23:06 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan pandemiya ilə mübarizədə irəlidə gedir

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:14 18.02.2021

 

Pandemiyanın dünya iqtisadiyyatına təsirini iki baxış bucağından nəzərdən keçirmək mümkündür. Birinci qiymətləndirmədə dünyanın ümumi iqtisadiyyatı və qlobal ÜDM-in səviyyəsi əsas götürülür. Böyük Britaniyanın “Ekonomist” jurnalının ekspertləri dünya iqtisadiyyatında bərabərsizliyin getdikcə dərinləşəcəyini təsdiq edirlər.

Çin postpandemiya dövrünü ən güclü göstəricilərlə adlaya bilmişdir. Ən ağır postpandemiya vəziyyəti Avropada özünü büruzə verir. ABŞ-ın aqibəti isə hələ ki sual altındadır. Britaniyalı ekspertlər ötən ilin fevralından pandemiyanın dünya iqtisadiyyatına ağır zərbələr endirəcəyini ehtimal etmişdilər. Belə ki, əmək bazarının çökməsi 500 milyon insanı küçəyə atmış, dünya ticarəti çökmüş, sərhədlər qapanmış, logistik sistemlər iflic olmuş, minlərlə müəssisə fəaliyyətini dayandırmışdı. Paralel olaraq birja böhranı da dərinləşmişdir. Banklar isə maliyyə bazarlarını xilas etmək üçün kisələrini açmışlar.

Göründüyü kimi, nəticələr o qədər də ürəkaçan deyil: bu ilin sonuna kimi ABŞ iqtisadiyyatı 2019-cu ilin səviyyəsində qalacaq, Çində 10 faizlik artım gözlənilir, Yaponiya çox güman ki, ağır demoqrafik vəziyyətdən əziyyət çəkdiyi üçün böhrandan əvvəlki səviyyədə bir neçə il ləngərləyəcək.

Ekspertlər pandemiyaya cavab kimi dövlətlərin fərqli qaydalarla hərəkət edəcəklərini proqnozlaşdırırlar. Bu gözləntilər o qədər də nikbin deyil. Dünya Bankı koronavirus pandemiyasının dünya iqtisadiyyatına 10 trilyon dollara başa gələcəyini bildirir. Ötən ilki proqnozlarda bəzi qurumlar ziyanın məbləğinin hətta 80 trilyonu aşacağını iddia edirdi. Bu itki “böyük böhran”ın (ABŞ, 1928) və iki dünya müharibəsinin birlikdə vurduğu zərərə bərabərdir.

Pessimist statistikanın bolluğuna baxmayaraq, Dünya Bankı hesab edir ki, 2021-ci ildə dünya iqtisadiyyatının bərpası nikbin notlara köklənir.

Bədbin proqnozlar Avrozona üçün 2 trilyon, ABŞ üçün 1,7 trilyon dollar həcmində itkilər vəd edir. İnkişaf edən ölkələrdən bir trilyon dollarlıq ağır zərbə Hindistan iqtisadiyyatının belini əyəcək. Cin iqtisadiyyatı Hindistanınkından nəzərəçarpacaq dərəcədə böyük olsa da, bu ölkə postpandemiya itkilərini cəmi 680 milyard dollarla yola verə biləcək.

Lakin pandemiya böhranına fərqli baxış bucağı da mümkündür. Bütün dünya itirir, amma milyarderlər varlanırlar. Super dövlətlərin iqtisadiyyatının geriləməsinə baxmayaraq, məhz bu ölkələrdə milyarderlərin gəlirində kəskin artımlar müşahidə edilir. “Forbes”in hesablamarına görə, dünyanın varlı adamları ən ağır böhran ilində ümumi kapitallarını 1,9 trilyon dollar artırıblar.

Kapitalını hamıdan çox - 110 milyard dollar artıran amerikalı İlon Maskdır. Bu adamın yüksək texnologiyalar sahəsindəki nailiyyətləri rəğbət doğurmaya bilməz. İkinci yerdə sürətlə kapitallarını 60 faiz -750 milyard dollar artıran Çin milyarderləri qərar tuturlar. Maraqlısı odur ki, Çin hamıdan tez koronavirusla qarşılaşsa da, daha fəal və çevik antivirus tədbirləri görə bilmişdir. Bütünlükdə, 400 Çin milyarderinin kapitalı artıq 2 trilyon dollara çatmışdır. 600 Amerika milyarderinin isə kapitalı 4 trilyon dolları haqlamışdır. Üçüncü yerdə fransız milyarderləridir. Onların varidatı 95 milyard dollar artaraq 500 milyard dollara qədər yüksəlmişdir. Amma Braziliyada 50 milyarder 13 milyard, Tailandda isə 30 milyarder 6 milyard dollar kasıblamışdır.

Ağır müharibə aparmasına və pandemiyanın müəyyən təsirlərinə məruz qalmasına baxmayaraq, Azərbaycan nikbin ölkələrin sırasındadır. Buna səbəb dövlətin həyata keçirdiyi operativ tədbirlərin geniş siyahısıdır. Koronavirusla mübarizə üçün yeni xəstəxanaların və laboratoriyaların qurulması, çoxsaylı testlərin keçirilməsi, müalicənin dövlət hesabına aparılması və güzəştsiz karantin tədbirləri, əhalinin operativ məlumatlandırılması müsbət nəticələr vermişdir. Davamlı islahatların həyata keçirilməsi, yüksək texnologiyalara keçid dövrünün elan edilməsi də bizə postmüharibə və postpandemiya dövründə daha nikbin gələcəyə köklənməyə imkan verir.

Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatının gələcəyi ilə bağlı ənənəvi hesabatında qlobal iqtisadiyyatın 2021-ci ildə 5,5, 2022-ci ildə isə 4,2 faiz artacağını bildirir. Müvafiq artım tendensiyaları qlobal ticarətdə də davam edəcək və növbəti iki ildə müvafiq olaraq 8,1 və 6,3 faizlik artım trendləri müşahidə olunacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ayaz Müseyibov bildirir ki, qlobal miqyasda fövqəladə vəziyyətə baxmayaraq, əvvəlki hesabatla müqayisədə iqtisadi inkişaf proqnozları 0,3 faiz artırılmışdır. Buna səbəb dekabr ayından başlayaraq vaksinasiya prosesinin başlanması nəticəsində pandemiyanın bitəcəyi ilə bağlı proqnozlardır.

 A.Müseyibov belə hesab edir ki, Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı və ağıllı (smart) iqtisadi modelin qurulması prioritet təşkil etsə də, indiki halda neft qiymətləri ilə bağlı pozitiv proqnozlar iqtisadi artım drayverlərini tətikləyəcək.

BVF hesabatında inkişafda olan ölkələrin pandemiya ilə mübarizə çərçivəsində ciddi borc problemləri ilə üzləşdiklərini göstərir. İİTKM-in şərhində xüsusi qeyd olunur ki, bu baxımdan Azərbaycan pandemiya ilə mübarizəni yalnız öz daxili fiskal resursları hesabına təmin etməklə xarici borc səviyyəsinə görə ən yaxşı ölkələrdən biri kimi mövqeyini qoruyub saxlaya bilmişdir. Beləliklə, nüfuzlu beynəlxalq agentlik və təşkilatların proqnozları, həmçinin Qarabağın işğaldan azad edilmiş ərazilərindəki maddi və qeyri-maddi resursların iqtisadi dövriyyəyə qoşulması 2021-ci ildə ölkəmizi iqtisadi inkişaf meqatrendlərinin gözlədiyini göstərir.

Mərkəzin başqa bir araşdırmasında baş analitik Günay Quliyeva da diqqəti ona yönəldir ki, müxtəlif beynəlxalq qurumlar və beyin mərkəzləri 2021-ci il üçün makroiqtisadi ssenarilərində iqtisadi bərpanı təmin edən əsas faktor kimi vaksinasiya prosesini müəyyənləşdirmişlər.

Yeri gəlmişkən, qeyd edək ki,  “GALLUP İnternational” təşkilatının Azərbaycanda apardığı sorğunun nəticələrinə əsasən, vətəndaşların 86 faizi dövlətin pandemiya ilə mübarizə sahəsindəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycanın dünyada 4-cü yerdə olduğu bildirilir. Günay Quliyeva hesab edir ki, Azərbaycan bir çox ölkələr üçün dövlət-vətəndaş birliyi nəticəsində formalaşan sürətli və effektiv vaksinasiya modeli rolunu oynaya bilər.

Ötən il dünya ölkələrini ən çox “COVİD-19 pandemiyası ilə necə mübarizə aparaq” sualı maraqlandırırdısa, 2021-ci ilin ən böyük dilemması “vaksinləşmədə ölkə, ya dünya” seçimidir. Beynəlxalq təşkilatların proqnozlarına görə, dünya iqtisadiyyatı COVID-19-u  tamamilə nəzarət altına almadığı müddətdə pandemiyanın mənfi təsirləri hər il 1,2 trilyon dollara çata bilər.

Zəngin ölkələrin əsasən vaksinlə təmin olunması, yəni vaksinləşmənin milliləşdirilməsi dünya əhalisini böyük risk altına atır, halbuki peyvənd məsələlərində yalnız ölkələrarası əməkdaşlıq bəşəriyyəti bu bəladan xilas edə bilər. Prezident İlham Əliyevin dediyi kimi, dünya ölkələri öz eqoizmlərindən əl çəkmədikcə və vaksinasiya prosesində əməkdaşlıq etmədikcə qlobal iqtisadiyyatı bərpa etmək mümkün olmayacaq.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM