində ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gələrək Azərbaycanın parçalanıb dağılmasının qarşısını aldı və onu dəhşətli fəlakətlərdən xilas etdi. Heydər Əliyevin zəngin siyasi təcrübəsi, misilsiz idarəçilik məharəti və əzmkarlığı sayəsində müstəqil dövlətçiliyimizin məhvinə səbəb ola biləcək problemlər uğurla həll edildi.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlanmışdır. Heydər Əliyevin Ali Sovetə rəhbərlik etdiyi dörd ay ölkəmizdə parlament mədəniyyətinin inkişafında mühüm rol oynamış, müasir peşəkar parlamentin formalaşması istiqamətlərini müəyyən etməyə kömək göstərmişdir.
Ulu öndərin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyası hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun əsaslarını müəyyən etdi, yeni siyasi və hüquqi sistemin yaradılmasına yol açdı. Real hakimiyyət bölgüsü təmin olundu, dövlət hakimiyyəti sistemində Milli Məclisin yeri və rolu dəqiq təyin edildi.
Parlamentin formalaşdırılmasının müasir standartlara uyğun gələn mexanizmi yaradıldı. Demokratiya şəraitində Milli Məclisə indiyədək beş dəfə keçirilmiş azad, ədalətli və şəffaf seçkilər Azərbaycanın demokratik inkişafında mühüm rol oynamışdır.
Artıq 23 ilə yaxındır ki, Azərbaycan Respublikasının Milli Məclisi qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla həyata keçirir. Parlament ölkədə aparılan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun, demokratikləşdirmə prosesinin, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinin möhkəm hüquqi bazasını yaratmış və təkmilləşdirmişdir. 1995-ci ildən indiyədək Milli Məclis dövlət və cəmiyyət həyatının müxtəlif sahələrini nizama salan 5750-yə qədər qanun və qərar qəbul etmişdir.
Ötən illər ərzində parlamentin fəaliyyətinə nəzər salarkən hökmən qeyd edilməlidir ki, Azərbaycanda parlamentarizm ənənələri daha da inkişaf etmiş və zənginləşmişdir. Milli Məclisin peşəkarlıq səviyyəsi yüksəlmişdir.
Azərbaycan parlamenti 125 deputatdan ibarətdir. Milli Məclisin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Parlamentin hər çağırışının səlahiyyət müddəti 5 ildir.
Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Konstitusiyada nəzərdə tutulan hallarda Milli Məclisin növbədənkənar sessiyaları çağırılır. Parlamentin iclasları bir qayda olaraq, ayda iki dəfədən az olmayaraq keçirilir. Milli Məclis öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir. Parlamentdə 15 komitə, Hesablayıcı və İntizam komissiyaları fəaliyyət göstərir.
Parlament özü mahiyyət etibarı ilə demokratiyanın bəhrəsidir. Digər tərəfdən isə demokratiyanın inkişafı və onun dönməzliyinin təmin edilməsi üçün zəruri şərtdir. Uzun əsrlər boyu Avropa demokratiyasının təcrübəsində sınaqdan çıxarılmış çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri ötən illərdə Azərbaycan parlamentinin praktikasında da özünü doğrultmuşdur. Bizim təcrübəmiz də göstərir ki, cəmiyyətdə mövcud olan siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini əks etdirən parlament əsl demokratiya və siyasi mədəniyyət məktəbidir. Parlament milli qanunvericiliyi qabaqcıl dünya ölkələrinin hüquq normalarına və standartlarına uyğunlaşdırmaq, problemlərin açıq müzakirəsini aparmaq yolu ilə demokratik təsisatları möhkəmləndirir, söz, mətbuat, vicdan, birləşmək, sərbəst toplaşmaq və digər siyasi azadlıqların reallaşmasına, qanunun aliliyinin bərqərar edilməsinə zəmin yaradır.
Milli Məclis dövlətin daxili və xarici siyasətini parlament vasitələrinin köməyi ilə fəal surətdə dəstəkləyir. Ölkədə uğurla həyata keçirilən siyasi, iqtisadi, hüquqi, sosial islahatların hüquqi mexanizmi daha da inkişaf etdirilir və təkmilləşdirilir.
Qanunvericilik fəaliyyəti ilə yanaşı, parlament ölkəmizdə və beynəlxalq aləmdə baş verən mühüm siyasi hadisələrə münasibətini bildirir, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün zəruri tədbirlər görür.
Məlum olduğu kimi, müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti və rolu getdikcə artır. Bunun sadə bir səbəbi vardır. Parlament diplomatiyasının dili çox anlaşıqlıdır. Beynəlxalq siyasətlə bağlı olan bir sıra məsələlərdə parlament diplomatiyası ənənəvi diplomatiya üsullarını uğurla tamamlayır.
Parlament diplomatiyası parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni bir sahəsidir. O, dövlətlərin qarşılaşdıqları problemlərin həllinə, sivilizasiyalararası dialoq üçün maneələrin aradan qaldırılmasına sanballı töhfə verir.
Məhz buna görə də Milli Məclisin beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafına xüsusi diqqət yetirilir. Bu məqsədlə parlamentlərarası əməkdaşlığın müxtəlif formalarından istifadə olunur. İndiyədək xarici ölkələrin qanunvericilik orqanları ilə əməkdaşlıq və qarşılıqlı əlaqə haqqında 20-yə qədər saziş bağlanmışdır. Milli Məclisdə 80-dən çox ölkənin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları yaradılmışdır.
Milli Məclis ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların parlament məclislərinin, o cümlədən Parlamentlərarası İttifaqın, ATƏT-in Parlament Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, MDB Parlamentlərarası Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Türkdilli Ölkələrin Parlament Assambleyasının, Avronest Parlament Assambleyasının və digər nüfuzlu təşkilatların üzvüdür, bir neçə parlament təşkilatı, o cümlədən Avropa Parlamenti, NATO-nun Parlament Assambleyası, Baltik Assambleyası ilə yaxından əməkdaşlıq edir.Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların toplantılarında müntəzəm iştirak edir, dövlətimizin müxtəlif məsələlərə dair mövqeyini beynəlxalq aləmə çatdırmaq üçün bu vasitədən də səmərəli istifadə edirlər.
Milli Məclis nəzarət funksiyasını da uğurla yerinə yetirir. Hər il Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın və İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun hesabat və məruzələri dinlənilir. Azərbaycan parlamenti dövlət büdcəsinin icrasına nəzarət edir, qanunların icrasının monitorinqini həyata keçirir.
Parlament xalqın mənafelərinin həqiqi təmsilçisi olmalı, millət vəkili isə onu seçmiş insanların qayğıları ilə yaşamalıdır. Milli Məclisin deputatları müntəzəm surətdə seçiciləri ilə görüşür, onların təşəbbüsü ilə Milli Məclisdə problemlər qaldırır, insanları narahat edən məsələlərin həlli üçün səylərini əsirgəmirlər.
Ölkəmizdə nümunəvi parlament - Prezident münasibətləri bərqərar olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq müasir dünya standartlarına uyğun qanun layihələrinin hazırlanmasını və parlamentə təqdim olunmasını təmin edir. Bunu qeyd etmək kifayətdir ki, parlamentin qəbul etdiyi layihələrin 80 faizindən çoxu dövlət başçısının təşəbbüsü ilə müzakirəyə çıxarılır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev birinci və ikinci çağırış Milli Məclisin deputatı olmuş, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə böyük uğurla rəhbərlik etmişdir. O, Milli Məclisin gündəlik işini, problemlərini parlamentin içərisindən müşahidə edib bələd olmuşdur. Milli Məclisin fəaliyyəti ilə bağlı məsələləri dərindən bildiyinə görə qanunvericilik orqanına çox böyük hörmət, diqqət və qayğı göstərir. Bunu qeyd etmək kifayətdir ki, 2013-cü və 2018-ci illərdə Azərbaycan Prezidentinin andiçmə mərasimləri Milli Məclisdə təşkil edilmişdir. Milli Məclisin deputatlarının iş şəraitinin yaxşılaşdırılması, parlamentin qanunvericilik və qanunyaratma fəaliyyətinin təkmilləşdirilməsi üçün həyata keçirilən bütün tədbirlər dövlət başçısı tərəfindən hər vasitə ilə dəstəklənir. Azərbaycan Prezidentinin parlamentə böyük önəm verməsi onun bu sözlərində parlaq ifadəsini tapmışdır: "Mənim üçün Milli Məclis çox əziz və doğma bir yerdir, mənim doğma evimdir... Biz bir məqsədə qulluq edirik. Amalımız da, məramımız da birdir - ölkəmizi möhkəmləndirmək, gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq, güclü, zəngin dövlət yaratmaqdır”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 12 ilə yaxın müddət ərzində Milli Məclisin deputatı olmuşdur. Dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində, parlamentin beynəlxalq əlaqələrinin dərinləşdirilməsində yaxından iştirak etmişdir. Mehriban Əliyeva Milli Məclisdə 4 amnistiya aktının müəllifi olmuşdur. Bu amnistiya aktları təqribən 40 min məhbusa şamil edilmişdir. Həm bu insanların, həm də onların yaxınlarının sayını nəzərə alsaq, Mehriban xanımın nə qədər ailəyə sevinc bəxş elədiyini təsəvvür edə bilərik. Mehriban Əliyeva bu gün də Milli Məclisin fəaliyyətinə böyük diqqətlə yanaşır.
Gündəlik fəaliyyətində Milli Məclis mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, ölkənin aparıcı elm, təhsil və yaradıcılıq mərkəzləri ilə sıx qarşılıqlı əlaqə saxlayır. Hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir.
Ulu öndər Heydər Əliyev Azərbaycanın qanunvericilik orqanını dünyanın inkişaf etmiş ölkələrinin parlamentləri səviyyəsində görməyi arzulayırdı və bunun üçün çox böyük zəhmət sərf etmişdi. Başqa sahələrdə olduğu kimi, bu sahədə də başlanmış işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sistemli və ardıcıl şəkildə davam etdirilir.
Artıq indi qətiyyətlə söyləmək olar ki, müasir Azərbaycanın 100 yaşlı parlamenti xalqın suveren iradəsini ifadə edən, qanunları qəbul etmək yolu ilə mühüm ictimai münasibətləri tənzimləyən, icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarət edən ali təmsilçilik orqanıdır.

Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM