14:07 16 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:55 16.09.2021

Zəfər yolu


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan növbəti milli marağını inamla təmin edir

ANA SƏHİFƏ / SİYASƏT
02:35 25.04.2021

 

İlham Əliyev lider qətiyyəti ilə Zəngəzur dəhlizini də reallığa çevirir

 

İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda yeni siyasi reallıqlar yaradıb. Belə ki, müharibəyə qədər bölgənin aparıcı dövləti Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra regiondakı lider statusunu daha da möhkəmləndirdi. Eyni zamanda Ermənistanın hərbi-siyasi məğlubiyyətə düçar edilməsi ilə Prezident İlham Əliyev xalqımızın tarixi-milli maraqlarının reallaşmasına da zəmin formalaşdırdı. Bunlardan biri vaxtilə Azərbaycan torpaqları olmuş Zəngəzur bölgəsinin indi bütün türk dünyasını birləşdirən körpüyə çevrilməsi üçün yetişmiş tarixi şəraitin reallaşdırılmasıdır.

 

Ermənistanın işğal siyasətindən əl çəkməkdən başqa yolu yoxdur

 

Xatırladaq ki, ötən il noyabrın  10-da imzalanan və Ermənistanın məğlubiyyətinin hüquqi-siyasi təsdiqi olan üçtərəfli bəyanatın sonuncu bəndi bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Üzərinə götürdüyü öhdəliyə əsasən Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.

Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə bu il yanvarın 11-də Moskvada Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşün də məqsədi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilmiş əsas nizamlama istiqamətləri üzrə növbəti addımların razılaşdırılması idi. Bütün bunlar regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına xidmət edəcək tədbirlərin həyata keçirilməsini özündə ehtiva edir ki, bu da Azərbaycanın maraqlarına, Dağlıq Qarabağa və regional əməkdaşlığa dair siyasətinin məzmununa uyğundur.

Moskvada aparılan üçtərəfli danışıqlardan sonra Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri bəyanat imzalayıblar. Bu sənəd bir daha ona dəlalət edir ki, Ermənistanın işğal siyasətindən əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur. Çünki bəyanat 2020-ci il 10 noyabr tarixli bəyanatın 9-cu bəndinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması ilə bağlıdır. Həmin bənd bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasını, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması məqsədilə yeni nəqliyyat kommunikasiyalarının inşasını nəzərdə tutur.

 

Üçtərəfli işçi qrupu çərçivəsində işlər davam edir

 

Qeyd olunan nəqliyyat əlaqələrinin yaradılması və bərpası ilə Zəngəzur bölgəsi bütün türk dünyasını birləşdirən körpüyə çevriləcək. Bunu Prezident İlham Əliyev hələ 12 il əvvəl Azərbaycanın milli marağı kimi müəyyən etmişdi. 2009-cu il oktyabrın 3-də Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşündə Prezident

İlham Əliyev bununla bağlı demişdi: “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı.

Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti onilliklər ərzində dayandırılmışdır. Ancaq biz bu gün qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndiririk”. 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Prezident İlham Əliyev bir daha bu mövzuda danışaraq dedi ki, vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı, ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk.

Vətən müharibəsindəki qələbə ilə İlham Əliyev vaxtilə müəyyən etdiyi bu milli prioritetin inamla və uğurla həyata keçməsini təmin edir. Aprelin 1-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edən Prezident İlham Əliyev üçtərəfli işçi qrupu çərçivəsində işlərin uğurla getdiyini, çox intensiv məsləhətləşmələrin aparıldığını bildirmişdi. İndiyədək həm əyani, həm də videokonfrans rabitəsi rejimində bir neçə görüş keçirilib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk  son açıqlamasında da bildirib ki, Azərbaycan, Rusiya və Ermənistanın baş nazirləri müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunun üzvləri daim əlaqədədirlər.

 

Azərbaycan qarşısına qoyduğu məqsədlərə çatan dövlətdir

 

Ermənistanda aylardır ki, revanşist qüvvələr üçtərəfli bəyanatlara qarşı çıxırlar. Amma qeyd olunduğu kimi, Azərbaycanın qələbəsi Ermənistana başqa yol qoymayıb. Bu ölkə indi Azərbaycanın diktə etdyi şərtlərə uyğun davranmağa məhkumdur.  Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi reallaşacaq. Prezident İlham Əliyev bu barədə deyib: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

Azərbaycan qarşısına qoyduğu məqsədlərə çatan dövlətdir. Prezident İlham Əliyevin siyasi müdrikliyi, uzaqgörənliyi, yürütdüyü diplomatiya respublikamızı uğurdan-uğura aparır.

İlham Əliyev həmişə bəyan edirdi ki, Ermənistan ərazilərimizdən öz xoşu ilə çıxmasa, Azərbaycan güc yolu ilə onu işğal etdiyi torpaqlarımızdan çıxaracaq. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycanın öz məqsədlərinə doğru inamla addımlayan dövlət olduğunu və İlham Əliyevin qətiyyətini, dövlətinin milli maraqlarını uğurla təmin edən lider olduğunu  göstərdi. Bu baxımdan İlham Əliyevin yürütdüyü siyasət Ermənistanı üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri tez bir zamanda yerinə yetirməyə məcbur edəcək. Həmin sənədlərdə nəzərdə tutulmuş nəqliyyat əlaqələrinin yaradılması və bərpası ilə Azərbaycan xalqı Zəngəzura qayıdacaq.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM