05 Oktyabr 2021 00:37
1888
Təhsil
A- A+

Azərbaycan müəllimi ikiqat bayram sevinci yaşayır

 

Ağdam təhsili tarixi şöhrətini qaytarır

 

Bu gün Beynəlxalq Müəllimlər Günüdür, həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Azərbaycan müəllimləri builki bayramlarını tam başqa ovqatda, böyük sevinc hissi ilə yaşayırlar. Çünki keçmiş şagirdləri, fədakar Vətən övladları onlara Zəfər bəxş ediblər. Canları, qanları bahasına bir qərinəyə yaxın işğal altında olan Qarabağı geri qaytarıblar.

Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, bu Zəfəri məhz müstəqillik dövründə yüksək vətənpərvərlik ruhunda tərbiyə alan gənclər qazanıblar. Həmin gənclərin bu ruhda böyüməsinin səbəbkarları isə məhz Azərbaycan müəllimləridir. Onların illərlə çəkdikləri zəhmət hədər getmədi desək, yanılmarıq.

Yeni tədris ilinin başlanğıcında müəllimlərimizin yaşadıqları böyük sevinc hissini paylaşmaq üçün biz də yolumuzu Bakının Kürdəxanı qəsəbəsində müvəqqəti fəaliyyət göstərən Ağdam 38 saylı tam orta məktəbindən saldıq.

 

Milli qəhrəmanların adını daşıyan sinif otaqları

 

Bu məktəb Ağdam rayonu işğal olunduqdan sonra - 1993-cü ildə Bakının Buzovna qəsəbəsindəki uşaq sanatoriyasında fəaliyyət göstərməyə başlayıb. 2019-cu ildən isə hazırkı binaya köçüb. Prezident İlham Əliyev 2019-cu il aprel ayının 5-də Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi ilə tanış olarkən məktəbin də açılışını edib.

Respublikanın bütün orta təhsil müəssisələrində olduğu kimi, 38 saylı məktəbdə də ənənəvi dərslərə start verilib. Dərs vaxtı olduğu üçün siniflərə daxil olmadan, yəni dərs prosesinə mane olmadan dəhlizdə yaradılan maraqlı fotoguşələrə nəzər salırıq. Burada Müzəffər Ali Baş Komandanın qüdrətli ordusunun zəfər yürüşü, Qarabağı azad edən qəhrəmanların şəkillərindən ibarət maraqlı guşələr, şagirdlərin sulu boya ilə çəkdikləri Vətən müharibəsi qəhrəmanlarının rəsmləri diqqəti cəlb edir.

Daha maraqlı və təqdirəlayiq hal odur ki, buradakı sinif otaqları ağdamlı Milli qəhrəmanların adını daşıyır. Hər bir sinif otağının divarına vurulmuş şüşə lövhədə qəhrəmanların şəkilləri əksini tapıb. Bu, ilk növbədə, məktəblərdə şagirdlərin, xüsusən də gələcəyin əsgərlərinin yüksək vətənpərvərlik ruhunda böyüməsi üçün həyata keçirilən ümumi işin bir hissəsidir. Məhz bu belə təbliğati işlərin, müəllimlərin, valideynlərin vətənpərvərlik tərbiyəsinin nəticəsinə Vətən müharibəsində şahidlik etdik.

İndi bu məktəbdə gələcəyin vətənpərvər gəncləri təhsil alır, işğaldan azad edilmiş Ağdamın təhsilini, mədəniyyətini, tarixini, adət-ənənəsini, iqtisadiyyatını, kənd təsərrüfatını, bir sözlə, əvvəlki şöhrətini özünə qaytaracaq gənc nəsil yetişir.

 

Çadır məktəbinin yetirməsi...

 

İlk olaraq məktəbin direktoru Məsud Həmzəyevlə görüşüb söhbətləşirik. 15 yaşında doğma yurdunu tərk etmək məcburiyyətində qalan Məsud müəllimin məcburi köçkünlük həyatında bir yeniyetmə kimi sosial problemlər içində nə qədər ağrı-acılar yaşasa da, arzusu-istəyi içində boğulsa da, oxumaq həvəsi heç vaxt itməyib.

Məsud müəllim məskunlaşdıqları çadır şəhərciklərində müəllimlərin min əzab-əziyyətlə tədris etdiyi dərslərdən yayınmayıb: “Bizə müharibə uşağı deyirlər. Savaş gördük, güllə, mərmi yağışı altında məktəbə getdik, təhsil aldıq. Yeniyetmə vaxtlarımızda torpaqlarımız işğal edildi, elimizdən-obamızdan didərgin düşdük. Məcburi köçkünlük dövründə çox ciddi problemlərlə qarşılaşdıq. Ağdam işğal olunmuşdu və rayonun sakinləri respublikanın müxtəlif bölgələrində məskunlaşmışdılar. Həmin dövrdə təhsili davam etdirmək, şagirdləri bir yerə toplamaq həqiqətən də çətin idi. Təbii ki, bu da təhsildən yayınmaya səbəb olurdu. Məcburi köçkün uşaqları yerləşdikləri çadır şəhərciklərində təhsil alırdılar. Böyük maarifçilik, təhsil ənənələri olan Ağdam məktəblərində boşluqlar yaranırdı. Mən özüm 9-11-ci sinifləri 11 məktəbdə oxumuşam. Yəni 3 ildə 11 məktəb dəyişmişəm. Təkcə bu fakt ağdamlı məcburi köçkün uşaqlarının hansı məşəqqətlərlə orta təhsil aldıqlarını təsdiqləyir. Orta məktəbi 1995-ci ildə Bərdədə məskunlaşdığımız çadır şəhərciyindəki 14 saylı məktəbdə bitirdim. Taleyin qismətidir ki, ali təhsili başa vurduqdan sonra bitirdiyim məktəbdə 2002-ci ildən coğrafiya müəllimi kimi çalışmağa başladım”.

2004-2006-cı illərdə 14 saylı məktəbin dərs hissə müdiri işləyən Məsud Həmzəyev 2006-cı ildə Ağdam ərazisində köçkünlər üçün yeni salınmış Baharlı-2 qəsəbəsindəki orta məktəbin direktoru təyin edilib. Qeyd edək ki, Vətən müharibəsində göstərdiyi şücaət, oxuduğu muğamlarla hər kəsin qəlbində heykəlini ucaldan şəhid Xudayar Yusifzadə ibtidai təhsilini bu məktəbdə alıb.

Məsud Həmzəyev 2019-cu ilin may ayında təhsil nazirinin müvafiq əmri ilə Kürdəxanıda məcburi köçkünlər üçün inşa edilən şəhərcikdə yerləşən Ağdam 38 saylı tam orta məktəbin direktoru təyin olunub. Gənc olsa da, artıq 19 illik pedaqoji, 15 illik direktorluq təcrübəsi var.

 

Azərbaycan müəllimlərinin mübarizəsi

 

Məsud müəllim deyir ki, hərdən yaşadıqları çətinlikləri yada salanda gözləri önündə sonu xoş ovqatla bitən dramatik film canlanır. Məcburi köçkünlük həyatı, çarəsizlik, ümidsizlik və bütün bunların fonunda Azərbaycan müəllimlərinin çəkdiyi əziyyət...

“Bəzən xatırlayanda öz-özümə deyirəm ki, biz nələrdən keçmişik, nə əziyyətlərə qatlanmışıq. Çünki həmin dövrdə məcburi köçkün düşmüş ailənin, şagirdin, ona dərs deyən hər şeyini itirmiş müəllimin vəziyyəti çox acınacaqlı idi. Bu ağır durumda müəllimlərimiz bizi yalnız buraxmadılar. Çadırlarda, yataqxanalarda, emalatxanalarda, imkan olmayan yerlərdə isə ağacların altında dərs keçirdilər. Mən də bu çətinliklər içərisində oxudum və bir an belə təhsil almaqdan vaz keçmədim. Yaxşı təhsil almağımız üçün ən böyük əziyyəti müəllimlərimiz çəkdi. Onlar 30 ilə yaxın ağrı-acı yaşamış müəllimlər, şəhid valideynləri və bütün varlıqları ilə təhsilə bağlı insanlar idilər. Evini-eşiyini, imkanını, hətta müharibədə əzizlərini itirmiş bir müəllim dərdini-sərini kənara atıb bizə təhsil verirdi, elm öyrədirdi.

Hərdən həmin dövrlə indiki zamanı müqayisə edəndə görürəm ki, Azərbaycan müəllimləri nə o vaxt, nə də bu vaxt dəyişmədilər. O zaman da mübarizə apardılar, bu gün də mübarizə aparırlar. Nəticəsi də göz önündədir. Vətənə, dövlətə əsl vətənpərvər nəsil yetişdirdilər. Bizlər o müəllimlərdən hərtərəfli dərs aldıq və müstəqillik dövrünün gənclərinin əsl vətənpərvər, savadlı, kreativ yetişməsi üçün çalışdıq. Müəllim kimi fəaliyyətə başlayanda qarşıma məqsəd qoydum ki, Ağdamın təhsil ənənələrini bərpa etmək, pedaqoji vəzifənin öhdəsindən layiqincə gəlmək üçün əlimdən gələni əsirgəməyəcəm. Əlbəttə ki, Azərbaycanda məcburi köçkünlük həyatı yaşaya-yaşaya təhsil almış və bu gün məktəblərdə, ali təhsil ocaqlarında dərs deyən müəllimlərimiz var. Məhz həmin müəllimlərin yetişdirdiyi gənc nəsil, müstəqillik dövründə böyüyən gənclər Qarabağı bizlərə qaytardılar.

Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimizi dəyərləndirərkən vurğuladı ki, bu savaşı müstəqillik dövründə böyüyən vətənpərvər gənclər qazandı. Bu, Azərbaycan müəllimlərinin illərlə çəkdikləri zəhmətin bəhrəsidir. Ona görə də bu gün bizlər üçün ikiqat bayramdır. Yetirmələrimiz 30 illik arzularımızı, xəyallarımızı gerçəkləşdirdilər. Bundan böyük hədiyyə ola bilməz”.

 

“Prezidentin etimadını doğrultmağa çalışırıq”

 

Buzovnadakı sanatoriyada fəaliyyəti zamanı 38 saylı məktəbdə 87 şagird təhsil alırdısa, bu gün onların sayı 371-ə yüksəlib. Ötən tədris ilində məktəbi bitirib ali məktəbə qəbul olunmaq üçün sənəd verən 15 abituriyentin 10 nəfəri yüksək nəticə göstərərək, tələbə adını qazanıb. Bu da 70 faizə yaxın göstərici deməkdir.

Amma direktor hesab edir ki, bu, hələ tam uğurlu nəticə demək deyil. Düzdür, Ağdam məktəblərinin qəbul göstəriciləri bu gün bir çox rayonların göstəricilərindən yüksəkdir. Amma bu, onlarda arxayınlıq yaratmır. Çünki bu göstəricilər 1970-80-ci illərdəki Ağdam məktəblərinin göstəricilərini hələ üstələmir. Ona görə də məqsəd həmin nəticələrdən daha üstün göstəricilər əldə etməkdir: “Bu gün dövlətin təhsilə böyük dəstəyi göz önündədir. Təhsil Nazirliyi də hər zaman dəstəyini əsirgəmir. Hər hansısa problemlə üzləşərkən ilk olaraq Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova müraciət etdikdə məhdud imkanlara baxmayaraq, davamlı dəstəyini göstərir, himayədarlıq edir. Belə olan halda bizim üzərimizə düşən vəzifə yüksəksəviyyəli tədris prosesini həyata keçirmək, bugünkü qüdrətli Azərbaycana layiqli vətəndaş yetişdirməkdir”.

Məktəbin məzunları arasında Vətən müharibəsinin iştirakçıları, qaziləri də var. Hazırda məktəbdə 36 nəfərlik pedaqoji heyət, 16 texniki işçi çalışır. Ötən tədris ilində qlobal pandemiya səbəbindən dərslərin onlayn sistemdə keçirilməsi prosesində məktəb 87 faizlik müsbət nəticə göstərib. Müəllimlər dərs prosesini yüksək səviyyədə həyata keçiriblər.

Direktor dedi ki, burada söhbət tək texniki məsələlərin yüksək keyfiyyətindən, yəni kompüterin, planşetlərin və internetin mövcudluğundan getmir. Əsas məsələ dərslərin keyfiyyətinin yüksək olmasıdır. Şagirdlər dərslərin maraqlı keçdiyi üçün aktivlik nümayiş etdirirlər.

Məsud müəllim dedi ki, hər bir müəllimin üzərində maarifçiliklə bağlı öhdəlik var. Məktəbin pedaqoji heyəti çalışır ki, bu vəzifənin öhdəsindən layiqincə gəlsin: “Çalışırıq ki, heç bir valideyn narazılıq etməsin, şagirdlərin davamiyyəti yüksək olsun. Onlayın dərslər zamanı bütün dərslərə şəxsən nəzarət etdim. Müəllimlər üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdilər. Bu tədris ilində şagird sayının 371-ə yüksəlməsinin əsas səbəbi onlayın dərslərin keyfiyyəti oldu. Bunu övladlarını məktəbimizdə oxumasını istəyən valideynlərdən öyrəndik”.

Direktorun sözlərinə görə, üzərlərində başqa bir öhdəlik də var. 2019-cu ildə Prezident İlham Əliyev məktəbin açılışı zamanı ümidvar olduğunu bildirib ki, bu təhsil ocağı Ağdamın qabaqcıl məktəblərindən biri olacaq. Bu gün məktəbin pedaqoji heyəti fəaliyyəti ilə həm də dövlət başçısının etimadını doğrultmağa çalışır.

Məsud müəllimi bu cür fəaliyyət göstərməyə sövq edən hissləri başa düşmək o qədər də çətin deyil. Şagird olarkən çəkdiyi əzab-əziyyəti, qarşılaşdığı çətinlikləri göz önünə alan Məsud müəllim istəyir ki, bu gün məcburi köçkün sayılmayan, torpağı azad olan Ağdamın yeni nəsil gəncliyi vətənpərvər, bilikli-savadlı formalaşaraq kreativ ideyaları ilə həm də rayonun təhsil ənənələrinin əvvəlki şöhrətini qaytarsınlar: “Bugünkü şagirdlər artıq keçmiş məcburi köçkünlərin övladları, Vətən müharibəsindəki Zəfəri yaşayan uşaqlardır. Biz isə çalışırıq ki, onlara tariximizi olduğu kimi aşılayaq və gələcək nəsillər keçmişimizi də unutmasınlar”.

 

27 ildən sonra Ağdama dönüş

 

Məsud müəllim 27 ildən sonra işğaldan azad edilmiş doğma Ağdama da səfər edib. Bu səfər onu həm qürurlandırıb, həm də çox kədərləndirib: “İllər sonra Ağdamı gördüm. Böyük fəxr hissi keçirdim, eyni zamanda, illərdir xəyalımda yaşatdığım o gözəl Ağdamın əvəzinə yerləyeksan edilmiş, viran qalmış bir şəhər görmək olduqca ağır gəldi. Çox dəhşətli bir mənzərə ilə qarşılaşdım. O gözəllikdə şəhərdən əsər-əlamət qalmayıb. Ağdamın görüntülərini televiziyadan, internetdən çox seyr etmişdim. Ancaq burada törədilən vandalizmi gözlərimlə gördüm. Uşaqlığımın keçdiyi şəhəri belə görmək mənə çox ağır idi. Bununla belə, içimdə qürur hissi də var idi. Axı bütün hallarda Ağdam artıq bizdədir və bu, yuxu deyil, həqiqətdir. Bizə bu sevinci, qüruru yaşadan, Ağdamı bizə qaytaran Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə minnətdarıq. Vaxtilə gücsüz dövlətin, müəyyən xəyanətin, zəif komandanlığın ucbatından işğal edilən Ağdam güclü dövlət, müzəffər komandan və qüdrətli ordu sayəsində bir güllə atılmadan belə düşməndən geri alındı. İndi biz Ağdama alnıaçıq, üzüağ gedirik. Vətən müharibəsində bir olub Qələbə qazandığımız kimi, bundan sonra da bir olub, azad edilmiş ərazilərimizin yenidən qurulması, çiçəklənməsi üçün dövlətimizə, Prezidentimizə dəstək olmalıyıq”.

Məsud müəllim Ağdamda səfərdə olarkən maraqlı təklif də səsləndirib və fikirləri müsbət qarşılanıb. Direktor təklif edib ki, 38 saylı məktəbdə oxuyan şagirdlərin Ağdama səfəri təşkil olunsun. Şagirdlər düşmən tərəfindən dağıdılmış, yerləyeksan edilmiş Ağdamın qalıqlarını öz gözləri ilə görsünlər: “Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun iştirakı ilə keçirilən görüşdə təklif etdim ki, belə bir səfər təşkil olunsun və şagirdlər gözləri ilə möhtəşəm Ağdamın hansı vəziyyətə salındığını görsünlər, erməni vandalizmi ilə bağlı onlarda təsəvvür yaransın və qurulacaq daha möhtəşəm Ağdamın keçmişini, gələcəyini müqayisəli şəkildə gələcək nəsillərə çatdırsınlar. Təklifim çox müsbət qarşılandı. Yaxın zamanlarda bu səfərin təşkil olunacağı gözlənilir”.

Direktorla söhbətimiz zamanı zəng vurulur və tənəffüs elan edilir. Biz də fürsətdən istifadə edib sinif otaqlarında yaradılmış şəraitlə tanış oluruq. Otaqlar səliqə-sahmanlı və lazımi avadanlıqlarla təchiz edilib. Sinif otaqlarında Vətən müharibəsi, ordumuzun şanlı Zəfəri, şəhidlərimiz, qəhrəmanlarımız haqqında məlumatlar, fotoguşələr var.

Beləliklə, Ağdamın 38 saylı tam orta məktəbində gördüklərimiz, Məsud müəllimdən eşitdiklərimiz bizi həm duyğulandırdı, həm də həqiqətən xoş təəssürat yaratdı. Bir daha bəlli oldu ki, Azərbaycanın fədakar müəllimləri hər zaman peşələrinə sadiq, qətiyyətli və mübarizdirlər. 44 günlük Qələbə dastanının yazılmasında məhz Azərbaycan müəllimlərinin də böyük rolu var.

Biz də məktəbin müəllim heyətini bir daha bayram münasibətilə təbrik edib, yorulmadan çalışdıqları müqəddəs işlərində uğurlar arzulayaraq sağollaşırıq. Gününüz mübarək, əziz müəllimlər!

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video