31 Oktyabr 2020 01:05
2206
SİYASƏT
A- A+

Azərbaycan Ordusu tarixi və müqəddəs missiyasını şərəflə yerinə yetirir


Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son qarış torpağımız azad edilənə qədər zəfər yürüşü davam edəcək


Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın tarixində çox əlamətdar hadisə baş verib. Bunlardan ən möhtəşəmi isə bu günlərdə yaşanmaqdadır. Sentyabrın 27-dən başlanan ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu işğal olunmuş rayonlarımızı bir-birinin ardınca azad etməklə, müstəqillik tariximizin ən şərəfli səhifəsini yazır.


Ermənistan heç vaxt Azərbaycanla müharibə aparmaq gücündə olmayıb


1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən sonra Ermənistan özünü daim qalib kimi aparıb, danışıqlar prosesində kifayət qədər aqressiv və destruktiv mövqedən çıxış edib. Hərçənd bütün dünyaya məlumdur ki, Ermənistan o zaman işğalı öz potensialı hesabına reallaşdıra bilməzdi. Bu günlərdə Qarabağdakı müharibənin gedişi bir daha təsdiqlədi ki, Ermənistan Azərbaycanla savaşmaq qabiliyyətində deyil. Ən əsası Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, 1990-cı illərin əvvəllərində, sadəcə, döyüşü uduzmuşdu. "Biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən olmuşdur” bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının "Fox News” televiziya kanalına müsahibəsində bildirmişdi.

Bu gün vəziyyət tamamilə başqadır. Öz inkişaf yolunu düzgün müəyyən edən Azərbaycan hazırda Cənubi Qafqazın lider dövlətidir. Eyni zamanda bir çox məsələlərlə bağlı Bakının yürütdüyü uğurlu siyasət, enerji təhlükəsizliyinə, qlobal nəqliyyat şəbəkəsinin inkişafına və beynəlxalq terrorizmlə mübarizəyə verdiyi töhfələr onu beynəlxalq miqyasda söz sahibinə çevirib. Ən mühümü odur ki, İlham Əliyevin rəhbərliyi ilə keçilən yüksəliş yolu ölkənin iqtisadi və bununla paralel olaraq digər sahələrin dinamik inkişafına təsirsiz ötüşməyib. Xüsusilə Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsi və ən müasir döyüş imkanlarını mənimsəməsi keçdiyimiz inkişaf yolunun əsas nümunələrindən biridir.

Onu da qeyd edək ki, Azərbaycan həmişə ATƏT-in Minsk qrupunun vasitəsilə aparılan danışıqlar prosesinə sadiq olub.

Ötən 26 ilin mənzərəsi bunu tam təsdiq edir. Elə indi də Ermənistanın danışıqların prinsiplərini yerinə yetirəcəyi təqdirdə problemin diplomatik həlli mümkündür. Lakin Azərbaycan hər zaman onu da bəyan edib ki, danışıqlar dalana dirənəcəyi təqdirdə, işğal olunmuş ərazilərini müharibə yolu ilə azad edəcək. Dövlətlərin ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi barədə beynəlxalq qanunvericilik, BMT-nin Nizamnaməsinin 51-ci maddəsi, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə Azərbaycana bu hüququ verir.

Odur ki, Ermənistanın növbəti hərbi təxribatından sonra Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış ərazilərini inamla azad edir. Respublikamızı problemin güc yolu ilə həllinə vadar edən isə danışıqlar prosesinin nəticəsiz qalması və Ermənistanın daha da azğınlaşması oldu. Və hazırda işğal olunmuş ərazilərimizlə bağlı beynəlxalq hüququn və BMT-nin qətnamələrinin tələblərini qətiyyətlə təmin edən Azərbaycan sübuta yetirir ki, 1990-cı illərin əvvəllərində müharibəni uduzmamışdı...


İşğalçının alınmaz hesab etdiyi istehkamlar ilkhəmlədə ələ keçirilmişdi


İkinci Qarabağ müharibəsinin bir ayı ərzində Azərbaycan sürətli əks-hücum əməliyyatları ilə işğal olunmuş ərazilərinin bir qismini işğaldan təmizlədi. Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Hadrutda və Xocavəndin digər kəndlərində, Suqovuşanda Azərbaycan bayrağı ucaldılıb. Kəlbəcərin də bir hissəsi azad edilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində uğurlu əməliyyatları davam etməkdədir. Qısa müddət ərzində cəbhədə düşməni məhv edən Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasındadır. "Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası mənəvi döyüş ruhu, əlbəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı da çox cəhətdən bizim uğurumuza kömək edib. Biz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini, Xocavənd rayonunun bir hissəsini azad etmişik. Azərbaycan Ordusunun uğurlu fəaliyyəti, uğurla irəliləməsi davam edir”, - deyə Prezident İlham Əliyev ordumuzun uğurları barədə danışarkən bildirib.

Ermənistan ordusunun, guya, mübariz və güclü olması barədə dünyaya car çəkmişdi. Hətta iddia olunurdu ki, erməni əsgərlərinin Dağlıq Qarabağdakı müdafiə mövqelərinin keçilməsi mümkün deyil. Bəli, ötən 26 ildə işğalçı Ermənistan Dağlıq Qarabağı olduqca güclü şəkildə hərbiləşdirmiş, istehkamlarını bir sıra vasitələrlə möhkəmləndirmiş, bir neçə pilləli müdafiə mövqeləri yaratmış, beton tunellər düzəltmişdi. Lakin Ordumuz əks-hücum əməliyyatlarına başladığı cəbhənin bütün istiqamətlərində elə döyüşlərin ilk günü Ermənistanın əsas müdafiə mövqelərini darmadağın edərək düşməni geri oturtdu. Qəhrəman Azərbaycan əsgərləri işğalçının alınmaz hesab etdiyi istehkamları ilk həmlədə ələ keçirdilər. Bütövlükdə, döyüşlərdə düşmənin ard-arda yaratdığı bütün mövqelər yüksək hərbi peşəkarlıqla darmadağın olundu və həm də işğalçı əsgərlərin böyük qismi məhv edildi.

Bununla yanaşı, Azərbaycan Ordusu müasir hərbi texnologiyaları döyüş şəraitində uğurla tətbiq etməklə Ermənistanın Dağlıq Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı. Artıq vəziyyət o həddə çatıb ki, düşmənin adi yük avtomobilləri belə qalmayıb. Ermənistanın canlı itkilərinin sayı isə minlərlədir. Canlı itkisinin sayını cidd-cəhdlə gizlədən Ermənistan işğaldan azad etdiyimiz ərazilərdə qalan əsgərlərinin cəsədlərinə belə yaxın durmaq istəmir.

Azərbaycan Ordusu cəbhədəki uğurlu hərbi əməliyyatlarını davam etdirir. Hər gün cəbhədən xoş müjdələr gəlir. Aciz qalan Ermənistan beynəlxalq ictimaiyyətdən istədiyi dəstəyi də ala bilmədi. Paşinyanın üçüncü dövlətləri müharibəyə cəlb etmək planları isə iflasa uğradı. Prezident İlham Əliyev ayrı-ayrı xarici təzyiqlərə qətiyyətlə sinə gərdi, onları yüksək diplomatik peşəkarlıqla neytrallaşdırdı, informasiya müharibəsində Azərbaycanın milli maraqlarını uğurla təmin etdi.

İşğalçı son nəfəsini verir. Ermənilər özləri də etiraf edirlər ki, Azərbaycan əsgərinin ayaq səsi artıq Şuşanın həndəvərində eşidilir. İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu sonuncu erməni əsgərinin torpağımızdan qovulmasına qədər haqq işini davam etdirəcək. Müzəffər Ordumuz son qarış torpağımızın azad edilməsinə qədər tarixi və müqəddəs missiyasını həyata keçirəcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video